“Qan yaddaşı Xocalı”
C.Cabbarlı adına
Respublika Gənclər Kitabxanasında Xocalı faciəsinin
17-ci ildönümünə həsr olunmuş “Qan
yaddaşı Xocalı” adlı “dəyirmi masa”
keçirilmişdir. Tədbirdə kitabxanaçılar,
Xocalı faciəsinin iştirakçıları, Bakı
Dövlət Universitetinin tələbələri iştirak
etmişlər.
Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti vermişdir. Məlumatda deyilir ki, tədbiri giriş sözü ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov açaraq, XX əsrin ən qanlı faciələrindən olan Xocalı faciəsi haqqında danışmış və bu hadisəni erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırım olduğunu qeyd etmişdir.
“Dəyirmi masa”da Xocalı sakini, o dəhşətli hadisədə yaxın qohumlarını itirmiş Bahar Əsədova çıxış etmişdir.
B. Əsədova öz çıxışında insanlığa zidd olan bu soyqırımı heç bir Azərbaycan vətəndaşının unutmağa haqqı olmadığını bildirmiş və dünya dövlətlərini bu hadisələrə qiymət verməyə çağırmışdır. O, çıxışını Xocalı şəhidlərinə həsr etdiyi “Xocalım, canım mənim” şeiri ilə bitirmişdir.
Tədbirdə həmçinin C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının hərbi vətənpərvərlik və kütləvi işlər bölməsinin müdiri X.Məmmədova “Əsrin faciəsi – Xocalı soyqırımı” mövzusunda çıxış etmişdir.
“Dəyirmi masa”da Xocalı faciəsinin iştirakçıları Bakı Dövlət Universitetinin tələbələrinin və tədbir iştirakçılarının suallarını cavablandırmışlar.
Tədbirin sonunda “Unudulmaz tarix, unudulmaz faciə” adlı foto-stend iştirakçılara nümayiş etdirilmişdir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-2009.-26 fevral.-S.11.