Azərbaycan klassik ədəbiyyatının cəfakeş
toplayıcısı
1937-ci
ildə Salman Mümtazın bir yük maşını həcmində əlyazmaları
yandırılıb
Bu il anadan
olmasının 125 ili tamam olan, Azərbaycan ədəbiyyatı
tarixində ədəbiyyatşünas, folklor
toplayıcısı kimi imzası tanınmış Salman
Mümtazın özünəməxsus xidmətləri var. Onun
ən çətin dövrdə - 20-ci yüzilin əvvəllərindən
başlayaraq Azərbaycan ədəbiyyatı və mədəniyyətinin
soraqlarını böyük bir sayğıyla, inadla
toplaması, kitablaşdırması xəlqi dəyərlərə
ciddi sayğı, sevgi hadisəsidir. Baxmayaraq ki, Salman
Mümtaz imkanlı ailədən idi, özünə hər
cür şərait yarada bilərdi. Ancaq o, gözəl
anlayırdı ki, yalnız xalqın yaratdıqlarını
qoruduğu, yaşatdığı, artırdığı,
inkişaf etdirdiyi dərəcədə var ola biləcək. Salman
Mümtazın yaşadığı zamanda "Molla Nəsrəddin"
jurnalını ərsəyə gətirən, bəlkə də
sözsüz, bu əməliylə çoxlarına nümunə
olan Mirzə Cəlil imtina məsələsində daha irəli
getmişdi. Mirzə Cəlil də jurnal açmaq əvəzinə
o dövrkü neft bumunda fəallıq göstərə,
özünə böyük maddi varidat yığa bilərdi.
Çünki adlarını çəkdiyimiz bu şəxslər
olduqca bacarıqlı idilər. Təbiət onlardan heç
bir sahədə qabiliyyət əsirgəməmişdi. Üstəlik
də Mirzə Cəlil "Molla Nəsrəddin"i
çıxarmasının üstündə dəfələrlə
ölümlə hədələnmişdi.
Salman Mümtaz isə hətta
elini-yurdunu, rahatlığını buraxıb uzaq ellərədək
gedib çıxmış, getdiyi yerlərdə Azərbaycan,
eləcədə Türk Dünyasının ədəbiyyat,
mədəniyyət soraqlarını axtarmışdı.
Bu gün Dövlət Ədəbiyyat
və İncəsənət Arxivi Salman Mümtazın
adını daşıyır. Anadan olmasının dönəmində
arxivin direktoru Maarif Temurla Salman Mümtazın həyat yolu,
yaradıcılığı barədə söhbətləşdik.
M.Teymur deyir: "Salman Mümtaz Azərbaycan ədəbiyyatı
tarixinə, mədəniyyətinə, incəsənətinə
böyük bir sevgi və məsuliyyətlə yanaşan
şəxsiyyət olub. O, Şəkidə imkanlı bir ailədə
anadan olub. Taleyi elə gətirib ki, ailə vəziyyəti ilə
bağlı Orta Asiyada yaşamalı olublar. Atası ticarətçi
idi, bu səbəbdən də Aərbaycandan ora köç
edib. Salman Mümtazın uşaqlığı çox
maraqlı keçib. Hafizəsi güclü, elmlərə
marağı qarşısı alınmaz idi. Uşaqlıqdan
başayaraq fars və ərəb dillərin mükəmməl
öyrənib. Atasının da marağı olub ki, oğlu
savadlı olsun. Beləliklə, atasının da istiqamətləndirməsi
ilə Salman Mümtaz qədim kitabələri öyrənməyə
başlayıb".
1918-ci illərdə ailəsilə
birgə Bakıya qayıdıb. Bu dönəmdən əvvəl
də o, "İqbal", "Şəlalə" və
başqa mətbu orqanlarda çıxış edib. 1918-1920-ci
illərdə "Azərbaycan" qəzeti ilə əməkdaşlıq
edib: "1920-ci ildən sonra əvvəlki dönəmdən
fərqli ictimai-siyasi vəziyyətdə Salman Mümtaz
bütün varlığı ilə Azərbaycan klassiklərinin
yaradıcılığından soraqları toplamağa və
araşdırmağa başlayıb. Təkcə bir faktı
demək kifayətdir ki, Salman Mümtaz 1920-1925-ci illərdə
200-ə qədər Azərbaycan ədəbiyyatı nümayəndələrinin
irsindən soraq verən müxtəlif kitabları,
kitabçaları, əlyazmaları toplayıb. 1937-ci ildə
həbs olunarkən min bir əzab-əziyyət bahasına
topladığı bir yük maşını həcmində əlyazmaları
məhv edilib".
Salman Mümtazın
inadlı araşdırmalarının yarıda
qırılması Azərbaycan ədəbiyyatşünaslığına,
mədəniyyətinə böyük zərbə oldu. Onun ərəb
və fars dillərini mükəmməl bilməsi müxtəlif
əlyazmaları toplamasında, araşdırmasında
karına gəlirdi.
Bu gün Salman
Mümtazın topladığı əlyazmaların çox
az qismi bizə gəlib çatıb. Azərbaycan folkoruna dair
xeyl sayda toplamaları da olduqca qiymətlidir: "Azərbaycan
latın qrafikalı əlifbaya keçdikdən sonra Salman
Mümtaz sabaha qalsın deyə, ləngimədən latın əlifbasını
da mükəmməl öyrənib, topladığı
soraqlardan bu əlifbaya köçürüb. Bu gün Salman
Mümtazın şəxsi fondunda topladığı folklor
nümunələri ilə yanaşı Azərbaycan klassik ədəbiyyatı
nümayəndələri Nizami Gəncəvi, Məhəmməd
Füzuli, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani,
Mirzə Ələkbər Sabir və başqaları ilə
bağlı topladıqlarının az bir qismi bizə gəlib
çatıb. Salman Mümtaz ədəbiyyatımızın əsil
cəfakeşi olub. Onun fədakarlığı indiki və gələcək
nəsillərimiz üçün nümunədir".
Salman Mümtaz eşidəndə
ki, filan yerdə filankəsdə bir qiymətli əlyazma var. Belədə
o, ləngimədən həmin yerə gedər, çoxlu pul
vermək bahasına da olsa, həmin əlyazmanı
alarmış, nağdı pulu olmadıqda qiymətli bir əşyasını
girov qoyarmış. Bu, əsl yurddaşlıq, xalqın mənəvi
sərvətinə təəssübkeşlik nümunəsidir:
"1999-cu ildə Türkiyədə Məhəmməd Gəngərli
ilə görüşərkən söhbət Salman
Mümtazdan düşükdə, o, dedi: " Heyf Salman
Mümtazdan. O, çox gözəl, əvəzsiz
yaradıcı folklor toplayıcısı idi. Heç bir mənbəni
təhrif etməzdi". Məndən soruşanda ki, irsindən,
topladıqlarından nə var, dedim müəyyən
soraqları bir yerə yığmışıq. Dedi Salman
Mümtaz həqiqi ədəbiyyat aşiqi idi".
Maarif Teymur daha sonra deyir
ki, Salman Mümtazın bütün topladıqları,
yazdıqları min bir fəlakətə tuş gəlsə də,
bununla belə, özündən sonra zəngin irs qoyub gedib.
Ancaq bundan sonra da bu cəfakeş
insanın yaradıcılığı daha geniş
araşdırılacaq, barəsində daha çox
yazılacaq. Habelə S.Mümtazın qələmindən
çıxan bədii-tarixi əsərlərin
araşdırılması da çox maraqlıdır. Onun
toponimika, etnoqrafiyaya dair əsərləri də var. Bu şəxsin
Azərbaycana sevgisi o qədər tükənməz olub ki, təbiətin
ona verdiyi qabiliyyəti yalnız toplayıcılığa,
araşdırıcılığa və yazmağa həsr
edib. Onun ömrü demək oar, əlində əsa,
çiynində heybə, ayağında çarıq olan dərviş
təki keçib. Bir əlyazmasında foklorunu
topladığı bölgənin coğrafiyası haqqında
da bilgi verir. Təəssüf ki, 37-ci ilin amansız repressiya
dalğası Salman Mümtazın böyük arzularına son
qoydu".
Salman Mümtazın
şəxsi irsinin toplanılmasına gəlincə, M.Teymur
deyir ki, araşdırmaçı Rasim Tağıyev bu irsdən
qalan nə varsa, onları bir yerə toplayıb,
"Yaşıl yarpaqlar" adlı kitab buraxıb. Habelə
Salman Mümtaz haqqında ayrı-ayrı şəxsi fondlarda
müəyyən soraqlar var: "Mümtaz haqqında
araşdırmaların sayı artmaqdadır. Ötən
yüzilin 50-60-cı illərində isə Salman Mümtaz
unudulmaq təhlükəsi ilə-üzə
qalmışdı". Salman Mümtazın Sabirlə olan
canlı söhbəti necə böyük maraqla, sevgiylə qələmə
almasını buradaca qeyd etmək gərəkdir. Hiss olunur ki,
bu yazıda onun qabiliyyəti ilə məsuliyyəti birləşib:
"Salman Mümtazın Sabirlə dostluğu olub. O,
çalışıb ki, Sabirlə bağlı bildiyi
bütün məqamları qeydə alsın".
Yuxarıda qeyd etdiyimiz
kimi Salman Mümtazın əksər əlyazmaları 37-ci ildə
yandırılıb. Kim bilir, bəlkə də o əlyazmalarda
neçə-neçə orijinal, bəlkə də bizə
bu gün ümumiyyətlə, məlum olmayan soraqlar
varmış? Salman Mümtaz ömrünün son gününə
qədər toplayıcılıqla məşğul olub. Bu mənada
o, Azərbaycanda toplayıcılığın rəmzi kimi
anılmaqdadır. Zamanında tanınmışlardan kimsə
vəfat edərkən bacardıqca həmin şəxslə
bağlı bütün soraqları toplayıb, yazıb sabaha
çatdırmağa çalışarmış...
Xalq Cəbhəsi.- 2009 .- 17 iyun.- S.14.