Həsrətlilərin Ağdamı
"Ağdamı gözəlliyinə
görə sevmirəm"
"Mən
onlara ağdamlı deyə bilmirəm. Ağdamlı
öz "pesox"u ilə çay içər"
Ağdamın işğalı
günü... Ağdamlılar işğal günündə
şəhid olanların
məzarını ziyarət
etməklə özlərini
bir qədər ovutmaq, bununla təsəlli tapmaq istəyirlər. Əlbəttə ziyarət dərdi yüngülləşdirməz, amma insana çox
cüzi də olsa, mənəvi rahatlıq gətirə bilər. Görünür ki, ziyarətçilər
məhz bu rahatlığın axtarışındadırlar.
Vətən qarşısında borcumuzu hələ ki, verə bilmirik,
heç olmasa, şəhidlərimizi ziyarət
borcunu yerinə yetirmək istəyir, ağdamlılar. Əslində hamımız
Ağdamın işğalını,
elə, işğal günü xatırlayırıq.
Bəlkə
işğal günü də kimlərsə, ümumiyyətlə,
Ağdamı yadına salmır, sala bilmir. Amma
ağdamlılar o torpaqların həsrətindədirlər,
Ağdamı hər gün yada salırlar, onlar istəməsə
belə, işğal onların canına-qanına hopub, həyatını,
çölünü, içini dəyişib, işğal
onların yadından çıxa bilməz. Nə bilim, bəlkə
həsrətində olmalıdırlar və yaxud yaddan
çıxmamalıdır, desək, daha yaxşı olar. Amma
inanmaq çətindir ki, doğulduğun, sonda
qovuşmalı olduğun torpağı unudasan, həsrəti
içində yaşatmayıb, nisgildən ölməyəsən.
İnanmaq çətindir...
Hər halda inanmaq istəməzdik.
Şəhidlər
Xiyabanında küləkdir, möhkəm külək. Haray
çəkən, etiraz edən, burada sakitcə duranları
Ağdama aparmaq istəyən külək. Biz küləkdən
qaçırıq, sanki Ağdama getməmək
üçün. Küləkdən qaçıb, bir
neçə ağdamlı ilə söhbətləşdik. Ağdamın
yetirdiyi onlarla, yüzlərlə tanınmış sima ilə
söhbətləşdik. Onlar Ağdamla yaşayır, nəfəs
alır, Ağdamı gözləyir, gözləyirlər... Sadəcə
gözləyirlər... Qələbə həsrətindədirlər,
bu həsrət o dərəcədədir ki, Ağdamın
işğal günündə "Qarabağ"ın
Bakıda "Rusenborq" üzərində qələbəsini
bütün varlıqları ilə arzulayır, belə
olacağı halda Qarabağa qayıtmaq arzularının
çin olacağına əminliklərini ifadə edirlər.
İçində həsrət dağı olanlardan biri
şair, Yazıçılar Birliyinin üzvü, 3 kitab
müəllifi, ağdamlı Qulu Ağsəsdir. O deyir ki,
Ağdam gözəl yerdir, ancaq Ağdamı buna görə
sevmir:
"Adam yaşa dolduqca
başa düşür ki, torpaqdan doğulub və nə
vaxtsa qayıdıb torpaq olacaq. Buna görə də, mənim
nəzərimdə ən xoşbəxt insan doğulduğu
torpaqda dəfn olunandır, hansı torpaqdan yaranıbsa, ora da
qayıdan adamdır. Mənim tez-tez təkrarladığım
bir pritça var, onu yenidən yada salmaq istəyirəm. Deməli,
böyük bir səhra olur. Səhra özü böyük
zibbilikdir, yüzlərlə heyvan cəmdəkləri var. Cəmdəklərin
üstündə də gəzən balaca milçəklərdən
biri anasından soruşur ki, bir az uçsaq
gül-çiçək olan yerə gedə bilərik,
özü də uça bilirik, bunu niyə etmirik. Niyə
burada zibilliyin içində, murdar yerdə
yaşayırıq. Anası deyir ki, bala onu mən də bilirəm,
amma bura Vətəndir, atam-anam burada doğulub, mən burada
doğulmuşam, ona görə də bu zibilliyi qoyub gedə
bilmərəm. Çox vaxt Şuşa, Ağdam, Xankəndi,
Cəbrayıl, Qubadlı haqqında deyirlər ki, oralar cənnət
idi. Amma mənim üçün bu yerlərin gözəl
olmağının heç bir əhəmiyyəti yoxdur. Əgər
Ağdam iki daş, iki qayadan ibarət olsaydı, mənim
Ağdama sevgim bəlkə də, daha çox olardı. Mən
Ağdamı gözəlliyinə görə sevmirəm.
Ağdamı Ağdam olduğuna görə sevirəm. Hər
il işğal günündə
yığışırıq, gəlirik,
danışırıq. Hərə öz fikrini, rəyini,
deyir. Bunlar hamısı yaxşıdır, amma mənim bir dənə
narazılığım odur ki, mətbuat təmsilçiləri
bir çox hallarda Ağdamın işğalı ilə
bağlı nağara çalan, qarmon çalandan rəy
öyrənirlər. Əslində 17-18 yaşında əsgər
gedəsi oğlanlardan soruşmaq lazımdır.
Çünki onlar qoruyacaqlar bu torpaqları. Əlillər gəlir,
bura, onlardan soruşmaq lazımdır. Çünki əllilər
gələcək müharibədə ən etibarlı əsgərlərdir.
Xüsusilə də, ayağı olmayanlar, onlar
qaçmayacaqlar, bu torpaqlardan. Ümumiyyətlə, təbliğatı
elə qurmaq lazımdır ki, insanlar hər gün Vətən
sevgisi ilə yaşasın, yaratsın. Mənə bir qaçqın
şikayət eləmişdi
ki, bizi təhqir edib, qaçqın deyirlər.
Mən isə ona dedim
ki, hər gün yerindən duranda güzgüyə bax, özün-özünə qaçqın
de, özün-özünü
təhqir elə. Sənin torpağın yoxdursa, qoyma səni başqası təhqir etsin, özün-özünü təhqir
elə, çıxış
yolu bundadır. Həmişə düşünürəm
ki, burdakı adamlar əslində tamam başqa adamlardır. Ağdamdakı
adamlara bənzər adamlardır, amma onlar deyil. Çünki
onlar öz torpaqlarında biri qoçudur, biri lotudur, biri sənətkar,
biri ifaçı, biri bəstəkardır. Onların yeri dəyişdikdən sonra isə onlar yardıma əl açan, onun-bunun paltarını geyinən,
hansısa ölkənin
"pesox"u ilə çay içən adamlardır.
Mən onlara ağdamlı deyə bilmirəm. Ağdamlı öz "pesox"u ilə çay
içər. Bu cür adamları görəndə halım
pisləşir, deyirəm
İlahi, rayon qayıdacaq, Qarabağ qayıdacaq, qarabağlılıq
qayıdacaqmı? Bu gün qarabağlılıq
sürətlə ölməkdədir.
Qarabağlılardan bəzilərini
müşahidə edirəm,
görürəm, Bakı
ləhcəsi ilə danışır. İllər
təsir eyləyib, ancaq mən istəməzdim, onlar bakılı kimi danışsınlar. Mən
istəyərdim, onlar
elə qarabağlı
kimi danışıb,
o cür düşünsünlər. Bundan
ötrü torpağı
almaq lazımdır, bunun başqa variantı yoxdur. Bu, "xalq diplomatiyası" deyirlər,
boş şeydir. Zərdüşt Əlizadə bir
gözəl söz dedi, bildirdi ki, bir şeyin
ki, adı "xalq diplomatiyası" ola, ondan heç
nə gözləməyə
dəyməz. Çünki
bu danışıqla,
Xankəndinə, Şuşaya
getməklə, inanmıram
ki, nəsə etmək mümkün olsun. Məsələn,
ermənilər bizim kəndi üç-dörd
dəfə yandırıblar,
bizi ordan çıxarıblar, hamısında
da hücum edib, geri almışıq.
Başqa şey olmayıb, erməni hücum edib bizim kəndi alıb, biz hücum edib, torpağımızı geri
qaytarmışıq. Torpağımızı
qaytarandan sonra danışığa getmişik.
Biz həm kəndimizi geri qaytarmışıq, həm
də onlarda olan kəndləri almışıq. Ondan sonra
demişik ki, gəlin danışaq. İndi də torpaqlarımızın hamısını
bir-bir geri qaytarmaq lazımdır, hamısını alandan sonra demək olar ki, gəlin,
bizim yanımızda, əlimizin altında yaşayın, əvvəl
necə yaşamısınızsa.
Yoxsa biz 6 rayon istəyirik, onlar 5-in qaytarır, bununla olmaz. Sülh ola bilsin
ki, lazımdır, amma dava eləmək
lazımdır ki, sülhə nail olaq".
Məhşur muğam
ustası Sabir Abdullayev isə deyir ki, o, bir əsgərdir,
lazım olanda torpaqların azadlığı
üçün son damla qanına qədər vuruşmağa
hazırdır, baxmayaraq yaşı artıq o yaş deyil:
"Şuşanın, Laçının, Kəlbəcərin
işğalı da, bu günə qədər
gözümün önündən getmir, Ağdamın da. Mən
özüm də həmin günlərdə hərbi
formanı geymişəm, amma qavalım da əlimdə olub. Onu
da deyim ki, mənim öz qardaşım da şəhiddir. Əslində
Şuşa, Laçın, Kəlbəcər işğal
olunanda bir daha pis təsir göstərmişdi, Ağdam
işğal olunanda sanki işğala öyrənmişdik. İndi
də görürsən ki, Ağdam yavaş-yavaş yaddan
çıxır. Ağdam mənim üçün
doğulduğum torpaqdır, havadır, sudur. İndi elə-belə
havasız-susuz yaşayıram. Ağdamı görməyənə,
bilməyənə bu torpağın işğalı bəlkə
də, o qədər təsir eləməz. Amma bizi çox
ağrıdır. Qaçqın uşaqlar, cavanlar unudurlar
Ağdamı, onlara etibar yoxdur. Yaşlı və orta
yaşlı nəslin ürəyi, ancaq o torpaqla
döyünür. Onlar ağzını açanda bilirsən
ki, oranın həsrətilə yaşayırlar. Cavanlar isə
belə deyil".
Ağdamlı
döyüşçü Abdal Qəhrəman (Əliyev) hadisələrin
canlı şahididir: "Gördüklərimi heç bir
yerdə yazmıram, heç bir yerdə demirəm. Hələlik
özüm üçün yazıb, evdə saxlayıram.
Ümumiyyətlə, danışmaq azdır, yazmaq azdır,
danışdıqlarımızı,
yazdıqlarımızı hərbi-vətənpərvərlik
ruhunda böyüyən gənclər həyata keçirməlidirlər.
Döyüşsüz Qarabağ torpağını əldə
etmək mümkün deyil. Bəlkə də
mümkündür, amma yazıda yox".
Allah qoysa, gələn
il bu vaxt bu söhbətləri Ağdamda edərik. Edərikmi?
Ağa Cəfərli
Xalq Cəbhəsi.- 2009.- 24 iyul.- S.3.