Azərbaycan aşıq sənəti Avropada rəğbətlə qarşılanır

 

Bu yaxınlarda Azərbaycan aşıqlarından bir qrupunun YUNESKO xəttilə Fransaya növbəti səfəri başa çatıb. Bu barədə "Xalq Cəbhəsi"nə aşıq Altay Məmmədli məlumat verib. O, sözügedən səfəri Azərbaycan aşıq sənətinin, ümumiyyətlə, qədim Azərbaycan mədəniyyətinin soraqlarının yayılmasında əhəmiyyətli bir məqam adlandırıb: "Azərbaycanı bu səfərdə Samirə Əliyeva, Nemət Qasımlı, Ramin Qarayev, Altay Məmmədli və balabançı Şirzad təmsil edirdilər. Bu ilin martında keçirilmiş festivalın yekun konserti YUNESKO-da başa çatdı.

Tədbirdə 10-dan çox ölkənin incəsənət xadimləri iştirak edirdilər".

Azərbaycandan gedən saz sənətçiləri Strasburq konservatoriyasında ayrıca konsert proqramı ilə çıxış ediblər. YUNESKO-da keçirilən tədbirdə Azərbaycan aşıqlarının ifası gözəl qarşılanıb. Məhz birinci tədbirdə ifası yaxşı qarşılanan Azərbaycan aşıqları YUNESKO-nun keçirdiyi festivalın yekun konsertinə dəvət olunublar.

A.Məmmədli avropalı mütəxəssislərin Azərbaycan aşıq sənətinə, saza vurğunluğunu xüsusi qeyd edir: "Tədbir boyunca, tədbirdən sonra mütəxəssislər Azərbaycan aşıq sənətinə heyranlıqlarını ifadə edirdilər. Adını unutduğum yaşlı bir fransız mütəxəssisi etiraf etdi ki, burada iştirak etdiyi çoxsaylı festivallar tarixində belə konsertə tamaşa etməmişdi. İştirakçılar kifayət qədər idi, zalda bütün yerlər dolmuşdu".

Avropada aşıq sənətimizin daim böyük heyranlıqla qarşılandığını qeyd edən Altay Məmmədli YUNESKO-nun sözügedən sahədə daim addımlar atdığını qeyd edir: "Ötən il YUNESKO-nun xəttilə 50-yə yaxın aşığın ifası lentə alındı. Həmin səslər həm burada, həm də Fransada diqqətlə dinlənildi, Azərbaycandan orada iştirak edəcək aşıqların səsi bəyənildi". Təbiidir ki, bu uğurlar Azərbaycan aşıq sənətinin dünya miqyasında daha geniş səviyyədə tanıdılması yönündə silsilə əməllərin tərkib hissəsidir. Türkün yenilməz, bənzərsiz ruhunun ifadəsi olan aşıq sənətinin bu mənada tanıdılmasının yeni üfüqlərinin yaradılması xəlqi qədimliyimizə, bir xalq olaraq mənəvi cəhətdən zənginliyimizə dəlalət edən məsələdir. AMEA Folklor İnstitutunun direktoru Hüseyn İsmayılovun aşıq sənəti ilə bağlı qənaətləri maraqlıdır: "Azərbaycan mədəniyyətinin və şifahi xalq ədəbiyyatının inkişafında müstəsna rolu ilə seçilən, sənəti və sözü, musiqini və poeziyanı mükəmməl şəkildə özündə birləşdirən aşıq sənəti ədəbi-mədəni bir fenomen kimi kifayət qədər mürəkkəb təkamül yolu keçib. Həm forma, həm də məzmun baxımından kamilləşərək bütövlükdə böyük bir mədəniyyətə malik xalqın ədəbi-estetik ehtiyacını ödəmək funksiyasını uğurla yerinə yetirib. Milli mədəniyyətimiz tarixində əski xalq ənənələrini mühafizəkar şəkildə qoruyan toplumlarda aşığın statusu, rolu həm kəmiyyətcə, həm keyfiyyətcə daha böyük, miqyaslı, dolğun olub".

Dövlət Səs Yazıları Arxivinin direktoru Yaqub Mədətov rəhbərlik etdiyi arxivdə aşıq sənətinə aid xeyli soraqların qorunduğunu, bu qiymətli nümunələrin yeni səviyyədə, imkanlarla üzünün köçürülərək sabah üçün saxlanıldığını bildirir: "Arxiv yaradıldığı vaxtdan folklor, xüsusən də aşıq sənəti soraqlarının toplanılması arxiv əməkdaşlarının daim diqqət mərkəzindədir. Xalqımızın qiymətli yaradıcılıq yadigarları arxivdə diqqətlə qorunur. Bu sahədə uğurlarımız çoxdur. Arxivimizdə hazırda 1200-dən çox qiymətli folklor nümunələri, dastanlar toplanıb. Ötən illər ərzində bu nümunələrin qorunması, sabaha çatdırılması yönündə şəraitin yaradılması ilə bağlı daim çalışmışıq. Arxivdə Azərbaycan aşıq sənətinin ötən yüzilin 30-cü illərinə aid səs nümunələri də saxlanılır. Bu qiymətli nümunələrin ilk növbədə yeni, müasir səs daşıyıcılarına köçürülməsini əsas işimiz hesab etmişik. Ötən yüzilin sonlarında bu nümunələri maqnitofon lentlərinə köçürməklə xilas edə bildik. Bir müddət sonra isə elmi-texniki inkişafın son nailiyyətlərindən olan kompüter əldə olundu. Bu nümunələrin artıq ardıcıl şəkildə yeni səs daşıyıcıları olan SD disklərinə köçürülməsinə başlanıldı. Arxivin fondlarında 700-ə qədər qiymətli video süjetlər var ki, bunların arasında da aşıq sənətinə aid soraqlar toplanıb".

Böyük Britaniyanın "Kral" kitabxanası ilə birgə layihənin uğurla başa çatdığını bildirən Y.Mədətovun sözlərinə görə, bu kitabxana ilə birgə işdə ilk mərhələdə Azərbaycanda olan aşıq dastanlarını toplamaq, onları bərpa edərək SD disklərinə köçürmək nəzərdə tutulmuşdu: "Arxivin fondlarında olan 30-dan artıq dastan disklərə köçürüldü: dastanlar 3 nüsxədə hazırlandı, bir nüsxəsi Böyük Britaniyanın "Kral" kitabxanasının fonduna göndərildi. İki nüsxəsi isə bizdə qaldı. Bu mövzularda nümunələrin toplanılması işi də davam etdiriləcək. Aşıq sənəti heç vaxt məhv ola bilməz, çünki bu, minillərdən bəri yol keçib gələn xəlqi sənətdir."

AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Sənubər Bağırova Azərbaycan aşıq sənətinin dünyaya, konkret olaraq YUNESKO-ya təqdimi yönündə aparılan işlərdən danışır: "Azərbaycan aşıq sənətinin yeni səviyyədə özümüzə, xüsusən də dünyaya təqdiminə ehtiyac var. Aşıq sənəti ilə bağlı indiyə kimi xeyli tədqiqatlar aparılıb. Sovet dövründə də aşıq sənəti xeyli inkişaf edib, çoxlu sayda ifalar, dastanlarımız lentə alınıb. Sazımızın dünyaya təqdimatı muğamatın təqdimatında olduğu kimi son dərəcə dəqiq, yetkin olmalıdır. Düzdür, saz Türk Dünyasında geniş yayılıb, amma bir faktdır ki, Azərbaycan aşıq sənəti tamamilə özünəməxsusdur".

Güney Azərbaycanda aşıq sənəti ana dilimizin qorunmasında misilsiz hünər göstərir. Bu gün fars şovinizminin bütün qadağalarına baxmayaraq sazın soydaşlarımızın əlindən alınması mümkün deyil. Hazırda Azərbaycanımızın Güneyində sazın əvvəlki dövrlərdən daha güclü bir səviyyədə inkişaf etməsi milli ruhun fars şovinizminə qarşı köklü, ciddi müqavimətinin nəticəsi kimi meydana çıxır. Saz türkün möhtəşəm döyüşkənlik ruhunu ifadə edir. Güney Azərbaycada saza ilahi səviyyədə sevgi var. Bu sevgi soydaşlarımıza bütün məqamlarda sazı anlamağa, onu böyük bir heyrət və eşqlə ifa etməyə imkan verir. Saz itirdiyimiz yurd yerlərimizdən yana-yana danışsa da, onun bu harayında zəlillik və zəiflik olmadığından kədərimiz bizə yenilməz güc verir. Azərbaycan aşıq sənəti bəşəriliyi tamamilə təsdiq edir, çünki ideal səviyyədə millidir. Tanınmış saz ifaçısı Nemət Qasımlı deyir: "Aşıq el arasında, məclisdə yetişir. Sözsüz ki, bu sənətin təməli, tələbləri dəyişməz olaraq qalır. Aşıq sənətinin vurğunu olmaq həm də insanın düşdüyü mühitdən çox asılıdır. Azərbaycan ruhca bütövdür, saz da türkündür". Deməli, sazımızı balaca, özgə təsəvvürlərdən, təəssüratlardan qoruduğumuz dərəcədə dünyaya daha inadla və inamla təqdim edə, Azərbaycan ruhunun bənzərsizliyi haqqında təsəvvür yarada biləcəyik.     

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 12 iyun.- S.14.