Bütöv Azərbaycan eşqli Babək Xürrəmdin

 

      Babəki xatirəmizdə yox, əməllərimizdə yaşatmalıyıq

 

Bir neçə il əvvələdək hər ilin iyul ayında Güney Azərbaycanda Xalq Qəhrəmanı, ölməz Babək Xürrəmdin şərəfinə Bəzz qalasına (o qalaya xalq arasında Babək qalası da deyilir) möhtəşəm yürüşlər keçirilirdi. Bu yürüşlərin dönəmi cəmi bir neçə il olsa da, Güney Azərbaycandakı soydaşlarımızın ağlında, ürəyində silinməz izlər buraxdı.

Məsələyə daha dərindən yanaşdıqda müəyyən qənaətlər üzə çıxır: əvvəla, Babəkə münasibət xalqımızın müəyyən dövrdə yaşanmış qəhrəmanlıq tarixinə müraciətdir. Soydaşlarımızın bu tarixə isti, yaşarı münasibəti nə qədər uca olsa da, hər an dəyişilən tarixi gedişatdan daim bir xalq olaraq üstün olmaq məsuliyyətimizi unutmamalıyıq. Yəni görəsən, əməllərində, istəklərində təpədən-dırnağacan türkə qarşı olan dünyaya qarşı necə döyüşürük, xəlqi varlığımızı ardıcıl, sarsılmaz təsdiq edə bilirikmi?

Çağdaş dönəmdə İranda baş verən hadisələr çalxalandıqca daha çox zərbənin orada yaşayan soydaşlarımıza dəyməsinin hesablanması göz önündədir. Azərbaycan Türkləri tarix boyunca ümumirian hərəkatına qatıldıqları dərəcədə itiriblər. Konkret olaraq ötən yüzilin əvvəllərində Məşrutə Hərəkatını yaradan Səttarxan oldu. Azərbaycan türklərinin bu hərəkatda necə hünər göstərdikləri fars şovinistlərinə də gözəl aydındır. Ancaq Səttarxan məharətli bicliklə məhv edildi, Məşrutədə misilsiz hünərlər göstərən soydaşlarımız sarsıdıldı, döyüş əzmi qırıldı, məhv edildi.

Ona görə nə qədər çətin olsa da, öz mübarizə yönümüz, yolumuz olmalıdır. Ümumirian hərəkatlarına qatılmadığımız dərəcədə daim daxildən böyüməli, xəlqi möhtəşəmliyimizi təsdiq etməliyik. Xalq o dərəcədə daxilən böyüməlidir ki, ciddi, yenilməz tələbkeş səviyyəsində olsun. O zaman hər addımda gözlənilən qırğınların da qarşısı alınar. Güney Azərbaycanda hər qanlı olaylardan sonra soydaşlarımızın necə sarsıldığı göz önündədir.

Möhtəşəm Babək Xürrəmdə də elə bu uca duyğulardan baxılmalıdır ki, bənzərsiziyi bir daha bilinsin. Tariximizin şanlı, bənzərsiz səhifəsidir Babək Xürrəmdin. Onun qəhrəmanlığı nəinki bir yüzilə sığmır, üstəlik bütün dövrləri və zamanları aşır. Babək Xürrəmdin xəlqi azadlıq uğrunda apardığı uzunmüddətli döyüşlər hələ də soydaşlarımız tərəfindən ömürləşməyib, bu insani, ölümsüz əməllərin qiyməti bilinməyib. Zaman-zaman türk tarix yaratdıqca, özünəməxsus qəhrəmanlıq ənənələrini sıraladıqca təəssüf ki, bu əməllərin kitablaşdırılması, sabaha çatdırılması ənənəsi baş verməyib. Bu gün biz tariximizin keçmiş, qədim dönəmləri haqqında daha çox başqalarının yazdıqlarından bəhrələnirik. Çox maraqlıdır ki, daha çox bizi sevməyənlər tariximizi yazıblar. Ancaq bu kitabların, ayrı-ayrı tarixi hadisələrin necə yazılması təhlil edildikdə aydın olur ki, kin, qərəz, türkə qarşı düşmənçilik adına nə varsa, kifayət qədər bu mənbələrdən tapmaq mümkündür. Azərbaycan Türkü bu gün böyük ənənələrindən ayrıldığı, tarixinə, qədim, bənzərsiz irsinə sahib durmadığı dərəcədə qəribdir, bu səbəbdən də özündən ayrılmış vəziyyətdədir. Müəyyən məqamlarda faktsızlıq, tariximizi daha çox başqaları yazdığı üçün onların fikrinə istinad etmə əksər hallarda Azərbaycan aydınlarının əl-qolunu bağlayır.

Azərbaycan tarixində özünəməxsus yeri olan, dünya hərb tarixində möhtəşəm döyüşkənliyi və bənzərsizliyi ilə yeni bir səhifə yaradan Babək Xürrəmidin bu gün kifayət qədər ömrümüzdə yer tutmaması düşündürücü bir məsələdir. Tarixi silsilə ilə yanaşsaq, Zərdüştün özümüzəməxsusluğunu, yəni türk olmasını hər halda qiymətləndirmirik. Unuduruq ki, "Təmiz söz, Təmiz fikir, Təmiz əməl" ideyası yalnız türk ruhundan yarana bilərdi. Makedoniyalı İskəndər Zərdüştün "Avesta"sının əksəriyyətini yandırdı, məhv etdi. Sonradan ərəblər də "Avesta"nın başına çox oyunlar açdılar. Lakin bütün bunlar "Avesta"nın türk ruhunun məhsulu olmasını pərdələyə bilmədi. Faktdır ki, müasir dövrdə mövcud olan dinlər, dünyabaxışları mahiyyətcə təməlini, ilkin qaynağını "Avesta"dan götürür. Babəkliyimiz Zərdüşt ruhu ilə sıx şəkildə bağlıdır. 23 il azman ərəb xilafəti ilə döyüşən, qətiyyən sarsılmayan, əksinə, xilafəti sarsıdan bir güc kimi Babək türkün əzəmətini sübut edə bildi.
Hər halda çox düşündürücüdür. Türkün başına bu qədər fəlakətlər gəlib, onu sözün əsl mənasında zaman-zaman məhv etmək istəyiblər. Amma türk qalxıb və Zərdüştü, Babəki, Nəsimini, Səttarxanı verib. Həqiqətdir ki, hələ də tarixi dəyərlərimizə yiyə dura bilmirik, bu dəyərlərimizdən istənilən səviyyədə bəhrələnmirik. Dini dəyər - milli dəyər deyil. Milli dəyər - millətin mənəvi, əxlaqi, idraki səviyyəsinin ifadəsi olub, xalq həyatının, mədəniyyətinin, incəsənətinin bütün sahələri haqqında sistemli fikirlərin məcmuyu, bunların ali mahiyyətidir. Milli dəyər - millətə məxsus olan, onun ruhundan yaranan dəyərdir. Bu mənada Babəklik Azərbaycanın ölməz milli dəyəridir, keyfiyyətidir.

Əgər bir xalq öz tarixinə, qədimliyinə biganədirsə, onun sabahını yaratması tam şəkildə mümkün olmaz. Digər tərəfdən də bu qədər böyük milli dəyərlərimiz var, amma hələ ki, qaranlıqdan çıxa bilmirik. Çünki dəyərlərimizə yiyəlik edə bilmirik.

Görəsən, Babəkin ənənəsinin, döyüşkənliyinin, yenilməzliyinin qəhramınlıq nümunəsinə çevrilməsi üçün nə etməliyik? Bu gün Bakıya qədəm basan hər bir əcnəbi görəsən, Babək Xürrəmd kimi yenilməz bir qəhrəmanın Vətəninə gəldiyini hiss edirmi, daha doğrusu, biz gələnlərə bunu hiss etdirə bilirikmi? Sovet dövründə Babək haqqında xeyli bədii, musiqi əsərləri yazılıb, bu yöndə elmi - tarixi araşdırmalar aparılıb. Azərbaycanın sovet ideologiyasının buxovlarından azad olduğu, müstəqillik qazandığı yeni dönəmdə Babək mövzusuna istər-istəməz yeni səviyyədə, daha yaradıcı yöndə yanaşmağımız olduqca zəruridir. Babək sadəcə, bir üsyançı olmayıb. O, sözün böyük mənasında türk sərkərdəsi, fiolosof, həmçinin Xürrəmdinlik inancının yaradıcısıdır. Ehtimal etmək olur ki, Babəkin həm də kitabları varmış. Lakin ərəblər Bəzz qalasını işğal edərkən ondan demək olar, heç bir soraq qoymayıblar, Babəkə aid olan nə varsa, hamısını məhv ediblər. Hər halda Azərbaycan türkü Vətəninin azadlığı uğrunda gecə-gündüz döyüşən, yenilməyən Babəkimizə qarşı olan bu kini heç zaman unutmamalıdır. Biz kinli millət deyilik, kini vüqarımıza sığışdırmarıq, ancaq Babəkə həqarət yapan ərəb xalqına hesabımız var. Əgər Babəkimizin təhqiramiz şəkildə edamı ilə hər şey qurtarsaydı, o zaman yenə dərd yarı idi. Əslində Babək Hərəkatı faktiki olaraq məğlubiyyətə düçar olduqdan sonra yüzillər boyunca ərəb tarixçiləri Xürrəmidinlik Hərəkatının təsirini heç eləmək, Babəki bir tarixi sima olaraq tamamilə aşağılamaq yönündə iş görüblər. Guya ki, Babək kefcil imiş, Xürrəmilər ümumiçiliyə əsaslanırmışlar, Babəkin valideynləri haqqında ardıcıl yanlışlıqlar yaratmaq meyli və s. Böyük bir xilafət yaradan, ta Hindistanadək uzanmış imperiyanın nemətlərindən dadan ərəblərə dov gəlmək üçün mübarizə aparan, imperiyaçılıq yox, yalnız Azərbaycan eşqiylə yaşayan Babək doğrudanmı kefcil idi? Babək türk qızlarının dəstə-dəstə Azərbaycandan aparılaraq qul bazarlarında satılması, milli qürurumuzun tapdanmasıyla barışmaq istəmədi.

Bu gün biz Babək Xürrəmidin adlı qəhrəmanımızı ruhumuzun işığında daha yaxşı tanımalıyıq. Onu hər cür böhtanlardan, çirkablardan qorumalıyıq. Güneydə yaşayan soydaşlarımız bilməlidirlər ki, Babək sözün böyük mənasında Azadlıq uğrunda döyüşürdü. Onun məşhur "Bir gün azad yaşamaq qırx il rəzil qul kimi yaşamaqdan daha şərəflidir" kəlamı çox şey deyir. Babəkə ikili münasibətdən azad olmağımız gərəkdir, çünki o, xalqının hər mənada azadlığı uğrunda döyüşürdü. Babək Xürrəmd özünüdərk simvoludur, xəlqi ideal və mübarizə yönündə nümunədir. İnsan o zaman ürəklərdə daim yaşaya bilər ki, xalqına, habelə bəşərə yarasın, amalına, əqidəsinə sadiq qalsın. Tarix təkcə kitablarda yox, həm də heykəlləşmiş daşlarda görünməli, bilinməli və yaşamalıdır. Qoy Bakının gözəl bir yerində Babəkə heykəl qoyulsun. Ədəbiyyatımızın, incəsənətimizin Babək Xürrəmdin mövzusuna yeni səviyyədə yanaşması, bu mövzuda dram əsərlərinin yazılması və səhnələşdirilməsi çox gərəklidir.                               

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 6 iyul.- S.14.