Uyğurlar təmiz türkəsilli xalqdır
Çin ötən yüzilin 50-ci illərindən
Şərqi Türküstana
çinliləri göndərdi
ki, milli azlıqların sayını
azaltsın
Son
günlər Urumçidə uyğurların başına gətirilən
faciə haqqında oxucularımızın xəbəri var. Tarixən
başına çoxlu müsibətlər gəlmiş, zəngin,
tükənməz ruha, dövlətçilik tarixinə malik
uyğurlar bu gün təəssüf ki, qolu-qanadı
sındırılmış vəziyyətdədir. Türk
Dünyasının ayrılmaz parçası olan
uyğurların, Uyğur elinin tarixinin yaşadılması
son dərəcə gərəklidir. Əgər Türk Birliyimiz
olsaydı, o zaman uyğur qardaşlarımızın
başına bu müsibətləri gətirməyə
Çin ürək eləyə bilməzdi. Təəssüf
ki, biz türklər özümüzdən daha çox
özgələrə yarayırıq, özümüzü,
Türk Dünyasını sözün əsil mənasında
tanımaq, ilk növbədə mənəvi birliyə yetmək
istəmirik. Bu gün Türk Dünyasının siyasi,
iqtisadi, mənəvi yöndə birliyinin gərəkliyi barədə
çox danışılır. Gerçək durum isə bu
birliyin ayrı-ayrı işartılarının olduğunu
göstərir. Müxtəlif fərqli
dünyagörüşlər, türk xalqları arasında
anlaşılmazlıqlar, demək olar, biri-birinin dərdiylə
nəfəs almamaq və s. problemlər hələ də həllini
gözləyən məsələlərdəndir.
Uyğurlarla
bağlı araşdırmalar aparan Mustafa Vüqar Öməroğlu
deyir ki, neçə illər öncə əziyyətə
qatlaşıb, davamlı araşdırma aparmağa
başlayıb: uyğurlar kimdir, adət-ənənələri,
ədəbiyyatı, çağdaş dövrdə
yaratdıqları, ümumi tarixi taleyi və s. öyrənib:
"Uyğurlar hunların birbaşa təmiz kökdən gəlmə
törəmələri sayılırlar. Uyğurlar başqa
xalqlarla heç bir qatqısı olmayan təmiz türkəsilli,
türk genli xalqdır. Bu gün türk xalqları haqqında
yazanda, araşdırma aparanda əsasən Çin mənbələrinə
müraciət edirik. Ağrılı haldır ki, ilk dəfə
"uyğur" etnonimi Çin mənbələrində
bizim eradan 200 əvvəl çəkilir, adı yazılı
mənbələrdən keçir. O dövrdən
başlayaraq uyğurlar və uyğur qəbilələri əsasən
Şərqi Türküstanda və monqol səhralarında
yerləşirdi. Bu, olduqca geniş bir çevrədir.
Çağdaş Şərqi Türküstan Qazaxıstanla,
Qırğızıstanla, Monqolustanla, Tibet, Hindistan, Pakistanla
sərhəddir. Bütövlükdə Türküstanın
özü isə həddindən böyük bir arealdır.
Uyğurlar Hun imperiyasının varlığında dəyərli
bir rol oynayıblar. Bizim eradan əvvəl 220-ci ildən
başlayaraq bizim eranın 386-cı ilinə kimi davam edən,
bu gün də qürur yaradan işlərin yiyəsi olublar. Uyğurların
tabğaclarla 386-554-cü illərdə böyük bir
imperiyaları olub. Sonrakı dönəmdə (552-744-cü
illərdə) uyğurların Göytürk
imperiyasının yaranmasında mühüm xidmətləri
olub".
Uyğurlar
hunlarla, göytürklərlə və şato türklərilə
bir yerdə bölgənin Çin ekspansiyasına
qarşı (670, 688, 693-cü illərdə) mübarizə
aparıblar: "Uyğurların dövləti Kutluq Bilgə
Kağanın başçılığı altında
744-cü ildə Qarabaltadun şəhəri mərkəz
olmaqla Orxon çayının kənarında yerləşirdi.
751-ci ildə ərəblər, tibetlilər və uyğurlar
Talac çayı kənarında
Çin
ordusunu darmadağın elədilər. Bu məğlubiyyətdən
sonra Çin parçalandı. Bu zaman
uyğurlardan Tan imperiyası
kömək istədi.
"Tan" - "Dan" sözündəndir.
Bunlar çinliləşmiş türkəsillilər
idilər. O dövrdə
uyğurlar o dərəcədə
güclü idilər
ki, Tan imperiyası onlara bac-xərac verirdi. 805-ci ildə Uyğur imperiyası dağılmağa
başladı".
840-cı
ildə qırğızlar hücum edirlər, Kağanı
öldürürlər, imperiyanı dağıdırlar. Burada
bəlalı cəhət orasındadır ki, türk türklə
döyüşür: "Bilgə Kağan vaxtilə
demişdi ki, qonşularınızın şirin dillərinə
aldanmayın. Onların şirin dilləri ipək kimi
yumşaq, canayatıcıdır. Başqa millətlər
türkləri zəiflətmək üçün
aramızda qırğın salacaqlar, çox ehtiyatlı
olmalıyıq".
Birinci
Uyğur imperiyasının parçalanmasından sonra
parçalanmış uyğurların bir qismi
Sarıçayın sahilində (indi Çin dilində bunun
adı Poonkedir) məskunlaşmağa başladılar. İndi
vaxtilə orada məskunlaşmış uyğurlar bu gün
"sarı uyğurlar" və ya "yuqurlar"
adlanırlar. Qalan uyğurlar Tyan-Şan dağlarının
güney tərəfinə - bugünkü Şərqi
Türküstana köç elədilər. Sarı
uyğurlar Sarı çayın sahilində dövlət
qurdular, həmin dövlət 1228-ci ildə yıxıldı,
sonradan Monqol imperiyasının tərkibinə qatıldı. 846-cı
ildə Tyan-Şanın şimalındakı uyğurlar mərkəzi
Türfan şəhəri olmaqla Qaraxoca adlı bir dövlət
qurdular. 840-cı ildə cənub tərəfdə olan
uyğurlar Mərkəzi Kaşğar olmaqla Qaraxanilər
dövlətini qurdular. Qaraxanilər dövlətində
karluqlar, türkeşlər, uyğurlar və başqaları
yaşayırdılar. 930-cu ildə Qaraxanilər dövləti
rəsmi şəkildə islamı qəbul etdi. Amma Qaraxoca
dövləti buddist olaraq qalırdı. 1397-ci idə Qaraxoca və
Qaraxanilər dövlətləri birləşdilər. Bu
dövlət 1759-cu ilə qədər müstəqilliyini
qoruyub saxlaya bildi. Bu dövrdə isə ölkəyə hər
tərəfdən mancur hücumları başladı. 1397-ci
idə Qaraxoca və Qaraxanilər dövlətləri birləşdilər.
Bu dövlət 1759-cu ilə qədər müstəqilliyini
qoruyub, saxlaya bildi. Bu dövrdə isə ölkəyə hər
tərəfdən mancur hücumları başladı. Mancurlar
bölgəni 1862-ci ilə kimi əldə saxladılar, idarə
etdilər. 1759-cu ildən 1862-ci ilə kimi uyğurlar
üst-üstə 42 dəfə ölüm-dirim mübarizəsinə
qalxdılar, üsyan qaldırdılar. Məqsəd
azadlığa, müstəqilliyə yetmək idi. 1863-cü
ildə uyğurlar nəhayət, mancurları ölkədən
qova bildilər. Rusiya, Osmanlı, Böyük Britaniya
imperiyaları Uyğur dövlətini rəsmi surətdə
tanıdılar. Bu dövrdə ingilislər uyğurların
Rusiya ilə qonşu olduğunu nəzərə alaraq
düşündülər ki, uyğurlar Rusiyanın təsiri
altına düşəcəklər. Bu səbəbdən də
ingilislər mancurları silahlandırdılar, həm də
böyük maliyyə dəstəyi göstərdilər,
onları yenidən Şərqi Türküstana geri
qayıtmağa sövq etdilər. 1876-cı ildə Uyğur
dövlətinə qarşı Çin-Mancur qoşunları
birgə hücuma keçdilər, işğal etdilər,
ölkənin adı Şərqi Türküstan deyil,
"Şincan" (indiki Sintzyan) adlandırıldı. Çində
"Şincan" - "yeni ərazi, sərhəd"
anlamındadır".
O
dövrdə işğal edilən Uyğur dövlətinin ərazisi
indiki Qazaxıstandan çox böyük idi: "Artıq bu
dönəmdən uyğurlar Çinin tabeliyinə
keçdi. 1911-ci ildə Çin millətçiləri
mancurları devirdilər, ölkəni respublika elan etdilər.
Amma uyğurların onillərdən bəri azadlıqlarına
qovuşmaq istəkləri yenidən gerçəkləşmədi.
Uyğur xalqı dövlətçiliyini quran, dəfələrlə
xəlqi qüdrətini təsdiq edən xalq kimi
varlığına yiyə durmaq istəyirdi. Onlar yenə də
Çin hakimiyyətinə qarşı ciddi hərəkata
başladılar. İki dəfə Şərqi
Türküstan Respublikası (1933-cü ildə Birinci Şərqi
Türküstan dövlətini, 1943-cü ildə isə
İkinci Şərqi Türküstan dövlətini) qurdular. Hər
iki hərəkatın yatırılmasında SSRİ-nin fəallığı
oldu. SSRİ-nin həm siyasi, həm də hərbi maraqları
imkan vermirdi ki, düz "burnunun altında" belə bir
dövlət yaransın. Bu mənada o, Çinlə
anlaşdı. Hər iki hərəkat amansızlıqla
yatırıldı. 1949-cu ildən bu yana Çin Xalq
Respublikasının idarəçiliyi altında olan Şərqi
Türküstan 1,828 milyon kvadrat kilometrlik bir ərazidir. Dünyanın
hər hansı yerində işğal altında qalan ikinci belə
böyük bölgə yoxdur".
Bu
sırada şübhəsiz, ikinci yerdə İranın əsarətində
olan Güney Azərbaycan gəlir. Doğu
Türküstandakı türksoyluların say tərkibi barədə
danışan M.V.Öməroğlu deyir: "Ötən
yüzilin 40-cı illərinin ikinci yarısından bu yana
Doğu Türküstanda 30 milyondan çox türkəsilli
soylarımız (çox az sayda tatarlar, qazaxlar,
qırğızlar, özbəklər və çoxsaylı
uyğurlar) yaşayır. Uyğur ailəsində
aşağısı 4-5 uşaq olur. Bu gün Avropada və
Orta Asiyada yaşayan uyğur ailələrində 4-dən
aşağı uşaq olmur. Çində ölkə əhalisinin
sayı çox olduğuna görə artıq doğum nəzarət
altındadır. Burada hər ailəyə bir uşaqdan
çox olmasını yasaqlayan qayda var. Ötən yüzilin
80-ci illərinin əvvəllərinə kimi uyğurlara bu
qayda şamil olunmurdu. Son dövrlərdə təkuşaqlı
ailələr üçün "Hər şeyə qənaət
edək, varlanaq" şüarı altında aksiyalar
keçirirlər. Kimlərin ki, tək uşaqları var,
onlara daha geniş çalışma imkanları verirlər,
şərait yaradırlar. İnsanları daim təkuşaqlığa
təşviq edirlər. Bu, bir gerçəkdir. Amma burada bir məsələ
var: istənilən bir dövlət azadlığını bərpa
edirsə, ona qarşı çıxanlar da olur. Çin
ötən yüzilin 50-ci illərindən başlayaraq
iç bölgələrindən Şərqi
Türküstana çinliləri göndərməyə
başladı ki, oralarda milli azlıqların sayını
azaltsınlar. Çində uyğurlara münasibətdə
keçmiş sovet ənənələrindən bəhrələnmə
indi də davam edir. Şərqi Türküstan bölgədə
torpağının varına görə ən üstün
bir yerdir. Bura təbii ehtiyatlarıyla, xammalıyla
(kömür, neft ehtiyatları, qaz, qızıl, xrom, qalay,
nikel, çox nadir metallar, kimyəvi duzlar və s.) çox zəngindir.
Ümumiyyətlə,
Şərqi Türküstanda başqa türkdilli xalqlara da
münasibət bu cürdür. Çində təhsillə
bağlı belə bir qərar qəbul olunub: "İkili təhsil"
o deməkdir ki, bir insan öz doğma dilindən əlavə
həm də Çin dilində oxumalıdır. Hər halda
uyğurların ana dillərində məktəbləri var. Bu
sarıdan vəziyyətləri Güney Azərbaycan Türklərindən
yaxşıdır, ancaq burda eynən Güney Azərbaycanda
olduğu kimi azadlıqdan söhbət gedə bilməz".
Uyğurların
öz dillərində qəzet-jurnalları çıxır,
əlifba məsələsində başları bizim kimi
daşdan-daşa dəyib: "Əvvəlcə ərəb əlifbasında
yazırdılar, sonra kiril əlifbasını qəbul etdilər,
sonra latına keçdilər, indi təzədən ərəb
əlifbasının hərfləri əsasında uyğur dil
intonasiyasına uyğun olaraq əlifba yaratdılar. Bu gün
sözügedən əlifbada yazırlar. Həmçinin məktəbləri,
universitetləri var. Uyğurların xüsusən dəqiq
elmlər, informasiya texnologiyaları, təbabət, ədəbiyyat,
tarix sahəsində ciddi imzalı alimləri var. Qazaxıstanın
və Orta Asiya respublikalarının Çinlə
bağladığı bir müqavilə var: imiqrasiya edərək
Orta Asiya ölkələrinə gəlib oxuyan, evlənən
uyğur gəncləri hər hansı iş qurmaq istəyəndə
dərhal Çinə göndərilir, orda da
"pantürkist", "bölücü" kimi
mühakimə edilir, həbsxanalara atılırlar. Ancaq
uyğurların Avropa ölkələrində hərəkatları,
Orta Asiya ölkələrində təşkilatları,
Uyğur teatrı, mədəniyyət evləri, dərnəkləri
var. Qazaxıstanda Sadvakasov adına Şərqşünaslıq
İnstitutu var, əvvəllər bura
Uyğurşünaslıq İnstitutu adlanırdı.
Hazırda
orda "Uyğurşünaslıq" bölümü,
Yazıçılar İttifaqının nəzdində
Uyğur bölməsi var. Uyğurlar həddən artıq
çalışqan xalqdırlar, müstəqilliklərini
qurmaq üçün çox çalışırlar. ABŞ-da
bir neçə il qabaq mühacirətdə Doğu
Türküstan dövləti qurulmuşdu".
19-cu
yüzilin birinci yarısından başlayaraq Doğu
Türküstana böyük ekspedisiyalar təşkil olundu:
"Bu ekspedisiyalar maddi -mədəni abidələrin
axtarışı, tarixi faktların üzə
çıxarılması ilə bağlı idi. Uyğurlarla
bağlı zəngin faktlar əldə olundu. Bu gün
uyğur gəncləri elmlə geniş məşğul olmaq
üçün Yaponiyaya üz tuturlar. Yaponlar özlərini
türk xalqlarına qarşı istiqanlı aparırlar, onun tərəfini
tuturlar. Uyğur gənclərinə Yaponiyada hər cür
şərait yaradılır, yaponlar çalışırlar
ki, Şərq Türküstandan vaxtilə gətirilən abidələri
uyğur gənclər dayanmadan araşdırsınlar, mütəxəssis
olsunlar, milli kimliklərini dərk etsinlər. Həmçinin
Doğu Türküstandan gələn xeyli uyğur Türkiyənin
ayrı-ayrı şəhərlərində yerləşiblər.
Uyğurların Türkiyədə imkanları
yaxşıdır. Amma milli kimlikləri ilə bağlı
düşüncələrində irəliləyiş gərəkdir".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 10 iyul.-
S.14.