Əhalinin sosial müdafiəsi yaxşılaşır
Ölkəmizin dinamik
şəkildə artan iqtisadi qüdrəti əhalinin sosial
problemlərinin həllini sürətləndirir, adamların həyat
şəraitinin daha da
yaxşılaşdırılmasını təmin edir. Vaxtaşırı
əmək pensiyaları, təqaüd və müavinətlər
artırılır, minimum əməkhaqqının məbləği
çoxaldılır, əhalinin aztəminatlı təbəqəsinə
dövlət qayğısı gücləndirilir. Sosial
müdafiə sahəsində
çalışdığımıza görə, hər
gün işgüzar ünsiyyətdə olduğumuz
adamların dövlətimizin sosialyönümlü
iştisadi siyasətindən razılıq etmələrinin,
Prezident İlham Əliyevin yoxsulluğun azaldılması
istiqamətində həyata keçirdiyi əməli fəaliyyətinə
görə minnətdarlıqlarını bildirmələrinin
şahidi olur və bundan qürur duyuruq.
Bildiyimiz kimi, dövlət
başçısının 25 avqust 2008-ci il tarixli sərəncamı
ilə minimum əməkhaqqı, eyni zamanda, əmək
pensiyalarının baza hissəsi sentyabr ayından 75 manat
müəyyən edilib. Prezidentin 27 avqust və 9 sentyabr 2008-ci
il tarixli fərmanları ilə sosial müavinətlərin
artırılması, müharibə əlillərinə aylıq
təqaüdlərin müəyyən edilməsi də bu
qayğının bariz nümunəsidir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ardıcıl və davamlı səciyyə daşıyır. Belə ki, Azərbaycan Prezidentinin ötən il dekabrın 30-da imzaladığı sərəncamla 2009-2015-ci illərdə respublikamızda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı təsdiq edilib. Bu proqram mövcud problemlərin kompleks həllinə yönəldilib. Dövlət başçısının ötən il sentyabr ayında təsdiq etdiyi “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda müəyyən olunmuş strateji məqsəd, hədəf və göstəricilər nəzərə alınmaqla sığorta-pensiya sistemində həyata keçirilən islahatların təminatının qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin strateji istiqamətlərindəndir.
Əhalini razı salan cəhət ondan ibarətdir ki, pensiyaların artım mexanizmi bazar iqtisadiyyatının tələblərinə uyğun həyata keçirilir və mövcud maliyyə imkanlarının pensiyaçılar arasında daha ədalətli bölgüsünə şərait yaradır.
Lənkəran rayonunda da sığorta-pensiya sahəsində zəruri işlər aparılır. Ötən il məcburi dövlət sosial sığorta haqqı üzrə proqnoz plan 6321,5 min manat olmaqla 94,5 faiz icra olunub. Qeyri-büdcə təşkilatları üzrə bu göstərici 102,4 faiz təşkil edib. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna müvafiq olaraq şöbəmizdə qeydiyyatda olan 26315 nəfər sığortaolunan haqqında məlumatlar DSMF-yə təqdim edilib, eyni zamanda, göndərilən sosial sığorta şəhadətnamələri onlara çatdırılıb. Bu iş bu gün də davam etdirilir.
Lənkəranda ötən ilin əvvəlinə fəaliyyəti olan 4616 nəfər fiziki, hüquqi və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxs vardı. İl ərzində 1192 belə şəxs uçota alınıb.
Biz məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 689,5 min manatlıq borcun ödənilməsi istiqamətində də fəaliyyətimizi xeyli genişləndirmişik. Belə ki, həmin borcu yaradan, vaxtında və tam ödəməyən 41 nəfər hüquqi və fiziki şəxsə qarşı iqtisad məhkəməsində, 1 4 nəfər fiziki şəxsə qarşı yerli məhkəmədə iddia qaldırmışıq. Bundan başqa, məcburi sosial sığorta üzrə borcu olan sığortaödəyicilərindən vəsaitin alınması məqsədilə ötən il ərzində banklara 161 sərəncam qoyulub və 68 nəfərin banklarda əməliyyatları dayandırılıb.
Şöbəmizin uçotunda 28364 nəfər pensiyaçı var. Ötən il 1563 nəfərə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin edilib. Göründüyü kimi, əhalinin çox böyük bir təbəqəsi ilə işləyirik. Bundan ötrü lazımi iş şəraitinin olması və bizimlə münasibətdə olan vətəndaşların maksimum rahatlığının təmin edilməsi xüsusilə vacibdir. Ötən il şöbəmiz üçün yeni inzibati bina tikilib və mayın 1-də açılışı olub. Açılış mərasimində DSMF-nin sədri Səlim Müslümov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak edib, xeyir-dualarını verib və bizə daha məhsuldar fəaliyyət arzulayıblar. Artıq ideal şəraitə malikik, hər bir əməkdaşımızın ayrıca kompyuteri var. Şöbəmizə gələn hər kəs buradakı şəraitdən, müasir iş metodlarının tətbiqindən və həssas münasibətdən razı qalır.
Ötən il pensiya və müavinətlərin ödənilməsindən ötrü ödəniş müəssisələrinə 26 milyon 88 min manat köçürülüb. Bu məbləğin 77,5 faizi DSMF-dən, qalanı isə hüquqi və fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqları hesabına verilib.
Şöbəmizin uçotunda olan pensiyaçıların 95 faizi pensiyalarını plastik kartlarla bankomatlar vasitəsilə alır. Bankomat həm rahatlıq deməkdir, həm də bəzi xoşagəlməz halları istisna edir. Biz bununla bağlı lazımi təbliğat və maarifləndirmə işi aparmışıq. Amma rayonda “Kapitalbank”ın cəmi 6 bankomatı qoyulub ki, bunun da yalnız 2-si ətraf yaşayış məntəqələrindədir. İstər-istəməz müəyyən çətinlik yaranır. Hazırda əmək pensiyalarının ödənilməsini daha rahat və vaxtında təmin etməkdən ötrü rayonun Hirkan qəsəbə, Şürük və Vilvan kəndlərində əlavə bankomatların quraşdırılmasına ehtiyac var. Yəqin ki, tezliklə bu qayğımız da həllini tapacaq. Son illərdə həyatımızda bir-birinin ardınca baş verən mütərəqqi yeniliklər bu inama əsas verir.
Hələ 2003-cü ildə “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” deyən dövlətimizin başçısı beş illik fəaliyyəti dövründə bu vədinə əməli işləri, sosial-iqtisadi inkişafı təmin edən mühüm addımlar atması ilə sadiq qalıb. Həyatımız ilbəil gözəlləşib, güzəranımız yaxşılaşıb. Azərbaycan indi dünyanın birinci islahatçı dövləti, Cənubi Qafqazın lider ölkəsi sayılır. Yoxsulluq həddi ölkə üzrə 49 faizlən 13 faizə düşüb. Beş ildə Azərbaycanda minimum əmək haqqı 8 dəfə, orta aylıq əmək haqqı 3,6 dəfə, minimum pensiyaların məbləği 4 dəfə artıb. Əhalinin ümidlərinin doğrulması, inamının artması oktyabrın 15-də keçirilmiş növbəti prezident seçkilərində özünün fərəhli nəticəsini göstərdi. Lənkəranda seçicilərin 81,4 faizi seçkilərdə iştirak etdi və möhtərəm dövlət başçımıza verilən səslər 90,4 faiz oldu. Bu seçkilər daim dövlətin qayğısını görən xalqımızın müxtəlif təbəqələrinin, o cümlədən də pensiyaçılarımızın Heydər Əliyev siyasi kursuna sadiqliyinin, Prezident İlham Əliyevə böyük inamının daha bir təntənəsi oldu.
Hər bir vətəndaş regional inkişaf Dövlət Proqramının uğurlu icrası ilə əlaqədar beş ildə yüzlərlə iri həcmli layihənin həyata keçirilməsini, 766 min yeni iş yerinin açılmasını, sosial həyatın xeyli irəli getməsini ürəkdən alqışlayır. Biz sosial xidmət sahəsinin adamları da inkişafa, tərəqqiyə böyük həvəslə öz töhfələrimizi veririk. Beş ildə Lənkəranda çoxlu iş yeri açılıb ki, onların da məcburi dövlət sosial sığortasına cəlb olunması şəhər şöbəsi tərəfindən həyata keçirilib.
Yeri gəlmişkən, şöbəmizin işçilərindən səkkiz nəfəri “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun üzvü kimi bütün tədbirlərdə, seminar-müşavirələrdə iştirak edir, referendumun yüksək səviyyədə keçirilməsi, vətəndaşların səsvermədə mütəşəkkil iştirakına nail olunması üçün əllərindən gələni edirlər.
Bundan sonra da şöbəmizin əməkdaşları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə yardımçı olmağa çalışırlar.
Ramiz ƏZİMOV,
DSMF Lənkəran Şəhər
Şöbəsinin
müdiri
Xalq qəzeti.-2009.-27 fevral.-S.7.