Zaqatalada anım mərasimi

 

Rayon icra hakimiyyətində Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə yanaşı, rayonda məskunlaşmış məcburi köçkünlər də iştirak etmişlər.

Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov məruzə ilə çıxış edərək vəhşiləşmiş erməni millətçilərinin keçmiş SSRİ-nin 366- alayının qüvvələri ilə birlikdə 17 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğın nəticəsində 613 nəfər sodaşımızın qəddarlıqla qətlə yetirildiyini, yüzlərlə insanın yaralandığını, 1275 nəfərin isə əsir düşdüyünü bildirmişdir. O bildirmişdir ki, yalnız ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunmuş, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli görüldüyü xüsusi vurğulanmışdır. Çıxışda son illər Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin dünyanın müxtəlif ölkələrində qeyd olunduğu da tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Sonra çıxış edən məcburi köçkünlər gənclər ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində respublikamızın regionda lider dövlətə çevrildiyini, dövlət başçısının sülhsevər xarici siyasətini dəstəklədiklərini qeyd etmiş, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həlli, ölkəmizin ərazi bütövlüyünün suverenliyinin qorunması, qaçqın məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması istiqamətində fəaliyyətində ona uğurlar arzulamışlar. Xocalı faciəsinin xalqımızı da mətinləşdirdiyini qeyd edən natiqlər Ali Baş Komandanın əmri ilə torpaqlarımızın erməni işğalçılarından azad etməyə hər an hazır olduqlarını bildirmişlər.

Daha sonra tədbirdə iştirak edən xocalılar adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur. Tədbirin sonunda rayonda məskunlaşmış məcburi köçkün ailələrinə yardımlar paylanılmışdır.

 

 

İ.MUSAOĞLU

 

Xalq qəzeti.-2009.-26 fevral.-S.11.