Xocalı soyqırımı bəşəriyyət əleyhinə cinayətdir

 

Erməni-daşnak millətçiləri və onların havadarları, az qala, bir əsrə yaxındır ki, hər il uydurma “erməni soyqırımı” gününün bütün dünyada qeyd olunması üçün dəridən-qabıqdan çıxır, öz yalanlarını bəşəriyyətə sırımağa çalışırlar. Bu yaxınlarda ABŞ-da Amerika yazıçısı Samuel Viimsin “Ermənistan: terrorçu xristian dövlətinin sirləri”kitabı işıq üzü görmüşdür. Uzun illər Londonda, Parisdə, Romada, İstanbulda, Moskvada və Vaşinqtonda aparılan tədqiqatların nəticəsi olan, faktlara və sənədlərə istinadən ərsəyə gələn bu kitab 400 səhifədən ibarətdir. Müəllif kitabında qeyd edir ki, mən erməni mənşəli amerikalıların 150 yaşlı “qədim” vətənlərini mükafatlandırmaq üçün türklərdən, eləcə də Amerika xristianlarından böyük məbləğdə pul vəsaiti qoparmaq məqsədilə soyqırımı və qətllərlə bağlı uydurma və yalanlar yaydığını subut edən faktlar aşkar etmişəm.

Dinar xristian olan Samuel Viims kitabında yazır ki, 1918-ci ildə kiçik bir ərazidə erməni dövlətinin yarandığı vaxtdan o, qonşuları Gürcüstana, Osmanlı imperiyasına və Azərbaycana qarşı torpaq iddiaları irəli sürməyə başlamışdır. Kitabda eləcə də tanınmış tarixçi alim Oqust Karyerin fikri verilir. O, ermənilərin yalnız Nuh peyğəmbərin gəmisinin qalıqlarının Ararat dağında tapıldığına görə guya ermənilər Nuh peyğəmbərin nəslindən olan Haykın törəmələri, Şərqi Anadolunun isə başdan-başa erməni torpaqları olması barədə iddialarını rədd edir. Beləliklə, ermənilərin mənşəyi barədə məlumatlar uydurmalara, daha dəqiq desək, ağ yalana əsaslanır.

Amerika alimi kitabında Qarabağ problemi ilə bağlı qeyd edir ki, 1800-cü ildə Qafqaz regionunda çox az sayda erməni tapmaq olardı. Rusiya mənbələrinə istinad edilərsə, Qafqaz bölgəsinin Rusiyaya birləşdirildiyi dövrdə Qarabağda 90 min nəfər yaşayırdı. Orada böyük şəhər və 600 kənd var idi. Onların 150-də ermənilər yaşayırdılar. Ancaq dağlılar zorla köçürüldükdən sonra ermənilər burada üstünlük təşkil etdilər. 1907-1912-ci illərdə Rusiya çarizmi yarım milyondan çox ermənini İrandan və Osmanlı dövlətindən, əsasən müsəlman azərbaycanlılarının yaşadığı Qars, İrəvan və Yelizavetpola (Gəncə) köçməsinə kömək etdi. Başqa sözlə, geosiyasi mənafelər naminə Qafqazda demokratik dəiyşikliklər edildi. XX əsrin əvvəllərində Qarabağdan çıxan bircə yol var idi. O da, Bakıya gedirdi. Ermənistana isə heç bir yol yox idi. Təkcə bu fakt çox şeydən xəbər verirdi. Bəlkə, elə buna görə hətta bolşeviklər də etiraf etmişdilər ki, Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur.

1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarından biri İrəvanın, (Yerevan) siyasi mərkəzi olmayan Ermənistan Respublikasına verilməsi idi. O zaman yalnız İrəvan və Eçmiədzin (Üç kilsə) rayonlarından ibarət Ermənistanda cəmi 400 min əhali yaşayırdı. Zaman göstərir ki, İrəvanın verilməsi gənc Azərbaycan Cümhuriyyətinin bağışlanılmaz səhvi idi və onun nəticələri hələ də özünü göstərməkdədir.

Hazırda “soyqırımı” haqqında çar çəkən ermənilər de-fakto vətəndaşı olmadıqları — çünki Vətən xainləri ölkə vətəndaşları sayıla bilməzlər, — de-yure vətəndaşı hesab etdikləri Osmanlı imperiyasına qarşı öz qeyri-loyal və xəyanətkar münasibətləri barədə bir kəlmə də danışmırlar. Halbuki, o vaxt Osmanlı imperiyasının özünü müdafiə etmək məqsədilə erməniləri cəbhə xəttindən uzağa köçürməyə qanuni haqqı var idi. Onlar açıq şəkildə hərbi əməliyyatlarda rus orduları tərəfindən döyüşürdülər. ABŞ da bu hüquqa əsaslanaraq İkinci Dünya müharibəsi illərində ölkənin yapon mənşəli bütün vətəndaşlarını qərb sahillərindən köçürmüşdü. Stalin bu hüquqdan istifadə edərək Sovet dövlətinin təhlükəsizliyini qorumaq üçün Volqaboyunda yaşayan almanları Qazaxıstana və Orta Asiyaya köçürmüşdü. Tarixdə belə nümunələr çox olmuşdur. Böyük Britaniyanın 1916-1922-ci illərdə baş naziri işləmiş Devid Lloyd Corcun qeyd etdiyinə görə, 1915-ci ildə Osmanlı imperiyasında baş verən faciəli hadisələrin təqsirkarları Türkiyədə beşinci dəstəni maliyyələşdirən Rusiya, eləcə də rusları Osmanlı torpaqlarını tərk etməyə məcbur edən Britaniya imperiyasıdı. Həmin dövrdə sayca qat-qat çox türk, azərbaycanlı, yəhudi və Qafqazın digər xalqlarının numayəndələrini qətlə yetirmiş erməni quldur dəstələrinin əməllərini də nəzərdən qaçırmaq olmaz.

Kiçik Ermənistan dünyanın hər yerinə səpələnmiş həmtayfalarından istifadə edərək, uzun illər xristian aləmini islama və müsəlmanlara qarşı qaldırmağa çalışmışdır. Samuel Viimsin fikrincə, müsləman aləmində Amerikaya “nifrətin” səbəblərindən biri də budur.

“Ermənistan: terrorçu xristian dövlətinin sirləri” sənədli tədqiqat əsərinin üz qabığında oxuculara tövsiyə edilir. “Bu kitabı hər bir xristian və Amerikada hər bir vergi ödəyicisi oxumalıdır”. Biz isə deyə bilərik ki, dünyanın həqiqəti əziz tutan hər bir vətəndaşı oxumalıdır. Erməni millətçiləri tarix boyu xalqımıza qarşı görünməmiş qətllər və vəhşiliklər etmişlər.

Tarixi Azərbaycan torpağı olan Zəngəzur, Göyçə və digər ərazilər Sovet rəhbərliyinin əli ilə Ermənistana verildi. Dağlıq Qarabağ erməniləri muxtariyyət qazandı və onların gələcəkdə qanunsuz ərazi iddiaları üçün zəmin hazırlandı. Erməni daşnakları təkcə XX əsrdə dörd dəfə (1905-1906, 1918-1920, 1948-1953, 1988-1991-ci illərdə) azərbaycanlıları indiki ermənilərin məskən saldığı Ermənistan ərazisindən, tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya etmişlər. “Türksüz Ermənistan” adı altında mübarizəyə qalxan erməni millətçiləri, eləcə də yaxın və uzaq xaricdə yaşayan havadarları, etnik təmizləmə işini 1991-ci il avqustun 8-də başa çatdırdılar. Meğri rayonunun son məntəqəsi Nüvədidə yaşayan azərbaycanlılar soyqırıma məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olundular. Belə demək olar ki, indi Ermənistan adlanan Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı qalmamışdır.

1988-1991-ci illərdə Sovetlər Birliyi dövlətinin başçılarının köməyi sayəsində Ermənistan hökuməti Qərbi Azərbaycan — indiki Ermənistan torpaqlarından 250 mindən artıq azərbaycanlını ata-baba yurdlarından deportasiya etdi. XX əsrdə 2 milyondan çox azərbaycanlı indiki bu ərazidə soyqırıma, deportasiyaya məruz qaldılar.

1935-1991-ci illərdə Ermənistanda Azərbaycan yer adlarına qarşı qərəzli siyasət nəticəsində minlərlə toponimlər xəritədən silinib erməniləşdirildi. Azərbaycanın tərkib hissəsi olan Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə 1988-ci ildən başlanan separatçılıq hərəkatı, işğalçılıq müharibəsi, etnik təmizləmə Azərbaycana qarşı cinayətkar siyasətin yeni mərhələsidir. Hazırda Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır. 1 milyondan çox insan öz yurdundan didərgin salınıb. 18 min azərbaycanlı qətlə yetirilib, 20 mindən çox dinc sakin yaralanıb, 5 mindən çox adam əlil olub, 4 mindən çox insan əsir və itgin düşüb, 877 şəhər, kənd qarət edilib, dağıdılıb.

Erməni birləşmiş dəstələri Rusiyanın Xankəndidəki 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə birlikdə XX əsrin Xatın faciəsini arxada qoyan Xocalı soyqırımını təşkil etdilər. O vaxtkı respublika rəhbərliyinin cinayətkar əməlləri nəticəsində şəhərin müdafiə işləri pis təşkil olunmuşdur. 80 nəfərlik Xocalı özünümüdafiə taburu heç bir zirehli texnika ilə təchiz olunmamışdı. Onlara əsas briqadanın 11-ci taburu ilə 20 nəfərdən ibarət minaatanlar batalyonu kömək edirdi. 60 nəfərlik milis dəstələri isə təyyarə meydanını müdafiə edirdi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnak hərbi birləşmələri və keçmiş SSRİ-yə məxsus 366-cı alay (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən), eləcə də, xarici dövlətlərdən gətirilmiş muzdur quldur dəstələri Xocalıya hücum etdilər. Onlar ilk həmləni hava limanına endirdilər. Şəhərin müdafiəsinə qalxanlar azsaylı və pis silahlanmış olsalar da, qəhrəmanlıqla döyüşmüşdülər. Xüsusi təyinatlı milis dəstəsinin komandiri, milis mayoru Əlif Hacıyev döyüş meydançasında qəhrəmanlıq göstərdi. Onun başçılığı altında olan 22 nəfərlik dəstə erməni-daşnak birləşmələrinin hücumlarını üç dəfə uğurla dəf etdi. Döyüşdə qüvvələr bərabər deyildi. Mayor Əli Hacıyev vəziyyətin mürəkkəb olduğunu görəndə limanın dispetçer məntəqəsini partladaraq erməni birləşmiş qüvvələrinin əlinə düşməsinə imkan vermədi. Döyüşlərdə qorxmaz komandir ağır yaralandı və qəhrəmancasına həlak oldu. Ölümündən sonra Əlif Hacıyevə Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Düşmən tankları, zirehli maşınlarının artilleriya hazırlığından sonra Mehdikənd, Daşbulaq istiqamətində Xocalıya daxil oldu və şəhər içərisində döyüşlər başlandı. 366-cı alayın mayor Ohanyanın komandası altında ikinci, mayor Nabodxinin komandası altında üçüncü motoatıcı taburları eləcə də topçu diviziyası, öz qəddarlığı, vəhşiliyi ilə fərqlənirdi.

Tofiq Huseynovun başçılıq etdiyi ərazi özünümüdafiə taburunun döyüşçüləri çox qüvvətli, yırtıcı düşmənlə qəhrəmancasına, ləyaqətlə döyüşürdülər. Tofiq son nəfəsinədək vuruşdu, düşmən əsgərlərini azdırıb, çoxlu insanın mühasirədən çıxmasına imkan yaratdı. Son anda özü mühasirəyə düşdü. O, düşmənə təslim olmayaraq son gülləni özünə vurdu. Ölümündən sonra Tofiq Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Ağdam-Əsgəran istiqamətində yığılmış hissələr arasında əlaqə və ümumi rəhbərlik olmaması üzündən onlar erməni işğalçılarına qarşı hücum qura bilmədilər.

Erməni vandalları Xocalı şəhərində soyqırım törətdilər. Şəhərə od vurub yandırdılar. Sağ qalanların bir hissəsi, əsasən qadınlar, qocalar, uşaqlar şəhərin qərb istiqamətində iki yolla Ağdama tərəf qaçmağa başladılar. Qarlı, şaxtalı gündə ayaqyalın meşədə qalan qaçqınların çoxunu şaxta vurdu, yaralıların bir hissəsi öldü. Səhərisi gün sağ qalanların bir hissəsi Xocalıdan 6-7 kilometr aralı Qaraqaya adlanan yerdə meşədən çıxarkən pusquda dayanmış erməni faşist dəstələri tərəfindən gülləbaran edildi. Xilas olaraq Abdal-Gülablı kəndinə getməyə səy göstərənlər düşmən mühasirəsinə düşüb, atəşə tutuldular. Erməni daşnakları yaralılara aman vermir, meyitləri eybəcər hala salır, qadın və qızları təhqir edirdilər.

Xocalı şəhərinin əhalisi 13 min nəfər idi. Xocalıda erməni vandalları azərbaycanlılara qarşı növbəti soyqırımı törətdilər. 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. Min nəfər dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. 1275 nəfər girov götürüldü. 56 nəfər xüsusi amansızlıqla–diri–diri yandırıldı, başlarının dərisi soyuldu, gözləri çıxarıldı, başları kəsildi, hamilə qadınların qarnı 1918-ci ildəki mart soyqırımı zamanı olduğu kimi süngü ilə dəlik-deşik edildi. Bu faciədə təkcə erməni faşistləri və rus millətçiləri deyil, həm də uzun müddət düşmən əhatəsində qalan şəhərə lazımi kömək etməmiş, əhalini təhlükəsiz yerlərə köçürmək üçün tədbirlər görməmiş Azərbaycan rəhbərliyi, eləcə də, hakimiyyət uğrunda mübarizədə Qarabağ problemindən istifadə edib siyasi kapital toplamaqla vəziyyətin gərginləşməsinə çalışan siyasətbazlar təqsirkar idilər.

Nüfüzlu beynəlxalq qurumların, dünya birliyi ölkələrinin ikili standartlardan yanaşmalarının nəticəsidir ki, bu dəhşətli faciə — Xocalı soyqırımı ilə əlaqədar heç kəs məsuliyyətə cəlb edilməmiş, cinayətkarlar hələ də cəzasız qalmışlar.

 

 

Firudin CÜMŞÜDLÜ,

 ADPU-nun Azərbaycan tarixi

kafedrasının dosenti, tarix

elmləri namizədi

 

Xalq qəzeti.-2009.-26 fevral.-S.3.