Erməni millətçilərinin Azərbaycan
xalqına qarşı apardığı etnik təmizləmə:
Xocalı soyqırımı
Regionda gedən mürəkkəb
siyasi proseslər nəticəsində azərbaycanlılar
öz əzəli yurdlarından zorla köçürülməyə,
etnik təmizləmə və deportasiya siyasətinə məruz
qalmışlar.
Ermənilər öz planlarını mərhələ-mərhələ həyata keçirmişlər. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş İrəvan xanlığı ərazisində kiçik bir Ermənistan Respublikasını (9,7 min.kv.km) yaratmış, tədricən onun ərazisini böyüdərək 29,8 min kv. km -ə çatdırmışlar.
1905-1907-ci və 1918-1920-ci illərdə baş vermiş hadisələr zamanı silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunmaqla minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirildi, onların yaşadıqları kəndlər talan edildi, dinc əhali qaçqın və didərgin vəziyyətinə salındı. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da ermənilər öz çirkin niyyətlərindən əl çəkmir, Azərbaycana qarşı torpaq iddialarını davam etdirirdilər.
Həmin dövrdə sərhədlərin dəqiqləşdirilməsi adı ilə Azərbaycan kəndləri tədricən Ermənistanın tərkibinə qatılırdı. Kəndlərin yerli azərbaycanlı əhalisi isə müxtəlif üsullarla öz dədə-baba yurdlarını tərk etməyə məcbur edilirdi. Keçmiş SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli “Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarı əsasında 150 minə yaxın azərbaycanlı öz əzəli torpaqlarından didərgin salındı.
Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının adlarını dəyişdirərək Ermənistanı monoetnik dövlətə çevirmək ermənilərin işğalçılıq siyasətinin tərkib hissəsidir. Məhz bu üsulla 1935-1989-cu illərdə Ermənistanda minlərlə Azərbaycan toponimi xəritələrdən silinmişdir.
1985-ci ildə M.Qorboçov Sovetlər İttifaqına rəhbər seçildikdən sonra onun dəstəyi ilə, ermənilər “Böyük Ermənistan” yaratmaq iddialarını daha da fəallaşdırdılar. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirildi.
1988-ci ildə öz havadarlarının köməyinə arxalanan Ermənistan silahlı qüvvələri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşməsi məsələsini yenidən ortaya atdılar.
1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi, Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun (Ağdam, Füzuli, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Kəlbəcər) ərazisi işğal olundu, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
1988-ci ildən başlanmış Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş faciə, tarixdə analoqu çox az olan hadisələrdən biri – Xocalı soyqırımı olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.
Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də burada məskunlaşmışdılar.
1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü atəş açılmış, az bir vaxt ərzində yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilmişdir.
Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldu. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan , şaxtadan məhv oldular...
Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri yaşlı insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişdilər. Hücüm zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım törətdiyini təsdiqləyir. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, fransız, alman, amerikan və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, bu günlər dünyanın bir çox ölkələrində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir. Aksiyalar zamanı ermənilərin vəhşiliklərini əks etdirən məlumat vərəqələri paylanılır, faciəni əks etdirən fotoşəkillər, həmçinin Heydər Əliyev Fondunun təqdim etdiyi materiallar nümayiş etdirilir. Bundan əlavə beynəlxalq ictimaiyyətin məlumatlandırılması və Xocalı hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi məqsədi ilə xarici ölkələrin parlamentlərinə, dövlət qurumlarına, beynəlxalq təşkilatlara, nüfuzlu KİV-lərə müraciət ünvanlanır. Ulu öndər Heydər Əliyev demişdir: “Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edərkən onların qarşısında hər birimiz vicdan və vətəndaşlıq borcu haqqında düşünürük. Bu borcu ödəməyin ən yaxşı yolu Xocalı qəhrəmanlarının uğrunda öz həyatlarını qurban verdikləri idealları yaşatmaq, müstəqil Azərbaycan dövlətini qorumaq, onun sərhədlərinin toxunulmazlığını, bütövlüyünü təmin etməkdir”.
Azərbaycan Respublikasının Milli Məclisi hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir. Hər il fevralın 26-da saat 17:00-da Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.
Hafiz HÜSEYNOV,
Naxçıvan Dövlət Universiteti
sosial idarəetmə və turizm
kafedrasının
müdiri, dosent
Xalq qəzeti.-2009.-27 fevral.-S.6.