"Sikkə çox vacib dövlətçilik rəmzidir"
Professor Əli
Rəcəbli: "Hansı
dövlətin sikkəsi
yoxdursa, onun dövlətçiliyindən danışmağa
dəyməz"
Minillər boyu xeyli
dövlətlər olub, onlardan çox az soraqlar qalıb. Bu mənada
sikkənin tarixini öyrənən numizmatika elminin əhəmiyyəti
böyükdür. Xalqlar, dövlətlər yaranır, bəzi
xalqlar tarix səhnəsindən silinir, daha güclüləri
isə yaşayır. Xalqlarla müqayisədə dövlətlərin
yaranıb yox olması prosesi daha sürətlidir. Tarix elmləri
doktoru, professor, 80 yaşlı Əli Rəcəbli
hamının məşğul olmadığı nadir sahələrdən
biri ilə məşğul olur. Bəli, elə elm sahələri
var ki, onunla hamı məşğul olmur, ya da ola bilmir. Belə
sahələrdən biri də numizmatikadır. Əli müəllim
deyir ki, numizmatika yaşına görə nisbətən cavan
elmdir: "Azərbaycanda bu elmin yaranması ötən
yüzilin əvvəllərinə təsadüf edir. Azərbaycan
Xalq Cümhuriyyəti dövründə inkişaf tempini
artırmaq məqsədilə xaricdən mütəxəssisləri,
alimləri dəvət edirdilər. Bunlardan biri də o
dövrdə tanınmış arxeoloq-numizmatik Paxomov olub. O,
1919-cu ildə Azərbaycana gəlib, İstiqlal muzeyində
işləyib, universitetdə dərs deyib, Azərbaycanın
tarixi, o cümlədən numizmatika və arxeologiyası ilə
məşğul olub. Azərbaycanda numizmatikanın əsasını
o, qoyub. Amma vaxtilə XIX yüzildə almanlar burada arxeoloji
işlər aparıblar".
Humizmatika ilə məşğul
olmaq şübhəsiz, araşdırmaçının zəngin
kolleksiyaya malik olmasından çox asılıdır. Əli
Rəcəbli bu qənaətdədir ki, kolleksiya olmasa,
numizmatika da olmaz: "Paxomov da kolleksiya toplayıb, məşhur
kolleksioner olub. Bura gəlməzdən qabaq Gürcüstan
pullarının tarixini araşdırıb kitab
yazmışdı. Rusiya Arxeologiya Cəmiyyətinin 1910-cu ildə
gümüş medalını da alıb. O, Azərbaycanın
sikkə tarixini araşdıraraq "Monetı Azerbaydjana"
adlı rusca kitab yazıb. Universitetin şərqşünaslıq
fakültəsində dövlət imtahanı verdiyim zaman
Paxomov məni aspiranturaya dəvət etdi. Sonra bu sahədə
ardıcıl tədqiqatlar apardım. Bu vaxta kimi xeyli numizmatik
nümunə toplanıb. Hazırda burada 150 mindən çox
eksponat saxlanılır. Fondun materialları əsasında
dissertasiyalar yazılıb, müdafiə edilib".
Tarixən sikkələr
hər bir dövlətin atributunu özündə əks
etdirməyə çalışıb. Azərbaycan Tarixi
Muzeyində toplanmış sikkələrin əksəriyyəti
Azərbaycanın müxtəlif dövrlərinə məxsusdur:
"O sikkələr bu ərazilərdə kəsilib, burada
tapılıb, burada da saxlanılır. Sikkə dediyimizin
latınca adı ""moneta"dır, ruslardan bizə
"manat" şəklində dilimizə daxil olub. "Sikkə"
"döymək" sözündəndir, onu təbii ki,
döyərək hazırlayırdılar. "Sikkə"
yalnız iqtisadi amil deyil. Hamı daha çox fikirləşir
ki, sikkə dövriyyədə iştirak etmək, ticarət
üçün buraxılır. Pulun 5 funksiyası var, bu amil
də əsasdır. Hər şeydən əvvəl sikkə
çox vacib dövlətçilik rəmzidir. Bizə məlum
olan tarixin VIII-VII yüzillərində Yunanıstanda,
kiçik Asiyada, Midiya çarlığında sikkələr
buraxılıb. Tarixən sikkə zərbi ali hakimiyyətə
mənsub olub, indiyə kimi də belədir. Əgər
hansı dövlətin sikkəsi yoxdursa, onun dövlətçiliyindən
danışmağa dəyməz".
Tarixin yaşı
çox qədimdir, keçmişdən bu günə, sabaha
qalan soraqlar isə azdır: dövlətlə bağlı
taxt-tac, möhür, bayraq... Ancaq bunların hamısından
daha çox sikkələr qalıb. Bunun səbəbini
açan Əli müəllim deyir ki, əvvəla, sikkələr
çoxlu sayda, yəni minlərlə kəsilib. Nə qədər
it-bata düşsə də, bizə gəlib çatıb.
Digər tərəfdən də qızıl,
gümüş sikkələr həmişəlik qalır, həmin
dövlətin tarixi haqqında aydın təsəvvür
yaradır. Ancaq mis pulların ömrü çox olmur.
Maraqlıdır, bu
gün dövlət kimi döşünə döyən
Rusiyada sikkə zərbi nə vaxtdan başlayır?
Müsahibim deyir ki,
Rusiyada sikkə zərbi X yüzildə Kiyev
knyazlığında başlayıb. Bundan sonra rusların
300-400 il sikkəsizlik dövrü olub: "Bu müddət ərzində
onlar Şərq pulları, o cümlədən Azərbaycan
pulları ilə tədavül edirdilər. Nəhayət, XV
yüzildən sonra bunların öz sikkələri
yaranır. M.Ə.Sabir yazır ki, bir vaxt Ağqoyunlu,
Qaraqoyunlu olduq, biri-birimizi qırdıq, Teymurləng gəldi Bəyazidi
əsir aldı, getdi, Toxtamışın başını əzdi,
Moskva padşahının baxtı açıldı. XV
yüzilin əvvəllərində Moskva Moskva oldu, Rusiya bundan
sonra dirçəldi. Bizim sikkə tariximiz qədimdir.
Makedoniyalı İsgəndərin yürüşündən
sonra burada o sikkələrdən istifadə olunub. Bu dövrə
aid qiymətli dəfinələr tapılıb. Humizmatika
tarixi baxımdan nə qazanırsa, dəfinələrin
hesabına əldə edir. Bəzən o sikkələr
dövrün tamamilə güzgüsü olur. Qabaqlar Azərbaycanda
orta hesablamalara görə ildə 10-15 dəfinə
tapılırdı, onların əksəriyyəti bizə gəlib
çatırdı. Ancaq indi çox az gəlib
çatır. Makedoniyalı İsgəndərin
yürüşündən sonra Azərbaycanın ərazisində
antik pul dövriyyəsi başladı. Azərbaycanda eradan əvvəl
III yüzildən başlayaraq yerli sikkələr ləğv
edildi".
Eramızın III
yüzilindən başlayaraq Atropatena, Albaniya ərazisində
sikkələr kəsilib. Dövlətçiliyimizin tarixi XIX
yüzilə qədər davam edir. Sonra Azərbaycanın Rusiyaya
ilhaqı baş verir. Xanlıqlar dövründə Azərbaycanın
xanlıqlarında sikkələr kəsilir. İlhaqdan sonra Azərbaycanın
sikkə zərbi hüququ ləğv edilir. Azərbaycan Rusiya pul dövriyyəsi sferasına daxil olur. Hazırda pul vahidimizin adı "manat"dır. "Lirə" türklərin deyil, Fransadan gəlib. Türk lirəsindən əvvəl məcidiyyə,
onluq, beşlik, otuzluq, altmışlıq
kimi sikkələr, ondan da əvvəl
axça adlı sikkə vardı. "Axça" türk sözüdür. Osmanlılar
dövründə xırda
gümüş sikkələr
kəsilib, orta yüzillərdə bu sikkələr "axça"
adı ilə məşhur olub. "Rubl" anlamını ruslar tapıblar: "Dövlətsizlik dövründə
rusların sikkələri
yox idi, onlar gümüş "qrivna"dan istifadə edirdilər. Biz ona "girvənkə"
deyirik. I Pyotrun atası öz dövründə istədi
ki, "qrivna"nı iki yerə
bölüb "rubl"
yaratsın. Amma bu, keçmədi, "Mis üsyanı" qalxdı: rubl gümüşdən, yüz
qəpiklər misdən
kəsilmişdi. Əhalinin
Moskvadakı üsyanından
sonra bu, ləğv olundu. I Pyotr isə
bunu ustalıqla həyata keçirdi: əvvəl başqa nominallar, sonda mis pullar buraxdı".
Görəsən,
"qəpik" sözünün kökü də ruslardan
gəlir? Əli Rəcəbli deyir: "Rusların xırda
gümüş sikkələrinin üzərində Qriqorinin
təsviri var, əlindəki nizə ilə əjdahanı
öldürür. "Nizə" rusca "kapyo"dur. O
pullara "kopeyka" dedilər, bu, "kapyo"
sözündəndir. "Qəpik" bunun dilimizə təhrif
olunmuş formasıdır. Ərəblərdən sonra islam
aləmində yeni pullar kəsildi: "dinar", "dirhəm"
pul adları bizdə də işlədilib. Teymurləng
dövründə yeni bir sikkə buraxıldı - XIV
yüzilin sonlarında buraxılan bu pul vahidinin adı "təngə"
idi. "Təngə" hind sözüdür, "danq"
sözündəndir, çəki vahidi olub. Hazırda qazaxlar
təngədən pul vahidi kimi istifadə edirlər.
Şah
İsmayılın dövründə pul islahatı ilə
bağlı iri həcmli, ağır çəkili sikkələr
buraxılıb. Bu sikkələr şahın adı ilə
İransayağı "Şahi" adlanıb. Özbəkistanda
hakimiyyət başında xanlar dururdu. Bu səbəbdən də
onların pul vahidi "xani" adlanırdı - bir
misqallıq gümüş sikkələrə belə
deyilirdi. Türklər həmişə təəssüf ki,
adlar məsələsində də kənara meyl ediblər. Səlcuqların
dövründə Anadolu səlcuqlarının adlarına
baxın: Keyxosrov, Keykavuş, Şirvanşahlarda Mənuçöhr,
Axsitan və sair... Məhəmməd Xudabəndənin
dövründə Səfəvilərin sikkəsinin çəkisi
xeyli dəyişmişdi. Sikkə dövriyyəsinə aid
tarixi hadisələr çoxdur. Xətainin nəvəsi II
Şah İsmayıl şiəlik və sünnilik arasındakı
nifaqı aradan qaldırmaq üçün yeni bir sikkə
vurdurdu. Şah İsmayıl Xətayi hakimiyyətə gələndən
sonra şiəlik dövlət dini kimi geniş təbliğ
olunmağa başlamışdı. İslamın kəlmeyi-şəhadətinə
şiəlik rəmzi də əlavə olundu, həmçinin
imamların adları. II İsmayıl bunu aradan götürmək
istəyinə düşdü ki, bütün islam aləmində
barışıq yaratsın. Pulların üzərindəki
yazını oxuyan təbii ki, şiəliyə meyl edirdi. II
İsmayılın islahatını Məhəmməd Xudabəndə
ləğv etdi, pula yenidən şiə rəmzləri həkk
edildi. Sikkə "Məhəmmədi" adlanmağa
başladı. Şah Abbas taxta çıxan kimi yeni islahat
keçirdi və yeni pullar kəsdi. Bu iri gümüş
pullar iki "Məhəmmmədi"yə bərabər idi,
"Abbasi" adlandı. "Abbas" ərəb
sözüdür, amma "i" fars sonluğudur".
Pul vahidi uzun müddət ağıllardan çıxmır, çəki, pul vahidləri uzun müddət yaddaşlarda qalır: "Dirhəm" ərəbin deyil, "dinar" "dinarius"dandır, Romadan gəlib. "Pul" sözü "follis" sözündəndir. Ərəblər buna "pels", türklər "pul" deyiblər. Bizansda qara, köhnə mis pula "follis" deyərdilər. "Follis" həm də "mis" deməkdir. Ruslar Qızıl Orda xanının qapazı altında olanda orada təngə pullar kəsilirdi. Rus knyazları altun, denqa, altun kimi pular kəsirdilər. "Altun" türk sözüdür. "Bakır" adlı pul vahidi də türkündür. "Bakır" - "paxır" sözündəndir, "mis" deməkdir. Mis pullara "bakır" deyirdilər. İndi dünya pulu avrodur, ABŞ dollarıdır, funt-sterlinqdir".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 7 iyul.- S.14.