Kipr və
Qarabağ münaqişələrinin
"oxşar üzü"
Yunanlar Kiprdə, ermənilər isə Qarabağda
türklərə qarşı terror və soyqırım
törədiblər
Yunanıstanın Azərbaycandakı
səfiri İoannis Metaksas Kipr problemi və Dağlıq
Qarabağ münaqişəsi arasında müqayisə
aparıb. O hesab edir ki, onların arasında oxşarlıq həm
var, həm də yoxdur: "Əsas odur ki, hər iki məsələ
sülh yolu il həll edilməlidir".
Məsələ ilə
bağlı fikirlərini öyrəndiyimiz politoloq Qabil
Hüseynli deyir ki, Kipr hadisələrinin əsasında
yunanların 1960-cı ildə qurulmuş Kipr
Respublikasını (bu dövlətin prezidenti yunan, vitse
prezidenti türk idi. Cəmiyyətin bütün sahələri-polis
(70-in 30 faizə nisbətində), ordu və s. təxminən
bu şəkildə balanslaşdırılmışdı)
1963-cü ildə məhv etməsi, monoetnik dövlət
quruluşuna cəhdi və bu zəmində yerli türklərə
qarşı həyata keçirilən qırğın əməliyyatları,
həbslər və onların adadan
sıxışdırılıb çıxarılması cəhdləri
durub.
Yunanıstan isə
1974-cü ildə "qara polkovniklər"in dövründə
Kiprə qoşun çıxarıb, prezident- keşiş
Makariosun hakimiyyətini devirib, adada "enozis"
planını (Yunanıstana birləşmə) həyata
keçirməyə çalışıblar, türkləri
adanın cəmi 3 faiz ərazisinə
sıxışdırıblar. Kiprdə türklərə
qarşı soyqırım siyasəti yeridiblər, EOKA
adlı yunan terror təşkilatı türkləri terrora məruz
qoyub. Bunun da müqabilində Türkiyə 1974-cü ilin iyul
ayının 20-də adaya desant çıxarıb və
oradakı türk əhalisinin mövqeyini müdafiə edən
addımlar atıb. Yəni yunanlar türk işğalından
danışsalar da, birinci işğal faktını yunanlar
özləri həyata keçiriblər. Adaya qoşun
çıxarılmasında və münaqişənin
alovlanmasında təhrik edici rolu məhz Yunanıstanda 1967-ci
ildə hakimiyyətə gələn hərbi xunta həyata
keçirib. Qabil bəyin sözlərinə görə, bu
baxımdan Kipr hadisələri ilə Qaoabağ problemi
arasında müəyyən oxşarlıq var. Ancaq
ümumilikdə, Kipr adasının öz spesifikası var. Bu
spesifikası müəyyən dövrlərdə müxtəlif
xarakter daşıyıb. Tutaq ki, Yunanıstanın Kiprə
müdaxiləsi, adada yunan və türk icmaları arasında
toqquşma bir faktdır. Amma sonra Yunanıstan
qoşunlarının Kiprdən çəkilməsi prosesi
baş verir, hakim mövqelər yenə də kiprli
yunanların əlində qalır. Buna da cavab olaraq Türkiyə
adaya qoşun çıxarır və orada türklərin
maraqlarının müdafiəsinə yönəlik hadisələr
baş verir, 1983-cü il noyabrın 15-də Kiprdə müstəqil
bir Türk Cümhuriyyəti elan olunur. Qabil Hüseynli bildirdi
ki, indi dünya bu faktı qəbul etməsə də, tənzimləməylə
əlaqədar BMT-nin sabiq baş katibi Kofi Annanın
hazırladığı plan bəyənilib. Kofi Annan planı
Türkiyəni qane etməsə də, hər halda Qarabağ
probleminə yaxınlaşmayla müqayisədə daha məqbul,
demokratikdir və hadisələrə münasibət tərzi
də kifayət qədər proqressivdir. Məsələn,
planda adada iki icmanın mövcudluğu qəbul edilir. Halbuki
Dağlıq Qarabağın Azərbaycan icması tamamilə
haqq-hesabdan silinib və heç nəzərə
alınmır. Kiprdə nizamlama prosesində hər iki
icmanın maraqlarını əks etdirən polietnik bir
dövlət quruluşunun, siyasi sistemin qurulması təklif
edilir. Məsələn, Kofi Annan planında prezidentin bir dəfə
yunan, növbəti dəfə türk olması nəzərdə
tutulur. O halda vitse-prezident avtomatik ya türk,
ya da yunan
olur. Amma qanunvericilik orqanında
deputatların sayı
adadakı əhalinin sayına proporsional seçilməlidir. Bunu da təbii hesab etmək olar. Çünki yunan əhalisi
türklərə nisbətən
çoxdur. Amma hər halda Kiprlə əlaqədar
Kofi Annan planında təklif
edilən nizamlanma prosesi Dağlıq Qarabağla bağlı təklif olunan nizamlama ilə müqayisədə kifayət
qədər fərqlidir
və türk əhalisinin maraqlarını
müəyyən səviyyədə
nəzərə alır:
"Bu etnik münaqişələrin
tarixi aspektlərində
oxşarlıq var, amma nizamlama ilə bağlı təklif edilən planlarda oxşarlıq yoxdur, hətta diametral əksilik var. Bu da sırf ədalətsizliyin
təzahürüdür. Yəni hadisələrin
anatomiyası etibarilə
oxşarlıq var, problemin həllinə yanaşma tərzində ciddi fərqlər var".
Ramiz Mikayıloğlu
Xalq Cəbhəsi.- 2009.- 27 fevral.- S.5.