"Azərbaycan bir qarış da torpağını güzəştə getməyəcək"
Rəbiyyət Aslanova: "Bizim Qarabağ məsələsində ən
böyük güzəştimiz
o olub ki, uzun müddət beynəlxalq təşkilatlara
inanmışıq"
Suallarımızı
Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət
Aslanova cavablandırır.
- Son dövrlər Ermənistan-Azərbaycan
münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi
prosesində yenidən bir aktivlik, fəallıq hiss
olunmaqdadır. Bu fəallıq problemin həllilə
bağlı müəyyən ümidlər yaradır. Hətta
"qızıl imkanlar"dan da danışılır. Son
günlərdə baş verənlərin fonunda Qarabağ
probleminin həllini necə görürsünüz?
- Əvvəla, birmənalı
olaraq demək istəyirəm ki, Qarabağ məsələsində
Azərbaycan dövlətinin, cəmiyyətinin, dövlət
rəhbərliyinin, şəxsən ölkə
başçısının mövqeyi həmişə
olduğu kimi dəyişməz və aydındır. Qarabağ
məsələsi Azərbaycanın ərazi
bütövlüyü, beynəlxalq hüququn norma və
prinsipləri əsasında həll olunmalıdır.
Şəxsən ölkə
prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, bir qarış
da olsun torpaq güzəştə gedilməyəcək. Eyni
zamanda, hansı prinsip olur-olsun, Qarabağ məsələsində
Azərbaycanın maraq və mənafeləri nəzərə
alınmalı, təmin olunmalıdır. ATƏT PA-nın
Vilnüs sessiyası çərçivəsində Qoran
Lenmarkerin təşəbbüsü ilə
reallaşdırılan görüşə və
görüş zamanı həmin şəxs tərəfindən
dilə gətirilən məlum fikirlərə gəlincə,
istər o zaman belə bir mövqeni ifadə etdim, istərsə
də indi həmin mövqenin üzərində qalaraq bir daha
bəyan etmək istəyirəm ki, görəsən,
"qızıl imkan", "qızıl pəncərə"
dedikdə, ümumiyyətlə, nələr nəzərdə
tutulur? Görəsən, bunun hansı tərəfi
"qızıldır" ki, biz də bəribaşdan bilək,
görək, nəyə, Hansı addıma gedəcəyik,
hansı addıma getməyəcəyik? Bununla belə, ATƏT
rəsmiləri səviyyəsində açıq-aşkar
şəkildə bizlərə heç nə vəd edilmədiyi
bildirilirsə, deməli, belə çıxır ki, onlar bizi
heç zaman Avropa Birliyinə qəbul etmək niyyətində
deyillər. Bir tərəfdən, deyirlər ki, biz
böyük bir evin - Avropanın - Avroatlantik məkanın
sakinləriyik, amma digər tərəfdən, bu evin sakinlərinə
eyni münasibət sərgilənmir və yaxud məlum
mövqe ortaya qoyulur. Heç cür başa düşmək
olmur, bir evin içərisində əmin-amanlığı,
rahatlığı, təhlükəsizliyi təmin etmək
üçün konkret bir iş görülmədiyi,
addım atılmadığı halda, "bu evin
qapıları sizin üzünüzə bağlı
deyil" deyilir. Elə istər ATƏT, istərsə digər
Avropa qurumları tərəfindən indiyə qədər
heç bir iş görülməməsi səbəbindədir
ki, Ermənistan-Azərbaycan münaqişəsi hələ də
həll olunmamış qalır. Bundan başqa, tez-tez
vurğulanır ki, ona görə ATƏT-ə üzv qəbul
olunmuşuq ki, böyük bir təhlükəsizlik məkanı
yaransın və yaradılsın. Amma burada bir məqam unudulur
ki, biz digər təşkilatlar - o cümlədən ATƏT
qarşısında öhdəliklər
götürdüyümüz kimi, onlar da bizim
qarşımızda öhdəliklər götürüblər...
- Belə
çıxır ki, qarşılıqlı öhdəliklər
götürülmədən, konkret nəyəsə nail olmaq
mümkün deyil...
- Tamamilə doğrudur,
bizim onlar qarşısında öhdəliklərimiz olduğu
kimi, onların da bizim qarşımızda öhdəlikləri
var və bu, heç zaman yaddan
çıxarılmamalıdır. Əgər bir məkanın
üzvüyüksə, o zaman konkret desinlər, görək,
burada ATƏT-in, onun Parlament Assambleyasının rolu nədən
ibarətdir? Bu gün ATƏT-ə yeni-yeni üzv ölkələr
qəbul olunur, belə demək mümkünsə, onun sərhədləri
genişlənməyə doğru gedir. Hətta bu gün ATƏT-də
Əfqanıstandan belə nümayəndələr təmsil
olunurlar, ora gəlib-gedirlər. Demək istəyirəm ki, belə
olan halda, uzun müddətdən bəri davam edən bir
konflikti - konkret olaraq Qarabağ münaqişəsini həll
etmədən növbəti konfliktli ölkəni, yaxud ölkələri
bura - bu məkana qəbul etmək, görəsən, nəyə
lazımdır? ATƏT artıq haradasa özünü
sübut etməlidir ki, hansısa bir konflikti, konfliktli məsələni
həll edib, başa çatdırıb. Ancaq
özünüz də gördüyünüz kimi, bu yöndə
hansısa bir nümunə yoxdur. Yenə də qeyd edirəm,
ATƏT hansısa bir konflikti həll etmədən digər
konfliktli dövlətləri, bölgələri özünə
cəlb etməklə, əksinə bundan qazanmır, itirir. Daha
doğrusu, ona olan inamı, ümidi azaldır. Eyni zamanda onu da
bildirmək istəyirəm ki, yuxarıda qeyd etdiyim kimi, Azərbaycan
Qarabağ məsələsində ərazi
bütövlüyünün təmin olunması prinsipindən
bir addım olsun belə geri çəkilməyəcək. Əslində,
bizim bu məsələdə ən böyük güzəştimiz
o olub ki, uzun müddət istər ATƏT-ə, istərsə
də digər qurumlara inanmışıq, bu münaqişənin
həllində onların hansısa addım
atacağını səbrlə gözləmişik. Lakin təəssüflər
olsun, bizim həmin qurumlara olan inamımız, ümidimiz hələ
ki, özünü doğrultmayıb. Artıq, necə deyərlər,
konkret fəaliyyət, addım atmaq zamanıdır. Nəhayət,
istər ATƏT, istər Minsk qrupu, istərsə də digər
qurumlar, vasitəçilər Ermənistan-Azərbaycan
münaqişəsinin ədalətli həll olunması ilə
bağlı öz birmənalı kəskin mövqelərini
ortaya qoymalı, təcavüzkarı yerində
oturtmalıdırlar. Qalan məsələlər, o cümlədən
Avropa Birliyi məsələsi artıq bundan sonra gəlir...
- Yeri gəlmişkən,
eşitdiyimizə görə, Azərbaycan da daxil olmaqla Mərkəzi
Asiya ölkələrinin Parlament Assambleyasının, yaxud Mərkəzi
Asiya ölkələri parlamentarilərinin Forumunun
yaradılması məsələsi gündəmə gəlib.
Bu məlumat nə dərəcədə doğrudur?
- Bəli, bu məsələ
də gündəlikdədir. Düzdür, onun yaxın zamanlarda
yaradılması, bu yöndə sözdən konkret işə,
fəaliyyətə keçilməsi real görünmür,
amma perspektivdə bu ideyanın daha geniş çərçivədə
müzakirə edilməsi və reallaşdırılması
gözləniləndir. Özü də çox
maraqlıdır ki, bu məsələ məhz Mərkəzi
Asiya ölkələri - konkret şəkildə qeyd etsək,
Qazaxıstan, Tacikistan, Əfqanıstan, o cümlədən Azərbaycandan
deyil, bu bölgədən məsafəcə xeyli uzaqda yerləşən
Kanadadan, kanadalı parlamentari tərəfindən ortaya
atılıb. Onu da nəzərinizə çatdırım
ki, bu məsələ elə yuxarıda haqqında
danışdığımız ATƏT PA-nın sonuncu
Vilnüs sessiyası zamanı Qazaxıstan, Tacikistan, Əfqanıstan,
Azərbaycan və Kanada təmsilçilərinin birgə
görüşündə dilə gətirilib. Kanada nümayəndəsi
həmin görüş zamanı bildirdi ki, təmsilçisi
olduğu dövlət Mərkəzi Asiya regionu, o cümlədən
Azərbaycanla əməkdaşlıq etməkdə çox
maraqlıdır. O, eyni zamanda qeyd etdi ki, bu ilkin əməkdaşlığın
forması kimi də Mərkəzi Asiya ölkələrinin
Parlament Assambleyasının, yaxud Mərkəzi Asiya ölkələri
parlamentarilərinin Forumunun yaradılmasını
görürlər. Həmin vaxt Qazaxıstan təmsilçisi
də belə bir qurumun yaradılmasında maraqlı
olduqlarını dilə gətirdi. Çünki bu regionda
davamlı inkişafın təmin olunması üçün
belə bir quruma ehtiyac var. Şəxsən həmin
görüşdə qonaq qismində iştirak edən bir
şəxs kimi, əməkdaşlığın inkişaf
etdirilməsi baxımından belə bir qurumun və yaxud
forumun yaranmasını məqsədəuyğun
saydığımı söylədim. Bununla belə qeyd etdim
ki, Kanada ilə Mərkəzi Asiya regionu arasında əməkdaşlıqda
Azərbaycan olaraq bir körpü rolunu oynamağa
hazırıq. Bu baxımdan, bildirmək istəyirəm ki,
çox yaxın zamanlarda olmasa da, gələcəkdə belə
bir qurumun yaradılması mümkündür və
realdır...
- Hər halda, bu
ideyanın, məsələnin reallaşdırılması
istiqamətində addımların davamı olacaqmı?
- Bəli, mütləq
bu addımların davamı olacaq. Bu istiqamətdə istər
təkbətək görüşlər olacaq, istərsə
də növbəti dəfə birlikdə bir araya gəlinəcək.
Bir daha qeyd edirəm, belə bir əməkdaşlıq
formatına, əməkdaşlıq Forumuna zəruri ehtiyac
var. Düzdür, ATƏT Avroatlantik bir məkandır, o,
üzü Vankuverdən ta Vladovostoka qədər böyük
bir məkanı əhatə edir, bu, öz yerində, amma
bununla belə, bu məkan, konkret olaraq, ATƏT məkanı
çərçivəsində bu tipli regional əməkdaşlıq
təşkilatlarının yaradılması da vacibdir. Bu
cür təşklatların yaradılmasının digər
qurumların, o cümlədən ATƏT-in, onun Parlament
Assambleyasının işinə, fəaliyyətinə
heç bir mənfi təsiri yoxdur və ola da bilməz. Odur
ki, ATƏT məkanı çərçivəsində Mərkəzi
Asiya ölkələrinin Parlament Assambleyasının, yaxud Mərkəzi
Asiya ölkələri parlamentarilərinin Forumunun
yaradılmasının da bu məkanın, bu qurumun perspektivinə
heç bir mənfi təsiri olmaz.
Səlcuq
Xalq Cəbhəsi.- 2009.- 24 iyul.- S.9.