Sürgün həyatı yaşamış Axısqa
türkləri
Asif Hacılı:
"Axısqa türkləri
Türkiyə və Azərbaycan türkləri
arasında keçid mövqeyində duran özünəməxsus etnoqrafik
qrupdur"
Türk
Dünyasının ayrılmaz qollarından biri olan Axısqa
türklərinin tarixi taleyi, başlarına gətirilən
faciələr türkün yenilməzliyinə qarşı
çoxsaylı antiinsani əməllərdən biridir.
Filologiya elmləri doktoru, professor Asif Hacılı Axısqa
Türklərinin tarixi taleyi, zəngin ruhu, mədəniyyəti,
folklorunu araşdırıb. Deyir insanlar kimi, xalqların da
öz taleyi, qisməti var. Sonsuz Türk Dünyasının
ulu boylarından olan Axısqa türklərinin taleyi türk
tarixinin ən faciəli, həm də şanlı səhifələrindən
biridir: "Dünyanın cənnət guşələrindən
sayılan Axısqa-Çıldır torpaqları ən əski
çağlardan zəhmətkeş əməkçilərin
və ustad sənətkarların yurdu olub. Türk ellərinin
qovşağında, köç yollarının
üstündə yerləşən bu obada müxtəlif
türk bölgələrinin bir çox zənginlikləri cəmləşib.
Axısqa mahalında qədimlərdən Anadolu və Qafqaz,
Rumeli və Turan mədəniyyətləri
çulğaşaraq orijinal etnoqrafik fenomen yaradıb. Bu obada
həm uzaq İstanbul civarlarının, həm ulu Gəncə
yörəsinin nəfəsi duyulur, həm Anadolu halayları,
həm Borçalı gözəlləmələri səslənir.
Müşahidələrimiz bizi bu qənaətə gətirib
ki, Axısqa türkləri Türkiyə və Azərbaycan
Türkləri arasında keçid mövqeyində duran
özünəməxsus etnoqrafik qrupdur.
Şərti olaraq desək,
əgər Borçalının qarapapaq elatı tarix
meydanına osmanlılığa meylli Azərbaycan türkləri
kimi çıxmışlarsa, Axısqa eli - Azərbaycanlılığa
meylli osmanlı türkləri hesab oluna bilər. Qədim
çağlardan qoca Qafqazın cənub-qərb
torpaqlarında məskunlaşmış Axısqa türkləri
1944-cü ilin noyabrında amansız imperiya siyasətinin
qurbanı olmuş, doğma vətənindən uzaqlara
sürülmüş və bütün insani hüquqlardan məhrum
edilmişdi. Axısqa, eləcə də Göyçə, Zəngəzur,
Ağbaba, Borçalı, Qaraçay, Balkar, Krım türklərinin
başına gətirilən faciələrin bütün dəhşətlərini
təsvir etmək mümkün deyil. Əzablı yollarda,
sürgün ağrılarından, xəstəlikdən, məhrumiyyətlərdən
minlərlə türk həlak olur.
Türk
dünyasının düşmənlərinin 1989-cu ildə
Axısqa elinə qarşı törətdikləri ikinci cinayət
bəlkə əvvəlkindən də dəhşətli
oldu, çünki bu, iki qardaş xalqın faciəsi idi.
Aldadılmış bir qardaşın kor qəzəbi o biri
qardaşa qarşı yönəldildi".
A.Hacılı qeyd edir
ki, Axısqa türkləri taleyin bu amansız
sınaqlarından ləyaqətlə
çıxmışlar: "Ən əsası, od-alovdan
keçən türklər yalnız cismani
varlıqlarının hayına qalmamış, həm də
milli ruhu, mənəvi sərvətləri, türklüklərini
qoruya bilmişlər. Qəriblikdə nurani dədələr,
nənələr yaddaşlarını sanki daha da itiləşdirdilər,
zamanın acığına ömürlərini bir az da
uzatdılar və xalqın mənəviyyatını, mədəniyyətini
yaşadan müdriklik xəzinəsini - əski sözləri,
türkü və şarkıları, rəqs və adətləri,
məişət və düşüncə tərzini, əxlaq
və vərdişləri qorudular, yeni nəsillərə
ötürdülər. Dünyanın ən böyük dərdi
olan vətənsizlik dərdindən, azman Vətən həsrətindən
yeni sözlər, türkülər, şarkılar doğdu.
Qara həsrətin dərinliyilə adamın içini
göynədən bu əsərlər müxtəlif ölkələrə
səpələnmiş xalqı birləşdirdi, müqəddəs
mənəvi çırağı sönməyə
qoymadı! Həsrət və hiddət inam və məhəbbəti
əzə bilmədi! Hələ 30-cu illərdə teatrlar
yaratmış, məktəblər açmış, Ömər
Faiq Nemanzadə, Osman Sərvər Atabəy, Əhməd bəy
Pepinov, Məhəmməd Zəki kimi şəxsiyyətlər
yetirmiş bir xalq öz varlığını qoruya bildi.
Son vaxtlar
ağsaqqalların səsinə yeni nəsildən olan cəfakeş
ziyalılar səs verir. Axısqa türklərini birləşdirən
"Vətən" cəmiyyəti fəaliyyət göstərir.
Həyatlarını doğma xalqının haqq işinə həsr
etmiş vətən fədailərinin narahat,
yanğılı və həm də inamlı söhbətlərini
dinlədikcə, bu qorxmaz vətənpərvərlərin
müdrik gücünə, dönməzliyinə və
şücaətinə daldıqca, böyük türk
oğlunun ölməz sətirləri yada düşür:
Bayraqları bayraq yapan
üstündəki qandır,
Torpaq, əgər
uğrunda ölən varsa vatandır!..
Axısqa türklərinin
qəriblik ovqatını, dərdini, ümid və
arzularını el sənəti gözəl ifadə edir.
"Gövlüm göyərçin oldi, durmiyer yad vətəndə"
- deyən Axısqa türklərinin ən böyük arzusu
bir xalq kimi doğma yurdlarına qayıtmaq, mədəniyyətlərini
inkişaf etdirmək, milli maarif yaratmaq, folklor, dil,
etnoqrafiyanı qorumaq və öyrənməkdir. Müasir
dövrdə Axısqa türklərinin etnik-mədəni
özünəməxsusluğu bir çox örnəklərdə
qorunub yaşayır: məişət, dil, əxlaq, etiket, mərasim,
folklor..."
A.Hacılı örnəklərin
indiyə kimi yetərincə öyrənilməməsinin bu
elin milli siması haqqında qərəzli uydurmaların ortaya
atılmasına zəmin yaratdığını deyir:
"Sürgün olunarkən sayı yüz mindən çox
olan, indi yarım milyona çatmış Axısqa türkləri
hazırda Azərbaycan, Türkiyə, Orta Asiya, Qazaxıstan,
Şimali Qafqaz, Rusiya, ABŞ, Ukraynanın müxtəlif yerlərində
yığcam toplumlar halında yaşayır. Axısqa
türklərinin bir çox nümayəndələri
respublikamızın Saatlı, Sabirabad, Beyləqan, Xaçmaz,
Quba, Şamaxı, Şəmkir, Gəncə bölgələrində
məskən salıb. Lakin Azərbaycan və Türkiyə
türklərinin hər ikisinə eyni dərəcədə
yaxın olan bu elin tarixi, özünəməxsus maddi-mənəvi
mədəniyyəti hələ də dərindən
araşdırılmayıb. Bütün bunlar Axısqa
Türklərinin tarixinin, orijinal etnik mədəniyyətinin və
folklorunun tədqiqini son dərəcə vacibləşdirir.
Axısqa yörəsi ən qədim vaxtlardan şeir-sənət
yurdu, ustad sənətkarların vətəni olub. Bu torpaqlarda
Xəstə Hasan, Aşıq Öməriy, Aşıq Nuru,
Aşıq Şenlik, Üzeyir Fəqiri, Zülali, Səfili, Əmrahi
kimi böyük sənətkarlar saz çalıb söz
söyləmişlər. Son illərdə ulu ustadların sənətini
yeni nəsil davam etdirir. Məlik dədə, Kibar dədə,
Əhməd dədə, Aşıq Ələddin,
Aşıq Qafur, Aşıq Ömər, Gülcan nənə,
Göyərçin nənə kimi söyləyicilərin,
Mürtəz, Aslan, Fəhlül, Səkinə nənə,
Cabir, Mehyar, İlyas, Zeynul, Şimşək, Şahismayıl,
İlim, Musəddin təki el şairlərinin altun kəlmələri,
davulçu Mərdalı, zurnaçı Mehri, Əmirşah,
Şəhmərdan, davulçu Şahbaz, qavalçı Əhməd
və Müdir, Nurəddin, Mikayıl, Yusif, Zülfüqar, Lətif,
Osman kimi istedadlı müğənnilərin yanıqlı sədaları
bütün xalqı birləşdirir, bir millət kimi
yaşadır. Milli mətbuat, məktəb, ərazi birliyindən
məhrum olan Axısqa elinin qəriblik həyatında folklor
müstəsna rol oynayır, milli varlığı, etnik
yaddaşı qoruyan ən önəmli qüvvə kimi
inkişaf edir".
Asif Hacılı
Axısqa folklorunun zənginliyindən də
danışır: "Axısqa türk folkloru çox zəngin
və çeşidlidir. Sürgün, ayrılıq və əzablar
içində bu zəngin xəzinənin necə qorunması
adamı heyrətləndirir. Bunu yalnız türk ruhunun
ölməzliyi və böyüklüyü kimi anlamaq olar. Bu
qədim türk ulusunun el sənəti minillərin
yaddaşından gəlir. Nurani qocalar indiyədək şaman
oxumalarına bənzər sirli duaları, Yunis İmrə,
Qaracaoğlan, Dadaloğlu, Qurbani, Sümmani söyləmələrini
unutmamışlar. Axısqa folklorunda bizim çağda, qəriblikdə
yaranmış əsərlər də çoxdur. Bu
çağdaş folklor nümunələri Türk
Dünyasının ən faciəli günlərinin
yadigarıdır, türk ruhunun əbədiliyinə
böyük abidədir. Qəhrəman bir xalqın
ağrıları, dəyanət və ümidləriylə
dolu bu folklor ümumtürk mədəniyyətinin ən
şanlı və mənalı səhifələrindən
biridir. Sürgündən sonra Orta Asiya, Qafqaz və
Rusiyanın müxtəlif bölgələrində məskunlaşmış
Axısqa türklərinin milli ruhunu, birliyini qoruyan, onları
vətənə bağlayan əsas amillərdən biri xalq sənəti,
forklordur. Janr etibarilə çox zəngin olan Axısqa
türk folkloru bir çox cəhətdən diqqəti cəlb
edir. 1944-cü il sürgünündən sonra
soydaşlarımızın milli yazılı ədəbiyyatı
inkişaf etdirməyə obyektiv imkanları
olmadığından folklor mədəni həyatın əsas
formalarından birinə çevrilib. Buna görə Axısqa
folkloru günümüzə qədər
canlılığını qoruyub saxlayıb, dinamik sosial-mədəni
amilə çevrilib. Axısqa türklərinin etnik
şüurunda obyektiv tarixlə yanaşı, ideal poetik aləm,
mif-folklor dünyası mühüm yer tutur. Xalq ənənəvi
mərasim-folklor mühitini gündəlik həyatında, xəyal
və düşüncəsində yaşadır və
özü də bu mühit daxilində yaşayır".
Elçin Qaliboğlu
Xalq Cəbhəsiş.- 2009.- 6-8 iyun.- S.14.