Quba: uğurlu ilin hesabatı
2008-ci ilin sosial-iqtisadi
inkişafının yekunları və 2009-cu ildə
qarşıda duran vəzifələrlə əlaqədar Quba
rayon İcra Hakimiyyəti başçısının
fevralın 24-də keçirilən hesabat
yığıncağı şəhərin Heydər Əliyev
parkında ucaldılmış ümummilli liderin əzəmətli
abidəsi önünə gül-çiçək dəstələrinin
qoyulması və xatirə-muzey kompleksinin ziyarəti ilə
başladı. Tədbirdə iştirak edən qonaqlara məlumat
verildi ki, 2009-cu ildə rayon öz imkanları hesabına Heydər
Əliyev Muzey Kompleksinin yeni və daha geniş binasının
tikintisinə başlayacaq.
Hesabat yığıncağı başlamamışdan əvvəl qonaqlar rayon istehsal müəssisələrinin, yaradıcı kollektivlərin sərgisi ilə tanış oldular. Dövlət himni səsləndikdən sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. İclasın gündəliyi təsdiq olunduqdan sonra, Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov geniş hesabat məruzəsi ilə çıxış etdi. Natiq artıq tarixə qovuşan 2008-ci ilin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında çox mühüm il olduğunu qeyd edərək bildirdi ki, bu il dünyanın bir çox ölkələri üçün maliyyə böhranı kimi yaddaşlara yazılsa da bizim üçün bir çox aspektlərdən uğurlu olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş müstəqil dövlətçilik strategiyasının, daxili və xarici siyasət kursunun onun layiqli davamçısı, möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi, ölkəmizin həm regionda, həm də beynəlxalq aləmdə artan nüfuzunun daha da möhkəmlənməsində, xalqımızın rifah halının durmadan yaxşılaşmasında özünü göstərmişdir.
Yüksək dinamika ilə inkişaf edən respublikamız regionun aparıcı dövlətinə çevrilmiş və bu fakt dünya birliyi tərəfindən də birmənalı şəkildə qəbul edilmişdir. 2008-ci ilin yekunlarına əsasən respublikamız iqtisadi inkişaf sürətinə görə dünyadakı lider mövqeyini qoruyub saxlamış və bir nömrəli islahatçı ölkə adını qazanmışdır.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurları xüsusi qeyd edən və bu işdə xalqın öz rəhbərinə sonsuz inam və etimadını diqqətə çatdıran R.Həbibov daha sonra dedi:
– 2008-ci ildə respublikamızın hər yerində olduğu kimi rayonumuzda da müxtəlif sahələrdə xeyli işlər görülmüş, tikinti, abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Hesabat dövründə rayon iqtisadiyyatının aparıcı sahələrinə diqqət daha da artırılmış, nəticədə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı keçən ilə nisbətən 27 milyon 749 min manat artaraq, 105 milyon 212 min manat təşkil etmişdir. İstehsal olunmuş məhsulun 96 milyon 975 min manatı və ya 92,2 faizi kənd təsərrüfatının, 8 milyon 238 min manatı və ya 7,8 faizi isə sənayenin payına düşür. Rayonda bir nəfərə düşən məhsulun həcmi 697 manat olmuşdur. Məhsul buraxılışının həcmi hesabat ilində 2003-cü ilə nisbətən 1,5 dəfə, o cümlədən kənd təsərrüfatı məhsulu istehsalı 1,5 dəfə, sənaye məhsulu istehsalı isə 2,2 dəfə artmışdır.
İnvestorların rayona cəlb olunması üçün şərait yaradılmış, yerli resurslar nəzərə alınmaqla turizm və sanatoriya-kurort sisteminin inkişaf etdirilməsi istiqamətində tədbirlər görülmüşdür. Rayonun ərazisində müasir standartlara cavab verən turist, sanatoriya-kurort obyektləri — “Aynur”, “Quba”, “Avand”, “Qəçrəş”, “Cənnət”, “Qudyalçay”, “Səməd”, “Cənnət bağı”, “Təngəaltı”, “Lonq-Forest”, “Ahu” və bir çox istirahət turizm mərkəzləri hər il minlərlə yerli və xarici turistlərə yüksək səviyyədə xidmət göstərirlər.
2008-ci il ərzində Quba rayonu üzrə 37 sahibkar güzəştli kreditlə əlaqədar Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmiş və 27 nəfərə 3 milyon 135 min manat həcmində kredit verilmişdir. Hesabat dövrü ərzində rayonda 1340, 2003-2008-ci illər ərzində isə ümumilikdə 13 min 581 iş yeri açılmışdır.
Rayon əhalisinə göstərilən elektrik enerjisi, təbii qaz və su-kanalizasiya xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması, istifadə olunan elektrik enerjisinin, təbii qazın və içməli suyun dəyərinin toplanması sahəsində əhəmiyyətli işlər görülmüşdür. Uzun müddət istismarda olan, artıq yüklənmə rejimində işləyən 23 transformator yeniləri ilə əvəz olunmuşdur.
2008-ci ildə rayona 123 milyon 964 min kilovat saat elektrik enerjisi verilmiş, 4 milyon 576 min manat vəsait toplanmışdır ki, bu da verilən elektrik enerjisinin dəyərinin 62 faizini təşkil etməklə 2007-ci ilə nisbətən 1 milyon 101 min manat çoxdur.
Hesabat dövründə rayon qaz istismarı idarəsi tərəfindən rayondakı qaz tənzimləyici qurğulara, siyirtmələrə və qaz xətlərinə baxış keçirilmiş, müvafiq təmir işləri aparılmışdır. İl ərzində rayona 1 milyon 976 min manat dəyərində 38 milyon 709 min kubmetr həcmində təbii qaz verilmiş və 1 milyon 173 min manat vəsait toplanmışdır ki, bu da verilən qazın dəyərinin 59 faizini təşkil etməklə 2007-ci ilin müvafiq dövründəkindən 281 min manat çoxdur.
İcra başçısı əhalinin elektrik enerjisi və qazla təminatı sahəsindəki mövcud problemlərə də toxunmuş və onların qısa vaxtda həll olunması üçün hər iki idarə qarşısında konkret vəzifələr qoymuşdur.
Rayonun su təchizatının həlli istiqamətində görülən işlərə də xüsusi diqqət ayrıldığını bildirən natiq qeyd etdi ki, hesabat ilində rayon üzrə 12 subartezian quyusu təmir olunmuş, kənd yerlərində 13800 metr uzunluğunda su xətti çəkilmiş, 3160 metr uzunluğunda su xətti təmir edilmişdir. Rayonun bir sıra yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə daxili imkanlar hesabına 25 yaşayış məntəqəsində artezian su quyularının qazılması nəzərdə tutulmuş, 2008-ci ildə 11 yaşayış məntəqəsində artezian su quyuları istifadəyə verilmişdir. Bunlara baxmayaraq əhalinin içməli su ilə təchizatında nöqsanlar hələ də vardır və bunlar qısa vaxtda aradan qaldırılmalıdır.
Rayona investisiya qoyuluşunun həcmi keçən ilin müvafiq dövrünə nisbətən 46 milyon 131 min manat artaraq 63 milyon 591 min manata çatmışdır. Rayonda 1 milyon 201 min manat dəyərində 15 min 511 kvadratmetr həcmində yaşayış və qeyri-yaşayış binaları tikilmişdir ki, bu da keçən ilə nisbətən 8 min 736 kvadratmetr çoxdur.
Ötən il şəhərin Əliqulu Nərimanov küçəsindəki “Soyqırımı” abidə kompleksi və mərkəzi meydan yenidən qurulmuşdur. Ümumi sahəsi 8330 kvadratmetr olan Quba şəhər mərkəzi meydanında 4460 kvadratmetr sahəyə qranit, 480 kvadratmetr sahəyə mərmər plitələr düzülmüş və ərazidə 3390 kvadratmetr yaşıllıq sahəsi yaradılmışdır. Sahəsi 1900 kvadratmetr metr olan “Qədim Quba” xiyabanı yaradılaraq 1570 kvadratmetr sahəyə qranit daşları düzülmüş, 330 kvadratmetr sahədə yaşıllıq salınmış, yeni işıq sistemi quraşdırılmışdır.
Quba şəhərinin girəcəyindəki “Dövlət Bayrağı” monumentinin tikintisi başa çatdırılmış, Şəhidlər Xiyabanı yeni layihə əsasında yenidən qurulmuş, şəhidlər muzeyi tikilmişdir. Ümumilikdə, hesabat ilində rayon üzrə abadlıq, yaşıllaşdırma və asfaltlaşdırma işlərinin həyata keçirilməsi üçün 615 min 980 manat vəsait ayrılmışdır. Ayrılmış vəsaitdən əlavə yuxarıda qeyd olunan obyektlərin tikintisinə və yenidən qurulmasına rayonun daxili imkanları hesabına 3 milyon 55 min manat vəsait xərclənmişdir.
R.Həbibov dövlət və yerli əhəmiyyətli yolların təmir-tikintisində də layiqli işlər görüldüyünü yığıncaq iştirakçılarının diqqətinə çatdırdı:
— 2008-ci il ərzində baş vermiş güclü leysan yağışları nəticəsində dağılaraq sıradan çıxmış Quba-İspik-Xınalıq yolunun müxtəlif hissələri təmir edilmiş, Quba-Küpçal-Küsnət yolunun Qımıl və Küsnət kəndləri arasında olan hissəsi, Qonaqkənd-Ördüc yolu, Quba-Qonaqkənd-Xaltan yolunun 6 kilometr hissəsi sürüşmələrdən və torpaq uçqunlarından təmizlənmiş, yolların ensiz hissələri genişləndirilərək hamarlanmış və bərpa edilmişdir.
Nəqliyyat Nazirliyinin sifarişi ilə Vəlvələ çayının üzərində uzunluğu 152, hərəkət hissəsinin eni isə 8 metr olan yeni dəmir-beton konstruksiyalı körpü, Tüləkəran kəndində Möhüc çayının üzərində yeni dəmir-beton, Amsar kəndində isə uzunluğu 180 metr, eni 1,5 metr olan metal konstruksiyalı körpü keçidləri istifadəyə verilmişdir. Bakı-Quba-Rusiya Federasiyası ilə Dağıstan sərhəddi avtomobil yolunun 10 km-lik hissəsi əsaslı təmir edilərək yolun əsası və asfalt örtüyü təzələnmişdir. Zərqova-Kələnov yolu genişləndirilərək hamarlanmış, yol örtüyü çınqıl materialı ilə örtülmüşdür. Hesabat dövründə rayonda ümumi dəyəri 1 milyon 638 min manat olan 116, o cümlədən kəndlərdə 77 yaşayış evi istifadəyə verilmişdir. Rayon üzrə kənd təsərrüfatı məhsulu istehsalının həcmi 96 min 975 manat olmuşdur ki, bu da keçən ildəkindən 27 min 685 manat çoxdur.
Qubada 14200 hektardan çox meyvə bağı vardır. Ötən il həmin bağlardan 109314 ton meyvə yığılmışdır ki, bu da 2007-ci ilə nisbətən 4307 ton çoxdur. Meyvə istehsalı demək olar ki, bütünlüklə özəl təsərrüfatlarda cəmləşmişdir və hər il artım müşahidə olunur. Son illərdə rayonun təsərrüfatlarında 2000-2500 hektara qədər yeni meyvə bağları salınmış və bioloji yaş dövrü başa çatmış bağlarda bərpa işləri aparılmışdır. Yeni bağlar salmaq üçün özəl tingçilik təsərrüfatları yaradılmış, Dövlət Tingçilik Təsərrüfatı öz istehsal-təsərrüfat fəaliyyətini müasir texnologiyalar və müasir tələblər əsasında əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
Ötən il Vəl-vələ və Timiryazev kəndlərində 10 min ton meyvə saxlamaq imkanı olan soyuducuların tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir. Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasına 2008-ci il ərzində rayon sahibkarları tərəfindən təqribən 18 adda 2209,1 ton məhsul çıxarılmışdır.
Hesabat məruzəsində rayonun mədəniyyət, təhsil və səhiyə sahələrinin fəaliyyəti də geniş təhlil edilmiş, əldə olunmuş nailiyyətlərlə yanaşı, çatışmamazlıqlar, nöqsanlar və problemlər müvafiq struktur rəhbərlərinin diqqətinə çatdırılmışdır. Xüsusi qeyd olunmuşdur ki, ötən il rayonda tikilmiş 5 məktəb binası da daxil olmaqla, bütövlükdə 5 ildə rayonda Dövlət Proqramına əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında və digər mənbələr hesabına 35 yeni məktəb tikilib istifadəy verilmiş və 15-ə yaxını əsaslı təmir olunmuşdur. Müqayisə üçün qeyd etmək lazımdır ki, Sovet hakimiyyəti illərində Qubada cəmi 17 məktəb binası tikilmişdir.
Təhsilə diqqət təkcə məktəb tikintisində deyil, bu məktəblərin maddi texniki bazasının gücləndirilməsi ilə də yadda qalır. Ötən il “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı üzrə Dövlət Proqramı”na əsasən rayon məktəblərinə 556 kompyuter dəsti verilmişdir.
Çıxışın sonunda natiq rayonda sabit ictimai-siyasi mühitin bərqərar olmasından, qanunçuluğun və ictimai asayişin qorunmasında hüquq-mühafizə orqanlarının rolundan, əhalinin şikayət və müraciətlərinə vaxtında baxılması və tədbirlər görülməsindən ətraflı məlumat vermişdir. Rayon əhalisinin çox mühüm bir tədbirə — 18 mart 2009-cu il ümumxalq səsverməsi — referenduma hazırlaşdığını və son prezident seçkilərində olduğu kimi, bu mühüm aksiyada da fəallıq nümayiş etdirəcəklərinə əminlik ifadə edən R.Həbibov məruzəsini bu sözlərlə tamamladı:
— Ötən ilin yekunlarının təhlili göstərir ki, ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da sosial-iqtisadi inkişaf getdikcə sürətlənir, iqtisadiyyatımız möhkəmlənir, əhalinin maddi-rifah halı daha da yaxşılaşır. Lakin biz görülən işlərlə kifayətlənə bilmərik. Qarşıda hələ çoxlu sayda həlli vacib və mühüm vəzifələr durur.
Sonra məruzə ətrafında çıxışlar oldu. Rayon maliyyə idarəsinin rəisi Ədalət Nəbiyev, təhsil şöbəsinin müdiri Süleyman Aslanov, elektrik şəbəkə idarəsinin rəisi Pərviz Fətiyev, qaz istismar idarəsinin rəisi Əsgər Mehdiyev və başqaları 2008-ci ildə görülən işləri bütövlükdə qənaətbəxş hesab etdilər və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün bütün idarə və təşkilatları səfərbər olmağa çağırdılar.
Yığıncağın sonunda Qubadan Milli Məclisə deputat seçilmiş millət vəkili Vahid Əhmədov və Azərbaycan Respublikası Prezident Aparatının məsul işçisi İ.Əliyev çıxış etdilər. Natiqlər ölkənin prioritet inkişaf istiqamətlərindən, dünyanı təlatümə salan maliyyə böhranını önləmək üçün Azərbaycan dövlət başçısının atdığı qətiyyətli addımlardan və bu işdə regionların üzərinə düşən vəzifələrdən danışdılar.
Yığıncaqda hesabat dövründə görülən işlər və qarşıda duran vəzifələrlə əlaqədar 16 müddəadan ibarət qətnamə layihəsi qəbul olundu.
Yığıncaq iştirakçıları iclasın sonunda Quba rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul etdi. Müraciətdə dövlət başçısının həyata keçirdiyi strateji siyasət kursunu qətiyyətlə dəstəkləyən qubalılar bundan sonra da bu xəttə sadiq qalacaqlarını və Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəklərini bəyan etdilər.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.-2009.-26 fevral.-S.7.