1988-ci ilin Sumqayıt hadisələrindən 21 il ötür

 

Ermənilər tarixən olduğu kimi yenə də vəziyyətdən məharətlə bəhrələnə bildilər

 

1988-ci ilin fevralında Azərbaycanın iri sənaye şəhərlərindən biri olan Sumqayıtda baş verən dəhşətli olaylardan 21 il ötsə də, yenə bu məsələdə Azərbaycanın, soydaşlarımızın qətiyyən günahı olmadığını dünyaya tam sübut edə bilməmişik. Fakt budur ki, bu hadisələrdə daha çox günahlandırılan və ən ağır cəzaya məruz qalanlar soydaşlarımız oldu. Sumqayıt hadisələrindən sonra ermənilər daha köklü bəhanə tapdılar, Azərbaycan türklərini dədə-baba torpaqlarından deportasiya etdilər. Sumqayıt hadisələrini Moskva ermənilərlə birgə təşkil etmişdi. Ermənilər Sumqayıt hadisələrindən məharətlə bəhrələndilər. O dövrdə hakimiyyət başında olan Qorbaçovun köməkçilərinin hamısı ermənilər idi. Şübhəsiz, tarix boyunca fürsətcil olan ermənilər bu vəziyyətdən də xeyirlərinə istifadə etdilər.

Tədqiqatçı Teyyub Qurban deyir ki, bu cür hadisələr keçmiş SSRİ zamanında Azərbaycanda vaxtaşırı təşkil edilirdi ki, daim xalqımızın mübarizlik, döyüşkənlik əzmi qırılsın: "1920-ci ildə Rusiya yenidən Azərbaycanı işğal etdi. Rusiya imperiyası Azərbaycanın müstəqil olması istəyi ilə heç cür barışmaq istəmirdi. Vaxtilə 1-ci Pyotrun vəsiyyətləri bolşeviklər tərəfindən də canla-başla yerinə yetirildi. Sumqayıt hadisələri də o dövrdə imperiyanın bu istiqamətdəki maraqlarına xidmət edirdi. Bütün hadisələr əvvəlcədən planlaşdırılmışdı. Son nəticədə günahkar Azərbaycan Türkləri oldu. Əhməd Əhmədovun bütün bu cinayətlərin əsas təşkilatçısı və cinayətkar kimi güllələnməsi bizim bir millət olaraq ekstremist obrazımızın yaradılmasına xidmət edirdi. Zaman keçdikcə bu faciəli hadisə geniş araşdırma mövzusu olacaq, hər şey daha aydınlığı ilə bilinəcək. Ermənilərlə sözün əsl mənasında vuruşa çıxan, milli mənliyimizi qoruyan soydaşlarımızın bu gün adlarını da bilmirik. 20-ci yüzilin sonlarında sonradan başımıza gətiriləcək bütün faciələr əslində Sumqayıt hadisələrindən başladı. Sumqayıt hadisələri baş verdikdən sonra ermənilər Ermənistanda və Dağlıq Qarabağda elə bir əhval yaratdılar ki, türklərlə ermənilər artıq bir yerdə yaşaya bilməzlər. Bu, düşünülmüş bir plan idi. Ermənilər Sumqayıt salınandan bəri tədricən bu şəhərdə məskunlaşmağa başladılar. O dövrdə "Qardaş olub Haystan, Azərbaycan" mahnısı gecə-gündüz oxunurdu, Moskva ermənilərlə birgə xalqımızın başına gətirdiyi müsibətləri unutdurmaq üçün dəridən-qabıqdan çıxırdı. Beynəlmiləlçilik, yalançı qardaşlıq ideologiyası baş alıb gedirdi. Ermənilər heç zaman həyatın bu və ya digər əhəmiyyətli yaradıcı sahəsində qabiliyyət göstərə bilməyiblər. Erməni hara gedibsə, birtəhər başını girələyib, altdan-altdan murdar istəyini həyata keçirməyə başlayıb".

Professor Aydın Abi Aydın deyir ki, zahirən bu hadisələrdə özbaşınalığın olduğunu deyirlər, amma bütün bu işlər əvvəlcədən planlaşdırılmışdı: "Sovet imperiyası türkləri parçalamaq, sarsıtmaq üçün bütün vasitələrə əl atdı. Bütün bu hadisələrin qarşısının alınması bəlkə də mümkün olardı, amma sadə adamlar imperiyanın hansı planları gerçəkləşdirmək istədiyindən xəbərsiz idi. Hər halda o dövrdə "sapı özümüzdən olan baltalar" da bu işdə canfəşanlıq etdilər. Təəssüf ki, bu qanlı olaylar baş verdi. Camaatı qızışdırdılar."

Sosioloq-alim Əhməd Qəşəmoğlunun fikrincə, o dövrdə Azərbaycanda hakimiyyətdə olanlar qlobal hadisələrin mahiyyətini axıra kimi dərk edə bilmirdilər. Hadisələrin qarşısını almaqla qabaqlayıcı tədbirlər görmək, əhali arasında təbliğat aparmaq olardı. Amma hadisələr əhali üçün gözlənilməz və qaçılmaz oldu. O dövrdə dünyaya yeni düzənin gətirilməsi ideyası vardı: artıq SSRİ dağılırdı. Bu zaman SSRİ-nin elə nöqtələrini axtarırdılar ki, o nöqtələr daha ağrılı olsun, zərbə dəyərkən imperiyanın dağılması daha da sürətlənsin. Plan vardı qan tökülsün ki, Azərbaycanda yaşayan ermənilərdə bizə qarşı nifrət hissi yaransın. Sonradan ermənilər bu amillərdən mükəmməl texnologiya kimi beynəlxalq səviyyədə istifadə etdilər. Hadisələrin məhz Sumqayıtda baş verməsi əlverişli bir məkan olaraq seçilmişdi, hər şey əvvəlcədən məharətlə ölçülüb-biçilmişdi".
1988-ci il fevralın 28-də Sumqayıtda baş verən dəhşətli, qanlı olaylar məharətlə ölçülüb-biçilmişdi. Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı, sənaye şəhəri olan Sumqayıtda iğtişaşlar yaratmaqla artıq siyasi dünyanın yeni səviyyədə gündəminə gətirilmiş "böyük Ermənistan" xülyasının gerçəkləşdirilməsi üçün ermənilər tarixən olduğu kimi yenə də vəziyyətdən məharətlə bəhrələnə bildilər. Təəssüf ki, o dövrdə soydaşlarımızın düşmənin provakasiyalarını düzgün anlaya bilməməsi, qızışdırıcı şüarlara uyması, müəyyən hallarda isə şərin planının "təkərciyinə və vintciyinə" çevrilməsi bizi sevməyənlərin əlində onlar üçün əhəmiyyətli bir vasitə oldu. Məqsəd Qarabağa gedən yolu ermənilər üçün açmaq idi. Ermənilər istəklərinə yetmək üçün özlərinə qarşı olan qanlı aksiyanı məmnuniyyətlə başladılar. Azərbaycan türklərini bu işə cəlb etmək üçün əllərindən gələni etdilər.

Sumqayıt hadisələri zamanı iğtişaşlar yaratmaqda günahlandırılan xeyli şəxs həbs olundu. Uzun sürən məhkəmə proseslərindən sonra onlardan yalnız biri - soydaşımız Əhməd Əhmədov SSRİ Ali Məhkəməsinin hökmü ilə güllələnməyə məhkum edildi. Yaxşı yadımdadır, neçə il qabaq Sumqayıtda yaşayan Əhmədovlar ailəsində olmuşdum. O zaman sifətində neçə ilin kədəri olan Əhmədin anası danışırdı ki, Əhmədin atası bu faciəyə tab gətirə bilmədi. Əhməd o zaman Sumqayıtdakı zavodlardan birində fəhlə kimi işləyirmiş. Həmin hadisələrdən çox az sonra onu gəlib evdə həbs etmişdilər. Əhməd nişanlı idi. Nakam gəncə evlənmək qismət olmamışdı. Ana danışırdı ki, o zaman Əhmədin aylarla sürən məhkəməsi zamanı Əhmədovlar ailəsi demək olar, tək qaldı. Moskvadakı məhkəmə zamanı ermənilər dəstə-dəstə gəlir, iştirak edir, çoxlu şahidlər peyda olurdu. İş o yerə çatır ki, vəkil Əhmədə güllələnmə hökmü kəsilməyəcəyi barədə Əhmədovları inandıra bilir. Pulsuzluq, evsizlik ucbatından Moskvada qala bilməyən Əhmədin valideynləri Sumqayıta qayıtmağa məcbur olur. Üstündən aylar keçəndən sonra valideynlər SSRİ Ali Məhkəməsindən Əhmədin güllələnməsi barədə hökmün icra olunduğu barədə sənəd almışdılar.

Tanınmış şair Musa Yaqub deyir ki, Sumqayıt hadisələri bizim əleyhimizə çox məharətli şəkildə təşkil edilmiş qanlı olaylar idi. Ermənilər artıq bizimlə yaşaya bilmədiklərini dünyaya sübut etmək üçün bu hadisəni törətdilər. Hər halda müəyyən məqamlarda baş verə biləcək hər cür təhlükəli hadisələrdə necə hərəkət edəcəyimiz bizim üçün təfərrüatı ilə aydın deyildi. Erməni həmişə müxtəlif sifətlərə düşməyi bacarıb. Uzun illər ərzində onlar türkün qaniçənliyi barədə hədyanlarla dünyanın qulağını doldurmuşdular. Heç də təsadüfi deyil ki, guya Sumqayıtda qətliama məruz qalan ermənilər haqda xəbərləri elə onların özləri də dünyaya çatdırdılar. Sumqayıt hadisələri sözün böyük mənasında bizim üçün ayıqlıq nöqtəsi olmadı. Nəticədə ermənilər bu məqamdan başlayaraq mərhələ-mərhələ daha fəal şəkildə hücuma keçdilər, sonda müəyyən mənada istəklərinə nail oldular. Sumqayıt hadisələri o dövrdə Moskvada çıxan qəzetlərdə, eləcə də Azərbaycan mətbuatında demək olar, ziyanımıza əksini tapdı. Təəssüf ki, bu yöndə ittihamlara vaxtında cavab verilmədi. Ədəbiyyatımızda bu yöndə hadisələr kifayət qədər ifadəsini tapmayıb. Təəssüf ki, bir millət olaraq ayılma prosesi bizdə həmişə ləng gedir. Çox gec ayılmağımız ən böyük səhvlərimizdən biridir. İtirdiklərimizi qaytarmaq bizim üçün çox çətin olacaq".      

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 28 fevral.- S.14.