Yüzlərlə abidələrimiz məhv edilib

 

       Bir çoxları isə cidd-cəhdlə "erməniləşdirilib"

 

Xüsusən 19-cu yüzilin əvvəllərindən başlayaraq əzəli türk məskəni olan Azərbaycanın torpaqlarında məskunlaşaraq daim bu torpaqlara sahiblənmək arzusu ilə yaşayan ermənilər ötən müddət ərzində hər cür qaniçənliyə, murdarlığa əl atıblar. Xüsusən son Qarabağ davası zamanı ermənilər hazırda işğal altında saxladıqları torpaqlarımızda soydaşlarımıza qarşı amansız terror əməliyyatları həyata keçiriblər, həmin torpaqlarda insanı dəhşətə gətirən vandalizm aktları törədiblər. Əzəli türk məskəni Qarabağda tarixi qədimliyimizdən soraq verən yüzlərlə abidələr məhv edilib, izi-sorağı itirilib, bəziləri isə cidd-cəhdlə "erməniləşdirilib". Deyək ki, dünya bizim həqiqətlərimizi qəbul etmək, inanmaq istəmir, ermənilərin halı siyasi dünyanın halına çox uyğundur. Amma bu, o deməkdirmi ki, əlimiz qoynumuzda durmalıyıq? AMEA-nın müxbir üzvü, tanınmış tədqiqatçı-alim Məşədixanım Nemət zaman-zaman ermənilərin başımıza gətirdikləri faciələrdən söz açaraq bildirir ki, ermənilər Azərbaycanın torpaqlarında zaman-zaman məskunlaşdıqca əllərindən gələni ediblər ki, həmin ərazilərdə olan çoxlu sayda türklükdən xəbər verən tarixi abidələrin, ümumiyyətlə, soraqların izini itirsinlər. Onların dağıdıb viran qoyduqları çoxsaylı abidələr barədə təəssüf ki, dünya xəbərdar olmaq istəmir, ancaq ermənilərin hay-küyünə tez inanır.

Hələ neçə il qabaq Azərbaycan Milli Elmlər Akademiyası hazırda ermənilərin işğalı altında olan tarixi torpaqlarımızda məhv etdikləri, eləcə də öz adlarına çıxdıqları tarixi abidələr barədə məlumatlar hazırlayıb: "Hələ 1961-ci ildə indi Ermənistan ərazisində qalan tarixi Urud kəndində yaddan çıxıb qalmış, qeydə alınmamış tarixi türk abidələrini, həmçinin türk qəbirlərini qeydə aldım, bu barədə məlumatı elmi ictimaiyyətə təqdim etdim. Erməni alimləri Akopyan, Xaçaturyan, Papazyan və başqaları ardıcıl olaraq əleyhimə yazmağa başladılar. Onlar sübut etməyə çalışırdılar ki, guya bu abidələrin türkə aidiyyatı yoxdur. Amma sonda məğlub oldular, çünki elmi əsasları yox idi. Elm də ki, fakt sevir. Ermənilər görəndə ki, indiki Ermənistan ərazisində mövcud olan çoxsaylı türk abidələrinin özlərinə məxsus olduğunu sübut edə bilmirlər, o zaman bu abidələri kütləvi şəkildə məhv etməyə başladılar. Onlar 1988-ci ilə kimi bu yöndə istəklərini aşkar, ya gizli şəkildə tədricən həyata keçirirdilər. Ancaq 1988-ci il hadisələri zamanı 200 mindən çox Azərbaycan Türkü tarixi dədə-baba torpaqlarından deportasiya olunduqdan sonra bu sahədəki azğınlıqlarını ehtiyatlanmadan, tamamilə açıq şəkildə gerçəkləşdirməyə imkan tapdılar."

Urud abidələrini diqqətlə araşdıran Məşədixanım Nemət bildirir ki, bu abidələr 15-16-cı yüzillər türk ruhundan yadigardır: "Həmin zonada İpək yolunun üstündə böyük bir karvansara vardı. Oradakı abidə başdan-başa türk ruhundan soraq verir. Ermənilər deyirlər ki, yox, bu, əsl erməni abidəsidir." Yeri gəlmişkən, xatırladaq ki, Məşədixanım Nemətin barəsində danışdığı məşhur karvansaray haqqında Kamil Dərələyəzlinin "Dərələyəz od içində" adlı kitabında ermənilərin oğurluğunu sübat edən kifayət qədər tutarlı faktlar öz ifadəsini tapıb. Karvansaraya giriş hissəsində, qapının baş tərəfində ərəb dilində böyük bir kitabə var. M.Nemət bildirir ki, həmin kavansaraydakı ərəb dilində olan lövhə eynən Zəngilan rayonundakı türbənin üstündəki kitabəyə oxşayır: "Yəni kitabə eyni üslubla yazılıb. Bu isə kitabənin ermənilərə məxsus olması fikrinin cəfəngiyyat olduğunu sübut edir. Zəngilandakı türbə 1305-ci ildə tikilib. Karvansarayın tarixi isə 1318-ci ilə təsadüf edir. Mən qəti əmin oldum ki, bu abidələrin hər ikisi bir memarın əlindən çıxıb."

Tarixən ermənilər türk ruhuna və soraqlarına qarşı hədsiz amansızlıq nümayiş etdirsələr də, türk heç zaman bir millət olaraq sifətini dəyişməyib, həmişə mərd hərəkət edib, düşmənlə üz-üzə gələrək döyüşməyi hər şeydən üstün tutub, ona arxadan zərbə endirməyi ləyaqətinə sığışdırmayıb. Məşədixanım Nemət daha sonra deyir ki, ermənilər bu torpaqlara yaxın tarixdə gəldiklərini özləri də son vaxtlara qədər etiraf edirdilər: "Onlar sovet dövründə o vaxtkı Dağlıq Qarabağa gəlmələrinin 150 illiyini təsdiq edən abidə qoymuş və onu geniş şəkildə bayram etmişdilər. 1988-ci il hadisələrindən az sonra ermənilər həmin abidənin izini itirdilər ki, bu torpaqlara sonradan gəlmə olduqları bilinməsin. Mən Qarabağ torpağında olan tarixi türk abidələrinin hamısını öyrənmişəm, yazıya almışam. Bu abidələr barədə vaxtaşırı elmi araşdırmaların nəticəsi kimi mətbuatda ardıcıl olaraq çıxış edirdim. Erməni alimləri mənə qarşı tutarlı faktlar gətirməyə çalışdılarsa da, öz "həqiqətlərini" sübuta yetirə bilmədilər. Yazılarımda, çıxışlarımda ermənilərin türk torpaqlarında törətdiyi bütün vəhşiliklər, həmçinin tarixi abidələrimizi məhv etmələrinə dair məlumatlar vermişəm. Etiraf edək ki, bu gün erməni lobbisi dünyanın hər yerində fəaliyyət göstərir və çox güclüdürlər. Onlar hər yerdə erməni "həqiqətləri" barədə cəfəngiyyat yaymağı özlərinin borcu hesab edirlər. Bu məqsədlə müxtəlif ölkələrdəki tanınmış siyasətçiləri, elm adamlarını daim öz tərəflərinə çəkməyə çalışır və əksər hallarda buna nail olurlar. Ona görə də tarixi abidələrimiz haqqında olan soraqları daha diqqətlə öyrənməli, araşdırmalı və bunların təəssübünü çəkməliyik. Hər halda etiraf edək ki, əksər məqamlarda düşmənlərimiz bizdən çox ayıq olublar. Onlar bizim müəyyən məqamlarda laqeydliyimizdən, məsuliyyətsizliyimizdən məharətlə istifadə ediblər. Vaxtilə Papazyan adlı alimin kitabında yuxarıda haqqında danışdığım tarixi abidələr erməni abidələri kimi təqdim edilirdi. Lakin mən həmin kitabda Papazyanın əsaslandıra bilmədiyi məqamları qabartdım, sübut etdim ki, o, yalan deyir. Burada bir cəhəti qeyd etmək istəyirəm. Yaxşı ki, həmin dövrlərdə bütün məşhur tarixi abidələrimizin şəkillərini çəkmiş və həmin abidələrin üzərindəki kitabələri olduğu kimi yazıya almışam".

Məşədixanım Nemət Borçalıdakı tarixi abidələrimizi də vaxtilə öyrəndiyini bildirir. O, Güney Azərbaycandakı tarixi soraqlarmızın oradakı soydaşlarımız tərəfindən öyrənildiyini, bu barədə araşdırmaların aparıldığını böyük bir məmnunluqla dilə gətirir: "Təbiidir ki, həmin abidələr türk ruhunun məhsuludur, amma daş kitabələrin üzərindəki mənbələr ərəb və farscadır. Güney Azərbaycanda ardıcıl olaraq farslaşdırma siyasətinin aparılması soydaşlarımızın milli soraqlarımıza ciddi münasibətinin yaradılmasına böyük maneə törədir. Mən arzu edirəm ki, Azərbayanda tarixi abidələrimizin öyrənilməsi, bu soraqların soydaşlarımıza, türk dünyasına, ümumiyyətlə, dünyaya çatdırılması yönündə bundan sonra da ardıcıl işlər görülsün. Əgər bu cür soraqlarımıza daha ciddi şəkildə sahib çıxarıqsa, o zaman ermənilər heç bir halda bu torpaqlara sahib olmaları barədə cəfəng iddiaya düşməyə belə cəsarət edə bilməzlər."

 

 

Elçin Qaliboğlu

 

525-ci qəzet.- 2009.- 2 iyul.- S.14.