2009-cu ilin dövlət büdcəsi dinamik inkişaf
və sosial rifah büdcəsidir
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci ilin doqquz
ayının yekunlarına həsr olunmuş iclasında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev demişdir:
“Bizim iqtisadi inkişafımız çox sürətli olubdur
və belə yüksək sürətin saxlanılması onu
göstərir ki, bizim bütün islahatlarımız həm
konkret məsələlərin həllinə yönəldilib,
həm də ölkəmizin uzunmüddətli
inkişafını təmin edir. Dörd il ərzində
iqtisadi inkişaf sürətinə görə dünya
miqyasında birinci olmaq çox böyük nailiyyətdir. Azərbaycan
dövləti öz siyasətini bu istiqamətdə davam etdirəcək
və əminəm ki, ölkəmizin uğurlu iqtisadi
inkişafı bundan sonra da davam etdiriləcəkdir. 2003-2008-ci
illərdə Azərbaycanın iqtisadiyyatı, ümumi daxili
məhsul 2,7 dəfə artıbdır. Bu, dünyada tarixi bir
nailiyyətdir. Mən yaxın keçmişdə tarixdə
ikinci elə ölkə tanımıram ki, beş il ərzində
iqtisadiyyatı təxminən 3 dəfə artsın. Bizim
iqtisadiyyatımız çox güclənibdir.
Adambaşına düşən ümumi daxili məhsulun həcmi
5800 dollardır. Bu, keçid dövrünü yaşayan
ölkələr üçün çox böyük
göstəricidir”.
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi
strateji xəttin Prezident İlham Əliyev tərəfindən
uğurla hyata keçirilməsi Azərbaycanın sürətli
sosial-iqtisadi inkişafının əsasını təşkil
edir. Azərbaycanda sürətli inkişafın lokomotivini Heydər
Əliyevin müəyyənləşdirdiyi, İlham Əliyevin
yeni keyfiyyət halına yüksəltdiyi neft
strategiyasının uğurla yerinə yetirilməsi təşkil
edir. Bu gün dünya ölkələrini maliyyə
böhranı bürüdüyü, istehsalın bir sıra
aparıcı sahələri dayandığı, işsizliyin
artdığı şəraitdə Azərbaycanda dünya
ölkələrinin heç birində görünməmiş
dinamik inkişafın davam etməsi daxili potensial imkanlara əsaslanır.
On ildə iqtisadiyyatın ən ümumiləşmiş
göstəricisi - ümumi daxili məhsul istehsalı müntəzəm
olaraq yüksəlmiş, dövlət büdcəsinin gəlirləri
isə 10 ildə 10 dəfədən çox
artmışdır.
Azərbaycan Prezidenti
büdcə prosesini və onun idarə olunmasını təkmilləşdirməyi
dövlətin prioritet vəzifələrindən biri hesab
edir. Büdcə prosesi dövlətin iqtisadi siyasətini
reallaşdırmağın başlıca aləti, siyasi kursun
iqtisadi inkişafa transformasiyasını təmin edən ən
mühüm vasitədir. Bu, həm formaca, həm də məzmunca
belədir.
İqtisadiyyatın və
xalqın həyat səviyyəsinin yüksəldilməsinə
aid dövlət başcısının qəbul etdiyi fərmanları,
sərəncamları və qərarlarında müəyyən
edilmiş siyasi xəttin reallaşması, onların praktikaya
çevrilməsi büdcə prosesində baş verir. Büdcə
vasitəsilə ideal olan praktikaya çevrilir, siyasət
iqtisadi inkişafa və xalqın rifahının yüksəldilməsinə
xidmət edir.
Büdcə dövlətin
ən ali maliyyə sənədi, dövlətin müəyyən
etdiyi siyasi, strateji kursun reallaşmasına maliyyə təminatı
yaradan başlıca vasitədir. Bu mənada büdcə həm
siyasət, həm də iqtisadiyyatdır. Hər il dövlətin
siyasətində prioritetlər yeniləşə, beynəlxalq
vəziyyətdə dəyişikliklər yarana bilər. Qlobal
miqyasda iqtisadiyyatın dinamik inkişafı sürətlənə,
maliyyə böhranı yarana, iqtisadiyyatda tənəzzül
baş verə bilər. Büdcə dövlətin iqtisadi
siyasətini praktikaya çevirmək vasitəsi kimi qlobal
miqyasda baş verən proseslərə hazır
olmalıdır.
Hər ilin büdcəsinin
özünəməxsus xüsusiyyətləri vardır. Büdcə
dövlətin bir illik gəlirlər — xərclər
balansı, növbəti maliyyə ilində dövlətin
qarşıya qoyduğu vəzifələrin yığcam
planı olsa da, o, mühasibat rəqəmləri toplusundan ibarət
deyil. Ona görə hər ilin dövlət büdcəsinə
statik halda deyil, dinamik vəziyyətdə
baxılmalıdır. 2009-cu ilin dövlət büdcəsi də
dinamik inkişaf və sosial rifah büdcəsidir.
2009-cu ilin dövlət
büdcəsi 43,6 milyard manatlıq ÜDM proqnozları əsəsında
hazırlanmışdır. 2008-ci ildə ÜDM istehsalı
31,4 milyard manat təsdiq edilmişdi. Bir ildə ÜDM
istehsalında artım 12,2 milyard manat müəyyən edilməsi
dinamik inkişafın 2009-cu ildə də davam edəcəyini
göstərir.
Cari ilin dövlət
büdcəsinin makroiqtisadi göstəriciləri belədir: gəlirləri
- 12.177 milyon manat ( 2007-ci ildə 5.335 milyon manat), xərcləri
isə 12.355 milyon manat (5.714 milyon manat), kəsir isə 178
milyon manat təsdiq edilmişdir.
2009-cu ilin dövlət
büdcəsi gəlirlərinin 5 milyard 750 milyon
manatını və ya 47-50 faizə qədərini Vergilər
Nazirliyindən daxilolmalar, 1,23 milyard manatı neft
hasilatının pay bölgüsü haqqında saziş
üzrə podratçı tərəflərin mənfəət
vergisindən, 1,450 miyard manatı Dövlət Neft Şirkətindən,
1,3 milyard manatı Dövlət Gömrük Komitəsindən
daxilolmalar və 45,2 milyon manatı dövlət müəssisələrindən
alınan dividentlər təşkil edəcəkdir.
Bazar iqtisadiyyatı
ölkələrində olduğu kimi, Azərbaycanda da
büdcə daxilolmalarının əsasını vergilər
təşkil edir. Vergi formalarından isə büdcə
daxilolmalarının müqəddəratını 3 növ
vergi -fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin
mənfəət vergisi və ƏDV müəyyən edir. 2009-cu
ildə bu vergilərdən daxilolmalar büdcə gəlirlərinin
4,5 milyard manatını, yəni 37 faizdən çoxunu təmin
edəcəkdir. Sair daxilolmalar büdcə gəlirlərinin
13-15 faizini təmin etməlidir.
2009-cu ildə büdcə
gəlirlərinin 4,9 milyard manatı və ya 40,3 faizi Dövlət
Neft Fondundan transfertlər hesabına formalaşması nəzərdə
tutulur. 2008-ci ildə Dövlət Neft Fondundan büdcəyə
daxilolmalar 585 milyon manat təsdiq edildiyi halda, 2009-cu ildə bu
rəqəm 8,3 dəfə artırılaraq 4,9 milyard manata
çatdırılmışdır.
2009-cu il
üçün büdcə-vergi siyasəti Vergi Məcəlləsi
haqqında Qanuna əsaslanmışdır. ÜDM-ə nisbətdə
büdcə gəlirlərinin üstün sürətlə
artması, vergiləri və vergi dərəcələrini tədricən
azaltmağa, vergi qanunvericiliyini təkmilləşdirməklə,
vergi inzibatçılığını gücləndirməklə,
ƏDV-dən azad olmaların sayını azaltmaqla təmin etməyə
yönəlmişdir. 2009-cu ildə büdcə-vergi siyasətinin
başlıca istiqaməti vergi güzəştlərinin
minumuma endirilməsinə vergi bazasının genişlənməsinə,
yığım əmsalının artırılmasına və
s. təmin etməyə yönəlmişdir. Bazar
iqtisadiyyatında səmərəli vergi siyasəti yeridilməsi,
vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergilərin
iqtisadi inkişafa stimullaşdırıcı təsirinin
gücləndirilməsi mühüm amillərdəndir.
Dövlət vergi siyasətini
reallaşdırmağın başlıca istiqamətlərini
vergi rejiminin daha da liberallaşdırılmasında, vergilərin
sayının və dərəcələrinin
azaldılmasında, vergitutma bazasının genişləndirilməsində,
vergi intizamının gücləndirilməsində,
yığım əmsalının artırılmasında,
potensial gəlirlərin büdcə daxilolmalarına cəlb
edilməsində və digər tədbirlərin reallaşdırılmasında
görür.
Respublikada enerji sahəsində
maliyyə intizamının gücləndirilməsi istiqamətində
aparılan məqsədyönlü tədbirlər nəticəsində
əvvəlki illərdən fərqli olaraq 2009-cu ilin büdcəsində
enerji sektoruna dövlət büdcəsi hesabına dolayı
subsidiya verilməsi nəzərdə tutulmamışdır. Bu,
öz növbəsində vergi
inzibatçılığının güclənməsinə,
dövlət büdcəsinə nəzərəçarpacaq
dərəcədə əlavə vəsaitin
yığılmasına şərait yaradacaqdır. Qeyd etdiklərimizlə
yanaşı dövlət büdcəsi gəlirinin 40,3
faizinin DNF-dən transfertlər hesabına formalaşmasına,
bir ildə bu mənbədən büdcəyə transfertlərin
8 dəfə artırılmasına ehtiyatla
yanaşılması düzgün olardı.
2009-cu ildə büdcə
xərclərinin gəlirlərlə örtülməyən
hissəsinin (büdcə kəsirinin) yuxarı həddi 178
milyon manat təşkil edəcəkdir. Büdcə kəsirinin
yuxarı həddinin ÜDM-ə nisbəti 0,4 faiz təsdiq
edilmişdir ki, bu heç bir iqtisadi təhlükə
yaratmayan normal hədd daxilində büdcə prosesinin baş
verməsidir.
Kəsirin örtülmə
mənbələrini sərbəst büdcə
qalığı, dövlət mülkiyyətinin özəlləşdirilməsindən
əldə edilən daxilolmalar, daxildə və xaricdə
reallaşdırılan istiqrazlardan daxilolmalar təşkil edəcəkdir.
Azərbaycanda büdcə
xərclərinin bölgüsü bir neçə ildir ki, təsnifatla
aparılır. Büdcə xərclərinin təsnifləşdirilməsi
(qruplaşdırılması) xərclərin şəffaflığını
təmin etməyin başlıca vasitəsidir. Bu, həmçinin
büdcə xərclərinin bölgüsü və istifadəsində
aşkarlığın təmin olunması, maliyyə sahəsində
uçot və hesabatların, icraya nəzarətin
ünvanlılığının dəqiqləşdirilməsinin
gücləndirilməsi, demokratik prinsiplərin daha da
inkişafıdır.
İqtisadi təsnifləşdirmə,
təşkilatlar üzrə qruplaşdırma, funksional təsnifləşdirmə
hamılıqca büdcə proseslərində xərclərin
təyinatını əvvəlcədən dürüst
müəyyən etməyə, büdcə vəsaitlərinin
səpələnməsinə yol verməməyə,
onların şəffaflığını təmin etməyə,
xərclərin hər bir mühüm maddəsinə
ayrılacaq vəsaitin bölgüsünü qanunun aliliyi
prinsipi ilə aparılmasına, bir sözlə, büdcə
prosesində demokratik prinsipin inkişafına xidmət edir. Bu
xərclər ümumi dövlət xərcləri,
qanunvericilik, icra hakimiyyəti, hüquq-mühafizə
orqanlarının xərclərinin hansı istiqamətlərə
sərf olunacağını əvvəlcədən göstərir,
maliyyələşdirmələrdə aydınlıq
yaradır. Xərclərin səpələnməsinin
qarşısını almağa, mal və materialların,
maliyyə vəsaitlərinin uçotunu aparmağa,
qorunmasına nəzarəti gücləndirməyə, onlardan
istifadənin səmərəliliyinin yüksəldilməsini
təmin etməyə xidmət edir.
Dövlət büdcəsi
xərcləri sosial-iqtisadi həyatın hər bir sahəsində
dinamik inkişafı nəzərdə tutur. 2009-cu ildə
büdcə xərclərinin tərkibində təhsil xərcləri
1 milyard 353 milyon manata, müdafiə xərcləri 1 milyard 205
milyon manata, sosial müdafiə və sosial təminat xərcləri
527,5 milyon manata çatdırılmışdır. 2009-cu ildə
büdcə xərclərində müdafiə xərclərinin
xüsusi çəkisi 9,9 faiz, təhsil xərcləri 11,1
faiz, səhiyyə xərcləri 4,2 faiz, sosial müdafiə və
sosial təminat xərcləri 9,3 faiz təşkil edəcəkdir.
2009-cu ildə daxili
dövlət borcları limitinin yuxarı həddi 700 milyon
manat və xarici dövlət borcları limitinin yuxarı həddi
isə 2,5 milyard manat təsdiq edilmişdir. Bu, qanunverici
orqanın icra orqanlarına müəyyən çərçivə
daxilində borclanmaya getməsinə hədd qoymasıdır. Həmin
limitlərin müəyyən edilməsi dövlətin ödəmə
qabiliyyətliliyinin təmin olunması, ölkənin iqtisadi təhlükəsizliyi
və maliyyə müstəqilliyi üçün etibarlı
təminat yaradılmasına xidmət edir.
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin hazırladığı
strateji xəttin uğurla davamı və yeni keyfiyyət
halına yüksəldilməsi Azərbaycan dövlətinə
ən əlverişli maliyyə imkanları
yaratmışdır. Dövlətin əlverişli makromaliyyə
imkanlarına malik olmasına onun borclarının 2 milyard
manata yaxın, strateji valyuta ehtiyatlarının isə 18
milyard manatdan çox olduğu sübutdur.
Vaxtilə Azərbaycan
xarici investor tapmadan heç bir layihəni yerinə yetirmək
iqtidarında deyildi. Ölkəmiz bəzən lazımi dərəcədə
əlverişli olmayan borclamalara da gedirdi. Hazırda Azərbaycanın
daha əlverişli investor seçmək imkanı vardır. Ölkəmizin
maliyyə vəsaitlərinin artımı indi Azərbaycanı
investisiya cəlb edən ölkədən, xarici ölkələrin
iqtisadiyyatına investisiya qoyan ölkəyə çevrilməsini
təmin etmişdir. Hazırda Azərbaycanın
investisiyası təkcə qonşu ölkələrə
deyil, həmçinin Avropa ölkələrinə
yatırılır. Büdcənin müdafiə olunan xərc
maddələri, əmək haqqı, pensiya, başqa sosial
müavinətlər və ödənişlər, dövlətin
daxili və xarici borclarına xidmətlə bağlı xərcləri
büdcə daxilolmalarından asılı olmadan maliyyələşdirilir.
Onlar zəruri xərcləri təşkil edirlər. Əgər
dövlət zəruri xərclərin maliyyələşdirilməsində
çətinliklərlə qarşılaşarsa, qısa
müddətli xəzinə öhdəlikləri buraxmaq,
onları qiymətli kağızlar bazarının peşəkar
iştirakçıları, eləcə də başqa
hüquqi və fiziki şəxslər arasında yerləşdirməklə
büdcəyə vəsaitlər cəlb edə və zəruri
xərcləri tam maliyyələşdirə bilər.
Dövlət büdcəsində
xərclərin maliyyələşdirilməsinin növbəliliyi
müəyyən edilir. Əmək haqqı, pensiyalar,
müavinətlər, əmək haqqına bərabər
tutulan ödənişlər birinci növbədə, qalan xərclər
isə büdcə daxilolmaları səviyyəsindən
asılı olaraq maliyyələşdirilir. Bir sözlə
2009-cu ilin dövlət büdcəsi Azərbaycanın
sosial-iqtisadi inkişafına, bütün dünyanı
bürüyən maliyyə böhranından
xalqımızı və iqtisadiyyatımızı
qorumağa, xalqın rifahının yüksəldilməsinə
xidmət edən büdcədir.
Dövlət büdcəsinin Milli Məclisdə müzakirələrinə deputatlar ciddi yanaşmış, xalqımızın və ölkəmizin maraqlarına cavab verən təkmil büdcə formalaşmasını təmin etmişlər. Beləliklə, 2009-cu ilin büdcəsi iqtisadi inkişafa və xalqın rifah halının daha da yüksəldilməsinə xidmət edən dövlətin ən ali maliyyə sənədi kimi təkmil formalaşması təmin olunmuşdur.
Fikrimizcə, 2009-cu ilin dövlət büdcəsinin daha təkmil hazırlanması imkanları hələ tükənməmişdir. Düşünürük ki, 2009-cu ilin dövlət büdcəsi gəlirlərinin xarici mənbələrdən asılılığının güclənməsinə yol vermədən keçinmək olardı. Dövlətin iqtisadi inkişafın səmərəliliyini yüksəltmək üçün ehtiyatları aşkara çıxarmağa, potensial imkanları təsərrüfatçılıq dövriyyəsinə cəlb etməyə istiqamətlənmiş daha radikal tədbirlər görməsi mümkün idi. Büdcə gəlirlərinin formalaşmasının neft amilindən asılılığını artırmağa deyil, azaltmağa meyllənməsi düzgün olardı. Əgər 2008-ci ilin dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft amilinin payı 62 faiz idisə, 2009-cu ildə onun 65 faizə yüksəlməsinə yol verməmək də olardı.
2009-cu ildə büdcə daxilolmalarının 40 faizdən çoxu təkcə Dövlət Neft Fondundan təmin olunmalıdır. Hesablamalar 2009-cu ildə infrastruktur sahələri ilə birlikdə bütün mənbələr hesabına büdcə gəlirlərinin formalaşmasında neft amilinin payı 65 faizdən də artıq olacağını göstərir. Büdcə gəlirlərinin bir amildən, neft məhsulları ixracından və onun dünya bazarında qiymətindən asılı olmasının hansı neqativ nəticələr verməsi unudulmamalıdır.
Deyirlər,
tarix təkrarlanır. 1998-ci ilin dövlət büdcəsində
neftin bir barelinin qiyməti 25 dollar məbləğində
hesablanmış və təsdiq edilmişdi. Lakin həmin ilin aprel-may aylarında
bir barel neftin dünya bazarında qiyməti 9-10 dollara endi. Bu,
Azərbaycanın, xüsusilə, Xəzər dənizindən
çıxarılan neftin səmərəliliyinin
aşağı düşməsinə ciddi təsir etdi. Bəzi
sahələrdə neftin maya dəyərini belə təmin edə
bilmədi. Beləliklə, yaranmış vəziyyət
ölkəmizdə neft istehsalı və ixracının səmərəliliyinə
ciddi təsir etdi.
Dünya bazarında neft məhsullarının
ucuzlaşması Azərbaycanın dövlət büdcəsinə
təsdiq edilmiş büdcə kəsirindən əlavə o
vaxtkı pulla 742 milyard manat ziyan vurdu. Xalqımızın
ümummilli lideri Heydər Əliyev yaranmış gərgin vəziyyətdən
çıxış yolları axtarır, tez-tez
müşavirələr keçirirdi. O müdrik şəxsiyyət
kiçiklərin fikirlərinə də hörmətlə
yanaşardı. Büdcə ilə bağlı keçirdiyi
müşavirələrə Milli Məclisin büdcə məsələləri
komissiyasının sədrini də dəvət edirdi. Həmin
vaxt mən Milli Məclisin büdcə məsələləri
komissiyasının sədri idim.
Müzakirələrdə mən
belə qənaətə gəlmişdim ki, ölkə
Prezidenti dövlət büdcəsində sekvestr
aparılmasını təklif edəcək. Sekvestr — zəruri
xərc maddələri istisna olmaqla büdcə ilinin qalan
aylarında xərc maddələrinə maliyyələşdirmələrin
proporsional olaraq azaldılmasıdır.
Xalqımızın
ümummilli lideri Heydər Əliyev büdcədə sekvestr tətbiq
olunmasına getmədi. İqtisadiyatın potensial
ehtiyatları hər bir canlı orqanizmdə olduğu kimi
olduqca zəngindir. O, elastik xassəyə malikdir. Zərurət
yarandıqca, özünü qorumaq instinqi kimi, potensial
imkanın ehtiyatları da işə düşməyə
başlayır. Xalqımızın ümummilli lideri
iqtisadiyyatın potensial imkanlarını dövriyyəyə cəlb
etmək üçün müdrikliklə təşkilatçılıq
işi gördü, radikal islahatlar apardı və qərarlar
qəbul etdi, cəsarətli idarəçilik
üsullarına keçidi təmin etməklə Azərbaycanı
böhrandan çıxara bildi.
Biz “holland sindromu” təhlükəsini
istisna edən büdcə siyasəti yeritməliyik. Dövlət
büdcəsi gəlirlərinin dünya bazarında yaranan qiymətlərdən
asılılığını aradan qaldırmaq
üçün daha təsirli mexanizmlərdən istifadə
etməliyik. Büdcə daxilolmalarının bir amildən
asılılığı iqtisadiyyatın və xalqın
rifahının dünya miqyasında baş verən kortəbii
proseslərin təsiri altına düşməsinə, neqativ
nəticələr yaranmasına, ölkənin iqtisadi təhlükəsizliyinin
qorunub saxlanmasında problemlər yaranmasına gətirib
çıxara bilər.
Büdcə gəlirlərinin
iqtisadiyyatın müxtəlif sahələrindən
formalaşmasını, yığımların
diversifikasiyasını təmin etmək, onun bir amildən
asılılığını azaltmaq, qeyri-neft sektoru və
regionların sosial-iqtisadi inkişafını sürətləndirmək
və onların büdcə daxilolmalarında rolunu gücləndirmək
üçün radikal metodlardan istifadə etməliyik.
Ölkə Prezidenti dünya
maliyyə böhranından özümüzü,
iqtisadiyyatımızı qorumaq üçün tədbirlər
görmək haqqında müvafiq icra orqanlarına
tapşırıqlar vermişdir. Biz ən azı qlobal miqyas
almış maliyyə böhranının ölkəmizə
ixrac olunmasının qarşısını almalıyıq.
İndinin özündə də daxili bazarın bəzi
seqmentləri özümüzdə kifayət qədər
istehsalı mümkün olan, lakin xarici ölkələrdən
idxal olunmuş mallarla formalaşır. Bu, qlobal xarakter
almış maliyyə böhranının ölkəmizə
idxal olunması ilə nəticələnə bilər.
Cənab İlham Əliyevin
idxalı əvəzləyən, rəqabət qabiliyyətli
yerli məhsullar istehsalını artırmaq üçün
daha cəsarətli iqtisadi, təşkilati və maliyyə tədbirləri
hazırlayıb həyata keçirmək haqqında
müvafiq icra orqanlarına verdiyi tapşırıqların
yüksək keyfiyyətlə yerinə yetirilməsini təmin
etməliyik.
Keçən illərin təcrübəsindən
məlum olduğu kimi, Azərbaycana qonşu ölkələr
bir yana, hətta okeanın o tayından da kənd təsərrüfatı
məhsulları gətirilir. Argentinadan üzüm, Braziliyadan
alma, armud və s. idxal olunur. Özümüzün kifayət
qədər müasir tipli, yeni texnoloji sistemlərə əsaslanan
rəqabət qabiliyyətli emal müəssisələrimiz
olmadığı üçün ekoloji cəhətdən təmiz
məhsullarımızın xeyli hissəsi mal-qara yeminə
çevrilir. Özümüz isə tərkibi məlum
olmayan, kimyəvi dərmanlardan istifadə edilmiş ərzaq məhsullarını
baha qiymətə almağa məcbur oluruq.
Ulu öndərimiz kənd əməkçilərinə
fermer təsərrüfatlarına torpaq vergisi istisna olmaqla
qalan vergiləri ödəmələrinə kanikul
vermişdir. Özünü doğrultmuş olan bu kanikul
hazırda da qüvvədədir.
Torpaqların istifadəsiz
qalmasının, təsərrüfatçılıq
dövriyyəsindən çıxmasının
qarşısını almaq məqsədilə torpaq vergisi
saxlanmışdır. Torpaq vergisi, həmin sahənin istifadə
edilməsindən, gəlir əldə edilməsindən
asılı olmayaraq ödənilən vergidir. Torpaq vergisi
sahibkarı torpaqdan istifadəyə stimullaşdırmaq vasitəsidir.
Həm də torpaq vergisi ağır vergi deyildir. O, fermerlərin
büdcəsinə ciddi təsir etmir.
Heydər Əliyev yanacaq,
sürtgü materialları satışında güzəştə
getməkdənsə, vergilərdə güzəştə
getməyə üstünlük verilməsini üstün
tuturdu. Bu yolla büdcəyə yığımları
artırmaq, sonra isə yanacaq-sürtgü materialları,
gübrə və müxtəlif ziyanvericilərə qarşı
dərmanlar alınması və s. üçün fermerlərə
qaytarmaqdansa, o vəsaitin onların özündə qalması
daha düzgün olardı. Fermerlərdən vergi formasında
toplanan yığımları yenidən fermerlər
arasında bölüşdürmək, maliyyələşdirmələrin
təyinatı üzrə istifadə olunmasına nəzarət
etmək, qanunu pozanlara qarşı tədbirlər görməkdənsə,
həmin pulların fermerlərin özlərində
qalmasının daha məqsədəuyğun olması əsas
götürülürdü. Hazırda yanacaq-sürtgü
materialları alınmasında, sahibkarlara, fermerlərə
güzəştlər edilir, lizinq xidməti göstərilir
və s.
İnhisarçılıq
digər ölkələrdə olduğu kimi, Azərbaycandada
vardır. Onu görməmək özünü aldatmaq
olardı. İstehlak bazarlarında aparılan monitorinqlər
aydın şəkildə göstərir ki, kənd təsərrüfatı
məhsullarını istehlak bazarlarında satanların əksəriyyəti
heç də kənd əməkçiləri deyillər.
Onların əksəriyyəti alverçilər, möhtəkirliklə
məşğul olanlardır. Hazırda kənd təsərrüfatı
məhsulları satışı üzrə
formalaşmış inhisarçı qruplar kənd əməkçilərinin
öz məhsulları ilə bazara daxil olmalarına imkan vermirlər.
İnhisarçılar məhsul
növləri üzrə ixtisaslaşırlar. Kartof, soğan
bir inhisarçının, armatur, taxta, şalban
satışı digər inhisarçının, ziynət
şeylərinin ölkəyə gətirilməsi və
satışı başqa inhisarçının,
maşın, avadanlıq gətirilməsi və
satışı başqa bir inhisarçının təsir
dairəsində cəmləşir və s. Bütün
bunları isə inhisarçılığa qarşı
mübarizə aparmalı olan, bu məqsədlə dövlət
büdcəsindən əmək haqqı alan dövlət məmurlarının
xeyli hissəsi “görmürlər.”
Bir vacib məqama da diqqət
yetirməyi lazım bilirəm. Dövlət büdcəsinin xərc
hissəsində “8.10. sənaye, tikinti və faydalı
qazıntılara 4.733.635. 909 manat”, “8. 9. kənd təsərrüfatı,
meşə təsərrüfatı, bağçılıq,
ovçuluq və ətraf mühitin qorunmasına
408,858,557" manat xərc təsdiq edilmişdir. Yəni sənaye
istehsalına kənd təsərrüfatına nisbətən
11,5 dəfə çox vəsait ayrılmışdır.
Halbuki indinin özündə sənaye istehsalının
artım tempi kənd təsərrüfatı
istehsalının artımını ən azı 4 dəfədən
çox qabaqlayır.
Əvvəllər qeyd etdiyim
kimi, ölkə Prezidenti Azərbaycanın iqtisadi təhlükəsizliyini
təmin etmək məqsədilə bazarın yerli ərzaq məhsulları
istehsalı hesabına təmin olunması üçün tədbirlər
görməyi müvafiq icra orqanlarına
tapşırmışdır. Azərbaycanın potensial şəraiti
respublikamızda istehsal olunan kənd təsərrüfatı
məhsulları ilə həm daxili bazarı təmin etməyə,
həmd də rəqabətə davamlı məhsulları
xarici ölkələrə ixrac etməyə imkan verir. Başlıca
vəzifə yerli istehsalın inkişafını
stimullaşdırmaq üçün sahibkarlıq sektorunda
liberallaşmanı daha da artırmağı, onun maliyyə təminatının,
texniki-texnoloji və təşkilati problemlərinin həllinin
optimal variantlarını tapmağı, alternativ enerji
resurslarından, ən yeni texnoloji prinsiplərə əsalanan,
yerli xammal bazasında işləyən daxildə və
ölkədən xaricdə rəqabət qabiliyyətinə
malik məhsullar istehsal edən emal müəssisələri
yaradılmasını təmin etməkdir. Burada təkcə
daxili bazarı xarici rəqabətdən kvotalar müəyyən
etməklə, gömrük rüsumlarının dərəcəsini
artırmaqla yerli istehsalın inkişafını
stimullaşdırmaq mümkün deyil.
Fikrimizcə, daxildə rəqabətə
meydan açmaq, istehsalçıların iqtisadi fəallığının
artımına, məhsul vahidinə maddi, material və əmək
sərfinin azaldılmasına, məhsulların material
tutumluğunu azaldan, elm tutumunu yüksəldən keyfiyyətcə
yeni texnoloji sistemlərdən istifadə olunmasına
keçidi sürətləndirmək, iqtisadi səmərəliliyin
yüksəlməsinə təsir edən tədbirlər
sisteminin koordinasiya olunmuş təsirini gücləndirmək
gərəkdir.
Yerli istehsalın
artımı koordinasiya olunan radikal tədbirlər
görülməsini, bazarın, istehsalın, bütövlükdə
təsərrüfatçılığın innovasiyalı
iqtisadiyyata keçirilməsini sürətləndirməyi tələb
edir. Bu imkanların reallığa çevrilməsi təkcə
iqtisadi məsələ deyildir. Burada dövlətin təhlükəsizliyi,
suverenliyinin daha da möhkəmlənməsi və
inkişafının sürətlənməsi prosesləri
öz ifadəsini tapır.
Azərbaycan Prezidenti
müasir iqtisadi düşüncə, yeni iqtisadi təfəkkürlə
iqtisadi inkişafın səmərəli yollarını
müəyyən edir. Dünyanı maliyyə böhranı
bürüdüyü şəraitdə Azərbaycanda yeridilən
siyasətin nəticəsi olaraq iqtisadi artım davam edir, yeni
iş yerləri yaradılır, bütün dünyadan fərqli
olaraq müəssisələr bağlanmır, işsizliyin və
yoxsulluğun azaldılması prosesi davam edir.
Cənab İlham Əliyevin
dediyi kimi"Azərbaycan dövləti öz siyasətini bu
istiqamətdə davam etdirəcək və əminik ki,
ölkəmizin uğurlu iqtisadi inkişafı bundan sonra da
davam etdiriləcəkdir."
Səttar SƏFƏROV,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət
İdarəçilik Akademiyasının professoru,
iqtisad elmləri doktoru
Xalq qəzeti.-2009.-26 fevral.-S.5.