"Mübarizə
burulğanlarında keçən ömür..."
Pişəvəriyə həsr olunmuş kitab
işıq üzü görüb
S.C.Pişəvəri: "Məni
bu böyük yola çəkib gətirən azadlıq istəyim
və bir də millətim haqda düşüncələrim
olub"
Bu günlərdə
araşdırmaçı Əkrəm Rəhimlinin Seyid Cəfər
Pişəvəriyə həsr olunmuş "Mübarizə
burulğanlarında keçən ömür - Seyid Cəfər
Pişəvəri" adlı kitabı işıq
üzü görüb. Müəllif Pişəvəri
haqqında kitab yazmasının səbəbini belə izah
edir: "Pişəvəri 20-ci yüzildə Azərbaycanın
siyasi həyatında iz qoymuş böyük şəxsiyyətlərdəndir.
Təəssüf ki, Pişəvəri haqqında həm
Quzey, həm də Güney Azərbaycanda az yazılıb.
İranda yazılmış kitablar demək olar, Pişəvərinin
şəxsiyyətini, fəaliyyətini tamamilə böhtan,
yalan, iftira səpgisində təqdim edib, bununla da həm onun,
həm də 1945-1946-cı illərdəki xalq hərəkatının,
Millli Hökumətin möhtəşəm obrazını
oxucunun, ictimaiyyətin gözündən salmağa
çalışıb. Quzey Azərbaycanda da Pişəvərini
araşdıran əhatəli bir kitaba rast gəlmədim. Sovet
dövründə Pişəvərinin məqalələr
toplusundan ibarət çıxmış kitabına isə
kommunist ruhlu əsərləri daxil edilib, milli-azadlıq,
demokratik ruhlu yazıları isə çıxdaş edilib. Həm
Quzey, həm də Güney Azərbaycanda Pişəvərinin
yetərincə işıqlandırılmaması, təbliğ
ounmaması belə bir mövzuda kitab yazılmasına gərəyi
çox artırdı. Sevinirəm ki, 3 ildir
apardığım araşdırmaları ümumiləşdirə
bildim. Kitabın ərsəyə gəlməsində AMEA
Şərqşünaslıq İnstitutu rəhbərliyinin
araşdırma aparmağıma şərait yaratmasını
qeyd etməliyəm. Sankt-Peterburqda yaşayan soydaşımız
Məzahir Həsənovun kitabın çapı
üçün maddi köməyi mühüm rol
oynadı".
Kitab min
tirajla buraxılıb, içində 40-a qədər şəkil
verilir. Bunu Pişəvərinin həyat və fəaliyyətinə
dair albom da saymaq olar. Kitabda Pişəvərinin anadan
olduğu kənddə təhsil alması, ailəsinin 1905-ci
ildə Bakıya mühacirət etməsi, Pişəvərinin
Bülbülədə təhsilini davam etdirməsi,
"İttihad" məktəbində oxuması və
maarifçiliyə başlaması barədə
danışılır. Xırdalanda yaşadığı
evin bir otağını məktəbə çevirən
Pişəvəri burada uşaqları və yaşlı nəslin
nümayəndələrini savadlandırıb. 20-ci yüzilin
əvvəllərində Bakıda çox qaynar siyasi-mədəni
bir həyat vardı. Ə.Rəhimli deyir ki, Pişəvəri
bu qaynar həyatın içində yetişmişdi:
"Pişəvərinin bir müddət Məhəmməd Əmin
Rəsulzadə ilə yaxın münasibətləri olur, onun
"Açıq söz" qəzetinə məqalələr
yazır. 1917-ci il Oktyabr inqilabından sonra o da Leninin Şərq
xalqlarının azad olunacağı ilə bağlı verdiyi
vədlərə inanır, beləliklə də, kommunist xəttinə
keçir. Onun 1918-ci ildən 1928-ci ilə kimi kommunist məfkurəsinə
xidmət etdiyini heç cür inkar edə bilmərik. Bu, əslində
Pişəvərinin ideoloji axtarışlar dövrü idi.
Kitabda bununla bağlı ayrıca fəsil var. 10 illik dönəmdən
sonra Pişəvər bu xətdən çəkilib. Kitabda
Pişəvərinin bu xətdən çəkilməsinin səbəbləri
açıqlanır. Pişəvəri bunun səbəbini
belə açıqlayır ki, bir müddət kommunizmi
öyrəndim, məlum oldu ki, kommunizm prinsiplərini
İranda tətbiq etmək mümkün deyil".
1930-cu il dekabrın 28-dən
1941-ci il sentyabrın 14-dək həbsdə qalan Pişəvərinin
bu dövrü kitabda ayrıca fəsil olaraq təhlilini
tapır. Bu fəslin başlığı "Zindan da bir məktəbmiş"
adlanır. Müttəfiq qoşunları İrana girən kimi
zindanların qapıları açılır, Pişəvəri
yenidən mübarizə meydanına atılır.
Habelə Ə.Rəhimli
kitabda bu dönəmdən sonra Pişəvərinin
başçılığı ilə azadlıq hərəkatının,
Milli Hökumətin fəaliyyətinə, bu gün də
ictimaiyyət üçün qaranlıq qalan bir çox məsələlərə
aydınlıq gətirir: "Azərbaycan Demokrat Firqəsi
1945-ci il sentyabrın 3-də yaradılmışdı. İlk
dəfə bu firqənin tərkibinə 77 Azərbaycan ziyalısı,
vətənsevər daxil idi. Bunların çoxu vaxtilə Səttarxan
Hərəkatında, eləcə də Xiyabani hərəkatında
iştirak etmişdilər. Həmin vaxt bu şəxslər
firqənin yaradılması ilə əlaqədar xalqa
müaciət etdilər. Müraciət sürətlə
ölkəyə yayıldı. Camaat gördü ki, firqənin
məramnaməsində qoyulan məsələlər uzun
müddətdir onları qayğılandıran problemlərdir.
Çox çəkmədi ki, az vaxtda partiya camaat arasında
tanındı, tərəfdarlarının sayı artmağa
başladı. Partiyanın Mərkəzi Komitəsinə Seyid
Cəfər Pişəvəri başçılıq edirdi.
Firqənin yaradılmasından 2 gün sonra onun mətbu
orqanı "Azərbaycan" qəzeti nəşrə
başladı. Firqənin çox əhəmiyyətli
yığıncaqlarından biri 18 noyabr 1945-ci ildə
keçirilən ikinci geniş plenumu idi. Bu məqama qədər
firqənin bütün fəaliyyəti, dövlətə
müraciəti hamısı sülh aspektində olmuşdu.
Deyirdilər ki, biz heç bir zorakılığa əl
atmadan, qarşı-qarşıya durmadan Azərbaycan
xalqının istəklərini tələb edəcəyik. Bu
məqsədlə şaha, baş nazirə, hətta
böyük dövlətlərin başçılarına da
müraciət olundu ki, Azərbaycan xalqı müstəqillik,
azadlıq, milli muxtariyyət istəyir. Həmçinin bu
müraciətlərdə xalqın mövcudluğunu, əzmini
qoruyub saxlaması, öz ölkəsinə sahib olmaq
iqtidarı ifadə olunurdu. Tehran xalqın azadlıq istəyinə,
bu yöndə tələblərinə süngü ilə
cavab verdiyi üçün ikinci plenumda qərara gəlindi
ki, artıq yumruğa yumruqla cavab verilsin. Pişəvəri
deyirdi ki, artıq ayrı yol qalmadı. O, yazırdı ki, nə
qədər müaciət etsək də, mərkəz dediklərimizə
əhəmiyyət vermədi, xalq belədə yumruğa
yumruqla cavab vermək məcburiyyətində qaldı.
Artıq kütlə polis zorakılığından, qarətindən,
dövlətin zülmündən cana gəlmişdi. Təxminən
40 gün ərzində Güney Azərbaycanın
ayrı-ayrı şəhərləri, bölgələri,
yaşayış məntəqələri şah
qoşunlarından azad edildi. Xarici tarixçilər, xüsusən
də İran tarixçiləri yazırlar ki, bu silahların
hamısını ruslar verib, göstərirlər ki, təlimatçıları
da ruslardan olub.
Həqiqətin
ağzına tıxac vuran tarixçilər onu da deyirlər
ki, hətta bu fədailərin bir qismi fədai paltarı
geyinmiş ruslar idi. Amma əslində məsələ tamam
başqa cür idi: müttəfiq qoşunlar Güney Azərbaycana
daxil olan zaman polis-jandarma qüvvələri, əsgərlər
silahları qoyub qaçmışdılar. Bunun nəticəsində
camaatın əlində müəyyən miqdarda silah var idi.
Digər tərəfdən
də az, ya çox miqdarda hər hansı ölkəyə
silah verməklə, hər hansı ölkədə hər
hansı ictimai hərəkatı qələbəyə
çatdırmaq mümkün deyil. Çünki silahı
tutan əl lazımdır. Ona görə də həmin
dövrdə əgər Moskva, sovet ordusu tərəfindən
Güney Azərbaycana hər hansı miqdarda silah verilmişsə,
bu silahı xalq ona görə almırdı ki, onlar sovetlərin
dediyi kimi hərəkət etsinlər. Ona görə
alırdılar ki, Vətəni hər mənada düşməndən
azad etsinlər. 12 dekabra kimi 35-40 günə ərzində Azərbaycanın
bütün şəhərləri, bölgələri Təbriz,
Urmiyadan başqa azad edildi. Dekabrın 12-də Təbriz azad
olundu. Dekabrın 19-da Güney Azərbaycan tamamilə azad idi,
Azərbaycan Milli Hökuməti yaradıldı. 21 Azər Hərəkatında
xalqın bütün təbəqələri iştirak edirdilər.
İran Xalq Partiyasının məramnaməsindən, nizamnaməsindən
fərqli olaraq firqənin nizamnaməsində sinfi mübarizə
məsələsi yox idi. Azərbaycan Demokrat Firqəsi o
dövrün "izm"lərindən kənarda idi".
Ə.Rəhimli qeyd edir
ki, Azərbaycan Milli Hökuməti Rza şahın 20 ildə həyata
keçirə bilmədiyini bir il ərzində gerçəkləşdirmişdi.
Torpaqlar kəndli ailələri arasında
bölünmüşdü. Amerikalı tədqiqatçı
Con Furanın hesablamalarına görə, 247 min 66 hektar torpaq
sahəsi 209 min 96 yoxsul kəndli ailəsi arasında
bölündü. Pişəvəri hökuməti
dövründə yer adlarının türkləşdirilməsinə
başlanmışdı. Güney Azərbaycanda Milli Hökumət
400-ə yaxın milli məktəbin tikintisinə nail
olmuşdu. Milli Hökumətin xüsusi proqramı
hazırlandı. Bu məqsədlə sənaye müəssisəsi
yaratmaq istəyənə torpaq sahəsi, güzəştli
kredit, xammalın əldə olunmasında kömək göstərilməsi
nəzərdə tutulurdu.
21 Azər Hərəkatı
Güney Azərbaycanda baş vermiş hərəkatların
zirvəsi sayan Əkrəm Rəhimli bu qənaətə gəlir
ki, Pişəvəriyə kömək etmədilər, onu
meydanda tək qoydular: "Şah qoşunları dekabrın
20-21-də Təbrizə girdi. Bütün dünyaya səs
saldılar ki, Azərbaycanda qırğınlar baş alıb
gedir. Ona görə də qoşun təkcə seçkilərin
keçirilməsini təmin etməklə bağlı yox, ilk
növbədə qırğının
qarşısını almaq üçün gedir". Kitabda
Pişəvərinin ölümünə səbəb olan
sirli maşın qəzası barəsində də
danışılır.
Qaliboğlu Elçin
Xalq Cəbhəsi.- 2009.- 18 iyun.- S.14.