"Muğam
sənəti həmişəlikdir"
Sabir Mirzəyev: "Xalq
özü onu qorumağın qayğısına
qalmalıdır"
Ona "Çahargah Sabir" də deyirlər. Xüsusən yaşlı və orta nəslin "Çahargah" muğamının
gözəl ifaçısı
kimi yaxşı tanıdığı Sabir
Mirzəyev məşhur
xanəndə Seyid Şuşinskidən dərs
alıb. Bu gün də gənclik eşqi ilə yaşayır, sənətinin sirlərini
böyük bir həvəslə gənc nəslə öyrədir.
66 yaşlı xanəndənin oxu üslubu dediyinə görə, heç kəsinkinə bənzəmir.
Sabir Mirzəyev Cəlilabadda doğulub, sənəti seçməsində fitri
xanəndəliyi olan atasının təsiri olub. Muğam onun həyata,
dünyaya, insanlara münasibətinin formalaşmasında
mühüm rol oynayıb. Xanəndə
deyir, artıq ömür keçir:
"Həyatın qaydasıdır,
qocalırıq; insan belə bir vaxtda
başqaları ilə
həmsöhbət olmağa
daha çox ehtiyac duyur. Biz xanəndələrin arasında
neçə onillərdən
qabaq başlanan səmimi münasibət
var. Əgər kimsə
xəstələnirsə, qəfil
başına bir iş gəlirsə, o saat onu gedib
yoluxuruq, əlimizdən
gələni əsirgəmirik.
Biri-birimizin xeyir-şərində yaxından iştirak edirik. Gərək yaşlılar həmişə
cavanlara nümunə olsun. Biz həmişə
özümüzdən yaşlılardan,
müəllimlərimizdən görüb-götürmüşük.
Qabaqlar yaşlı sənətkarların
oturduğu stola yaxınlaşmağı belə
özümüz üçün
böyük xoşbəxtlik
hesab edərdik. Sevinərdik ki, bu gün
Xanı, Seyidi, Zülfünü, Mütəllimi
gördük. Onlarla söhbətdən
çox öyrənməyə,
zənginləşməyə çalışırdıq".
Sabir müəllim Seyid
Şuşinskidən dərs alsa da, Xan əminin də,
Zülfü əminin də məktəbinə gedib. Çağdaş
dönəmdə isə belə məqamlarla az
rastlaşmırıq: bu və ya digər səsi olan gənc
tanınmış xanəndədən dərs alır, sonra
xanəndə onu ictimaiyyətə təqdim edir, az sonra məlum
olur ki, həmin gənc şou-biznesə qatılıb. S.Mirzəyev
deyir muğam olduqca çətin sahədir: "Bir halda ki,
asanlıq var, belələri niyə çətinlikdən
yapışsınlar? Əgər belələri bizim
yanımıza öyrənməyə gəlirsə, hər
halda yaxşı əlamətdir. Bir var, heç olmasa,
muğamdan xəbəri olsun, bir də var, ümumiyyətlə,
xəbərdar olmasın".
Zövqsüz ifaları
bəyənənlər əslində xalq deyil, kütlədir.
Xalq böyük söhbətdir. Muğamat xalq ruhundan yaranıb,
bunu ayrı-ayrı kişilər yaradıb. Zaman-zaman
ayrı-ayrı kişilər də muğamı ifadə edib.
O, fikrimizlə razılaşır:" Bəli, xalq məsələsi
böyük söhbətdir. Azərbaycan muğam
ifaçılığının zəngin tarixi var. Biz
yaşlı sənətkarlar müəllimlərimizdən nə
öyrənmişiksə, onu daha da zənginləşdirərək
qoruya-qoruya sabaha çatdırmağa
çalışmışıq. Həmişə muğam
ifaçılığında qətiyyən təhrifə
yol verməməyə çalışmışıq, məsuliyyətimizi
hiss etmişik. Muğam xalqın əvəzsiz sərvətidir.
İlk növbədə o xalq özü onu qorumağın
qayğısına qalmalıdır, bu məsələyə
məsuliyyətlə yanaşmalıdır. Vaxtilə balalarımın
kiçik toyunda o dövrün tanınmış xanəndələrini
toya dəvət etmişdim. Orada gənc ifaçılar
da iştirak edirdi. Əlibaba Məmmədov, İslam Rzayev, Yaqub Məmmədov,
Canəli Əkbərov,
Arif Babayev, Teymur Mustafayev, Qəndab Quliyeva və başqaları iştirak ediblər, sənət dostu kimi məni təbrik ediblər və hər biri az da
olsa oxuyublar. Yəni ziyalılar balasının toyuna xalq ruhunun ciddi
daşıyıcıları olan musiqi ifaçılarını
dəvət edə bilər. Durub gənc ifaçıların
dalınca danışsam,
ciddi alınmaz. Biz öz dövrümüzü
yaşamışıq. İndi
onları camaat sevirsə, bu, məsələni paxıllıq
mövzusuna çevirmək
olmaz. Musiqimizdə bu qədər rəngarəngliyin olmasına
pis baxmıram. Amma arzu edirəm
ki, mümkün qədər müğənnilər
Azərbaycan xalq mahnılarına, muğamata
yaxşı bələd
olsunlar. Çünki
milli musiqidən uzaq düşən heç zaman böyük uğur qazana bilməyəcək.
O, az hallarda toya getdiyini
deyir: "Toy sahibi arzu edir ki, mənim balamın xeyir işində
Sabir Mirzəyev oxusun. Belədə həmin şəxsin arzusunu
ürəyində qoymaq olmaz. Gedirəm, bir ağız
oxuyuram. İnsanların zövqləri çox müxtəlifdir.
Amma son vaxtlar hiss edirəm ki, Azərbaycanda muğamata meyl hər
mənada güclənib."
İndi yazıq
muğamın başına çox oyun açırlar,
zurnanı, balabanı, sazı, tarı ruhsuz musiqilərə təslim
etmək meylləri artır. İndi sazı repə
calayırlar. Bu, eybəcərlikdir. Vaqif Mustafazadənin
üstünlüyü onda oldu ki, o, böyük
talantının sayəsində muğamlə cazın sintezini
öz aləmində yarada bilmişdi. Burada yenə də
muğam öz üstünlüyünü saxlayırdı.
S.Mirzəyev deyir: "Bəli, Vaqif istedadlı adam idi. Xarici
ölkələrdə əcnəbi onun musiqisinə qulaq
asanda hiss edirdi ki, burada caz musiqisi muğamdan bəhrələnib.
Amma indi çoxlu bəstəkar meydana çıxıb,
oranjiman etmək dəbdədir. Tofiq Quliyevin, Cahagir Cahangirovun,
Ramiz Mirişlinin mahnılarına nə oranjiman
lazımdır? Bunlar artıq söhbətlərdir."
Əslində gərək
müğənni yaxşı mahnıları oxumağı
daimi bir ənənə kimi gündəmdə saxlasın. Belədə
o, başqalarına da ciddi təsir edəcək. Sabir müəllim
deyir: "Əlibaba Məmmmədov zaman-zaman gözəl xanəndə
olmaqla yanaşı həm də istedadlı bəstəkar
olub. O, bütün mahnılarını özü yazıb,
özü də oxuyub. Mən özüm də onun
mahnılarını, həmçinin "Dəşti" təsnifini
də oxumuşam. Cahangir Cahangirovun "Sevgilim"
mahnısı var. Elə bil ki, başdan-ayağa
"Şahnaz" dəstgahı oxuyursan. Bizim
zamanımızda belə mahnılar var idi. Həmişə tələbələrimə
xalq mahnılarını öyrətmişəm. Məqsəd
odur ki, tələbələr ilk növbədə xalq
mahnılarını, əsas muğamlarımızı
öyrənsinlər ki, milli ruha sıx bağlansınlar. Xalq
mahnılarımızın tədris proqramlarına daxil edilməsində
mərhum xanəndə İslam Rzayevin böyük xidməti
olub. Bir də var sırf bəstəkar mahnıları.
Bunları bilməyən müğənniyə axı nə
öyrədə bilərsən? Müğənni
üçün vacibdir ki, onun daxili aləmi çox zəngin
olsun. İstək budur ki, muğamatın ilahi harmoniyası
pozulmasın. Muğam sənəti həmişəlikdir. Biz
bu sənətlə nəfəs alırıq, onsuz yaşamaq
mümkün deyil. Gözəl mahnılar özü də
muğama bərabərdir. Qədir Rüstəmov "Sona
bülbüllər"lə məşhurlşmadımı?
Təbiidir ki, indi Qədir yaşlaşıb, istər-istəməz
əvvəlki səs imkanları azalır."
O dövrdə də
ayrı bir Sabir Mirzəyev vardı... İndi o, taleyindən
razıdır: "Neyləyəsən ki, gənclik
dövrünün yerini heç nə vermir. İndi də məclislərə
gedəndə hamısı arzu edir ki, oxuyum. Həmişə
də ifamı alqışlayırlar. Səsimdən narazılığım
yoxdur. Təbiidir ki, yaş özünü göstərir".
Amma Seyid Şuşinski
qoca yaşlarında da çox gözəl oxuyurdu. Onun səsində
dəhşətli bir ağrı vardı. S.Mirzəyev
ustadını belə xatırlayır: "Bəli, o, 76
yaşında "Arazbarı" oxuyurdu. Səs həminki
idi, amma yaş əvvəlki deyildi. Zənguləsindən hiss
olunurdu ki, bu, yaşlı adam səsidir. Bir dəfə qəfildən
bir ifasına qulaq asdım. Nəsə, mənə elə gəldi
ki, qəfil günəş buludların arasından siyrilərək
çıxdı. Oxumaq budur.
İndi bəzi gənclərimiz
var, təəssüf ki, muğamata laqeyd münasibət bəsləyirlər.
Muğamatı daim göylərə qaldırmaq
lazımdır. Mümkün qədər hər bir müğənni
sanballı mahnı oxumalıdır. Gözəl mahnı həmişə
ürəklərdə özünə yer tapır."
Onun bu sənətə
meylinin yaranmasında atasının böyük təsiri olub:
"18-19 yaşlarında böyük sənətkarlarla birgə
oxumaq mənə qismət olub. Mənə xeyir-duanı ilk dəfə
Zülfi əmi verib. O dövrdə Seyid əminin hər kursda
3-4 tələbəsi vardı. İndiki müəllimlərin
tələbəsi çoxdur. O vaxt oxuyanlar indiki qədər
çox deyildi."
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 27 fevral.- S.14.