Dörd mindən artıq əsəri olan rəssam

 

     Cabbar Quliyev Mehdi Hüseynzadənin qəhrəmanlığının şahididir

 

Sənət insanı, xalqı vəsf edəndə bəşəri olur. Antixəlqi iddialarla yaşayan sənət bəşəri deyil. Bu mənada ermənilərin sənətin müxtəlif sahələrində bu və ya digər bəşəri təsdiqdən danışması, duyğulanması gülüncdür. Tarixən yurdsuz, fürsətcil olan, qəsbkarlıqla nəfəs alan erməninin öz vəhşiliyini vəsf etməsi adi hala çevrilib. Ancaq əzəli türk məskənlərinin ruhumuzu təsdiq edən nişanələrini yazıya, sözə, fotonun yaddaşına, kətana köçürmək, bu barədə ürəkdolusu danışmaq, soydaşlarımızın Vətən duyğularını yaşarı saxlamağa xidmət etmək isə insani, milli olduğu dərəcədə bəşəridir...

Mərhum rəssam Cabbar Quliyev illər uzunu bu amacla yaşadı.

İndi Ermənistan adlanan türk yurdunun təbiəti ilə bağlı çoxlu əsərlər yaratmışdı. Qocalıq çağında qaçqınlıq qisməti onu yaxaladıqda ürəyinə sanki daş bağladı, dözdü, həmin əsərləri və neçə-neçə əsərin gerçəkləşdirməyə imkan tapmadığı eskizlərini Bakıya gətirdi. İllərlə bu əsərlər üzərində işlədi. Son nəfəsinədək gənclik enerjisi və ruhuyla yaşayıb-yaratdı. Rəssamın Azərbaycana bağlılıq, yurda məhəbbət ruhlu əsərləri tamaşaçını həmişəlik ovsunda, heyrətdə saxlayacaq...

1922-ci ildə Ermənistanın Zəngibasar bölgəsinin Zəhmət kəndində anadan olmuşdu. İrəvan Dövlət Pedaqoji Texnikumunu bitirmişdi. 1941-45-ci illər müharibəsinin iştirakçısı olmuşdu. Dəfələrlə onun emalatxanasında olmuş, sənətinə olan eşqli münasibətini görmüşdüm. Danışırdı ki, onun təvəllüdü əslində 1922-ci ildir. Müharibəyə gedəndə cəmi 16 yaşı varmış. Göstərdiyi igidliklərə görə xeyli orden-medallarla təltif edilib. Avropanın bütün ölkələrində faşistlərə qarşı döyüşüb. Döyüşlərin birində əsir düşüb, almanların ölüm düşərgələrindən birində xeyli qalıb. Bu zaman ora gələn Məhəmməd Əmin Rəsulzadə ilə görüşüb. Həmin düşərgədəki azərbaycanlılardan ayrıca legion təşkil olunub. Cabbar müəllim özü Düdənginskinin köməkçisi olub. Legion bir müddət İtaliyada, Yuqoslaviyada fəaliyyət göstərib. Nəhayət, bir neçə nəfər qaçıb, məşhur komandir Cavad Həkimlinin partizan dəstəsində almanlara qarşı döyüşüblər. Lakin müharibədən az sonra legion fəaliyyətində ittiham edilərək "troyka"nın 10 dəqiqəlik məhkəməsi ilə 10 il Sibirə sürgün edilib. Stalinin ölümündən sonra azadlığa çıxıb. Ancaq 2 il Koroqandada ağır işlərdə işləməyə məcbur edilib. Bu qədər əzablı həyatdan sonra bir müddət Rusiyada təsviri sənətlə də məşğul olub. İrəvandakı Pedaqoji İnstitutda təsviri sənət, incəsənət tarixi, estetika fənlərindən dərs deyib.

1988-ci ildən məlum hadisələrlə əlaqədar Bakıda yaşayırdı. 55 illik rəssamlıq fəaliyyəti dövründə 4 mindən artıq əsər yaratmışdı. Dəfələrlə fərdi sərgisi təşkil olunmuşdu. Cabbar müəllim dəfələrlə cəbhə bölgələrində olmuş, əsgər və zabitlər qarşısında çıxışlar etmişdi. O, güclə çıxarıldığı ata-baba torpağı, Qərbi Azərbaycan diyarı, oradakı qədim abidələr, füsunkar gözəlliklər mövzusunda silsilə əsərlər yaradıb.

Cabbar Quliyev Mixaylonun (Mehdi Hüseynzadənin) qəhrəmanlığının şahididir. Danışırdı ki, Cavad Həkimlinin komandirliyi ilə 400-dək azərbaycanlının İtaliyada apardığı döyüşlərin miqyası olduqca geniş olub. C.Həkimlinin öz soydaşları arasında nüfuzu və polad iradəsi, Mehdinin qəhrəmanlığı, digər soydaşlarımızın hünərləri İtaliya və Yuqoslaviya partizanlarını, yerli əhalinin heyrətdə qoyurdu.

Uspenski rayonunun Müllerov şəhərində almanlar uzunmüddətli müdafiəni yarırlar və o, həmin gün əsir düşür. Xeyli əzablardan sonra oktyabrda Almaniyanın Ştrans şəhərinə gətirir, burada təşkil olunan Azərbaycan legionuna qatırlar. Mehdini də ilk dəfə burada görür. Deyirdi: "Günlərin birində marağımı saxlaya bilməyib ona yaxınlaşdım. Rəsmlər çəkdiyimi deyəndə mənə kağız-qələm verib bir mənzərə işləməyimi tapşırdı. Az sonra biz yaxından bir-birimizi tanıdıq, dostlaşdıq. Əsl sənət müəllimim Mehdi Hüseynzadə oldu. O, rəsm çəkməyin bütün texnikasını səbrlə öyrədir, tapşırıqlar verir, işimdən razı qalırdı. Yaşca kiçik olduğumdan o, daim qayğımı çəkirdi".

6 ay Ştransda qaldıqdan sonra əsirləri İtaliyaya göndərirlər. 1943-cü ildə nəhayət, onları Adriatik sahillərinə aparırlar. Cabbar müəllim danışırdı ki, soydaşlarımızı bir neçə şəhərə paylaşdırdılar. Bir gün Mehdi onlar olan məntəqəyə gəlib adamları başına yığır, deyir ki, partizanlarla əlaqə yaradıblar, bu gecə gözətçiləri öldürüb onlara qoşulmalıyıq. Gecə 5-6 almanı öldürüb dağlara çəkilirlər. Mehdi qorxu nə olduğunu bilməzmiş. Ən çətin tapşırıqları asanlıqla yerinə yetirirdi. Bir neçə dəfə Cabbar müəllim onunla kəşfiyyata da gedibmiş.

Cabbar müəllim Mehdinin qəhrəmanlıqlarının saya-hesaba gəlmədiyini deyirdi. Danışırdı ki, "Mixaylo" adı gələndə almanlar tir-tir əsirdilər. Onun başına 400 min lirə pul qoyulmuşdu. 1944-cü il martın 11-dən 12-nə keçən gecə Triyestdən əməliyyatdan qayıdan Mehdi və yoldaşları Çepovani kəndində gecələyirlər. Səhər açılar-açılmaz Vitovlye kəndində dəmiryol xəttini aşanda alman gözətçiləri onları atəşə tuturlar. Mehdi həlak olur. Bu xəbər hamını sarsıdır. C.Həkimli onu öz adətimizlə dəfn etdirir.

Cabbar Quliyev həmişə fəxr edirdi ki, onun rəssamlıqda davamçısı olub. O, ermənilərin 8 il əvvəl basdırılmış daşı 2500 yaşlı daşa necə oxşatmalarından hiddətlə danışırdı: "Ermənistanda aparılan "qazıntılar" zamanı bir daşın üzərində yazılmış "Erebuni" sözünə əsasən ermənilər İrəvanın əsasının 2500 il əvvəl qoyulduğunu deyirdilər. Lakin bir dəfə A.Babayan söhbət əsnasında həmin daşın 2500 il deyil, 8 il əvvəl basdırılmasını söylədi. Gördü ki, inanmıram, fikrini belə əsaslandırdı: "Daşın üstünü yazaraq böyür-başını palçıqlayırıq. Üstünə bir vedrə alma suyu töküb basdırırıq. Daş bir müddət keçdikdən sonra tanınmaz dərəcədə dəyişir".

"Qırmızı təpədə Şahin qalası" əsərinə görə Cabbar müəllimi ermənilər çox incitmişdilər. Çünki yaradıcılığında türk tarixi abidələrinə yer verməsi erməniləri çox qıcıqlandırırdı. Deyirdi ki, onun "Ermənistanın əməkdar rəssamı" adını alması da ermənilərin istəyilə deyil, sənətinin xaricilər tərəfindən yüksək qiymətləndirilməsi sayəsində olmuşdu. O vaxt Ermənistanda yaşayan azərbaycanlı rəssamın belə bir ada layiq görülməsi "SSRİ xalq rəssamı" adını almaqdan da çətin idi.

Cabbar müəllimin əsərlərində qədim türk yurdu olan "Ermənistan" təbiəti ilə bağlı xeyli sayda canlı səhnələr var. Tam əminəm ki, o, bu əsərləri böyük bir nisgillə, o torpaqlara olan dərin həsrətlə çəkmişdi. O, əsasən mənzərə janrında işləsə də, Qarabağ müharibəsi ilə bağlı bir neçə kompozisiya da yaradıb: "Qaçqınlar", "Xocalı faciəsi", "20 Yanvar", "Biganəlik", "Haray"... Yaxşı ki, ölüm insaniliyə, millətə yarayan əməlləri və xatirəni öldürə bilmir.

 

 

Qaliboğlu Elçin

 

Xalq Cəbhəsi.- 2009.- 8 iyul.- S.14.