Şərqin qapısı — Naxçıvan diyarı əsaslı
yüksəliş yolundadır
Azərbaycanda həyata
keçirilən geniş miqyaslı iqtisadi islahatlar, sosial
inkişafa yönəldilmiş ümummilli proqramların
uğurla reallaşdırılması ölkənin
bütün regionları kimi, Naxçıvan Muxtar
Respublikasını da əsaslı yüksəliş və tərəqqi
yoluna çıxarmışdır. Təsadüfi deyil ki,
ölkənin ümumi inkişafına mühüm töhfələr
verən muxtar respublika sakinləri uğurları, nailiyyətləri
ilbəil artırırlar. Azərbaycan Respublikasının
iqtisadi qüdrətinin, ölkənin beynəlxalq nüfuzunun
getdikcə artması burada insanların qurub-yaratmaq əzmini
gücləndirir, təşəbbüskarlığa geniş
meydan açır. Elə yola saldığımız 2008-ci
ildə Naxçıvan Muxtar Respublikası üzrə
sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətləri
də məhz bu amillərlə əlaqələndirmək
olar. Ötən il muxtar respublikanın sosial-iqtisadi
inkişafını xarakterizə edən ümumi daxili məhsul
istehsalı 2007-ci ilə nisbətən müqayisəli qiymətlərlə
35,5 faiz artaraq 795 milyon 764 min manata çatmışdır. Hesabat
dövründə burada adambaşına düşən
ümumi daxili məhsulun dəyəri 2504 ABŞ dolları təşkil
etmişdir.
Son illər ölkə iqtisadiyyatının davamlı inkişafında sənayenin rolu getdikcə artır. Artıq Azərbaycanda çox güclü sənayeləşmə tendensiyası müşahidə olunur. Ölkə sənayesində baş verən dinamik inkişaf Naxçıvan Muxtar Respublikasının timsalında da aydın nəzərə çarpır. Muxtar respublika sənayesinin yüksək sürətlə inkişaf etməsi, əsasən, beş il əvvəl qəbul olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın reallaşması məqsədilə buradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə olunması ilə bağlıdır. Bundan əlavə, ayrı-ayrı sahələrin inkişafını nəzərdə tutan digər proqramların burada da uğurla həyata keçirilməsi və geniş iqtisadi islahatlar ümumi tərəqqiyə və əsaslı yüksəlişə təkan vermişdir. 2008-ci ildə muxtar respublikada 164 milyon 452 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 26,7 faiz çoxdur. Hesabat dövründə istehsalın 79,4 faizi malların, 20,6 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür. Ötən il dövlət sektorunda 29 milyon 94 min manatlıq, qeyri-dövlət sektorunda isə 135 milyon 358 min manatlıq sənaye məhsulunun istehsal olunması muxtar respublikada əlverişli biznes və sahibkarlıq mühitinin formalaşdırılmasına, bütövlükdə qeyri-dövlət sektoruna göstərilən qayğı və diqqətin nəticəsidir. Elə son bir ildə qeyri-dövlət bölməsində istehsal olunmuş sənaye məhsulunun həcminin 50 faizdən çox artması da bunu sübut edir.
Hazırda ölkəmizdə sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etmək istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu sahədə idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın qorunmasına və yerli istehsalın stimullaşdırılmasına diqqət getdikcə artırılır. Bu baxımdan son illər Naxçıvan Muxtar Respublikasının sənaye sektorunda da yeni istehsal və xidmət sahələri yaradılır. Təkcə 2008-ci ildə muxtar respublika üzrə dövlət dəstəyi ilə 37 istehsal və xidmət sahəsinin fəaliyyətə başlaması da bunu sübut edir. Onu da deyək ki, son zamanlar bütün ölkədə olduğu kimi, Naxçıvan iqtisadi rayonunda da iqtisadiyyatın şaxələndirilməsinə başlanılmışdır. Belə ki, hazırda burada iqtisadi fəaliyyətin müxtəlif sahələrində 19 layihə reallaşdırılır ki, bunlardan da “Badamlı” mineral su, mebel, makulatura emalı və qutu istehsalı müəssisələrinin, həmçinin mərmərdən döşəmə və üzlük daş istehsalı sahələrinin yaradılması diqqəti daha çox cəlb edir.
Ötən il sənaye sektorunun inkişafına yardım məqsədilə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən yerli istehsalçılara 9 milyon 789 min manat kreditin ayrılması isə bu sahəyə maliyyə dəstəyinin getdikcə artmasından xəbər verir.
Yola saldığımız 2008-ci ildə bütün maliyyə mənbələri hesabına Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələrindən əsas kapitala 309 milyon 598 min manat məbləğində sərmayə yönəldilmişdir ki, bu da əvvəlki illə müqayisədə 86 milyon 650 min manat və ya 38,9 faiz çoxdur. Bu da muxtar respublikanın hər bir bölgəsində geniş vüsət alan tikinti quruculuq işlərinin 2008-ci ildə də davam etdirilməsinə, yeni təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, inzibati binaların inşasına və digər infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaratmışdır. Təkcə onu demək kifayətdir ki, ulu öndər Heydər Əliyevin 85 illik yubileyi şərəfinə elan olunmuş inkişaf və tərəqqi ilində Şərqin qapısı – qədim Naxçıvanda 854 müxtəlif təyinatlı obyekt tikilmiş və ya yenidən qurulmuşdur. Əvvəlki illərdə olduğu kimi, 2008-ci ildə də təhsil müəssisələrinin tikintisi diqqət mərkəzində saxlanmışdır. Belə ki, ötən il Şərur rayonunun Aşağı Yaycı kəndində 224, Ordubad rayonunun Unus kəndində 168, Culfa rayonunun Əbrəqunis kəndində 432, Şahbuz rayonunun Şada kəndində 88, Şahbuzkənddə 224 və Babək rayonunun Məmmədrza Dizə kəndində 196 yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Bundan əlavə, Babək rayonunun Sirab və Şıxmahmud, Culfa rayonunun Ərəfsə kənd, Kəngərli rayonunun Qıvraq qəsəbə orta məktəblərində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Tikinti-quruculuq işləri muxtar respublikanın ayrı-ayrı bölgələrindəki məktəbəqədər tədris müəssisələrində də davam etdirilmişdir. Eyni zamanda, il ərzində ali və orta ixtisas məktəblərinin, məktəbdənkənar tədris-tərbiyə mərkəzlərinin də tikintisi və təmiri diqqət mərkəzində saxlanılmış, bu məqsədlə xeyli iş görülmüşdür.
Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunmasına, səhiyyə xidmətinin yaxşılaşdırılmasına da diqqət artırılır. Bu məqsədlə yeni səhiyyə müəssisələri tikilir, mövcud xəstəxana və sağlamlıq ocaqlarının maddi-texniki bazası gücləndirilir. 2008-ci ildə Naxçıvan şəhərində Təcili Tibb Mərkəzi, 324 yerlik “Duzdağ” Fizioterapiya Mərkəzi, 62 çarpayılıq Culfa Rayon Mərkəzi Xəstəxanası, həmçinin bir sıra kənd sahə xəstəxanaları, həkim ambulatoriyaları və feldşer-mama məntəqələri tikilərək istifadəyə verilmişdir. Hazırda isə Naxçıvan Doğum Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Onkoloji Dispanserinin, “Duzdağ” fizioterapiya xəstəxanası üçün yeni sahələrin və Şahbuz Rayon Mərkəzi Xəstəxanasının tikintisi davam etdirilir.
Son illər tikinti-quruculuq işlərinin coğrafiyası xeyli genişlənərək mədəniyyət obyektlərini də əhatə etmişdir. Bu iş 2008-ci ildə daha geniş vüsət almışdır. Belə ki, ötən il Naxçıvan şəhərində xalq qəhrəmanı Koroğluya heykəl ucaldılmış, Babək rayonunun Nehrəm kəndində Cəlil Məmmədquluzadənin xatirə muzeyi, Sədərək rayonunda Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı, Naxçıvan şəhərində Zaviyyə-Mədrəsə binası, Cəlil Məmmədquluzadə adına ədəbiyyat muzeyi, Came məscidi, Nuh peyğəmbərin məzarüstü türbəsi istifadəyə verilmişdir. Hazırda isə muxtar respublikanın mərkəzində Heydər Əliyev Sarayının tikintisi davam etdirilir.
Ötən il Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin tənzimlənməsi, onlar üçün normal iş şəraitinin yaradılması məqsədilə 66 inzibati bina, eləcə də bir neçə kənd mərkəzləri tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
Yola saldığımız 2008-ci ildə yaşayış binalarının və fərdi mənzillərin tikintisi də geniş vüsət almışdır. İl ərzində Naxçıvan şəhərinin Babək məhəlləsində 24 mənzilli, Heydər Əliyev prospektində 20 mənzilli, Culfa şəhərində 16 və 10 mənzilli yaşayış binaları inşa olunmuş, Şərur şəhərində 26 mənzilli binanın əsaslı təmiri başa çatdırılmışdır. Bundan əlavə, hesabat dövründə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına 117 min 318 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 2007-ci illə müqayisədə 76 faiz çoxdur.
Son dövrlər Şərqin qapısı Naxçıvan diyarında yeni və rahat yolların çəkilişi istiqamətində də geniş işlər həyata keçirilir. Təkcə onu demək kifayətdir ki, 2008-ci ildə muxtar respublika üzrə 141,8 kilometr uzunluğunda yeni yollar salınmış və ya əsaslı təmir olunmuşdur. 87 kilometrlik Naxçıvan – Sədərək yolunun müasir standartlar səviyyəsində tikintisi isə hazırda davam etdirilir. Ötən il, həmçinin bir sıra yeni körpülər də tikilərək istifadəyə verilmişdir.
2008-ci il ölkəmizin aqrar bölməsi üçün də uğurlu olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin davam etdirilməsi, həmçinin adı çəkilən sahəyə dövlət dəstəyinin gücləndirilməsi və s. tədbirlər ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artmasını təmin etmişdir. Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının mühüm sahələrindən sayılan kənd təsərrüfatının daha da inkişaf etdirilməsi ötən ilin prioritet istiqamətlərindən biri olmuşdur. Bu da təsadüfi deyil. Çünki muxtar respublikada istər yeni yaradılmış emal müəssisələrinin xammalla təchizatında, istərsə də əhalinin ərzaqla təminatında kənd təsərrüfatının rolu və əhəmiyyəti olduqca böyükdür. Naxçıvanda ərzaq məhsulları istehsalını artırmaq, idxaldan asılılığı azaltmaq və bu sahədə sahibkarlıq hissini gücləndirmək məqsədilə qəbul olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün yeni istiqamətlər müəyyənləşdirilmişdir.
Eyni zamanda, muxtar respublikada kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan yeni müəssisələrin yaradılması, istehsalçılara dövlət maliyyə dəstəyinin göstərilməsi, bir sıra güzəştlərin tətbiqi müsbət nəticələr vermişdir. Diqqətçəkən məqamlardan biri də odur ki, ötən il burada fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 5 milyon 195 min manat kredit verilmişdir. Bütün bu amillər əkin-biçinə marağı xeyli artırmışdır. Elə 2008-ci ilin məhsulu üçün 59 min hektar sahədə (2007-ci illə müqayisədə 19 faiz çox) əkin işlərinin həyata keçirilməsi də buna əyani sübutdur. 2008-ci ildə əkin sahələrinə aqrotexniki qulluğun vaxtında və keyfiyyətlə aparılması məqsədilə “Naxçıvan Aqrolizinq” ASC tərəfindən kənd təsərrüfatı məhsulu istehsalçılarına güzəştli şərtlərlə 1 milyon 263 min manatlıq mineral gübrə paylanmışdır.
Bundan əlavə, əkin prosesində müasir texnika və mütərəqqi üsulların tətbiqi məqsədilə adı çəkilən qurum tərəfindən muxtar respublikaya 346 ədəd müxtəlif kənd təsərrüfatı texnikası gətirilmiş, onların lizinq yolu ilə məhsul istehsalçılarına verilməsinə başlanılmışdır. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2008-ci ildə Naxçıvanda 153 milyon 418 min manatlıq (2007-ci ilə nisbətən 11,5 faiz çox) kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. İstehsalın stimullaşdırılması, məhsulların saxlanılması üçün il ərzində iki soyuducu anbar, ərzaq məhsulları terminalı, müxtəlif tutumlu iki taxıl anbarı istifadəyə verilmişdir.
Ötən il muxtar respublikada əsas strateji istiqamətlərdən sayılan taxılçılığın inkişafına qayğı və diqqət xeyli artırılmış, taxıl istehsalçılarına 1 milyon 387 min manat kredit verilmişdir. Bunun da hesabına 2008-ci ilin məhsulu üçün 33 min 441 hektar sahədə yazlıq və payızlıq taxıl əkilmişdir. Sahələrə göstərilən düzgün aqrotexniki qulluq bol məhsul yetişdirilməsi üçün zəmin yaratmışdır. Belə ki, keçən il dənli və dənli paxlalı bitkilər əkilmiş sahələrdən 87 min 350 ton məhsul yığılmış, 2007-ci illə müqayisədə 11 faizlik artıma nail olunmuşdur.
Naxçıvanda ikinci çörək sayılan kartof istehsalının stimullaşdırılması məqsədilə fermerlərə 689 min manat kredit verilmiş, bunun da hesabına 2513 hektar sahədə kartof əkilmişdir. Nəticəsi də ki, uğurlu olmuş, əkin sahələrindən 34 min 309 ton məhsul götürülmüşdür.
Yeri gəlmişkən, əkinçiliyin daha da inkişaf etdirilməsi məqsədilə meliorasiya və irriqasiya işlərinin təkmilləşdirilməsi, suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər də il ərzində yüksək keyfiyyətlə davam etdirilmişdir.
Muxtar respublikada əhalinin heyvandarlıq məhsulları ilə təminatının yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilmiş, bu məqsədlə banklar və digər kredit təşkilatları tərəfindən 2 milyon 674 min manat kredit verilmişdir. Bunun da nəticəsində heyvanların baş sayında və heyvandarlıq məhsullarının istehsalında artıma nail olunmuşdur. 2009-cu il yanvarın 1-nə təsərrüfatlardakı iri və xırda buynuzlu heyvanların sayı müvafiq olaraq 9632 və 576937 baş təşkil etmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla yerinə yetirilməsi, eləcə də bölgələrdə təşəbbüskarlığa və iqtisadi fəallığa geniş meydan verilməsi bütün ölkədə olduğu kimi, muxtar respublikada da ənənəvi sahələrin dirçəldilməsinə imkan yaratmışdır. Naxçıvanda qədim ənənələrə malik arıçılığa dövlət maliyyə dəstəyinin gücləndirilməsi bu sahəyə marağı xeyli artırmışdır. Elə 2008-ci ildə burada arı ailələrinin sayının 28860-a çatdırılması və onlardan 430 ton bal istehsal olunması da bunu təsdiqləyir.
Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi tərəqqinin təmin olunması məqsədilə istehsalla yanaşı, infrastruktur sahələrinin işinin də günün tələbləri səviyyəsində qurulmasına geniş diqqət yetirilir. Ötən il nəqliyyatda fəaliyyətin tənzimlənməsi və müasirləşdirilməsi sahəsində bir sıra əlavə tədbirlər görülmüş, müasir tipli 9 ədəd avtobus alınaraq xəttə buraxılmışdır. İl ərzində dəmir yolu infrastrukturunun da işlək vəziyyətdə saxlanması üçün ardıcıl tədbirlər həyata keçirilmiş, sərnişin vağzalları yenidən qurulmuşdur.
Son illər muxtar respublikada rabitə və informasiya texnologiyaları sahəsində əhəmiyyətli inkişafa nail olunmuşdur. Elə yola saldığımız 2008-ci ildə tikintisi başa çatdırılan Naxçıvan-Sədərək fiber-optik magistralı üzərində yerləşən 7 kəndin avtomat telefon stansiyaları optik avadanlıqla təmin edilmiş, Culfa-Ordubad optik magistral xəttinin tikintisi başa çatdırılmış, 6 kənd ATS-i fiber-optik magistrala qoşulmuşdur. Bundan əlavə, il ərzində telefon abunəçilərinin sayı daha 3912 nəfərədək artırılmışdır. Ötən il muxtar respublikada poçt və rabitə xidmətlərinin həcmi 2007-ci ilə nisbətən 43,2 faiz artaraq 23 milyon 209 min manat təşkil etmişdir. Göstərilən ümumi xidmətlərin 81,2 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşmüşdür.
Muxtar respublikanın elektrik enerjisi və “mavi yanacaq”la təchizatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər müsbət nəticələr vermişdir. Belə ki, il ərzində istehlakçlar yerli istehsal hesabına fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilmiş istifadəçilər tərəfindən istehlak olunmuş 18 milyon 549 min manatlıq elektrik enerjisinin dəyərinin 97,7 faizi ödənilmişdir. Ötən il ilk dəfə olaraq muxtar respublikanın bütün yaşayış məntəqələri təbii qazla təmin edilmiş, 76 min 82 abunəçinin mənzilinə qaz xətti çəkilmişdir.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar ilin əvvəllərində Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə aidiyyatı orqanlar qarşısında qoyulmuş konkret vəzifələrin vaxtında yerinə yetirilməsi nəticəsində bir sıra problemləri aradan qaldırmaq mümkün olmuş, o cümlədən Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzlərindəki çoxmərtəbəli binaların mərkəzləşdirilmiş və ya fərdi qazanxanalar vasitəsilə qızdırılması təmin edilmişdir. Bundan əlavə, istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət obyektlərinə təsdiq olunmuş bölgü əsasında lazımi qədər ağ neft və maye qaz ayrılmışdır.
Bazar iqtisadiyyatı şəraitində yeni istehsal sahələrinin yaradılması, əhali məşğulluğunun təmin edilməsi, daxili bazarın qorunması muxtar respublikada sahibkarlıq fəaliyyətinin inkişafı üçün stimul yaratmışdır. Məlum olduğu kimi sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, mövcud maneələri aradan qaldırmaq məqsədilə ölkə başçısının 2007-ci il 25 oktyabr tarixli sərəncamına əsasən 2008-ci il yanvar ayının 1-dən etibarən sahibkarlıq subyektlərinin qeydə alınmasında “bir pəncərə” sistemi tətbiq olunur. Bu sistem qısa müddətdə bəhrəsini göstərmiş, 2008-ci ildə muxtar respublika üzrə 67 hüquqi və 1673 fiziki şəxs qeydiyyata alınmışdır.
Sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması və genişləndirilməsi məqsədilə onlara maliyyə dəstəyinin göstərilməsi də davam etdirilmiş və 2008-ci ildə 18 milyon 885 min manat kredit verilmişdir. 2008-ci ildə ümumi daxili məhsulda özəl bölmənin payı 86 faiz təşkil etmişdir. Kənd təsərrüfatında məhsul istehsalının 99,8 faizi, sənayedə 82,3 faizi, nəqliyyatda isə 80,6 faizi özəl bölmənin payına düşmüşdür.
Sahibkarlıq fəaliyyəti üçün yaradılmış əlverişli şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada 254 növdə məhsul istehsal olunur, onun da 99 növü ərzaq, 155-i isə qeyri-ərzaq məhsullarıdır. İl ərzində 83 növdə ərzaq, 141 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə 224 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Sahibkarlığın inkişafı məşğulluq səviyyəsinin yüksəlməsi ilə yanaşı, əhali gəlirlərinin də artmasına müsbət təsir göstərmişdir. Əhalinin pul gəlirləri 2008-ci ildə 683 milyon 826 min manat təşkil etmişdir ki, bu da 2007-ci ilə nisbətən 36,1 faiz çoxdur. Ötən il adambaşına düşən gəlirlər 1767,9 manat olmuşdur. Orta aylıq əməkhaqqının həcmi də 2007-ci illə müqayisədə 52,8 faiz artaraq 235,2 manat təşkil etmişdir. 2008-ci ildə muxtar respublikada adambaşına aylıq gəlirləri yaşayış meyarından aşağı olan ailələrə 2 milyon 286 min manatdan çox ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
Son dövrlər aparılan məqsədyönlü tədbirlər muxtar respublikanın xarici ticarət dövriyyəsinin strukturunun və istiqamətinin genişlənməsinə səbəb olmuşdur. 2008-ci ildə muxtar respublikanın 31 xarici dövlətlə apardığı ticarət əməliyyatları nəticəsində 103 milyon 748 min ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır. Bu isə 2007-ci illə müqayisədə 12,6 faiz çoxdur. 2008-ci ildə ixracın həcmi 2007-ci illə müqayisədə 1,7 dəfə artaraq 40 milyon 274 min ABŞ dolları, idxalın həcmi isə 8,3 faiz azalaraq 63 milyon 474 min ABŞ dolları təşkil etmişdir.
Aparılan iqtisadi islahatlar büdcə daxilolmalarının da həcminə müsbət təsir göstərmişdir. 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə nəzərdə tutulan 24 milyon manat əvəzinə 57 milyon 104 min manat vəsait daxil olmuşdur.
Əhalinin sosial müdafiəsini təmin etmək üçün Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 55 milyon 459 min manatadək vəsait yönəldilmişdir. Ötən il 27 milyon 735 min manat məcburi dövlət sosial sığorta vəsaiti yığılmışdır ki, bu da 2007-ci illə müqayisədə 7 milyon 469 min manat və ya 36,9 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 56 faizi sığorta haqqı kimi muxtar respublikada toplanmışdır. Aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar da dövlət qayğısından kənarda qalmamış, 30 nəfər müharibə veteranına “OKA” markalı avtomobil verilmiş, 125 nəfər sanatoriya-kurort putyovkaları ilə təmin olunmuşdur.
Son illər dünya iqtisadiyyatında ən gəlirli sahələrdən biri də turizmdir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi tərəqqisi, təmiz, saf iqlimi, mədəni və tarixi abidələrlə zənginliyi buraya turist axınının ildən-ilə artmasına səbəb olur. 2008-ci ildə muxtar respublikaya turist kimi gələnlərin sayı 219 min 118 nəfər olmuşdur ki, bu da 2007-ci illə müqayisədə 55,5 faiz çoxdur.
Göründüyü kimi, “inkişaf və tərəqqi ili” elan edilən 2008-ci il Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli və yaddaqalan hadisələrlə zəngin olmuşdur. Muxtar respublikada yaradılan müəssisələr, elektrik stansiyaları, təhsil, səhiyyə və mədəniyyət obyektləri, yollar, körpülər, çoxsaylı yeni iş yerləri əsaslı yüksəlişin və tərəqqinin parlaq təzahürüdür. Son illər Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş mühüm dövlət proqramlarının, fərman və sərəncamlardan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi Şərqin qapısı Naxçıvanın sosial-iqtisadi mənzərəsini əsaslı şəkildə dəyişmiş, yeniləşdirmişdir.
Hazırda isə muxtar respublika əlamətdar bir tarixi hadisəni qeyd etməyə hazırlaşır. Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında 2009-cu il fevralın 6-da xüsusi sərəncam imzalamışdır. Naxçıvanlılar indidən yubiley təntənələri ilə nəfəs alır, doğma respublikalarının daha da çiçəklənməsi üçün əllərindən gələni əsirgəmirlər. Yubiley ilini həm də yüksək nailiyyətlər ilinə çevirməyi qarşılarına məqsəd qoymuş muxtar respublika sakinləri ölkəmizin sosial-iqtisadi inkişafına daha böyük töhfələr verməyə çalışırlar.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.-2009.-27 fevral.-S.3.