"Folklor xalqın taleyidir"
1930-cu illərdə
millətin folklorşünasları
da amansız şəkildə məhv edilib
Bu
gün xalqın, dövlətin mənəvi
dayaqlarının daha da möhkəmlənməsi
yönündə folklorun gərəkliyi gündən-günə
artır. AMEA Folklor İnstitutunun direktoru, tanınmış
folklorşünas-alim, professor Hüseyn İsmayılov folkloru
xalqın, fərdin, etnosun, xalqın yaddaşı kimi təsnif
edir, xalqın varlığının söz və sənət
kodları ilə onun yaddaşında inikas olunduğunu
bildirir: "Folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun
milli yaddaşa nə dərəcədə
bağlılığından asılıdır. Yaddaşına
qayıda bilən xalq onu millətlər içində millət
edən zirvəyə qalxa bilir. Hər bir xalqın bir millət
kimi bütövlüyü, ölkə kimi tamlığı
və təhlükəsizliyi etnokosmik yaddaşın onu
hansı şəkildə ayaqda saxlamasından birbaşa
asılıdır. Azərbaycan
folklorşünaslığının çağdaş
durumunu obyektiv şəkildə səciyyələndirmək
üçün onun işini ilk növbədə keçən
yüzildə görülmüş işlərlə
müqayisə etmək lazım gəlir".
İsmayılov
son yüzildə, daha konkret desək, XX yüzildə Azərbaycan
folklorşünaslığının nəzəri-praktiki nəticələrini
belə yekunlaşdırır: "Ötən yüzilin əvvəllərində
Azərbaycan folklorunun toplanması uğrunda millətin fədai
ziyalıları, sözün gerçək anlamında,
ağır bir mübarizə apardılar. "Yoxdur millətimin
xətti bu imzalar içində" məfkurəsini əldə
rəhbər tutub, millətimizin mənəviyyat
imzasını imzalar içində bərqərar etmək
üçün hər cür çətinliyə sinə gərdilər.
Çoxsaylı folklor mətnləri toplandı və
çap edildi. 1920-30-cu illərdə Azərbaycan
folklorşünaslığı elmi-nəzəri baxımdan
inkişaf etdi. Azərbaycana dəvət edilmiş sovet alimləri
burada özlərinin tədqiqatlarını davam etdirməklə
gənc Azərbaycan folklorşünaslarının nəzəri
biliklərinin formalaşmasına həm mənəvi, həm
də təcrübi baxımdan istiqamət verdilər. 1930-cu illərdə
millətin intellektual potensialının qaymaqları, o cümlədən
folklorşünasları amansız şəkildə məhv
edildi və Azərbaycan
folklorşünaslığının bütün səviyyələr
üzrə mütərəqqi inkişafına balta
çalındı. Elə həmin illərdən
başlamaqla sovet imperiyasına sədaqətlə qulluq edən
folklorşünaslar formalaşdırılmağa
başladı. Onların vəzifəsi Azərbaycan folklorunu
sovet-sosialist ideologiyasının standartlarına
uyğunlaşdırmaqdan, bu alınmadıqda isə,
ümumiyyətlə, saxta folklor mətnləri yaratmaqdan ibarət
idi. Həmin dövrdə Azərbaycanın mütərəqqi
folklorşünasları öz fəaliyyətləri çərçivəsində
folkloru və folklorşünaslığımızı xilas
etməyə cəhd göstərsələr də,
onların təşəbbüsləri kütləvi fəaliyyətə
çevrilməyərək, azsaylı folklor nəşrləri
və tədqiqatlarından irəli getmədi. AMEA-nın
Folklor İnstitutu tarixin süzgəci rolunu oynayaraq XX
yüzillə XXI yüzilin, XX minilliklə XXI minilliyin
arasında dayanıb, bütöv bir epoxanı öz
içindən keçirdi və millətin bu sahədə gələcəyinə
gedən işıqlı yolun əsasını qoydu".
H.İsmayılov
qeyd edir ki, qısa müddətdə "İlkin folklor nəşrləri"
seriyasından neçə-neçə kitablar çap edilərək
xalqa qaytarılıb. Xüsusilə 1930-cu illərin qanlı
repressiyalarının qurbanı olmuş S.Mümtaz, Ə.Abid,
H.Əlizadə, V.Xuluflu, B.Behcət və bu kimi millət fədailərinin
folklorşünaslıq irsi çap olunmaqda və
haqlarında araşdırılmalar aparılmaqdadır.
XX
yüzil Azərbaycan folklorşünaslığının əldə
etdiyi elmi-nəzəri təcrübə Folklor İnstitutu
üçün heç də onun biganə
qaldığı mərhələ yox, məhz üz
tutduğu, öyrəndiyi, intellektual fəaliyyətini onun
bütün tərəfləri səviyyəsində modelləşdirib
müasirləşdirdiyi təcrübədir. Elə bir təcrübə
ki, özünün bütün uğurlu və qüsurlu,
yararlı və yararsız, faydalı və zərərli tərəfləri
ilə bu gün aktualdır. Folklor İnstitutu XX yüzil Azərbaycan
folklorşünaslığının bütün mütərəqqi
ənənələrinin varisi və
davamçısıdır. AMEA Folklor İnstitutu
yarandığı gündən çox böyük işlərə
imza atıb, folklorumuzun toplanması, nəşri və tədqiqi
istiqamətlərində çoxsaylı işlər
görüb. Həmin işlərin sayı və
çeşidi zəngindir".
H.İsmayılov
bildirir ki, "Azərbaycan Folkloru Külliyyatı"nın
nə vaxtsa poliqrafik-fiziki baxımdan tamamlanması
mümkündür. Lakin xalqımızın mənəvi-milli
həyatının ən böyük hadisələrindən
biri olacaq bu proyektin fəlsəfi baxımdan tamamlanması
mümkünsüzdür: "Azərbaycan xalqının
folklor yaradıcılığı bitməz-təkənməzdir".
AMEA Folklor İnstitutunun yarandığı gündən
gördüyü işlər barəsində qısaca məlumat
verən H.İsmayılov deyir: "Folklor İnstitutu
respublikamızda folklorun toplanması, nəşri və
öyrənilməsi ilə bağlı rəsmi dövlət
qurumu, Milli Elmlər Akademiyasının müstəqil
institutudur. Ölkədə aparılan
folklorşünaslıq işlərinin hamısı bu
institutda koordinasiya olunur. Bu baxımdan, Azərbaycan
folklorşünaslıq elminin çağdaş
simasını bütün səviyyələr üzrə
institutumuz təşkil edir".
İnstitutda
ötən illər ərzində onlarla sanballı tədqiqat
işləri müdafiə olunub. Bu baxımdan, AMEA Folklor
İnstitutu Azərbaycanda folklorşünas kadrların
hazırlandığı mərkəzdir: "İnstitut
yarandığı gündən coşğun şəkildə
Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi
işi ilə məşğuldur. İnstitutda çox zəngin
folklor arxivi yaradılıb. AMEA Folklor İnstitutu folklor mətnlərinin
çapını iki əsas nəşrlə həyata
keçirir: "Azərbaycan folkloru antologiyası" - bu,
regional-məhəlli folklor antologiyasıdır. Artıq
çoxsaylı cildləri çapdan çıxıb. Burada
Azərbaycanın Göyçə, Şirvan,
Naxçıvan, Şəki, Qaraqoyunlu, Gəncəbasar,
Muğan və s. bölgələrinin folkloru həmin folklor
mühitləri üçün xarakterik olan bütün
janrlar səviyyəsində təqdim olunur. İkincisi, "Azərbaycan
Folkloru Külliyyatı"dır.
AMEA
Folklor İnstitutu respublikada folklora dair aparılmış tədqiatları
iki nəşrlə gerçəkləşdirir. "Azərbaycan
şifahi xalq ədəbiyyatına dair tədqiqlər" məcmuəsi
keçən əsrin 60-cı illərinin əvvəlində
fəaliyyətə başlayıb. Sovet dönəmində cəmi
yeddi sayı çapdan çıxıb. AMEA Folklor
İnstitutu yaradıldıqdan sonra artıq məcmuənin
28-ci cildi çap olunub. Bu, Azərbaycanda
folklorşünaslıq sahəsində ən nüfuzlu
akademik nəşrdir. Burada çap olunan tədqiqat işləri
Azərbaycan folklorşünaslıq elminin simasını təşkil
edir. "Dədə Qorqud" dərgisi yeni yüzilin əvvəlindən
nəşrə başlayıb. Burada folklorşünaslıq
tədqiqatları, folklor mətnləri çap olunur. Jurnal həm
də Azərbaycan və türk dünyasının folklor həyatını
işıqlandırır. İnstitut hər il "Ortaq
türk keçmişindən ortaq türk gələcəyinə"
adlı beynəlxalq folklor konfransı (simpoziumu) keçirir. Bura
dünyanın hər yerindən folklorşünas alimlər dəvət
olunur. Konfransın materialları dərhal çap olunaraq
oxucuların ixtiyarına verilir. Folklor İnstitutu bu konfransla
dünya folklorşünaslarını bir araya gətirir və
ümumtürk folklorşünaslığının
inkişafına böyük təkan verir. Qarşıda isə
böyük vəzifələr durur. Azərbaycanın
dövlət müsətəqilliyi möhkəmləndikcə
onun milli-mənəvi dayaqlarından biri olan
folklorşünaslıq elmi də durmadan inkişaf edəcək".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 3 iyul.-
S.14.