Məhv olmayan türklər - Krım tatarları

 

       Onlar çoxlu itkilər versə , ruhlarını qorumağı bacardılar

 

Bu yaxınlarda Krım tatarlarının tarixi yurdlarından deportasiyasından 65 il ötdü. Ümumən 20-ci yüzil türk xalqlarının həyatında daha ağrılı dövr oldu. Araşdırmaçı Mahmud Allahmanlı Krımtatarların mədəniyyət tarixinin araşdırılması ilə məşğul olmasının səbəbini belə açıqlayır: "Böyük tarix yaşamış krımtatarlar tarixin ən incə qatlarını, gündəlik qayğılarından tutmuş həyat amallarına kimi nə varsa, mədəniyyətlərində ifadə edə biliblər. Türkün bu qolu təkcə böyük tarix yaratmayıb, həm də böyük mədəniyyət düzənləyib. Sovetlər imperiyası son yüzildə bu xalqın başına olmazın bəlalar gətirdi. Tarixin çox əski qatlarından süzülüb gələn bu nümunələrin məhvi siyasəti yeridildi. Krımtatarlar dədə-baba torpaqlarından sürgün olundu. 1944-cü ilin 18 mayında böyükdən-kiçiyə bütövlükdə bir xalq deportasiya edildi. İtkilər, sarsıntılar, fəlakətlər deportasiyanın özündən doğan fəsadlar idi. Krımtatarların da tarixi abidələri, maddi-mədəniyyəti, mənəvi dəyərləri bu ağırlığı yaşadı. Eyni zamanda mənəvi mədəniyyəti bütövlükdə sarsıntılarla üzbəüz qaldı. Ədəbiyyat aşınmalarla üzləşdi. İmperiya məqsədli olaraq Krımtatarların tarixi abidələrində, dastan rəvayətlərində düzəlişlər yolunu tutdu. Məlum nümunələrin məhvindən əlavə, redaktə olunmuş yeni variantlar ortaya qoyuldu. Ancaq bütün baş verənlərə xalq duruş gətirə bildi, məhv olmadı, ruhunu qorumağı bacardı. Şübhəsiz, böyük itkilər vardı. Krımtatarların şifahi yaradıcılığında xalqın ağrılarının, sevincinin, insan sevgisinin, üzləşdiyi bəlaların, ayrılıq vüsal məqamlarının ifadəsi var. Ona görə bu nümunələr son dərəcə əvəzsizdir, xalqın varlığını, mənəvi dəyərlərini, mövcudluğunu, kimliyini yaşadan nümunələrdir. Burada fərdin hisslərindən böyük ümumiləşmiş ağrılara qədər hamısı cəmlənir. Türkün hər bir qövmü çətinliyin, ağrının, fəlakətin olduğunu yaxşı bilir. Ona qarşı savaşı da, bu yolda ölümü bacarır, oradan rahat, sevinc dolu həyata yol başlamağı da mümkün sayır. Çünki böyük düşüncələrlə yaşayan xalqların fəlakəti həmişə böyük olur. Sovetlər imperiyası zamanı sözün həqiqi mənasında Krımtatarlarının üzü gülmədi. Bunun tarixi isə bir qədər əvvələ gedib çıxır. Belə ki, Krım xanlığının süqutu rus şovinizminin fəallaşmasına səbəb oldu. Artıq 18-ci yüzillikdən başlayaraq Krımtatarlarına qarşı müxtəlif təzyiqlərə rəvac verildi. Həmin ərazilərdə rusların yerləşdirilməsi düşünülmüş siyasətin bir hissəsi idi. Bütün bu müdhiş hadisələr Krımtatarların xalq yaradıcılığında, yazılı ədəbiyyatında əksini tapır".

Krımtatarların tanınmış nümayəndələrindən biri Bəkir Çobanzadədir. Azərbaycan dilçiliyinin, ictimai fikrinin inkişafında Bəkir Çobanzadənin özünəməxsus rolu var. 44 il yaşayan alim bu müddət ərzində ağrılarla, əzablarla dolu bir ömür sürüb. B.Çobanzadə 1896-cı ildə Krım quberniyasının Qarasubazar kəndində anadan olub. Atası çoban olub, çətinliklə həyat sürüb. Hətta balaca Bəkirin özü də 10 yaşına qədər çobanlıq edib. Fitri istedadı, qeyri-adi qabiliyyəti onun burada uzun müddət qalmasına imkan verməyib. Gənc B.Çobanzadə xeyirxah adamların, imkanlı kənd camaatının köməkliyilə Türkiyəyə yola düşür: "Hətta o, bir müddət maddi ehtiyac ucbatından çayçı yanında şagird işləməyə məcbur olub. İstanbul Universitetində fransız və ərəb dillərini də öyrənib. Məktəbi müvəffəqiyyətlə qurtaran B.Çobanzadə Macarıstandakı Peşte universitetinin filologiya faültəsində təhsil alıb. O, burada akademik Dyul Nemətin rəhbərliyilə 1920-ci ildə dilçilik mövzusunda doktorluq dissertasiyası müdafiə edib. "Türk-tatar dialektolojisi", "Türk dili", "Türk qrameri", "Elmi qarmerin əsasları", həmçinin ədəbiyyatşünas kimi "Son dövr Krım-Tatar ədəbiyyatı" (1928), "Türk ədəbiyyatı" (1929), "Türk dili və ədəbiyyatı" və başqa kitabların müəllifidir. B.Çobanzadə keçmiş SSRİ-də türkologiya sahəsində ilk elmlər doktoru, professor olub". O, hələ erkən yaşlarından "Krım milli firqəsi"ndə digər ziyalılar kimi ideoloq rolunda çalışıb. Ziya Göyalpın turançılıq düşüncələrilə bir müddət yaşayıb. Yaradıcılığının bir hissəsini də yazdığı şeirləri təşkil edir. 1924-cü ildə Bakıya gəlir, həyatının sonuna qədər burada yaşayır. Krımda "burjua ideoloqu" kimi təqib olunan Çobanzadəyə hücumların növbəti dalğası Bakıda başladı. O, bu ittihamla da böyük işgəncələrə məruz qalır, nəhayət, 1937-ci il oktyabrın 13-də güllələnir".

Mahmud Allahmanlı "Krımtatar ədəbiyyatı" kitabında böyük tarixi, mədəniyyəti olan Krım tatarlarının şifahi və yazılı ədəbiyyatının problemlərilə bağlı söhbət açıb. Tədqiqatçı "Ədigə"nin, "Çorabatır"ın, "Koplantı batır"ın, "Kozukurpəç"in geniş təhlilini verib, bu dastanların türkün qəhrəmanlıq tarixində yerini göstərməyə çalışıb. Krım tatarlarının məşhur sənətkarı Aşıq Ömərin (17-ci yüzil) yaradıcılığını ortaq türk şeiri ənənəsi bağlamında araşdırıb, onun Qafqazda, Ön Asiyada nə qədər məşhur olduğunu faktlar əsasında göstərib. Sofi Məhmət Gəray xan Kamilin, Hüseyn Şamil Toxtarqazinin, İdris Asaninin, Şakir Səlimin yaradıcılığı və Krım tatar ədəbiyyatının inkişafında tutduqları yer haqqında bilgilər verib.

 

 

Qaliboğlu Elçin

 

Xalq Cəbhəsi.- 2009.- 5 iyun.- S.14.