Qlobal böhran fonunda Azərbaycan öz sabitliyini qoruyur

 

2008-ci il dünyada maliyyə və iqtisadi böhran ili kimi qalacaq. Artıq bu böhranın acı fəsadları özünü qabarıq şəkildə büruzə verməkdədəir. İri şirkətlər, bir sıra banklar, həmçinin bəzi dövlətlər böhranın güclü dalğalarına tab gətirə bilməyərək, müvazinətlərini itirməkdədirlər. Azərbaycan isə dünyanı bürüyən maliyyə və iqtisadi böhran qarşısında aciz qalmır, iqtisadi inkişafını davam etdirir. Bu günlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə bütün növ əmək pensiyaları üzrə aylıq pensyia məbləğlərinin sığorta hissəsinin artırılması ilə əlaqədar imzaladığı sərəncam da bunu təsdiqləyir.Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) icrasının yekunlarına həsr olunmuş konfransda da ölkəmizin iqtisadi inkişafı xüsusi vurğulanmışdır.

Dünya maliyyə və iqtisadi böhranının Azərbaycana ciddi təsir etməyəcəyini tanınmış iqtisadçılar, ekspertlər, iş adamları həmçinin diplomatlar da təsdiqləyirlər. Tanınmış diplomatlardan biri — ABŞ-ın Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Stenli Eskudero bu məsələyə münasibət bildirərkən demişdir:

— Azərbaycanda yaşayıb fəaliyyət göstərən iş adamları kimi, biz, əksər dünya ölkələrini öz cənginə almış maliyyə böhranının Azərbaycanın iqtisadi və siyasi sabitliyinə olan təsiri barədə düşünməliyik. Bu cür böhranın keçmişdə nüfuzlu bizneslərə son qoyması, müxtəlif ölkələrin iqtisadiyyatına ciddi ziyan vurması və onları çətin vəziyyətə qoyması halları məlumdur. Benyəlxalq arenada getdikcə əhəmiyyəti artan Azərbaycan da qlobal kredit və kredit derivativ sistemdə yaşanan böhranın təsirindən yan keçə bilməz, lakin bu təsirin nə dərəcədə özünü göstərməsi maraqlıdır.

Bu sahədə apardığım araşdırma işləri zamanı mən dövlət məmurları və bankirlərlə söhbətlər etmiş, Azərbaycanda fəaliyyət göstərən maliyyə institutlarının tövsiyələrini nəzərdən keçirmişəm. Araşdırmalarıma, o cümlədən, həm burada, həm də digər yerlərdə çalışan iş adamı və keçmiş diplomat kimi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Azərbaycanın iqtisadiyyatı və siyasi sistemi yaxşı idarə olunur və bir çox ölkələr ilə müqayisədə, bu ölkə demək olar ki, ən dərin beynəlxalq böhrana belə (neftin qiymətinin uzun müddətə ucuzlaşması ilə müşayiət edilən) davam gətirməyə hazırdır və ölkənin sabitliyi etibarlı əllərdədir. Mən öz fikrimi faktlara əsaslandırmaq istəyirəm.

 

Güclü iqtisadi mövqe yaxşı müdafiəyə bərabərdir

 

Neft sektorundan asılılığa və qeyri-neft sektorunun kifayət qədər inkişaf etməməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dünyanın bir çox ölkələrində müşahidə edilən iqtisadi böhrana yaxşı davam gətirir ki, bu da ölkə iqtisadiyyatının qlobal iqtisadi sistemə tam inteqrasiya etməsi ilə izah olunur. Nə qədər istehsal olsa da, bir çox xarici müşahidəçilər, səfirliklər, məsləhətçilər, elə mən özüm də, uzun illərdir ki, Azərbaycan hökumətini öz iqtisadiyyatının, xüsusən də, bank və kredit sisteminin dünya sisteminə inteqrasiyasını sürətləndirməyə çağırırıq. Bizim məsləhətlərimizə əməl olunsaydı, Azərbaycanın hazırkı iqtisadi durumu pis vəziyyətə düşərdi. Ən vacibi isə, Azərbaycan zəngin ehtiyat fondu yaradaraq özünü uzun müddətli iqtisadi böhrandan sığortalayıb.

Cənab Prezident İlham Əliyev də konfrasda qeyd etdi ki, dünya maliyyə böhranının Azərbaycan üçün təhlükəsi olmayacaq.

Neftin qiymətinin kəskin ucuzlaşması və ilin son beş ayında hasilat həcminin azalması ilə nəticələnən Azəri-Çıraq-Günəşli yatağındakı bəzi problemlərə baxmayaraq, 2008-ci ildə Azərbaycanın iqtisadi göstəriciləri çox təqdirəlayiq olub. Sözügedən müddət ərzində neft sektorunda 10 faiz, qeyri-neft sektorunda isə, müəyyən geriləməyə baxmayaraq, əsasən tikinti, xidmət və kənd təsərrüfatı sahələrinin hesabına 15 faiz artım müşahidə olunub. Bu cür faktorlar və həmçinin yerli tələbatın artması, genişlənən pul siyasəti və dünyada ərzaq və digər malların qiymətlərində müşahidə edilən artım inflyasiyanın, müxtəlif qurumların hesablamalarına görə, 17-20 faiz artması ilə nəticələndi. Bu rəqəm bir qədər çox görünə bilər, lakin 2007-ci illə müqayisədə xeyli aşağıdır. Beynəlxalq Valyuta Fondu 2009-cu ildə inflyasiyanın xeyli aşağı düşəcəyini proqnozlaşdırıb. Məndə olan məlumata görə, 2009-cu il üçün inflyasiyanın dərəcəsi 9 faiz müəyyənləşib. Bu rəqəm böyük görünə bilər, lakin nəzərə alın ki, ötən ilin noyabr ayından etbarən ABŞ hökumətinin maliyyə və xərclər üzrə siyasəti “stimul” paketinin təqdimatı və inflyasiyanın geniş təsirinə məruz qalıb. Qlobal böhran nəticəsində bir çox dövlətlər inflyasiyanın təsirinə məruz qalacaq, lakin bununla belə, Azərbaycanda müşahidə edilən inflayasiya aşağı düşməkdə davam edir.

Bundan əlavə, 2008-ci ildə Azərbaycan neft satışından xeliy gəlir əldə edib ki, bu da neft qiymətlərinin kəskin bahalaşması və şirkətlər tərəfindən qoyulan investisiya xərclərinin vaxtından əvvəl ödənilməsi, bununla da qiymət dəyişməsinin neft şirkətlərinin deyil, Azərbaycanın xeyrinə olması ilə nəticələnib.

Bu və keçmişdə həyata keçirilmiş digər təqdirəlayiq tədbirlər Azərbaycan hökuməti və Dövlət Neft Fonduna Azərbaycanın xarici borclarından altı dəfə çox vəsait — 16 milyard dollar toplamağa imkan verdi. Faktiki olaraq, 2008-ci ilin ikinci yarısında üzləşdiyi vəziyyətə baxmayaraq, ilin sonuna yaxın Azərbaycanın xaricdəki mövqeyi, ilin ortasında aparılan büdcə qiymətləndirmələri və əlavələrə dair edilən proqnozlardan fərqli olaraq daha güclü idi. Nəticə etibarı ilə, Azərbaycanda qlobal böhranın təsirindən yan keçmək üçün büdcədən dəstək və digər köməkçi tədbirlərin görülməsi üçün əlverişli şərait yaranıb. Bununla belə, müəyyən büdcə ayırmalarına ehtiyac ola bilər, belə ki, ötən ilin iyul ayında neftin bir barelinin qiyməti 147 dollara çatdığı vaxt 2008-ci ilin qiymətlərinə əsasən 2009-cu il üçün Azərbaycan hökuməti neftin bir bareli üçün qiyməti 70 dollardan hesablayıb. Qeyd olunduğu kimi, hazırda neft orta hesabla 41 dollara satılır və gələcəkdə qiymətin nə cür olması hələ ki, qeyri-müəyyən olaraq qalır. Belə ki, qiymət bahalaşa və yaxud ucuzlaşa bilər. Bunun Azərbaycan üçün elə bir qorxusu yoxdur. Çünki büdcə kəsirlərini ödəmək üçün Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir. Həmişə olduğu kimi, ilin ortasında büdcə yenidən qiymətləndiriləcək və gələcəyə dair edilən proqnozlardan asılı olaraq hökumət hazırda həyata keçirilən iri infrastruktur layihələrini mövcud valyuta ehtiyatlarından istifadə edərək davam etdirəcək. Düzgün idarə edilməyən iqtisadiyyatda bu cür seçim də mövcud olmazdı. Azərbaycan öz iqtisadiyyatını çox dəqiqliklə idarə edir.

 

Bank sektorunun gücləndirilməsi və qorunması

 

Hazırkı böhranın kökü bir tərəfdən 1944-cü ildə keçirilmiş Breton Vud danışıqları, bir-birini əvəz edən ABŞ rəhbərliyinin məsuliyyətsiz addımları və həmçinin “münasib qiymətə mənzil” adlı proqramın Konqres tərəfindən təqdim edilməsi ilə əlaqəlidirsə, digər tərəfdən Amerika və beynəlxalq maliyyə institutlarının həddi bilinməyən tamahı ilə izah olunur. Vəziyyəti başa düşən bir neçə şəxsi çıxmaq şərtilə, əksəriyyətin xəbəri olmadan beynəlxalq maliyyə sistemi iri piramidaya çevrildi və bütün ideal piramidalar kimi süquta uğrayanadək uğurla fəaliyyət göstərməsi təsəvvürü yarandı.

Azərbaycan bankları sözügedən sistemə heç vaxt inteqrasiya olunmayıb. Bu cür vəziyyət, kapitalist sisteminin əsasını təşkil edən sahibkarlıq fəaliyyətini kreditləşdirən bir qurum kimi bankları o qədər də faydalı etməməsinə baxmayaraq, onları piramidanın süquta uğraması nəticəsində yaranan neqativ təsirlərdən qorudu. Lakin bununla belə, Azərbaycan bankları xarici banklardan kreditlər almağa başlamışdı və beynəlxalq kredit sistemi süquta uğradıqdan sonra xarici kapitalın daxil olması da dayandı. Kommersiya kreditlərinin həcmində azalma biznes fəaliyyətinə də öz mənfi təsirini göstərdi.

Mövcud kredit böhranından əvvəlki dövrdə müşahidə edilən pul bolluğu zamanı, Azərbaycan bankları tərəfindən qısa müddətə verilən kreditlərin yüksək faiz dərəcəsinə baxmayaraq, bir çox şirkətlər — xüsusilə də tikinti sektorunda — məhz həmin qısa müddətli kreditləri daha qısa müddətə dövriyyəyə buraxaraq öz layihələrini həyata keçirə bildilər. Bu cür vəziyyətin davam edəcəyini düşünərək, bir çox şirkətlər orta və uzun müddətli layihələri maliyyələşdirmək məqsədilə qısa müddətli kreditlərdən istifadə etməyə başladılar. Qlobal kredit böhranı nəticəsində banklar öz verdikləri kreditləri maliyyələşdirmək imkanından demək olar ki, məhrum oldular və bununla da yerli şirkətlər üçün yenidən maliyyələşmə sistemi dayandı. Əlavə kapital tapa bilməyən şirkətlər, götürdükləri kreditləri ödəyə bilmədilər və buna görə də banklar girov qoyluan əmlakları, adətən tikintisi yarımçıq qalmış obyektləri öz ixtiyarına keçirməyə başladılar. Lakin tikinti obyektlərinin həddindən çox olması, evlərin kütləvi alınmasına təkan verə bilməyən yeni yaradılmış ipoteka proqramı, həmçinin bankların tikinti məqsədilə ayırdığı qısa müddətli kreditləri dayandırması müəyyən dərəcədə tikinti-spekulyasiya bumunun qarşısını aldı. Bu da öz növbəsində verilən kreditlərə görə qoyulmuş girovların hazırkı dəyərini şübhə altına qoyur.

Maliyyə çatışmazlığı ilə üzləşən bir sıra tikinti şirkətləri süquta uğrayacaq — böhran zamanı sayı həddindən çox olan tikinti podratçılarının taleyi məhz elə belə də olur. Bəzi banklara da ziyan dəyə bilər, belə ki, onların kredit girovlarının dəyəri azalıb. Belə vəziyyətdə həmin banklar öz xarici borclarını verməkdə çətinlik çəkəcəklər. Lakin hökumətin və Azərbaycan Milli Bankının düşünülmüş siyasəti sayəsində ən yaxşı banklar və böhranın o qədər də təsir etmədiyi bank sistemi öz fəaliyyətini qoruyub saxlayacaq.

Vəziyyəti qabaqcadan başa düşən Azərbaycan Milli Bankı (AMB), likvidlik tələblərini sərtləşdirdi və banklar tərəfindən verilən kreditlərə nəzarəti daha da gücləndirdi. Bu cür tədbirlər görülməsəydi, Azərbaycan hökuməti aparıcı hesab edilən Azərbaycan Beynəlxalq Bankının kapitalını artırmağı 2009-cu il büdcəsində nəzərdə tutmasaydı, AMB Azərbaycan bankları üçün yenidən maliyyələşmə dərəcələrini və valyuta ehtiyat səviyyəsini azaltmasaydı, ölkə Prezidenti bu yaxınlarda imzaladığı fərmanla daha az faiz dərəcəsi ilə yenidən kreditləşməyə təkan vermək üçün banklararası dərəcəni aşağı salmasaydı, problemlər daha sərt şəkildə özünü göstərərdi. Bu baxımdan inanıran ki, AMB və hökumət səmərəsiz bank və şirkətlərin süqutunun şahidi olacaqlar. Lakin ağıllı bələdçi qismində çıxış edən hökumət səmərəli və məhsuldar şirkətlərə öz köməyini əsirgəməyəcək ki, bu da öz növbəsində qlobal böhranın təsirlərini azaldacaq.

 

Valyuta kursları və işsizlik

 

Xarici valyuta axınının azalması, manata olan tələbatın azalması və bunun da öz növbəsində manatın dollara nisbətən dəyərdən düşəcəyini düşünməyə əsas verir. İndiyədək bu cür hal hələ ki, müşahidə edilməyib. Bu baxımdan, manatın avrodan ayrılması və yalnız dollar ilə əlaqəli olması, bununla da hər iki Qərb valyutası arasında yaranan fərqlərdən əmələ gələn təsirdən yan keçmək məqsədilə bu yaxınlarda Azərbaycan Milli Bankı tərəfindən verilən qərar təqdirəlayiq hesab olunur. Bu, həmçinin Azərbaycan iqtisadiyyatında müşahidə edilən ümumi sabitlik və həmçinin ehtiyatların düzgün istifadəsi ilə də izah oluna bilər.

Fəaliyyətinin ilk dövründən başlayaraq, Azərbaycan Prezident İlham Əliyev ölkədə işsizliyin azaldılmasını qarşısına ən vacib məqsədlərdən biri kimi qoymuşdu. O, hakimiyyətdə olduğu ilk dövr ərzində 600 min yeni iş yeri açmağa söz vermişdi və bu rəqəmi, hətta üstələdi də. Belə ki, iri tikinti layihələrini həyata keçirən bəzi şirkətlər öhdələrinə götürdükləri işin vaxtında başa çatdırılması üçün hətta xaricdən işçi qüvvəsi cəlb etməli olublar. Tikinti, polad və aliminium sənayesində və həmçinin neft sektorunda müşahidə edilən yüksək qiymətlər, azalan tələbat və kreditin demək olar ki, yoxluğu istehsal xərclərini çoxaldıb, nəticə etibarı ilə də satış və satışdan əldə olunan gəlir səviyyəsi azalıb. Böhranlı vəziyyətlə qarşılaşmış sənaye sahələrində çalışan bir sıra işəgötürənlər öz işçilərini ixtisara salmağa başlayıb. Hökumət isə bunun qarşısını almaq üçün yenidən işəgötürmə tədbirlərini həyata keçirməyi düşünür. Məsələn, mənə məlumdur ki, hökumət əsasən tikinti sektoru, həmçinin kiçik və orta müəssisələrə yönəldiləcək iki milyard manatlıq stimul paketini hazırlayır.

 

Yekun

 

Çökməkdə olan beynəlxalq maliyyə sistemi və neftin qiymətinin ucuzlaşması Azərbaycandan yan keçməyib, ancaq elə bir ciddi təsiri də olmayıb. Qlobal böhran fonunda Azərbaycan öz sabitliyini qoruyur. Lakin bütün bunları nəzərə alaraq və mart ayına qədər neft hasilatı ilə bağlı problemlərin öz həllini tapacağını və neftin bir daha kəskin ucuşlaşmayacağını fərz edərək, Beynəlxalq Valyuta Fondu Azərbaycanın neft və qaz hasilatına dair planı yerinə yetirəcəyini, yəni 2009-cu ildə neft və qaz sektorunda 18 faiz, qeyri-neft sektorunda isə 6 faiz olacağını gözləyir. Dünya Bankı 2009-cu ildə Azərbaycanda 30.7 faiz müsbət saldo ilə müşayiət olunan 10.4 faizlik ÜDM artmını proqnozlaşdırıb. Bu rəqəmləri digər ölkələr ilə müqayisə etdikdə (2008-ci ilin son rübündə ABŞ-da ümumdaxili məhsul artımı 3 faizədək azalıb və 2009-cu il üçün Dünya Bankı ümumi dünya iqtisadi artımı cəmi 9 faiz, Avropa və Orta Asiya üçün isə 2.7 faiz civarında proqnozlaşdırıb), diqqətə çatdırmaq istərdim ki, maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf yolunda davam edəcək. Fikrimi yekunlaşdıraraq bildirmək istəyirəm ki, Azərbaycan iqtisadiyyatı sabitdir, düzgün idarə olunur və yaxşı vəziyyətdədir.

 

 

Söhbəti qələmə aldı:

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.-2009.-26 fevral.-S.3.