Dünyanın iqlim
xəritəsi dəyişir
Qlobal istiləşmənin təsirləri
özünü Azərbaycanda da göstərir
Əgər bəşəriyyət
planetdə aramsız temperatur yüksəlişinin
qarşısını ala bilməsə, sivilizasiyamız
tezliklə öz sonunu qarşılamalı olacaq. Az əvvəl
bu fikri uzun illər ABŞ-da Kosmik Uçuşlar Mərkəzində
(NASA) və Kolumbiya Universitetində
çalışmış italiyalı alim Vittorio Kanuto səsləndirib.
Onun sözlərinə görə, indi sənaye və
avtomobil tullantıları formasında atmosferə atılan
karbon qazının 50 faizini okean yosunları udur. Yosunların
bu funksiyası suyun temperaturunun yüksəlməsi və nəticədə
maddələr mübadiləsinin zəifləməsi
hesabına ilbəil azalır. Vittorio Kanuto qlobal istiləşmənin
daha bir fəsadı olaraq buzların əriməsini
xatırladıb. Bu da gələcəkdə dünyada okeanlar
sahilində yaşayan 50 milyona qədər insanın
ev-eşiksiz qalmasına gətirib çıxara bilər.
Son araşdırmalar alimin haqlı olduğunu göstərir. Əgər əvvəlki tədqiqatlar
Antraktidanın qlobal istiləşmədən heç
bir şəkildə
"təsirlənmədi"yini, 1950-ci ildən bəri bəzi qismlərinin daha da soyuqlaşdığını
göstərirdisə, sonuncu
tədqiqat təhlükəli
prosesin çoxdan başlandığını, alimlərin
yanıldığını üzə çıxarıb.
Vaşinqton Universitetinin iqlimşünası
Erik Steyq və yoldaşlarının bu soyuq qitənin Vostok gölü və və cənub qütbündə
qurduqları stansiyalarda
qeydə alınan nəticələr çaşdırıb.
Heç demə,
1957-ci ildən bəri
Antraktidada havalar 0,55 santiqrat dərəcə
isinibmiş. Qitənin -50 dərəcə soyuq hökm sürdüyü şərq
qismi ilə müqayisədə qərb
qismi ikiqat dah çox isinib.
Bu arada o da məlum olub
ki, Antraktidanın ən böyük buz kütlələrindən
biri olan, sahəsi min kvadrat kilometrlərlə
ölçülən Wikins buz kütləsini qitəyə
bağlayan son parça da ərimək üzrədir. Wikins
buz parçasını 1950-ci illərdə Antraktidaya 100
kilometr genişlikdə olan bir nöqtə bağlayıb. Bu
gün həmin bağlantı nöqtəsi 500 metrə qədər
əriyib. Britiç Antarctic Survey (BAS)
araşdırmaçısı David Vauqhan nəhəng Wikins
buz kütləsinin hər an qitədən qoparaq Dünya
Okeanında yolçuluğa çıxa biləcəyini dilə
gətirib.
Digər tərəfdən,
Wikins buz kütləsinin özü də əriməkdə və
sahəsinin bir hissəsini itirməkdədir. Bir zamanlar 16 min
kvadrat kilometr sahəsi olan bu buz parçasının
günümüzdə üçdə biri artıq əriyib.
Ötən 50 il ərzində
Antraktidadan 9 nəhəng buz kütləsinin qopduğunu
söyləyən tədqiqatçılar bu
parçaların Dünya Okeanında sürətlə əriyərək
yox olduqlarını xatırladırlar. Bu günə qədər
ümumilikdə 25 min kvadrat kilometr sahəsi olmuş buz
kütlələri qitədən qopub və dünyanın xəritəsinin
böyük ölçüdə dəyişməsinə səbəb
olublar. Məsələ sözsüz ki, Yer kürəsinin cənub
qütbündə yerləşən Antraktida qitəsi ilə
yekunlaşmır. Şimal qütbündə də vəziyyət
yaxşı deyil. Arktika hazırda yer kürəsində olan ən
sürətli iqlim dəyişikliyini yaşayır. 81 faizi
buzlaqlarla örtülü və dünyanın ən
böyük adası olan Qrenlandiyada da həyat tərzi xeyli dəyişib.
BMT-nin məruzəsinə əsasən, Qrelandiya ərazisində
temperatur gələcək illərdə iki dəfə artacaq
və şirin suyun böyük əksəriyyəti
buzlaqların əriməsi nəticəsində dünya
okeanına axacaq.
Fritov Hansen adına
institutu təmsil edən norveçli alimlərin
hesablamalarına görə, Şimal Buzlu okeanın
buzluluğu hər 10 ildən bir 5 faiz azalır. Buz
örtüyünün azalmasına səbəb təkcə
iqlimin dəyişməsi yox, həm də isti Qolfstrimin -
Şimali Avropanın sirkulyasınının dəyişməsidir.
Bütün bunlar da dünya su hövzəsindəki suyun səviyyəsini
qalxması deməkdir. Beləliklə, hər il dünya
okeanında suyun səviyyəsi 3 millimetr artır.
Qeyd edək ki, Karbon
dioksid (CO2) qlobal istiləşmənin arxasında dayanan ən
əsas parnik qazıdır. Faydalı qazıntılar kimi hasil
olunan neft, qaz və kömür çoxlu miqdarda atmosferə
SO2 ixrac edir və bu da istiliyin artmasına səbəb olur. Əgər
qlobal istiləşmənin qarşısını alınmasa,
daha ciddi problemlərlə üzləşəcəyik.
Karbondan daha az istifadə etmək üçün insanlar
ictimai nəqliyyatdan istifadəyə üstünlük verməli,
təbii enerji qaynaqlarından yararlanmalıdırlar. Yəni,
neft və qazdan bir yanacaq kimi istifadə
azaldılmalıdır. Təkcə karbon qazının
üstündə dayanmaq olmaz. Sulfid və dəm
qazının, benzapirenin, azot, his oksidlərinin, ağır metalların
və s. atmosferə atılması da azaldılmalıdır.
Xatırladaq ki,
1990-cı ildə bəzi ölkələr 2012-ci ilədək
karbon qazı tullantılarının 5 faiz azaldılması
barədə Kioto protokolu imzalayıb. Deməli, xilas formulu
var. Qalır bütün dünya ölkələrinin məsələni
ciddiyə alıb, işə başlamaları.
Yeri gəlmişkən,
ekoloqların proqnozuna görə, qlobal iqlim dəyişikliyi
nəticəsində Azərbaycanın da sahilində yerləşdiyi
Xəzər dənizinin səviyyəsinin lap yaxın illərdə
bir metr qalxacağı gözlənilir. Ekspertlərin
hesablamalarına görə, Bakı şəhərində, təkə
Abşeron yarımadasında məişət
tullantıları və zibilxanalar havanın orta temperaturunun 1
dərəcə dəyişməsinə səbəb olub. Azərbaycanda
iqlim şəraitinin fəsil və ərazi üzrə dəyişmələri
müxtəlifdir. Qış fəslində ölkə ərazisi
üzrə əhəmiyyətli dərəcədə istiləşmə
gedir. Yazda isə soyuma baş verir. Tədqiqatlar göstərir
ki, son 100 ildə temperatur Bakıda 0,8, Zaqatalada 0,7,
Naxçıvanda 0,9, Qubada 1,3, Salyanda 0,7 dərəcə
artıb. Ümumiyyətlə, 1960-1990-cı illər ərzində
bütün Azərbaycan ərazisi boyu 0,3-0,6 dərəcəyə
qədər istiləşmə gedib,
yağıntıların miqdarı isə 18 faiz azalıb.
Nuranə Tofiqli
Xalq cəbhəsi.- 2009.- 27 fevral.- S.13.