Gülüstan

 

Zərurət görmədim təsadüf qədər

Məqsədə yönəlir bu başsız axın.

Məndən rica etdi bir vətənsevər

Yazım davamını mən "Gülüstan"ın.

Yazmışdım mən onu düz qırx il qabaq.

O vaxtdan bu yana çox sular axdı.

Arazın suyunda enib qalxaraq

Ürəkdə bəslənən arzular axdı.

 

 

II Hissə

 

Torpağa düşmədi, apardı yellər

Arzu toxumları sulara düşdü.

Yandı, pörşələndi həsrət könüllər

Yenə bu minvalla illər ötüşdü...

 

"Gülüstan" adicə haraydı, haydı

Qulaqlar kar olur biz qışqıranda.

Mən onu yazanda şah zamanıydı,

Başqa bir zamandır indi İranda.

 

Millət qarşılaşdı basqa yasaqla

Çəkdi imtahana böcək quşları

Üsullar dəyişdi, gedən bıçaqla

Gələn, pambıq ilə kəsdi başları.

 

Dünya çalxalandı, sular duruldu

Tərsinə dolandı əsrin məhvəri.

Zaman hökm elədi, vaxt hakim oldu

Ayağa qaldırdı qul millətləri.

 

Qullar silahlandı qəzəbdən, kindən

Ayıra bildilər dumandan sisi.

Qovdu ağasını məmləkətindən

 

Göyə dirək oldu amanım, ahım,

Halalca haqqımız bizdən yan qaçar.

Zəncinin bəxtini açan Allahım

Bəs mənim bəxtimi nə zaman açar?

 

Yaman uzun çəkdi hökmü bu qəsdin,

 Ayrılıb ikiyə döndü bir Vətən.

"Gülüstan" adlanan bu ifritənin

Kağızı, qələmi nədənmiş görən?

 

O kağız, o yazı yumdu gözləri

Yanan ürəklərdə od külə döndü.

Bizim aramızda o gündən bəri

"Gülüstan" tikanlı məftilə döndü.

 

Baş idik, ayağa indi yol olmaq

Bizi dərdimizə bu gün yad eylər.

Bir vaxt hakim ikən dönüb qul olmaq

Bizim bəxtimizə yazılmış məgər?

 

Bir vahid millətə, iki hakimin

Dili doğmalaşdı... Bu lap oldu

Doğma anamızın şəkərdən şirin

Bizə öyrətdiyi dil yasaq oldu.

 

Hakimlər özü də bilirdi aşkar

Mənim öz dilim var, öz tarixim var.

Siz haqqın üzünü boyalayırkən

Həqiqət də aydın, yalan da aydın.

Yüz min erməninin məktəbi varkən

İyirmi milyona onu qıymadın.

 

Dinində, törəndə bizimlə birkən

Yasandan sən mənim haqqımı sildin.

Dininə düşməni əzizləyirkən,

Sən öz dindaşına düşmən kəsildin.

 

Özündən, sözündən qaçaq dilimiz

İslanıb üşüdü qarda, çisəkdə.

Yüksək məqamlarda yasaq dilimiz

Qovulub yaşadı kənddə, kəsəkdə.

 

İnsan olmaq üçün uşaq dil açar

Yasaqlar önündə biz dilsiz olduq.

Dil varsa, xalq da var, şan-şöhrət də var

Dil yoxsa, millət yox, heç varlıq da yox.

 

Soruşduq: - Dilimiz yoxsa, biz kimik?

"Farsdan dönməsiniz", - dedilər bizə.

Baxıb gözümüzün içinə dimdik,

Onlar qəsd elədi mənliyimizə.

 

Belə "tarixçilər", belə nadanlar

Sizdə də, bizdə də dürəkdir ancaq.

Düşmən olsalar da millətə onlar

Hakimi-mütləqə dirəkdir ancaq.

 

Firdovsin söz açdı türk oğlu kimi

Əfrasiyab adlı Alpər-Tunqadan.

Məgər fars idimi sizin Rüstəmi

Döyüşə çağıran o böyük xaqan?

 

Rüstəm Zal - İransa,

Əfrasiyab - Turan,

Beləysə, fars olub

Türk nə zamandan?

 

Məgər türk deyildi mənim şahlarım

Əsrlər boyunca mülki-İranda?

Bəs səni tutmazmı naləm, ahlarım

Məni "farsdan dönmə" adlandıranda?

 

Türkün zatındadır kişilik, mərdlik

O, öz düşmənini vurmaz arxadan.

Türkə, Türk dilinə bu düşmənçilik

Sizdə bir adətdir qalü-bəladan.

 

Tarixə baş vuraq: Bu , bu qara

Mərdlik mayasıyla yoğrulmuş babam.

Haqqını tanıdıb çox haqsızlara

Amma haqsıza da mərd olmuş babam.

 

Bəzən özümüzü bəyənmədik biz

Dedik, filankəsə gərək oxşayaq.

Yandı öz bağımız... fikir çeşməmiz

Özgə bağlarını suladı ancaq.

 

Heç kəs inciməsin, dedik qoy bizdən

Yandıq yad evində bir çıraq kimi.

"Buyur" deyə-deyə hörmətimizdən

Qonağı elədik evin sahibi.

 

Bizim böyük-böyük ustadlarımız

Xəmsə"lər bağladı özgə dilində.

Dönüb yadın oldu bizim varımız

Babam talan oldu öz mənzilində.

 

Yada abidələr ucaldıb dedik:

Fəhləlik bizimdir, ustalıq sənin.

Çox zaman özgəyə qulluq elədik

Beyin bizim oldu, əsər özgənin.

 

Nadir də, Qacar da ölkələr aldı

Vətən ucalmadı, taxtı ucaldı.

Oz doğma elini ayağa saldı

Şahlar bizim oldu, zəfər özgənin.

 

Saldıq özümüzü özümüz gözdən

Kül ilə oynadıq, əl çəkib közdən.

Ölkələr nur aldı şəfəqimizdən

Günəş bizim oldu, səhər özgənin.

 

Mənim sərvətimə cahan göz dikdi

Sərvətim, dövlətim ona gərəkdi.

Babam yer şumladı, babam yer əkdi

Zəhmət bizim oldu, bəhər özgənin.

 

Açdı sinəsini bizə bu torpaq

Aləmi bəzəyib lüt olduq ancaq.

Cıdırda çapsaq da hamıdan qabaq

Hünər bizim oldu, nəmər özgənin,

Qızıl bizim oldu, kəmər özgənin.

 

Meydan oxusaq da çərxi-dövrana

Bəzən özümüzlə üzbəüz olduq.

Düşməni əzsək də mərdü-mərdana,

Bəzən düşmənimiz özümüz olduq.

 

Zamanın küləyi de əsdi hardan?

Uduza-uduza axır udulduq.

Vaxtın axarında gəldi bir zaman

Biz iki hakimə dönüb qul olduq.

 

Ayılın hakimlər, dönür bu dövran

Qorxun haqqı görən Allahınızdan.

Tarixi gerçəyi danmayın barı!

Sizin çörəyiniz diziniz üstdə.

Tarixi əzmiylə yaradanları

Niyə çökdürdünüz bu gün diz üstə?

 

Sədi dərs də verdi sizə ədəbdən

Sizsə başqasını bəyənmədiniz.

Möhtəşəm bir dini alıb ərəbdən

Ərəbə "çəyirtkə yeyən" dediniz.

 

Quzeydə ayağa qalxdı məmləkət

Bir təpə bir dağla üz-üzə gəldi

Millətin qəlbində boy atan nifrət

Köksün həmləsiylə o dağı dəldi.

 

Yaman acıq gəldi bu nifrət ona

Tankların altında əzdi milləti.

Sığdıra bilmədi dağ qüruruna

Təpə önündəki məğlubiyyəti.

 

Millət millət olur arzu, niyyəti,

İnamı, inadı, öz imanıyla,

Dərk edib bu haqqı, bu həqiqəti,

Suvardıq torpağı şəhid qanıyla.

 

Eşidib qəlbimin üsyan səsini,

Yazdım "Şəhidlər"in faciəsini:

"Dilək bir çiçək də bitirə bilməz

Bu gündən sabaha körpü olmasa.

Azadlıq ağacı bar verə bilməz

Şəhidlər qanıyla suvarılmasa.

 

...O şənbə gecəsi gecikdi səhər

Zaman itirmişdi o gün sağ-solu.

Ömürdən keçərək, keçdi şəhidlər

Bir qanlı gecədə min illik yolu.

 

O şənbə gecəsi ölüb-dirildik

Şərəf papaq oldu, başlara qondu.

O qətl gecəsi xalqın min illik

Şücaət tarixi təkrar olundu.

 

Qatil gülləsinə qurban gedirkən

Gözünü sabaha dikdi şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla

Vətən göylərinə çəkdi şəhidlər.

 

O şənbə gecəsi, o qətl günü

Mümkünə döndərdik çox namümkünü.

Xalqın qəlbindəki qorxu mülkünü

O gecə dağıdıb sökdü şəhidlər."

 

"Gülüstan" yarandı düz qırx il əvvəl

"Şəhidlər" nəticə, "Gülüstan" təməl.

Azadlıq alınar, budur doğru yol.

Axı "Gülüstan"dan ta "Şəhidlər"ə

Gedən uzun yoldu keçilən bu yol"

 

Daş körpü - vəhdətim, daş Xudafərin!

Gərəksiz daşların qalağı oldu.

Üstündən bir kimsə keçmədi... min-min

Könül həsrətinin göz dağı oldu.

 

Gəldi başımıza nələr, ay nələr,

Goramı aparaq bu dərdi qardaş?

Bütün bu bəlalar, bu faciələr

Həmən "Gülüstan"dan göyərdi, qardaş.

 

Quzeydə yerini göstərdik yada,

Zorun təməlini haqq deşə bildi.

Gördük, bizdən başqa bu gen dünyada

Bütün ayrılanlar birləşə bildi.

 

Biriykən ikiyik, bu halımızla

Biri-birimizə həsrət qalmışıq.

Biz hələ bu gün də xəyalımızla

Həsrətin üstündən körpü salmışıq.

 

Buna da hükr edib, "təvəkkül" - dedik,

İmdadçün həmişə üz tutduq göyə.

Elə zaman gəldi, keçmək istədik

Xəyali körpüdən biz daş körpüyə.

 

Daş körpü - vəhdətim, daş Xudafərin!

Gərəksiz daşların qalağı oldu.

Üstündən bir kimsə keçə bilmədi

Bölünən bir xalqın göz dağı oldu.

 

Biri-birimizə gendən "gəl" – dedik

Tanrı üz çevirdi elə bil bizdən.

O qədər üstündən keçə bilmədik

Körpünü ot basdı qəhərimizdən.

 

İki əsrdir ki, o daş körpünün

Bu tayında mənəm, o tayında sən.

Sökülüb-dağılır daşlar günbəgün...

Sərhəd dirəkləri xəbərsiz oldu

Bizim qəlbimizdən keçən körpüdən.

 

Qəsbkar qəsdini əbədi sanmış

İki başda duran tağlara bir bax.

Çoxu dağılsa da dimdik dayanmış

Birinci tağ ilə axırıncı tağ.

 

O tağın biri mən, o biri sənsən

Onlar əsrlərlə dözüb sellərə.

Selin zərbəsinə tağlar dözübsə,

Nə gəlib arzusu bir könüllərə?

 

Bu gün qismətimiz qəm-kədərdisə,

Dünənki birliyim heç unudulmaz.

 Çayın altındakı torpaq birdisə,

O tayı bu taydan ayırmaq olmaz.

 

Neçə il əvvələ qayıdaq yenə

Diləklər dikəldi, "mən varam" - dedi.

Bu böyük diləyin zərbələrinə

Sərhəd dirəkləri tab gətirmədi.

 

Bu taydan o taya haray qaldırıb,

 Özünə güvəndi bu millət yenə.

 Dəmir məftilləri dişiylə qırıb

Oğullar doladı biləklərinə.

 

Araz öz yoluyla yenə axırdı...

Həsrət divarını o gün aşdılar.

Qardaşlar qollardan zənciri qırdı

Çayın ortasında qucaqlaşdılar.

Dərdi boğazlayıb o gün sevincdən

Onlar hönkür-hönkür hey ağlaşdılar.

 

Qardaşlar ağladı o gün doyunca

Soldatlar, sərbazlar dəhşətə gəldi.

O günün ertəsi Araz boyunca

Tikanlı dirəklər yenə dikəldi.

 

Qovuşdu bir günlük bu tay o tayla

Bir günlük sevincdən çaş-baş oldular.

Qardaşı qardaşdan ayırmasıyla

Soldatla sərbaz da qardaş oldular.

 

Ölmədi, o günü gördü Bəxtiyar

Dedi: - Haqq önündə zor bərbad olsun.

Dedi: - Mən o günü gördüm, Şəhriyar,

Qabaqda işıq var, ruhun şad olsun.

 

Bu yerdə ustadla neçə il əvvəl

Telefon söhbəti yadıma düşdü:

Mən ona "gəl" - dedim, o mənə "gəl-gəl"

 

"Məndən xəbər aldı:

Neçə yaşın var?

Yaşımı söylədim, dedi:- Min alqış!

Dedim:

- Nəyə alqış, ustad Şəhriyar?

Dedi ki, cavansan, sən mənə baxmış.

Arzum göyərmədi, keçibdir yaşım,

O vüsal gününü sən gör, qardaşım".

 

Getməz ağzımızdan o günün dadı

Mən gördüm o günü bircə gün ancaq.

Başımız üstündə yenə oynadı

Bu tayda "dubinka", o tayda şallaq.

 

Biz bunu bacardıq...

Ancaq nə fayda?

Verdik əlimizdən yelə fürsəti.

Allah bir də nə vaxt, hansı dolayda

Bizə verəcəkdir elə fürsəti?

Tarixdə neçə yol uduzduq nədən?

Zirvəyə qalxmışdıq, biz niyə endik?

Səbrlə, tədbirlə, ölçüb-biçmədən

Ağla güvənmədik, hissə güvəndik.

 

Səttarxan, Bağırxan və Pişəvəri

Bizimçün hər biri diridən diri.

Onlar qəhrəmandı, qəhrəman, fəqət

Təkcə igidliklə kar aşmır indi.

Uzağı görmədən, təkcə cəsarət

Arzuya, istəyə yol açmır indi.

 

Onlar ölçmədilər uzunu, eni

Tədbir tökmədilər, əzab çəkdilər.

Tuta bilsəydilər günün nəbzini

Arzu güllərini dərəcəkdilər.

 

Qırx il həsrət qaldı almana alman

Dövrana baxdılar, vaxta baxdılar.

Onlar qanadlanan arzularından

Zamanın çiyninə qanad taxdılar.

 

Düşündük dərdimiz artdı ilbəil

Vaxtın damarını tuta bilmədik.

Siz: "Zaman başqadır, vaxt o vaxt deyil",

Bizsə o arzuyla şeilər dedik.

 

İstiqlal qazandı quzeydə ölkə

Bunu gözləmişdi millət yetmiş il.

Bu gün aldıiımız azadlıq bəlkə

Bizi biz edəcək istiqlal deyil?

 

İstiqlal qazandıq, kim "oxay" dedi?

Təzə bəlalara biz sinə gərdik.

İstiqlal milləti sevindirmədi

İstiqlal qazanıb, torpaq itirdik.

 

Çəkdi bu milləti hərə bir yerə

Məqsəd - kürsü eşqi, amal - mənfəət.

O qədər çəkişdik, həm firqələrə

Həm də bölgələrə bölündü millət.

 

Umdu, nəsə umdu Vətəndən hamı

Amma unuduldu məmləkət dərdi.

Kürsüyə çatmaqçün biri Ağdamı

Biri də Şuşanı güdaza verdi.

 

Bunlar həqiqətdir, ay bədbəxt, sənin

Hansı amal ilə qəlbin döyündü?

Unutdun dərdini bütöv Vətənin

Kürsü hərisliyi amala döndü.

 

4

 

İslam bayrağıyla başqası gəldi

Hamı düşündü ki, dünya düzəldi.

Solub-saralırdı sahibsiz təki

Bizim viran olmuş könlümüzdəki

Arzu çiçəkləri ...

o gün suladıq.

Biri-birimizi muştuluqladıq.

Bizim Söhrab Tahir, Balaş, Mədinə

Bayram libasları geydi əyninə.

Ertəsi eşitdik möhtərəm imam

Yaratdı ölkədə "cümhuri-islam".

Çox gözəl, cümhura nə irad, nə söz?

Məgər bu deyilmi istədiyimiz?

 

Şahlıq diyarında, şah ölkəsində

"Döndü həqiqətə" yüz illik xəyal.

Türkün öz dilində, öz ləhcəsində

Qəzetlər, dərgilər çıxdı dalbadal.

 

Nə oldu sonrası? Keçdi bir qədər

Boyalar silindi, bozardı üzlər.

Gördük vədlərdən təkcə söz qalıb

Zülm qəh-qəh çəkir, haqsa hönkürür.

Şahlıq devrilsə də, başqa rəng alıb

Yaşayır əvvəlki zülm başqa cür.

 

Adını dəyişib, əhdini danıb

Yenə həmən zülm, həmən əsarət.

Qarmağa taxılan ətə aldanıb,

Tələni görmədi zavallı millət.

 

Zülm nə din bildi, nə dil, nə Vətən,

Cəhalət uydurdu İslam adına.

Açıq fikirlilər qaçdı ölkədən,

Dözməyib cahilin xurafatına.

 

Düşünən başları qovdu ölkədən

Farsı da, kürdü də, türkü də qəsdən.

Deyən tapılmadı, otur yerində

Mən qafil deyiləm sözə aldanam.

De, hanı bəs sənin əməllərində

Şəri boğazlayan müqəddəs İslam?

 

Məgər yuvasından didərgin düşən

O bədbəxt kimsələr müsəlman deyil?

İslamda insanlıq ləyaqətindən

Nitqlər söylədin minbərlərdə sən,

Yurddan qovduqların bəs insan deyil?

 

Minbərdən bağırdı söz gövşəyənlər:

"İslama hər yerdə dayağıq" - deyə.

Bizi darda qoyub "İslam" deyənlər

Niyə dayaq oldu bəs erməniyə?

 

 

Dandın həqiqəti sən bilə-bilə

Sübutun uydurma, dəlilin əbəs.

Erməni qəsbinə kiriməyinlə

Xoruzun quyruğu görünmürmü bəs?

 

Qorxuram bu yerdə belimiz sına

Adını qoymusan "İslam dövləti".

Özün de, budurmu din qardaşına

İslam dövlətinin xətri, hörməti?

 

Bunun da kökünü bilirik nədir?

Səninçin "arilik" dindən öndədir.

 

İslama "vay" dedi, dinə "vay" dedi

Arxaya çəkildi din qohumluğu.

Sizi erməniyə dayaq eylədi

Əcdadda birləşən qan qohumluğu.

 

Tapıldı bizdə də cəhalətindən

Dinin cövhərini anlamayanlar.

Atıldı meydana, yapışıb dindən

Onu ciblərinə qazanc sayanlar.

 

Kəbəyə getdilər hər il dalbadal

Ziyarət deyildi, ticarətdi bu.

Bəs hanı haqq yolu?

Bu səfər, bu yol

Hacılıq adıyla tacirlik oldu.

 

Dedilər: "Dərdlərə son qoymaq üçün

"İslam partiyası" gərəkmiş bu gün.

Bir deyən olmadı amma onlara

"A qardaş, din hara, siyasət hara?"

 

Nədir bu partiya? Mən anlamıram

Firqə, dar çərçivə, firqə bir qəfəs!

O boyda ucalıq, o boyda İslam

Firqə qəfəsinə sığışarmı bəs?

 

Din ilə ucalır ruhumuz göyə

Göylər bir qiyasa, ölçüyə gəlməz.

O böyük din ilə bircə firqəyə

Bəşərin yarısı sığışa bilməz.

 

Sökülür dan yeri, görmürsənmi sən

Zamanın özündən, vaxtın özündən?

Bu nə boş xəyaldır, nə şirin röya?

Közərir çınqa od külün içində.

Dünyanı titrədən qoca Rusiya

Bölünüb söküldü bir gün içində.

 

Köksünə dağ üstdən dağ çəkilən xalq

Bir gün dağ çəkəcək dağın köksünə.

Məftil çəpərləri qıra bilən xalq

Bir il gec, bir il tez - qıracaq yenə.

 

Torpağı yoğurur vaxt özü qanla

Vaxt gəldi, bircə söz min düyün açar.

Artıq anlamışıq ahla, amanla

Nə məftil əriyər, nə sərhəd uçar.

 

Zülm öz-özünə kəsilir qənim

Baxın öz yönünü dəyişən çarxa.

Suyun gəlməsinə şübhəm yox mənim

Bir vaxt şırıl-şırıl su gələn arxa.

 

Salaq yadımıza bu gün, cahanın

Rəngləri dəyişən xəritəsini.

Biz də görəcəyik Azərbaycanın

Güneyli-qüzeyli xəritəsini.

 

Noyabr, 1999    

 

 

Bəxtiyar Vahabzadə

 

Xalq Cəbhəsi.- 2009.- 26 fevral.- S. 7.