Mənzil Məcəlləsi
narahatlıq doğurur
Ələsgər Məmmədli: "Şəxsin
imkanı, yaşamağa yeri yoxdursa, mənzili onun əlindən
alıb dərhal hərraca çıxarmaq mülkiyyət
hüququnu pozacaq"
Azər Allahverənov: "Dövlət qəzalı
mənzilin təcili təmiri üçün isə xüsusi
subsidiyalar ayıra bilər"
Mənzil Məcəlləsinin
layihəsi ikinci oxunuşda parlamentin son iclasında qəbul
edilib. Layihədə bir sıra diqqət çəkən və
birmənalı qaşılanmayan müddəalar da var. Məsələn,
sahibi öz mənzilində əsaslı təmir aparıb,
binanın texniki pasportunda əksini tapan strukturunda müəyyən
dəyişikliklər edəcəksə, bunu mütləq
müvafiq icra hakimiyyətilə
razılaşdırmalıdır. Binaları qəzalı vəziyyətə
düşənlərlə bağlı məsələ də
qəlizdir. Əgər belələri təmir
üçün pul tapa bilmirlərsə, mənzilləri hərraca
çıxarılacaq.
Bəs
hüquqşünaslar, ictimaiyyət nümayəndələri
Mənzil Məcəlləsində yer alan bu məqamlara necə
münasibət bəsləyirlər? Hüquqşünas Ələsgər
Məmmədli deyir ki, bu, kifayət qədər mürəkkəb
məsələdir. Tutaq ki, çoxmərətəbəli
binalarda tək bir ailə yaşamır, fərqli mülkiyyətçilər
var.
Ona görə də belə
binalarda təmir zamanı ara divarların sökülməsi
kimi ciddi problemlərə də rast gəlinir. Bu halda
müvafiq icra hakimiyyətiylə məsələni
razılaşdırmaq lazım gəlir. İkincisi, əgər
bir binanın bütün mülkiyyəti bir nəfərə
aiddirsə, daxili dəyişiklik, təmirlə bağlı hər
hansı icra hakimiyyətindən icazə alınmasına
ehtiyac olmamalıdır.
Qəzalı
binaların təmir edilmədiyi halda hərraca
çıxarılmasına gəlincə,
hüquqşünas bildirdi ki, həm Avropa İnsan
Hüquqları Konvensiyası, həm də təməl
hüquqlar baxımından mülkiyyət hüququ qorunur. İnsanların
mülkiyyət hüququnu istənilən əsaslarla məhdudlaşdırmaq
mümkün deyil. Onun sözlərinə görə, bu
baxımdan qanunvericilikdə bu tip məsələlər
mülkiyyət hüqququna toxunmadan gündəmə gətirilməlidir.
Ya da mülkiyyət hüququndan irəli gələn vəzifələr,
hüquqlar pozulmamalıdır. Başqa sözlə, bina təmirsizdir,
qəzalı vəziyyətə düşüb, amma şəxsin
pulu yoxdursa, mənzili onun əlindən almaq da doğru deyil. Əgər
o, qorunması zəruri obyektdirsə, tarixi əhəmiyyəti
varsa, müəyyən kreditlər, ümumi ictimai institutlar təmir
işinə yönəldilə bilər: "Amma şəxsin
imkanı, yaşamağa yeri yoxdursa, mənzili onun əlindən
alıb dərhal hərraca çıxarmaq mülkiyyət
hüququnu pozacaq".
Miqrasiya Resurs Mərkəzinin
rəhbəri Azər Allahverənov hesab edir ki, mənzil sahibi
istənilən halda yaşadığı mənzildə təmir
işləri aparmalıdır. Mülkiyyətçi mənzilin
onun zövqünə cavab verməsini istəyir. Əgər həmin
təmir işləri şəxsin yaşadığı
binanın, mənzilin ümumi konstruksiyasına, ana sütunların
dayanıqlılığının pozulmasına səbəb
olmursa, deformasiyaya uğramasına gətirib
çıxarmırsa, bu tip kosmetik işlər mənzilin
daxilində sərbəst aparıla bilinməlidir. Onun sözlərinə
görə, çox zaman binanın fasadında müəyyən
dəyişiklik işlərinin aparılması böyük
mübahisələrə səbəb olur. Tutaq ki, eyvanın
bağlanması və tikinti işləri aparılaraq nəyinsə
quraşdırılmasını bu sıraya aid etmək olar. Azər
Allahverənova görə, bu halda da binanın ümumi
konstruksiyasına hər hansı bir zərər yoxdursa, belə
işlərin aparılması yolveriləndir. Həm də Azərbaycan
qapalı bir ölkə deyil. Daim insanlarımız müxtəlif
ölkələrə səfərlər edir və bununla
bağlı həmin ölkələrdəki vəziyyəti
öz gözləriylə görürlər. Postsovet məkanına
daxil olan ölkələrin böyük şəhərlərinin
əsas küçələrində yerləşən
binalar təsdiqlənmiş arxitektor plana əsasən necə
tikilibsə, elə də qalır. Eyvanların
bağlanması, örtülməsi, əlavə
konstruksiyaların həmin eyvanlarda tətbiqi yolverilməzdir.
Belə məsələləri meriya və müvafiq
strukturlar nizamlayır. Deməli, Azərbaycanda da xüsusən
şəhərin mərkəzi yerlərində binanın
ümumi fasadında, görüntüsündə müəyyən
yad ünsürlərin quraşdırılması, tikilməsi
yolverilməz bir məsələdir. Miqrasiya Resurs Mərkəzinin
rəhbəri dedi ki, kimsə deyə bilər ki, keçən
əsrin 60-70-ci illərində çox eybəcər şəkildə
tikilmiş "xruşovka"larda eyvanın üzərində
hansısa tikinti işləri əslində binaya
yaraşıq da verə bilər: "Amma mən
bütövlükdə hesab edirəm ki, binanın texniki
pasportu, xüsusən xarici görkəmi ilə bağlı təsdiq
olunmuş layihə dəyişməz qalmalıdır. Əgər
dəyişirsə, bütün eyvanlarda dəyişiklik
aparılmalı və ümumən binanın yeni
fasadını, görüntüsünü
yaratmalıdır. Yoxsa göhnə görüntünün
içərisində yeni bir şey nə qədər gözəl
olsa da, eybəcər görünəcək. Kvartalların
içərisində çıxıntı üzərində
çıxıntı, eyvanların tikilməsi binaları eybəcər
hala salır". Azər Allahverənov nəzərə
çatdırdı ki, bu günə qədər bu məsələlərin
tənzimlənməsi ilə bağlı qanunvericilikdə
boşluqlar olub. Bu günə qədər yol verilən belə
halları dəyişmək, yaxud günahı kiminsə
üzərinə yıxmaq düzgün olmaz. Qanundakı
boşluqdan istifadə edən insan buna görə məsuliyyət
daşımır. Bir, bəzən bir neçə otaq həcmində
kənara çıxarılmış eyvanlar sökülməsi
düzgün olmazdı. Bu proses bundan sonra tənzimlənməlidir.
Məsələ bütövlükdə elə tənzimlənməlidir
ki, sadə insanların maraqlarına zidd hər hansı
qadağan tətbiq olunmasın.
Azər Allahverənov qəzalı
vəziyyətə düşən binalarla bağlı da
danışdı. Bina koopertiv, dövlət reyestrində, fərdi,
ya da hər hansı biznesmen tərəfindən tikilə bilər.
Əgər insan binasını, mənzilini təmir etdirə
bilmirsə, hətta sonradan qaytarmağı
bacarmayacağına görə kredit də götürə
bilmirsə, bu, mahiyyət etibarilə böyük problemdir. O
halda insanın üzərinə öhdəlik qoymaq ki,
binanı mütləq satmalısan, bu da bir tərəfdən
düzgün deyil. Təbii ki, burada insanın
özünün, ailə üzvlərinin
sağlamlığına təhlükə yarada bilən məqamlar
var. İnsan özü ilk növbədə bunu dərk etməlidir:
"Fərz edək ki, insan qəzalı mənzildə
yaşayır, təmir üçün imkanı da yoxdur,
öünü və ailə üzvlərini
sığortalamaq üçün həmin mənzildən
çıxmalıdır. Amma nə vaxta qədər mənzil
belə qala bilər? Qəzalı mənzilin təmir
olunmaması qonşuluqdakı mənzillərə təhlükə
yaratmırmı? Bu, çox kompleksli bir məsələdir. Hər
şeyi qanunun dilinə salıb, norma qoymaq bir qədər
çətindir. Çünki elələri tapılacaq ki, qəzalı
binanı qəzalı saymadığını söyləyəcək.
Belə situasiyada qanunun dili ilə danışmaq çətin
olacaq. Qəzalı mənzili hərraca çıxarmaq həll
yollarından biridir. Digər yol o ola bilər ki, dövlət
qəzalı mənzilin təcili təmiri üçün
xüsusi subsidiyalar ayıra bilər". Azər Allahverənova
görə, bu məsələlərin beynəlxalq təcrübədə
necə nizamlanmasına diqqət yetirilməlidir:
"Mülkün sahibinin marağı, onun ailə üzvlərinin
təhlükəsizliyi məsələləri və dövlətin
yanaşması gündəmdə durmalıdır".
Ramiz Mikayıloğlu
Xalq Cəbhəsi.- 2009.- 27 fevral.- S.8.