"Dərdimizin qan rəngi"
Ədalət Əsgəroğlunun
Xocalı Faciəsinə həsr olunmuş poemasının təqdimat
mərasimi keçirildi
Dünən Azərbaycan
Yazıçılar Birliyinin "Natəvan" klubunda
şair Ədalət Əsgəroğlunun "Dərdimizin
qan rəngi" poemasının təqdimat mərasimi
keçirildi. Kitab-poema "525-ci qəzet"in "525
Kitab" seriyasından "Dünya ədəbiyyatı"
dərgisinin dəstəyi ilə işıq üzü
görüb. Seriyanın redaktoru Səlim Babullaoğlu, tərcüməçilər
Səyavuş Məmmədzadə (rus dilinə), Sevil Gültən
(ingilis dilinə), Oqtay Hacımusalıdır (türk dilinə).
Poema 4 dildə - bir yerdə çap olunub.
Tədbiri giriş
sözü ilə Yazıçılar Birliyinin birinci katibi
Fikrət Qoca açdı: "Xocalı soyqırımı həmişə
anılacaq. Faciənin həmişə anılması
üçün onun hər gün hər birimiz tərəfindən
anılması gərəkdir". Bu yerdə tədbir
iştirakçıları Xocalı Faciəsinin
qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla
yad etdilər.
Sözünə davam edən
F.Qoca Xocalı Faciəsinin canlı şahidlərinin hər
birinin xatirəsinin toplanılaraq çap olunmasının gərəkliyini
bildirdi: "Faciəmiz çox böyükdür. 17 ildir ki,
belə bir dəhşətli dərdlə
yaşayırıq. Ötən müddət ərzində bu
mövzuda xeyli əsər yazılıb. Şübhə etmirəm
ki, bundan sonra faciəyə həsr olunmuş əsərlər
daha da çox olacaq. Bu baxımdan Ədalət Əsgəroğlunun
yenicə işıq üzü görən əsəri əhəmiyyətlidir".
"Ulduz"
jurnalının baş redaktoru Elçin Hüseynbəyli faciələrimizi
tarixən vaxtında qələmə
almamağımızın acı nəticələrini indi də
bir xalq olaraq yaşamağımızdan söz açdı:
"Etiraf edək ki, bu vaxta kimi çoxlarımız faciələrimizi
görmüşük, amma onu qələmə almağa tənbəllik
etmişik. Bu, gerçəkdir ki, şahidlərin ömrü
əbədi deyil, amma bu mövzuda yazılan əsərlər
qalır, həqiqəti sabaha çatdırır.
Zori Balayanın vəhşi
etiraflarını, təsvirlərini oxuyandan sonra elə
sarsılmışdım ki, uzun müddət əlimə qələm
ala bilmədim. Balayan Xocalıya hücum zamanı 13
yaşlı bir soydaşımızı - yeniyetmə bir
oğlanı divara sarıyıb necə dərisini
soymasından danışırdı. Təbiidir, elə faciələr
var ki, o mövzuda yazmaq çox çətindir. İndiyə
kimi Xocalı faciəsi mövzusunda az yazılmayıb, amma Ədalət
Əsgəroğlunun poeması mənim üçün bir əsər
olaraq məna tutumuna görə çox əhəmiyyətlidir.
Əsərin eyni zamanda bir neçə dilə tərcümə
olunaraq işıq üzü görməsini də dəyərləndirirəm".
Yazıçılar
Birliyinin katibi Arif Əmrahoğlu: "Dərdi sevinc kimi yaşamaq,
yazmaq olmur. Dərdimiz içimizdə qaldıqca daha da
tündləşir, qan rəngi alır. Poemada neft motivinə
də toxunulub. Vaxtilə Fikrət Sadıq yazırdı ki,
harada neft var, orada rəng var. Əli qələm tutan hər
bir soydaşımız Xocalı Faciəsi haqqında
yazmalıdır. Mən 20 Yanvarı qəhrəmanlıq
günümüz kimi qəbul edirəm. Amma şəxsən
mənim üçün Xocalı dərd
günümüzdür".
Tənqidçi Vaqif
Yusifli dedi: "Burada əyləşənlərin çoxunun
Xocalı ilə bağlı yazıları var. Xocalıya aid
yüzlərlə şeir oxumuşam. Amma gerçəkdir ki,
bu nümünələrin çoxuna şeir demək olmaz. Xocalı
Faciəsi mövzusunda Zəlimxan Yaqub, Ələkbər
Salahzadə və başqaları poema yazıblar. Ədalətin
poemasında Qan obrazı var. Qan obrazına ədəbiyyatımızda
simvolik bir obraz kimi çox rast gəlinir. Burada isə Qan milli
dərdin obrazı kimi diqqəti cəlb edir. Ümumən əsərdə
son 20 ilin Azərbaycanın dərdləri qan rəngi
obrazında metaforikləşib. Qan burada Xocalıdan
bütün dünyaya yayılan fəryadın, ahın, kədərin
simvoludur. Qan burada tarixdir - bir məmləkətin təklənməsi,
səsinin, fəryadının boğulması, öz
içində qərq olmasıdır. Ədalət Əsgəroğlu
qan kəlməsinin doğurduğu bütün mənalara,
metaforik çalarlara üz tutur, dərdimizin niyə qan rənginə
boyanmasının səbəblərini açıqlayır. Aşıb-daşan
şər ehtiraslar gəlir, bu ehtiraslar əslində ittihamlardır.
Müəllif bir-iki xarakterik səhnə ilə əsərin
fəciəviliyini artıran çalarları gücləndirir.
Qızılgülə bənzəyən bapbalaca
qızcığaz "qan-qan!" deyib
qışqırır. Bu, qızıl gül qönçədir
hələ, sinəsindən qan fışqırır. O
bapbalaca qız xəyallarıyla böyüyür, qan
içində öz qanının arxasınca baxır, gəlib
15 yaşına çatır. İllər keçir,
Xocalı şəhidləri Qan Qiyafəsində
qapımızı döyürlər, bizi qisasa
çağırırlar. Ədalət Əsgəroğlu Azərbaycan
poeziyasında yaşanan Qan obrazına yeni qan verib desək,
yanılmarıq. O, dərdimizin qan rəngini poeziyamızda qan
rənginə çevirə bilib".
Mirkazım Seyidzadə,
Səlim Babullaoğlu və başqalarının
çıxışından sonra Ədalət Əsgəroğlu
çıxış etdi, tədbir
iştirakçılarına təşəkkürünü
bildirdi.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 25 fevral.- S.14.