" Şərq döyüş sənəti

 

      Zahid Vəliyev: "Onların bir çoxu Çin xalqının mədəniyyəti və ənənələri ilə qırılmaz şəkildə bağlıdır

 

Vaxtilə Şərq dünyasının qeyri-adiliyinin, yenilməzliyinin ifadəsi kimi Şərq döyüş sənəti meydana gəlib, bu gün də yaşamaqdadır. Zahid Vəliyev neçə illərdir ki, Azərbaycanda qədim Çin döyüş təlimi olan Uşunu yayır və inkişaf etdirir. 6-cı Dan "Qara Kəmər" sahibidir. Bu, hazırda dünyada ən yüksək dan sayılır. Həmçinin o, beynəlxalq dərəcəli hakim, beynəlxalq dərəcəli təlimatçıdır. Rəhbərlik etdiyi "Doqquz Tərəf" Uşu İdman Klubunun üzvləri müxtəlif yarışlarda onlarla qızıl, gümüş və bürünc medallar qazanmışlar.

İnsan nə ilə məşğul olursa-olsun, bu, son nəticədə onun ruhunun müəyyən bir mərtəbəyə, səviyyəyə yetməsi ilə nəticələnməlidir. Qədim Şərq bilginləri bu qənaətə şübhəsiz, elə-belə gəlməyiblər. Z.Vəliyev deyir ki, həyat təlimi ilə bağlı reseptlər insanı fiziki, mənəvi və əxlaqi cəhətdən sağlam formalaşdıran, onu zülmətdən xilas edib həqiqətə doğru aparan bir vasitədir. Sağlamlıq naminə həyat reseptləri yüksək fəlsəfi əsasa malik olan Şərq təlim sistemlərinin tərkib hissəsidir: "Məncə, insan bu gün qədim müdriklərin həyat yoluna mütləq qayıtmalıdır. Məhz belə bir qalmaqallı və gərgin zamanda özünə qayıdış insan üçün ən vacib həyati şərtlərdən biridir. Təbiəti qətiyyən hərəkətsiz təsəvvür etmək olmaz. Hərəkət həyatın və ölümün əsasıdır. Hər şey hərəkətlə başlayır və hərəkətlə də sona yetir. İnsan da təbiətlə bağlı sonsuz hərəkət funksiyasına malikdir. Bu mənada hərəkət insanın fiziki və mənəvi cəhətdən sağlamlığını təmin edən tənzimləyici bir vasitədir. Hər bir insan ona nəsib olan bu həyata görə sevinməli və minnətdar olmalıdır. Şübhəsiz, o, daxili imkanlarını daim aşkarlamalı, müəyyən bir səviyyəyə yetəcəyinə inanmalıdır. Hərəkətin daşıyıcısı olan bədən üç başlıca enerjinin birləşməsi ilə qidalanır. İnsan kosmik enerjini havadan, Yer enerjisini qidadan alır. Onun həyat enerjisi isə valideynləri tərəfindən təyin olunub. Fiziki hərəkətlər sistemi bədənin sağlamlıq tələbatını bütün gün boyu təmin edən yeganə vasitədir. Həyatdakı xəstəliklər səbəbsiz deyil. Belə ki, düzgün həyat tərzinə malik olmayan insanların zahiri görünüşündə süstlük, bədənin ümumi zəifliyi, hərəkətsizlik, bel büküklüyü, vaxtından əvvəl qocalma və başqa hallar müşahidə edilir. Belə bir formalaşma sağlam həyat tərzi keçirən normal insanın hərəkət funksiyasına xas deyil".

Hər halda qədim Şərqdə yaranan döyüş sistemləri mükəmməlliyi ilə ilk növbədə diqqəti cəlb edir: "Qədim fəlsəfi təlimlər Şərq ölkələrində yaranıb. Şərq təlimləri dünya təlimləri içərisində mühüm yer tutur. Bu təlimlərin özünəməxsus nəzəri və sonsuz universal praktik imkanları əvəzsizdir. Şərq təlimləri ən qədim zamanlardan başlayaraq təkmilləşib və ənənəyə çevrilib. Ən qədim mənəvi bilik ocağı kimi tanınmış Hindistan, Tibet, Çin, Yaponiya, eləcə də bir çox Şərq ölkələri yüksək inkişaf etmiş qədim sivilizasiyaların məskənləri olmuşlar. Qədim insanlar üçün özünü dərketmə, özünü təkmilləşdirmə həyatlarının əsas məqsədi olub".

Qədim Çin 5 min illik tarixi olan Uşunun vətənidir. Bir xalqın bu dərəcədə yetkin, mükəmməl döyüş sistemi yaratması istər-istəməz hər bir kəsdə heyrət yaratmaya bilmir. Z.Vəliyev deyir ki, qədim tarixə özünəməxsus mədəniyyətə malik olan Çin bir çox Şərq ölkələri arasında milli ənənənələri, eləcə incəsənəti ilə seçilir. Çin ən qədim sivilizasiyalardan biri olmaqla döyüş sənətinin minillik təcrübəsinə malikdir. Tarixi faktlar sübut edir ki, Çin son yüzilliyə qədər qapalı bir ölkə idi. Çinlilərə görə, qonşu ölkələr vəhşi barbar sayılırdı. Qonşu Yaponiya hələ ötən yüzillikdə Mey-zi inqilabı nəticəsində qapalılığını aradan qaldırdı, inkişafa doğru sıçrayış etdi. Çin isə bunu edə bilmədi. Çin öz mənəvi həyatının zənginliyi qeyri-adi yaradıcılıq qüdrətilə insanların diqqət mərkəzinə çevrilir. Uşunun tarixindən, məşhur ustadların həyat yaradacılığından, ilahi bacarığından s. bəhs edən mövzular dünya ədəbiyyatında öz əksini tapandan sonra bu, dünya ölkələri arasında hədsiz marağa səbəb oldu. Ötən yüzilin ortalarında Çindən Qərbə gələn mühacirlərin axını zamanı Uşu "kunq-fu" kimi tələffüz olunmağa başladı. Nəinki "uşu" sözünün tələffüzü, hətta onun məzmunu belə dəyişdi. İndi bu söz uşunun sinonimi kimi səsləməkdədir. Döyüş sənəti haqqında bəhs edən fəlsəfi traktatlarda "qun-fu" anlayışına rast gəlinir. Bu, "ali bacarıq" anlamanı verir. Dilimizdə "uşu" heroqlifinin terminoloji mənası "döyüş sənəti" deməkdir. Uşu ona daxil olan silahsız döyüş üsullarının eyni zamanda silaha qarşı işlənilmiş fənlər kompleksidir.

Uşuda təqribən 600-ə qədər üslub mövcuddur. Uşu təkcə döyüş sənəti deyil. O, şüurun forması, dünyanı ruhi-praktiki dərk etmənin əsas xüsusiyyəti, Çin xalqının mədəniyyəti, ənənələri, dini və fəlsəfəsi ilə qırılmaz şəkildə bağlıdır".

Deyilənə görə, hazırda Uşu, eləcə də digər qədim döyüş sənət növləri Çində geniş şəkildə tədris edilir, əhalinin müəyyən hissəsi üçün bu döyüş sənətləri ilə məşğul olmaq sadəcə, sözün əsl mənasında bir həyat tərzidir. Hər halda bir xalq üçün bu dərəcədə döyüş sənəti ilə məşğulluq sadəcə, sağlam olmaq istəyindən irəli gəlmir, ümumiyyətlə, xalqın öz ruhunu, qədimliyini yaşatması uğrunda göstərdiyi qeyri-adi bir dirənişdir. Hazırda Çin əhalisinin 400 milyon nəfəri uşu ilə, 50 milyon nəfəri onun tərkib hissəsi olan çiqunla məşhur olur".

İnsan daxilən təkmilləşirsə, bu, ilk növbədə onun ruhunun imkanlarının müəyyən səviyyədə aşkarlanmasının nəticəsi kimi meydana çıxır. Şübhəsiz ki, uşu insanlara bu imkanları verir: "Heç də təsadüfi deyil ki, Çində deyərdilər: "Ruhu tərbiyə etməklə tədrisi ötürürük". Məşhur Şaolin məbədinin əxlaq qaydaları insanı sözün böyük mənasında imtinaya çağırır. Hər halda döyüşçü hiss edir ki, o, əsl uşuçu olmaqdan ötrü mütləq böyük imtinalara çatmalıdır. Yəni uşu onun üçün təkcə döyüş sənəti deyil, həm də həyat tərzi anlamına gəlir. Məşhur Şaolin məbədinin "Döyüşçü ləyaqəti" adlı kodeksi hər şeydən əvvəl uşu məşqlərinin təcavüzkarlıq və davakarlıqdan uzaq olan məqsədini təyin edir. Yeri gəlmişkən deyim ki, bu qanun və qaydalar XVI əsr Min sülaləsi dövründə Şaolin məbədinin rahibi Çue Yuan tərəfindən yazılıb. Qaydalarda deyilir ki, şagird fasiləsiz məşq etməli, mübarizədən yalnız qanuni surətdə özünü müdafiə üçün istifadə etməli, müəllimlərə və böyüklərə qarşı həmişə ehtiram və ağıllı münasibət göstərməli, bütün yoldaşlarına qarşı münasibətdə həmişə xeyirxah, düzgün və səmimi olmalı, hətta səyahət zamanı mübarizəyə çağırılarsa, öz məharətini sadə adamlara nümayiş etdirməkdən çəkinməməlidir".

Şübhəsiz, elə Çinin özündə də hər bir kəs bu döyüş sənətilə məşğul ola bilməz. Bu, insandan daxili yetkinlik, inadlı inam, böyük iradə tələb edir. Digər tərəfdən də duymaq olur ki, uşu, eləcə də digər qədim Şərq döyüş sənəti növləri istər-istəməz insanda müdriklik, özünə tam bələdlik yönü yaradır: "Əsl müdrik insanın fikri, sözü, əməl və hərəkəti hikmətlə dolu dərin mahiyyətə malik olmalıdır. Müdrikliyin əsasını təşkil edən sağlamlığın inkişaf prosesidir. Müdrik əzab-əziyyətlə dolu olan bu həyatın sıxıntılarını, gərginliklərini ötəri bilir, qeyri-sabitlik onu yormur. O, heç nədən çəkinmir və qorxmur, həyati şeylərə diqqət yetirmir. Mənasız düşüncülər onu narahat etmir. Müdrik həmişə arzusuz yaşayır. Nəyi varsa, insanlara verir. Müdrik insan daim özünə nəzarət etdiyi üçün heç vaxt onun ruhi tarazlığı pozulmur, həmişə mənəviyyatın zənginliyini hər şeydən üstün tutur". Hər halda ölüm deyilən bir həqiqət var. İnsan bütün qeyri-adi xüsusiyyətlərinə baxmayaraq, bədən və ruhun vəhdətindən ibarət olduğu üçün son nəticədə bədən gedir, ruh isə onun əməllərinin sorağı kimi yaşayır: "Bəli, ölüm həqiqətdir. Mən həmişə inanmışam ki, mərd ürəyin rahatlığını heç nə qıra bilməz. Kamil insan heç vaxt narahat olmur. Rahatlığın sirri narahatlığı dərk etməkdədir. Dərk edən insan həmişə azaddır. Bağlılıq isə əsarətdir. Həyat və ölüm təbiətin dəyişməz və dönməz qanunudur. Şərəfli ölüm döyüşçünün mərdliyini və cəsarətini təsdiq edir. Uşu qaydalarına görə döyüşçü özünü bütün təhlükələrə, o cümlədən də ölümə hazırlamalıdır".                                                                         

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 9 iyul.- S.14.