"Müasir ədəbiyyatı yazarlar özləri oxuyur"

 

       Ələmdar Cabbarlı: "Ədəbi mühitin bəzən çox hay-küylə qarşıladığı əsərdən oxucu kütləsinin xəbəri olmur"

 

Həmsöhbətimiz yenicə nəşrə başlayan "Bizim söz" qəzetinin baş redaktoru, şair-publisist Ələmdar Cabbarlıdır.

- İlk öncə qəzetinizin nəşrə başlaması münasibətilə sizi təbrik edirəm. Bugünkü qəzet bolluğunda, bir sıra ədəbi dərgi və qəzetlərin çap olunduğu bir zamanda "Bizim söz" nə vəd edir?

- Təbrikə görə təşəkürrümü edirəm. Ölkədə qəzet bolluğunun olması heç də o demək deyil ki, yeni qəzetlərə ehtiyac yoxdur. Fikrimcə, qəzet çoxluğu özünü yalnız kəmiyyətdə göstərir, amma oxunaqlı bir qəzet, dərgi axtaranda oxucu çox zaman üz tutacağı bir ünvan tapmır. "Bizim söz" həmin ünvan və ya ünvanlardan biri olmaq üçün çalışır. Müəyyən sorunlarımızı çözəndən sonra biz bunu bacaracağımıza ümid edirik.

- İlk sayınızla tanışlıqdan belə görünür ki, ədəbi nəsillərə harmonik baxış sərgiləyirsiniz. Bu, təsadüfən belə alınıb, yoxsa, missiyanız hesab edirsiniz?

- Əlbəttə, burada hər şey məqsədyönlü, ölçülüb-biçilmiş şəkildədir. Bizim üçün bölgü kimin hansı ədəbi nəslə, hansı ədəbi cərəyana aid olması deyil. Fikrimizcə, istənilən sahədə yalnız bir bölgü, bir yanaşma tərzi var: Azərbaycan və onun özünəməxsus ənənələrə malik ədəbiyyatı, mədəniyyəti naminə çalışanlar və buna qarşı gedənlər. Birinci mövqeyə malik olanlar hansı nəslə, hansı ədəbi cərəyana aidliyindən asılı olmayaraq dostlarımızdır və bu məsələlərin xaricində aramızda hər hansı fikir ayrılığı varsa da, bunu inkişafa yönəlmiş sağlam rəqabət kimi dəyərləndiririk və bu rəqabətdən çəkinmirik.

- Bu gün bir sıra mətbu orqanlarda, özü də bir çox hallarda məhz ədəbi orqanlarda baş alıb gedən təhqirə, söyüşə qarşısınız...

- Təbii, qarşıyıq. Fikrimcə, öz mövqeyini təhqir, söyüş şəklində ifadə edənlər heç bir yaradıcılıq potensialı olmayan, əsərlərinə görə heç bir uğur qazanmayacaqlarını öncədən özləri üçün müəyyənləşdirənlərdir. Bilirsiniz, kiməsə böhtan atmaqla, görkəmli yazıçıları, ictimai xadimləri təhqir etməklə çox qısa vaxt ərzində populyar olmaq olar. Belələrinin adlarını tarix çox tez unudur və çox da uzaq olmayan bir zaman kəsiyində siz özünüz də bunun şahidi olacaqsınız.

- Qəzetinizin ilk manşeti "Bizə necə şeir lazımdır?" adlanır. Sizcə, bizə necə şeir lazımdır?

- Manşetə çıxardığımız bu məqalənin müəllifi istedadlı şair Namiq Hacıheydərlidir və Namiq bəy öz məqaləsində bunu kifayət qədər uğurlu bir şəkildə izah edib. Qəzetmizin ilk sayını oxuyanlar üçün bu sualın cavabı orada daha yaxşı şəkildə verilib. Məncə, bizə lazım olan şeir ilk növbədə milli köklərə malik olmalı, eyni zamanda çağdaş dünyanın ovqatına uyğun bir şəkildə yazılmalıdır. Burada əsas amil, bu şeirin əsas predmeti insan və onun problemləri olmalıdır.

- Bu gün ədəbiyatda olan gənclər bir-birini oxuyurmu?

- Elə bəla burasındadaır ki, bu gün ədəbiyyatda olanları yalnız özləri oxuyurlar. Ədəbi mühitin bəzən çox hay-küylə qarşıladığı, qəbul etdiyi, piarını apardığı əsərdən oxucunun xəbəri olmur. Bizim yazarlarımızın, eyni zamanda nəşriyyatlarımızın oxucu ilə işləmək həvəsi və səriştəsi yoxdur. Xüsusilə, gənc yazarların çox kiçik tirajla çıxan kitabları yalnız özlərinə yaxın olan məhdud dairədə yayılır. Bu problem indi kiçik görünə bilər, amma qarşısı müəyyən vasitələrlə alınmasa, gələcəkdə daha ciddi nəticələrə səbəb ola bilər.

- İlk saydakı məqalələrdən, yazılardan görünür ki, üzünüzü daha çox Turana tutmusunuz. Bunun niyəsi aydındır, necəsi barədə nə deyərdiniz?

- Rüstəm Behrudinin bir misrası var, deyir, Sonun yoxdur çevrilməsən Turana, Vətən! Əlbəttə, biz dünyanın gerçəkliklərini, hansı dönəmdə yaşadığımızı nəzərə alırıq və qədim türk torpaqlarının bir dövlət halında birləşməsinin bu gün üçün mümkünsüz olduğunun fərqindəyik. Amma şairin misrasında da yəqin ki, belə düşünülüb, beləcə anlayırıq ki, bu gün türk dövlətləri mədəniyyət, ədəbiyyat sahələrində olan bağları ilə Turana çevrilməli, Türk Birliyini yaratmalıdırlar. "Bizim söz" qəzeti də bu mövqedən çıxış edir və bu istiqamətdə zərrənin mində biri qədər iş görə bilsək, özümüzü xoşbəxt sayarıq.

- Gələcək planlarınız barədə danışaydınız.

- Hələlik ayda bir dəfə işıq üzü görən qəzetimiz payızdan ayda iki dəfə oxucuların görüşünə gələcək. Çalışırıq dövriliyimizlə yanaşı tirajımızı, auditoriyamızı artıraq, oxuculara fərqli qəzetçilik təqdim edək. Demək istəyirəm, bizim qəzet heç bir qruplaşmanın, heç bir fərdin maraqlarına xidmət etmir. Bizim üçün Azərbaycanın və onun zəngin ədəbiyyatının maraqları daha öndədir. Bu dünyagörüşünü paylaşmaq istəyən, istənilən düşərgəyə aid olan şəxs bizə yazı göndərə, qeydsiz-şərtsiz çap oluna, eyni zamanda qəzetimiz haqqında tənqidi fikirlərini bölüşə bilər.

 

 

Habil Yaşar

 

Xalq Cəbhəsi.- 2009.- 4 iyun.- S.14.