Su çərşənbəsi gəldi...

 

Günəş Yerin ətrafına 365 gün 6 saat dövrə vurduqdan sonra martın 20-21-i, ilk yaz günü öz yerinə qayıdır. Şimal yarımkürəsində astronomik yazın başlandığı gecə ilə gündüz bərabərləşir. Ayrıca həm şimal, həm cənub qütbü eyni anda günəşin doğması xəttində olur. Gün işığı hər iki yarımkürə arasında bərabər paylanır. Günəş zodiaq qurşağının su təbiətli Balıq bürcündən ayrılıb, Qoç bürcünə daxil olur. Beləliklə, bahar gəlir.

Bahar bayramı olan Novruzun mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini söyləyirlər. Qədim zamanlardan başlayaraq bəzi Şərq xalqlarında martın 20-21-i rəsmi təqvimin ilk günü sayılıb.

 

Türklərin bayramı

 

Qədim türk bayramı olan Novruz Avrasiyaya yayılıb. Çin mənbələrində hunların eradan yüz illər əvvəl bu bayramı qeyd etdikləri yazılır. Eradan əvvəl III əsrdə Mete xana dövründən türklər bu bayramı keçiriblər. Hunlardan sonra uyğurlar da bu bayramı keçiriblər, beləliklə, bu günümüzə qədər gəlib çatıb. Uyğurlar Novruz bayramı ilə bağlı tablolar çəkiblər. Novruzu fars bayramı kimi təqdim edən Firdovsinin "Şahnamə"si və digər belə qaynaqlar yanlışdır. Çünki həmin mənbələrdə Novruz bayramı haqqındakı məlumatlara XI əsrdə rast gəlinməyə başladığı bildirilir. Eradan əvvəlki illərdə Novruz haqqında fars mənbələrində hər hansı məlumat və qeyd yoxdur. Ancaq hunlarda bu qeydlər mövcuddur.

XI əsrdə yaşamış Nizamül-Mülk də "Siyasətnamə" adlı əsərində bayramdan söz açıb. Əsərdə bu bayramın yeni ilin başlanğıcı olduğu bildirilir və Novruz adət-ənənələrindən söz açılır. Eyni zamanda Mahmud Kaşğari də "Divan-i Lüğətül Türk" əsərində də Novruzun yeni ilin başlanğıcı olduğu əksini tapıb. Həmçinin 12 bürcdən ibarət türk təqvimində də başlanğıc 21 Martdan hesablanır. Səlcuqlar dövründə də Novruz şənliklərinin keçirildiyi, bu bayramda xüsusi yeməklər bişirildiyi, hədiyyələr verildiyi məlumdur. Osmanlı dövründə də bu bayram geniş miqyasda keçirilib. O da diqqət çəkir ki, coğrafi baxımdan türk dünyasından ayrı düşmüş Yakutiya türkləri belə bu bayramı geniş şəkildə qeyd edirlər. Bunun özü də bu bayramın məhz türklərə məxsus olduğunu təsdiqləyir.
Ancaq türk bayramı olsa da, tək Türk Dünyasında deyil, bu gün Novruz Əfqansıtanda, İranda, Suriyada və başqa ölkələrdə keçirilir. Bir sözlə, türklərin məskən saldığı Çin səddindən Adriatik dənizinə qədər, Hindistan, Tatarıstan, Moldoviya, Macarsıtan və Balkanlara qədər geniş coğrafiyada Novruz bayramı yaşadılır.

 

Su, Od, Yel və Torpaq ünsürləri

 

Əslində Novruz bayramına hazırlıq 2-3 ay əvvəldən başlanır. Qış aylarını həftələrə, çillələrə və son mərhələdə çərşənbələrə bölüb Novruza yetişməyə çalışırıq. Yazqabağı Su, Od, Yer və Torpaq ünsürlərinə söykənən Novruzda çərşənbə axşamlarında xörəklər bişər, xonçalar tutular, qonaq gedər, imkansızlara pay göndərilər, uşaqlar isə həyətlərdə bağçalarda tonqal qalayıb atəşfəşanlıq edərlər. Dədə-baba qaydalarına əməl edərək ilaxır çərşənbələrində mütləq plov bişməlidir. Deyimlərə görə, qədimlərdə həmin gecə kimin evindən aş iyi gəlməsəydi, bu nəinki həmin evin, hətta bütün kəndin qüsuru sayılırmış. Ona görə də hamı bayram aşı bişirsin deyə, imkanlılar imkansızların evinə plov azuqəsi göndərirmişlər.

Hələ bu harasıdır. Həmin il bərəkətli, firavanlıq gətirsin deyə, Novruz axşamı ailənin başıpapaqlısı bayıra çıxıb, 3 dəfə evin başına dolandıqdan sonra, yenidən evin qapısını döyürmüş. Qapı arxasından eşidilən "Kimsən, nəçisən, nə gətirmisən" sualına: "Adım Xoşqədəmdi, özümlə təzə il, səadət, əmin-anamlıq gətirmişəm, izn verin, gəlim". Qapı açılandan sonra gələn şəxs əlindəki taxıl dənələri, qoz-fındıq və ya lobya ilə dolu bir qabı evin döşəməsinə, ocaq yerləşən mətbəxə, ailə üzvlərinin üstünə tökürmüş. Rəvayətə görə, bununla ev-eşiyə bar-bərəkət, firavanlıq gəlir.

 

Bal və balıqsız olmaz

 

İltəhvil saatına müəyyən müddət qalmış, istər saraylarda, istər də evlərdə ilk öncə "iltəhvil süfrəsi" açılır. Hələ qədimlərdə, hamının yerdə oturduğu zamanlarda döşəməyə yekə süfrə salınıb. Evin, otaqların 4 güncündə şam yandırıblar. Süfrədə Novruzun başlıca simvolu sayılan Səməni və Qurani Kərimin bir nüsxəsi, güzgü qoyub, önünə də bir az buğda səpiblər. Güzgünün hər iki tərəfində evdəki adamların sayına görə şam düzüblər. Səfərə yollanıb, süfrə başında olmayan və köhnə il ərzində dünyasını dəyişmiş ailə üzvləri üçün də şamlar qoyulub, onları yada salıblar.

Bununla yanaşı, "iltəhvil süfrəsi"nə suyunda həmişəyaşıl zeytun yarpağı və ya içərisində xırda qızıl balıqlar üzən şəffaf şüşə qab da qoyulub. İri təndir çörəyi, qatıq, süd, təzə pendir, boyanmış yumurta, ən əsası bal və balıq mütləq süfrədə olmalı imiş. Bişmiş və ya qurudulmuş balıq süfrəyə gətirilir, bir tərəfinə su, digər tərəfinə düyü qoyar, balığın gözünə baxıb, arzu tutarlar. Sonra balıqdan bir az yeyər və inanarlar ki, arzuları çin çıxacaq. Çünki süfdərə olan bu təamlar evə, ailəyə sevinc dolu firavanlıq və bolluq gətirirmiş. Səbirsizliklə gözlədiyimiz Novruzun ilk günü sübh tezdən durar, çayın içindən xırda daşlar götürüb, un kisəsinə, çörək təknəsinə, yağ küpələrinə qoyarlar. Növbəti Novruzadək onlar tərpədilməz. Daşlar nə qədər ki, öz yerindədi, o evdən bolluq, bərəkət əskik olmaz.

 

Atıl-ütül çərşənbə...

 

İlaxır çərşənbələrin özünəməxsus adət-ənənələri olub və indi də yaşamaqdadır. Su, Od, Yel və Torpaq çərşənbələrində adətən, tonqallar qalanır, insanlar tonqalın üstündən atılıb ağrı-acılarının oda tökülməsini arzu edirlər. Burada məqsəd qışda qalan ağırlığın, ağrı-acının candan tökülməsi, insanın sağlam ruhla, saf qəlblə bayrama qovuşmaq istəyidir. Qulaq falına çıxmaq, qapılara papaq atmaq çərşənbə axşamlarının gözü sayılır. Bu günlərdə küsülülər də mütləq barışmalı, insanlar bir-birlərini xoş sözlərlə dindirməlidir. Çərşənbə axşamlarını həyəcanla gözləyən gənc qızlar da niyyət tutar, duzlu kökə yeyib, yatarlar. Əgər yuxularında "ağ atlı oğlan"ı görərlərsə, deməli, qız üçün həmin il düşərli olacaq.

Məsələn, bu gün su çərşənbəsidir. Boz ayın 4 müqəddəs çəşənbələrindən ilki olan su çərşənbəsi xalq arasında həm də "əzəl çərşənbə", "gözəl çərşənbə", "gül çərşənbə", "sular Novruzu" adları ilə deyilir. Deyimlərə görə, yeni ilin su çərşənbəsində təbiətin 4 ünsüründən biri olan su yenilənir. Su çərşənbəsi suya sitayişlə başlayar. İnsanlar günəş doğmadan bulaq başına gedər, təzə suda əl-üzünü yuyar, suyun üstündən atlanar, yaralıların yarasına çərşənbə suyu səpərlər. O gün suyun ətrafına bir sıra mərasimlər keçirilər. Səsi batıb, danışa bilməyənlərə çərşənbə suyu içirirlər.

Su çərşənbəsində sübh tezdən gedib axar bulaqdan, çaydan və ya arxdan "lal su" (suyu evə gətirənə qədər heç kimlə danışmaz) gətirərlər. Bu suyu qablara doldurarlar. Axşam bütün qızlar toplanarlar, hər biri öz bəxti üçün üzüyünü saçına sürtüb atar. Üzük qabın kənarına toxunub cingildəyər. Əfsanələrə görə, üzük neçə dəfə cingildəyərsə, o qızın bəxti də o sayda il sonra açılar. Çərşənbə axşamlarının məziyyətlərindən danışmaqla qurtarmaq olmaz. Əsas odur hamının evinə, ailəsinə bərəktli, firavan Novruz qonaq gəlsin.    

 

 

Nuranə Tofiqli

Xalq Cəbhəsi .- 2009.- 24 fevral.- S.11.