Goranboy: sürətli inkişafda əsas tələb
müasirlik və keyfiyyətdir
Prezident İlham Əliyevin
təşəbbüsü ilə hazırlanmış və
uğurla həyata keçirilmiş regional inkişaf
proqramı son 5 ildə Goranboy rayonunda da illərdən bəri
yığılıb qalmış sosial-iqtisadi problemləri
sürətlə aradan qaldırmağa imkan
yaratmışdır. Məsuliyyət və təşəbbüskarlıqla
yerinə yetirilmiş irimiqyaslı tədbirlər rayonu
inkişaf və tərəqqinin üstün hüdudlarına
gətirib çıxarmışdır. Görülən
işlər iqtisadi yüksəlişi təmin etmiş, sosial
sferanı yeniləşdirmiş, güzəranı xeyli
yaxşılaşdırmışdır. Ötən ilin
yekunlarına və cari ilin vəzifələrinə həsr
olunmuş ümumrayon toplantısında bütün bunlar barədə
geniş söhbət açıldı.
Goranboy Rayon İcra
Hakimiyyətinin başçısı Elşən Abasovun
hesabat məruzəsində əksini tapmış mühüm
nailiyyətləri və perspektiv tədbirləri
oxucularımızın diqqətinə
çatdırırıq.
Natiq bildirdi ki, bir il öncə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı vəzifələr konkretləşdirilmiş, yerli resurslar və digər mənbələr nəzərə alınmaqla 2008-ci ilə dair rayonun sosial-iqtisadi inkişaf planı təsdiq edilmişdi. Planda abadlıq-quruculuq işləri, əhalinin içməli və suvarma suyuna olan tələbatının daha da yaxşılaşdırılması, infrastrukturun yeniləşdirilməsi, təhsil, səhiyyə, mədəniyyət sahəsində maddi-texniki bazanın möhkəmləndirilməsi, istehsal və emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı zəruri işlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdu.
Ötən dövrdə bütün yaşayış məntəqələrində aparılan tikinti-təmir, abadlıq və quruculuq işləri keyfiyyətcə yeni mərhələyə keçmişdir. İl ərzində yerinə yetirdiyimiz işlərdə müasirlik və keyfiyyət öndə durmuşdur. Apardığımız işlərlə Goranboy inkişaf etmiş rayonlar sırasına çıxmışdır.
Rayondaxili yolların bərpasına və ərazidən keçən respublika əhəmiyyətli yolların kənarlarının abadlaşdırılmasına xüsusi diqqət yetirilmişdir. Bakı—Qazax avtomagistralından Səmədabad kəndinə gedən yola, Goranboy — Xan Qərvənd yolundan Yeniyol kəndinə, Dəliməmmədli — Hazırəhmədli yoluna, Goranboy–Yuxarı Ağcakənd yoluna 145 min kvadratmetr asfalt-beton örtük salınmışdır. Goranboy şəhərində isə 6 küçəyə 3 min 100 metr yola asfalt döşənmişdir. Yeni istifadəyə verilmiş, saatlıq gücü 20 ton olan 2 asfalt zavodu və digər təzə yol tikintisi texnikası işlərin miqyasını artırmağa imkan vermişdir.
Ümumilikdə, son beş ildə rayondaxili 73,9 kilometr yol asfalt-beton örtüklə yenidən tikilmişdir. 35 kilometr yolda əsaslı, 45 kilometr yolda isə cari təmir işləri aparılmışdır. Goranboy şəhərində 7316 metr, Dəliməmmədli şəhərində 532 metr, digər yaşayış məntəqələrində 1746 metr piyada yolu tikilmişdir. 412 kilometr kənd yolları çınqıl örtüklə təmir edilmişdir. Rayon ərazisindən keçən magistral boyunca 171 qanunsuz köşk götürülmüş və 82 görkəmsiz tikili sökülmüşdür. 158 sahibkarlıq obyekti əsaslı surətdə təmir edilmiş, 48 müasir üslubda iri obyekt tikilmişdir.
7 kənddə yeni körpü salınmışdır. Goranboy şəhərinin küçə və meydanlarında 846, Dəliməmmədli şəhərində 60, Qızılhacılı qəsəbəsində, Goran – Goranboy yolunda 75 işıqlandırma dayağı quraşdırılmışdır. Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsinin yenidən tikintisinə başlanılmışdır. Bu məqsədlə icraçı təşkilatlara rayonun müvafiq ərazilərindən torpaq sahələri ayrılmış, yolun çəkilişi ilə bağlı asfalt zavodu, qum-çınqıl sexi və s. yaradılmışdır.
Goranboy şəhərində aparılan abadlıq-quruculuq işləri daha geniş miqyas almışdır. Heydər Əliyev Muzeyinin qarşısına 450 kvadratmetr mərmər örtük döşənmişdir. Heydər Əliyev prospekti, V.Bayramov və C.Cabbarlı küçəsindəki yol dairələri müasir üslubda yenidən tikilmişdir. C.Cabbarlı meydanı tamamilə yenidən qurularaq 2800 kvadratmetr üzlük daş döşənmişdir. Şəhərin giriş qapısı müasir üslubda yenidən qurulmuşdur.
Gənclər parkında da işlər başa çatmışdır. Burada Gənclər evi, Rəsm qalereyası, habelə gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə çay evi, digər istirahət guşələri tikilmişdir. Parkın görkəminə xələl gətirən tikililərin fasadına alkapon üzlük çəkilmişdir. Soyqırım abidəsi inşa edilmişdir. Goranboy – Goran yolunun sağında yerləşən 4,5 hektar ərazidə mehmanxana tipli istirahət zonasının, Heydər Əliyev prospektində məişət evinin və üzgüçülük hovuzunun tikintisi davam etdirilmişdir. 16 mənzilli kommunal evin tikintisinə başlanılmışdır. Yeni tikiş fabriki yaxın günlərdə fəaliyyətə başlamaqla, 65 nəfər qadın daimi işlə təmin olunacaqdır.
Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün Murov-Goranboy su kəmərindən Qaşaltı, Qaraqoyunlu və Qasımbəyli kəndlərinə əlavə su xətti çəkilmişdir. Hacallı kəndinə içməli su xəttinin çəkilişi də başa çatmışdır. Murov-Goranboy su kəmərindən EKO qəsəbəsinə gedən su xəttinin 50 metr hissəsi yeniləşdirilmişdir. Goranboy və Dəliməmmədli şəhərlərində subartezian quyuları əsaslı təmir edilmişdir. Goranboy şəhərinin su-kanalizasiya sisteminin bərpası ilə bağlı işlərə başlanacaq.
Məruzəçi daha sonra qeyd etdi ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində bir sıra ciddi problemlər aradan qaldırılmışdır. Bu gün həllivacib olan problemlər isə Prezident İlham Əliyevin göstərişi ilə hazırlanacaq 2009-2015-ci illər üçün dövlət proqramına daxil ediləcək.
Ötən
dövrdə sahibkarlığın inkişafı və yeni
iş yerlərinin yaradılması istiqamətində
aparılan işlər davam etdirilmişdir. Goran ərazisində
“Gilan Holdinq”in gips-kardon zavodunun və Gips zavodunun tikintisi
başa çatmışdır. Həmin zavodlarda istehsal olunan inşaat materialları
respublikanın regionlarında satışa
çıxarılır. “Gilan Holdinq” ərazisində regionda
analoqu olmayan kalsid istehsalı zavodunun tikintisinə
başlanılmış, meyvə-tərəvəz məhsullarının
emalı və konservləşdirilməsi müəssisəsinin
tikintisi nəzərdə tutulmuşdur.
Ümumilikdə, ötən
beş ildə müxtəlif mənbələr hesabına
rayonda aparılan tikinti-quruculuq, abadlıq işlərinin həcmi
152 milyon manat olmuşdur ki, bunun da 46,3 faizi və ya 70,4 milyon
manatı 2008-ci ilin payına düşür. 2003-cü illə
müqayisədə 19,5 dəfə, əvvəlki illə
müqayisədə isə 42,6 milyon manat çox iş
görülmüşdür.
Məruzəçi
başlıca istehsal göstəricilərini də
açıqladı. Ötən il sənaye məhsulunun
ümumi həcmi 6 milyon 265 min manat təşkil etmişdir. Bu
rəqəm 2007-ci ilin göstəricisindən 1 milyon manat
çoxdur. Məhsulun həcmində qeyri-dövlət
bölməsinin payı 87,1 faiz (respublika səviyyəsindən
xeyli yüksək) təşkil edir. Ötən il rayonun 1366 nəfər
sahibkarı 5 milyon 952 min manat güzəştli dövlət
kreditlərindən istifadə etmişdir. Bu rəqəm
2007-ci ildə 897,4 min manat olmuşdur. Əhali banklara ötən
il 148 min manat əmanət qoymuşdur. 2007-ci ildə bu rəqəm
9,9 min manat təşkil etmişdir.
Ötən il kənd təsərrüfatından
45 milyon 32 min manat gəlir əldə edilmişdir. Bu da
2003-cü ilə nisbətdə 2,6 dəfə, 2007-ci ildəkindən
1,1 dəfə çoxdur. Bitkiçilikdən 25,8 milyon manat,
heyvandarlıqdan 19,1 milyon manat gəlir əldə
edilmişdir.
2004-2008-ci ildə yeni
yaradılan istehsal müəssisələri, ticarət və
xidmət obyektləri, habelə aparılan tikinti, təmir və
abadlıq işləri hesabına ümumilikdə 11 min 526
yeni iş yeri açılmışdır. Bundan 4997-si daimi
iş yerləridir. 2008-ci ildə isə 2591 yeni iş yeri
yaradılmışdır ki, bundan 1273-ü daimidir. Orta
aylıq əmək haqqı 155 manat təşkil etmişdir.
Bu da 2003-cü il səviyyəsindən 5,3 dəfə
çoxdur. 2008-ci ildə ümumi məhsul
buraxılışının həcmi əvvəlki illə
müqayisədə 23,5 milyon manat artaraq 164 milyon 129 min manata,
adambaşına düşən ümumi məhsulun həcmi
isə 229 manat artaraq 1715 manata çatmışdır. Əhalinin
bütün mənbələrdən pul gəlirləri 137
milyon 297 min manat və ya 2007-ci ilə nisbətdə 6,6 milyon
manat çox olmuşdur.
Dövlət Proqramına əsasən
və Heydər Əliyev Fondunun təşəbbüsü ilə
son 5 ildə rayonda 3625 yerlik 19 məktəb binası, o
cümlədən ötən il Veysli kəndində 340 yerlik,
Qarqucaq kəndində 360 yerlik, Rəhimli, Yəhərçi,
Qazaxlar və Yolqullar kəndlərinin hər birində 180
yerlik orta məktəb binaları tikilib istifadəyə
verilmiş, yeni avadanlıqlarla təchiz edilmişdir. Cari ildə
də bu istiqamətdə işlər davam etdiriləcəkdir.
Qızılhacılı qəsəbə 2 saylı orta məktəb
üçün 360 şagird yerlik yeni binanın tikintisinə
yaxın vaxtlarda başlanılacaqdır. Ötən il rayon
üzrə orta məktəbləri bitirən 1326 nəfər
məzundan 373 nəfəri və ya 28 faizi (2007-ci ildən 6,1
faiz çox) tələbə adını
qazanmışdır. O cümlədən 8 nəfər 600-dən
yuxarı bal toplamışdır. 5 məktəb tələbələrin
qəbul faizinə görə respublika üzrə
yaxşı məktəblər sırasına daxil
edilmişdir.
Müalicə-profilaktika
işlərinin yaxşılaşdırılmasına da diqqət
artırılmışdır. Mərkəzi xəstəxananın
yeni diaqnostik aparatlara, sanitar maşınlara, inventar və
avadanlıqlara olan ehtiyacı ödənilmişdir. Xəstəxananın
travmatologiya, rentgen və doğum şöbələri
dövlət investisiya vəsaiti hesabına əsaslı təmir
edilmişdir. Ötən il Nizami və Qarqucaq kəndlərində
yeni həkim məntəqəsi tikilib istifadəyə
verilmişdir. Dəliməmmədli şəhər xəstəxanasının
əsaslı şəkildə bərpasına, Sarovlu və
Xınalı kənd tibb məntəqələrinin tikintisinə
başlanılmışdır.
Uşaq incəsənət məktəbi
üçün yeni bina, Səfikürd kənd uşaq musiqi
məktəbi üçün 8 otaqdan ibarət əlavə tədris
korpusu tikilmişdir. Bir sıra mədəniyyət müəssisələrində
təmir, bərpa işləri aparılmışdır.
Qızılhacılı qəsəbəsində modern
kitabxana və mədəniyyət mərkəzi təşkil
edilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.
Son illər rayonda rabitə
sistemi tamamilə yenidən qurulmuşdur. Köhnə tipli
ATS-lər bütövlükdə elektron ATS-lərlə əvəz
edilmişdir. 5 il ərzində telefon abunəçilərinin
sayı 8 min 129-dan 13 min 748-ə, internet abunəçilərinin
sayı isə 158-ə çatmışdır.
Telefonlaşmamış 4 dağ kəndi peyk rabitəsi vasitəsi
ilə sistemə qoşulmuşdur.
Əhalinin enerji
daşıyıcıları ilə təminatının
yaxşılaşdırılması, istehlakçılara
göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi
məqsədi ilə yarımötürücü stansiya,
elektrik veriliş xətləri, müxtəlif güc
transformatorları əsaslı təmir edilmişdir. 41 yeni
müxtəlif güc transformatoru
quraşdırılmışdır. 20 min 569 elektrik enerjisi
istehlakçısına sayğac tətbiq edilmişdir.
1990-cı ilin əvvəllərində təbii qaz verilişi
dayandırılmış 32 yaşayış məntəqəsinə
qazın verilişi bərpa edilmişdir. 7 yaşayış məntəqəsi
qaz almağa qismən hazır vəziyyətə gətirilmişdir.
3 min 200 metr uzunluğunda əsas qazpaylayıcı xətt
yenisi ilə əvəz edilmişdir. 7 min 265 istehlakçının
99,8 faizinə qaz sayğacı
quraşdırılmışdır. Əhali tərəfindən
istehlak edilmiş qaza görə orta ödəniş 90 faizə
çatdırılmışdır.
Bu il əvvəllər qaz
almış 10-dək yaşayış məntəqəsinə
təbii qazın verilməsi nəzərdə tutulmuşdur.
Bundan başqa, dövlət büdcəsi vəsaiti
hesabına Səfikürd kəndində, habelə
Qarasüleymanlı kəndinin indiyədək qaz verilməyən
böyük ərazisində qazlaşdırma başa
çatmaq üzrədir.
Xocalı rayonundan olan məcburi
köçkünlər üçün 500 ailəlik 4 yeni qəsəbə
salınmışdır. Köçkünlərin su probleminin
həlli məqsədi ilə rayonda 3 subartezian quyusunda qazma
işləri tamamlanmaq üzrədir. Bu il EKO qəsəbəsində
məskunlaşmış 596 məcburi köçkün ailəsi
üçün yeni qəsəbə salınacaq, onların məşğulluğunun
təmin edilməsi ilə bağlı konkret tədbirlərin
həyata keçirilməsi davam etdiriləcəkdir.
Elşən Abasov sonda
bildirdi ki, bu il də işlər artan templə davam etməli,
daha çox qəsəbə və kəndləri əhatə
etməlidir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin
iclasında dediyi kimi, 2009-cu ildə bütün nəzərdə
tutulmuş vəzifələr icra edilməli və həmişə
olduğu kimi, ilk növbədə diqqət mərkəzində
Azərbaycan vətəndaşları olmalıdırlar.
Dövlət başçısının qarşıya
qoyduğu vəzifələri növbəti ildə də
uğurla yerinə yetirəcək, Azərbaycanın sürətli
inkişafına layiqli töhfələr verəcəyik.
Toplantıda
çıxış edən Goranboy Rayon Maliyyə Şöbəsinin
müdiri İltifat Sadıqov, Təhsil Şöbəsinin
müdiri Elmar Əliyev, Subartezian Quyuları İstismarı
İdarəsinin rəisi Akif İbrahimov, Qaz İstismarı
İdarəsinin rəisi Hikmət Əkbərov və digər
natiqlər 2008-ci ildə məsul olduqları sahələrdə
qazanılmış nailiyyətləri diqqətə
çatdırdılar, problemlərin həlli zəruriliyini
vurğuladılar, təklif və mülahizələrini
söylədilər.
Azərbaycan Respublikası
Prezidenti İcra Aparatının məsul işçisi Niyaz Əliyev,
Milli Məclisin deputatı Gültəkin Hacıyeva regional
inkişaf proqramının uğurla yerinə yetirilməsində
goranboyluların töhfəsini qeyd etdilər, ikinci regional
inkişaf proqramının hədəflərinə nəzər
saldılar, cari ildə rayon ictimaiyyətinə yeni uğurlar
arzuladılar.
Tahir AYDINOĞLU,
Ziyəddin SULTANOV
Xalq qəzeti.-2009.-27 fevral.-S.4.