Xocalı-bəşəri
faciəsi
Qarabağ münaqişəsi
başlayandan bəri beynəlxalq təşkilatların, Cənubi
Qafqazda böyük maraqların ikili stantartlarını nəzərə
alsaq, ötən illərdə Xocalı
soyqırımının dünyaya
çatdırılmasında bir sıra işlərin
görüldüyünü demək mümkündür. Azərbaycanın
müvafiq strukturlarının, ictimaiyyətimizin, diaspor təşkilatlarımızın,
qeyri-hökumət təşkilatlarımızın,
ayrı-ayrı soydaşlarımızın Xocalı
soyqırımının tanıdılması istiqamətində
gördükləri işləri ədalətli şəkildə
qiymətləndirmək lazımdır. Amma çox təəssüf
ki, bu soyqırımın başqa ölkələrin parlamentlərində
tanınması kimi ciddi faktı əldə edə bilməmişik.
Əgər qardaş Türkiyənin "dinçi" AKP
hökumətinin rəsmi şəxsləri MHP-nin Xocalı
faciəsi ilə bağlı hazırladığı qanun
layihəsini və müzakirələr aparılması təşəbbüsünə
əngəl olursa, onda bu faciənin tanınmasında Azərbaycanın
üzləşdiyi çətinlikləri, problemləri
başa düşmək olar.
Bura Fransa, Rusiya kimi birmənalı
ermənipərəst mövqe tutan, qondarma soyqırımla
bağlı qanunu parlamentlərində qəbul edən ölkələri
əlavə etsək vəziyyətin ürəkaçan
olmadığını dərk etmək mümkündür. ABŞ
Konqresində çoxluğun "erməni
soyqırımı" qanun layihəsini qəbul etməyə
hazırlaşmasını nəzərə alsaq, konqresmenlərin
Xocalı faciəsinə diqqət yetirəcəyinə inanmaq
çox çətindir. Qondarma soyqırım iddiaları
vasitəsiylə Türkiyəyə, Azərbaycana təzyiqlər
göstərən Qərb dairələrinin (beynəlxalq təşkilatların,
hökumətlərin, parlamentlərin, araşdırma mərkəzlərinin
və s.) 1992-ci ildə bütün dünyanın gözü
qarşısında baş verən faciəni hələ uzun
müddət diqqətdən kənar qoyacağı birmənalıdır.
Çünki bəzi dairələr heç bir əsası
olmayan qondarma soyqırıma inandığını göstərməklə
"məzlum" ermənilərin Azərbaycan
torpaqlarını işğal etməsinə birbaşa və
ya dolayısı ilə haqq qazandırırlar. Ürəyimizi
ağrıtsa da, millətimizə düşmən dairələrin
"qan pulu" (qondarma erməni soyqırımı) əvəzinə
"torpaq" (Azərbaycanın işğal olunmuş əraziləri)
prinsipiylə hərəkət etməsi get-gedə daha
aydın şəkildə özünü büruzə verir. O
qədər harınlayıblar ki, zənginliklərini xammal
şəklində sorub apardıqları Azərbaycanın haqq
səsini susdurmağa çalışırlar. Hətta vəziyyət
o yerə gəlib çatıb ki, Azərbaycanın
Silahlı Qüvvələrini gücləndirməsi, iqtisadi
cəhətdən güclənməsi və s. belə xristian
təəssübkeşliyindən çıxış edən,
orta əsrlərin missioner prinsiplərindən uzaqlaşa bilməyən
dairələrin (təəssüf ki, bu dairələr beynəlxalq
düzənin müəyyənləşdirilməsində
mühüm rol oynayırlar) qəzəbinə, etirazına,
narazılığına səbəb olur. Elə bu günlərdə
Azərbaycan əleyhinə bəyanat verən həmsədrlərin
həyasızlıqları da həmin düşmənçiliyin
bir nümunəsidir. Bu "vasitəçilərin"
Xocalı soyqırımına ədalətli qiymət verəcəyini
gözləmək də yersizdir. Əgər təriqətçi
və Azərbaycana qarşı qərəzli münasibəti
ilə fars şovinizmindən heç bir şeylə fərqlənməyən
AKP hökumətinin oyunlarını da xatırlatsaq, Azərbaycan
bu gün faktiki olaraq hələlik informasiya müharibəsində
təkdir, yalqızdır. Amma bizim haqq işimiz, bu işə
inamımız var. Özlərini müsəlman saya-saya
İslamın qoyduğu qanunları pozan AKP hökumətinə,
özlərini demokrat, insan hüquq müdafiəçisi
saya-saya ən böyük haqsızlığa yol verən Qərb
dairələrinə inanmaq yersizdir.
Azərbaycan dövləti,
milləti hər an vətənimizi işğal etməyə
hazır olan Rusiyanın, fars şovinizminin meydan
suladığı "müsəlman" İranın hədələri,
işğalçı Ermənistanın həyasızlığı
ilə üz-üzədir. Üzdə özlərini dost
göstərsələr də hər Azərbaycanı
parçalamağı planlaşdıran qara qüvvələrə
qarşı dayanmaq üçün Azərbaycan səbrlə
inkişaf etməli, güclənməli, demokratikləşməli,
nəhəng problemlərin həlli üçün millətimizin
ürəyində təpər, ümid olmalıdır. Azərbaycan cəmiyyətində
nəhəng problemlərin
öhdəsindən gəlməyə
inam yaradılmalıdır.
Ötən illər ərzində
Xocalı soyqırımının tanıdılması
baxımından əcnəbi vətəndaşların Azərbaycanın
haqlı mövqeyini dəstəkləməsi, səsimizə
səs verməsi unudulmamalıdır. Məsələn,
Rusiyanın "Memorial" insan hüquq təşkilatının
Xocalı faciəsi ilə bağlı
hazırladığı hesabatlar nəzərdən
qaçırılmamalıdır. İlk dəfə
"Memorial" bir beynəlxalq təşkilat kimi Xocalı
faciəsinin dünya səviyyəsində
tanıdılması üçün görünməmiş
iş görüb. Bu təşkilat Xocalıya hücumda
Rusiya Federasiyasının 366-cı polkunun, Robert Köçəryanın,
Serj Sərkisyanın, Seyran Ohanyanın, rus hərbçilərinin
və s. iştirakı, 613 azərbaycanlının
öldürülməsi, yüzlərlə
soydaşımızın əsir götürülməsi,
yaralanması və s. haqqında geniş məlumat verib. "Memorial"
ermənilərin Xocalda törətdikləri qətliamı təsvir
etmir, "məzlum" ermənilərin azərbaycanlıları
necə qətlə yetirməsini üzə
çıxarıb. Bu beynəlxalq təşkilat Xocalı
sakinlərinə qarşı beynəlxalq cinayətin törədildiyini,
həmin 1948-ci ildə qəbul olunmuş İnsan Haqları Bəyannaməsinin
müddəalarının pozulduğunu elan edib. Qeyd edək
ki, həm Rusiya, həm də Qərb mətbuatında
Xocalı faciəsi ilə bağlı dəfələrlə
ədalətli, qərəzsiz yazılar dərc olunub. Çox
təəssüf ki, yalançı politoloq Melik Şahnazaryan
kimi ermənilərlə yanaşı, Xocalı faciəsini
Xalq Cəbhəsinin, azərbaycanlıların özlərinin
törətdiyinə dair iddiasıyla çıxış edərək
"düşmənin dəyirmanına su tökən" məxluqatlar
da mövcud olub.
Amma Xocalı faciəsi,
Qarabağ həqiqətləri haqqında Qərb jurnalistlərinin,
araşdırmaçılarının yazıları,
kitabları da az deyil. Həmin dövrdə
"İzvestiya" qəzetinin müxbiri V.Belıx,
fransız jurnalist Jan İv Yunet, "Sandi Tayms", Tayms"
qəzetlərinin müxbirləri və s. qəzet-jurnalların
təmsilçiləri baş verənlərə biganə
qalmayıblar. Samuel A. Uimsin "Terrorçu-"xristian"
erməni dövlətinin sirləri", Tomas de Vaalın
"Qarabağ ayıbı", Tomas Qolsun əsərləri
və s. Qarabağ münaqişəsi, Xocalı faciəsi
haqqında həqiqəti ortaya çıxarır. Belə
faktları xaricilərin Xocalıda baş verən bəşəri
faciəyə ədalətli reaksiyası kimi qiymətləndirmək
mümkündür.
Bu yazını yazarkən
erməni informasiya agentliklərinin, qəzetlərinin
saytlarını ələk-vələk etdik. Qəribə bir
mənzərə ilə qarşılaşdıq. Ötən
illərdə olduğu kimi ermənilər Xocalı faciəsi
ilə bağlı susurlar. Əgər melik şahnazaryanlar
kimi həyasızları, Xocalıda azərbaycanlı
uşağı qanına qəltan etdiyinə görə fəxr
edən Zori Balayan kimi qaniçən
"yazıçıları" nəzərə almasaq, ermənilərin
rəsmi şəxsləri, qəzetləri Xocalı
soyqırımı haqqında danışmırlar. Çünki
1992-ci ilin fevral ayının 26-da Xocalıda baş verənlər
ermənilərin mahiyyətini, qaniçənliyini,
qudurğanlığını, "məzlumluğunu"
üzə çıxaran dəhşətli bir faktdır. Bu
faktın arxasında Azərbaycanın başına gətirilən
faciələrin miqyasını və onun-bunun hesabına
yaşayan erməniləri Cənubi Qafqaza gətirib
çıxaranların bəşəriyyətə
qarşı düşmənçiliyi, qaniçənliyi, əzazilliyi
görünür.
Bütün təzyiqlərə
baxmayaraq, Azərbaycan cəmiyyəti, dövləti, milləti,
diasporu Xocalı faciəsinin soyqırım kimi bütün
dünyada tanınması istiqamətində daha ciddi işlər
görməlidir. Çünki biz ermənilər kimi qondarma
hadisələrdən danışmırıq, biz təkcə
Azərbaycanın deyil, bütün dünyanın üzləşdiyi
bir bəşəri faciəni tanıtmağa
çalışırıq. Bu bəşəri faciənin
tanınması dünyanın özünün yaxın
keçmişinə baxıb, yeni minillikdə daha ədalətli
olması üçün vacibdir.
Bayram
Xalq Cəbhəsi.-2009.-26 fevral.-S.3.