Türk mətbuatında
Xocalı soyqırımı
"AKP hökumətinin Qarabağ məsələsində
susqunluğu azərbaycanlıları çox üzür"
Dünən Xocalı
soyqırımı ilə bağlı Türkiyədəki
bir sıra media qurumlarında xəbərlər və
yazılar yer alıb. Bu sırada "Cihan",
"Anadolu" agentliklərini, "Star", "Yeni
çağ", "Ayqazete", "Ortadoğu" və
digər qəzetləri yad etmək olar. Məsələn,
"Ayqazete" dünən "Azərbaycan Xocalı şəhidlərinə
ağlayır" başlıqlı xəbər verib. Yazıda
qeyd olunur ki, Qarabağın Xocalı şəhərində
17 il əvvəl qətliama məruz qalan yüzlərlə azərbaycanlı
bütün ölkədə keçirilən müxtəlif
səviyyəli tədbirlərdə anılıb.
"Dağlıq
Qarabağda yerləşdirilən SSRİ-nin 366-cı
motaatıcı alayının dəstəyi ilə 26 fevral
1992-ci ildə strateji önəmə malik Xocalıya hücum
edən Ermənistan əsgərləri 106 qadın, 63
uşaq, içərilərində 70 yaşlılar da olmaqla,
613 kişini qətlə yetiriblər. 487 nəfər əlil
olub, əsir alınan 1.275 nəfərdən 150-nin aqibəti
hələ də bəlli deyil".
"Bu gün" qəzetinin
köşə yazarı Huh Gönültaş isə
yazısında Xocalı faciəsi və AKP hökumətinin
Qarabağ məsələsində son dövrlər sərgilədiyi
susqunluqdan bəhs edib. Məqalədə yazılır ki,
Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
bir şəhərdir. Azərbaycan müstəqilliyini elan
etdikdən sonra Rusiyanın 366-cı motaatıcı
alayının dəstəyilə Ermənistan silahlı
qüvvələri Xocalıya hücum edib. Qadın, uşaq,
yaşlı demədən insanlar qətlə yetiriliblər.
Bu gün Azərbaycan torpaqlarının 20 faizi Rusiyanın dəstəklədiyi
Ermənistanın işğalı altındadır. Ermənilər
işğalın sərhədlərini genişləndirmək
üçün əllərindən gələn hər
şeyi edirlər. Huh Könültaş yazır ki, sərhəddə
yerləşən azərbaycan kəndləri, qəsəbələri
təhdid altındadır. Snayperlərdən açılan atəş
nəticəsində 150 azərbaycanlı
öldürülüb: "Bizim burada olduğumuz son iki
gün ərzində iki Azərbaycan əsgərini erməni
snayperləri vurdu və onlar şəhid oldu. Ortada rəsmi bir atəşkəs var, amma faktiki çatışmalar
davam edir". Daha sonra müəllif sadə azərbaycanlıların
AKP hökumətinin yürütdüyü
siyasətdən narahatlığını
nəzərə çatdırır:
"Azərbaycan rəhbərliyində
və küçələrdəki
vətəndaşda Türkiyənin
Ermənistanla apardığı
müzakirələr üzündən
ciddi bir əndişə var. Qaba desək, "Əcabə
Türkiyə bizi satarmı?" əndişəsi
içindədirlər. Hər kəs
Türkiyə Ermənistan
sərhədlərini açarsa,
Azərbaycanın Qarabağ
bölgəsini əsla
geri ala bilməyəcəyinə
inanır. Çünki bu məsələdə Azərbaycanın arxasında
sadəcə, Türkiyə
var. Rusiya, Amerika və hətta Avropa ölkələri təəssüf ki, erməniləri dəstəkləyirlər.
AKP hökumətinin Qarabağ məsələsində
susqunluğu azərbaycanlıları
çox üzür və burada da bəzi kəsimlər
durumdan Türkiyə əleyhinə istifadə edirlər".
Huh Gönültaş
azərbaycanlıların türk
mətbuatından ciddi
şikayətləndiklərini bildirir: "Türk mətbuatının Hrant Dinkin ölüm ildönümünə ayrılan
yer və zamanı Qarabağa münasibətdə ayırmadığını,
Xocalı soyqırımına
yer vermədiyini söyləyirlər. Azərbaycanlı qardaşlarımız "Könül
umduğundan küsər"
deyirlər".
Jurnalist Azərbaycan
Mətbuat Şurasının
sədri Əflatun Amaşovun onunla görüşdə söylədiklərinə
də yer ayırır: "Əflatun
Amaşov Türkiyəyə
çox böyük sevgiləri olduqlarını
söylədi. Bizə bir
xatirəsini də danışdı. Dedi
ki, "Qalatasaray"
Avropa çempionu olanda İranda olublar. Bunu eşidəndə küçəyə çıxdıqlarını
və sevinclərini sərgilədiklərini bildirdi.
İran polisi də nə baş verdiyini araşdırmaq üçün onları
tutub. "Qalatasaray"a görə
sevindiklərini eşidəndə
polis "Sizə nə?"
deyib. Cavabında Əflatun Amaşov
"biz də türkük"
söyləyib. İranlı polislər çaşıblar".
Huh Görültaş yazır
ki, azərbaycanlılar
"bir millət, iki dövlət" sözlərini tez-tez dilə gətirirlər:
"Bəxtiyar Vahabzadə
də "Dil yoxsa, millət də yox" deyib". Jurnalist Azərbaycan muğamına
vurğunluğunu etiraf
edib.
Mikayıloğlu Ramiz
Xalq Cəbhəsi.-2009.-27 fevral.-S.6.