Milli ordunun yaranması tarixi

 

      Bu çətin işin təşkilini generallar Səmədbəy Mehmandarov Əliağa Şıxlinski öz üzərlərinə götürmüşdülər

 

Yaxın günlərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan Milli Ordumuzun yaranmasının 91-ci ili tamam olacaq. Bu tarixin hamımız tərəfindən daha yaxşı öyrənilməsi çox gərəklidir. Şübhəsiz, hər bir dövlətin varlığının qorunmasında ordu müstəsna əhəmiyyətə malikdir. 1918-1920-ci illər dövrünün fəal iştirakçılarından biri olan Rəhim bəy Vəkilov "1920-ci il üçün Azərbaycan Respublikasının ünvan təqvimi. Bakı, 1919" nəşrində çap edilmiş "Azərbaycan Respublikasının yaranma tarixi" adlı əsərində o dövrdə baş verən gərgin siyasi hadisələrin xeyrimizə həll olunmasında milli ordumuz yaranandan sonra tədricən güclənməsinin mühüm təsirə malik olduğu vurğulanır: " ...Sentyabrın 15-də türk və Azərbaycan qoşunları hücumla Bakı şəhərini aldıqdan sonra hökumət yubanmadan Gəncədən bura köçdü. Bu zaman dünya müharibəsi yeni mərhələyə girmişdi - Mərkəzi dövlətlərin qoşunları İngiltərə, Fransa, Birləşmiş Ştatlar, İtaliya və Belçikanın birləşmiş qüvvələrinin təzyiqi altında yavaş-yavaş, lakin dayanmadan geri çəkilməyə başlamışdılar. Şimali Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonun xalqların öz müqəddəratını təyin etməsi haqqında məşhur "14 bəndi"ni bəyan etməsindən sonra sülh haqqında söhbətlər daha tez-tez eşidilirdi. Nazirlər Şurasının sədri F.Xoyskinin və xarici işlər naziri Adil xan Ziyadxanın şəxsində Azərbaycan hökumətinin Vilsona göndərdiyi teleqram, onun bəyanatına parlaq cavab kimi səslənir... Bu teleqram noyabrın 10-da göndərilmişdi, noyabrın 11-də isə Qərbi Avropanın hərb meydanlarında ölüm saçan silahlar son dəfə gurlayaraq susdular..."

R.Vəkilov gerçək tarixin acı səhifələrinə canlı şahidlik edir: "Azərbaycan və bütün Zaqafqaziya üçün Avropa müharibəsini qurtarmasının ən yaxın nəticəsi türk qoşunlarının getməsi və onların yerini ingilis qoşunlarının tutması oldu. Noyabrın 17-də ingilis generalı V.M.Tomson belə salamlanmışdı: "...Öz dövlət həyatında bu qədər çox sarsıntılar keçirmiş gənc Azərbaycan milləti istiqlal yoluna yenicə qədəm qoymuşdur. Xalqımız çox möhkəm ümid edir ki,... Avropa xalqları bəşəriyyətin ülvi və müqəddəs idealları naminə onu öz ailələrinə qəbul etməyə etiraz etməyəcəklər."

Tomsonun cavabı belə olur: "...Biz nə indi, nə də gələcəkdə sizin daxili işlərinizə qarışmaq məqsədi güdmürük. Mən ümid edirəm ki, sizin köməyinizlə hər şey yoluna düşəcək."

R.Vəkilov qeyd edir ki: "22 yanvar 1919-cu ildə Zaqafqaziyadakı mütəffiq qoşunlarının baş komandanı Corc Milton Bakıya gəldi. Xarici İşlər Nazirliyinin nümayəndəsi təntənəli qarşılama mərasimində ona belə bir nitqlə müraciət etdi: "Əlahəzrət, Azərbaycan hökuməti Sizin şəxsinizdə böyük Britaniya millətini səmimi salamlayır. Bizim dövlətrlərimiz əmindirlər ki, xalqımız mədəni millətlərlə möhkəm dostluq şəraitində öz rifahı və səadəti üçün lazım olan mənəvi qüvvələri əldə edəcəkdir. Biz inanırıq ki, azadlığı bu qədər çox sevən İngiltərə oğulları, köləlik zincirlərindən azad olmuş, Azadlıq ilahəsinə himn oxuyan Azərbaycanın onları qarşılamasına bizdən az sevinmirlər."

General Milton belə cavab verir: "Mən buraya böyük müttəfiq millətlərin nümayəndəsi kimi gəlmişəm. Bizim vəzifəmiz bu ölkələrdə sülhü və ədaləti möhkəmləndirməkdir. Müttəfiq dövlətlərin qələbəsi xalqların azad yaşamaq hüququnun ədalətli olduğunu göstərir; sülh konfransı da elə bunu təsdiq edəcək. Sizin şəxsinizdə mən bütün Azərbaycan xalqına və hökumətinə səmimi qəbul üçün təşəkkürümü bildirir və sizi əmin etmək istəyirəm ki, sizin nümayəndə heyəti hazırda Fransaya getməkdədir. Ümid edirəm ki, bizim qoşunlarımız ölkənizdə nə qədər qalsalar da, həmişə sizin üçün istəkli qonaq olacaq və sizdən dəstək görəcəklər. Sülh və ədaləti bərqərar etməklə sizə yardım göstərərkən biz həm də ölkənizin ticarət və sənayesini inkişaf etdirməyə çalışacağıq və ümid edirik ki, buna nail olacağıq. Ümidvarıq ki, qonşularınızla sülh və ədalətin pozulmaması üçün bütün qüvvələrinizi sərf edəcəksiniz".

Respublika Milli Arxivinin rəisi, tanınmış araşdırmaçı Ataxan Paşayev bildirir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti Gəncədə çətin şəraitdə fəaliyyətə başlamışdı. Yaranmış mürəkkəb şəraitdə hökumətin ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyətin elan edilməsi olmuşdu. Avqustun 11-də qəbul olunmuş "Hərbi mükəlləfiyyət haqqında qanun"a müvafiq olaraq 19 yaşına çatmış vətəndaşların ordu sıralarına səfərbər olunması elan edildi: "Artıq bu dövrdən başlayaraq müstəqil Azərbaycanın qoşun hissələrini yaratmaq işinə başlanıldı. Azərbaycanın istiqlaliyyətini müdafiə edəcək ordunun yaradılmasının mühüm əhəmiyyəti vardı. Çarizm əsarətinin yüz ildən çox müddətdə Azərbaycan xalqına vurduğu ən böyük zərbə şübhəsiz ki, bu müddət ərzində azərbaycanlıların orduya cəlb edilməməsi idi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda onu müdafiə edə biləcək öz ordusu yox idi. Belə bir ordunu yaratmaq üçün isə hərbi işi bilən milli kadrlar çatışmırdı. Buna görə də ordu təşkili azərbaycanlılar üçün çox çətin bir iş idi. Lakin ordusuz da Azərbaycan Cümhuriyyəti öz müstəqilliyini qoruyub saxlaya bilməzdi. Ona görə də Azərbaycan ordusunda beynəlmiləl bir zabit heyəti yaradılmışdı. Bu çətin işin təşkilini görkəmli azərbaycanlı generalar Səmədbəy Mehmandarov və Əliağa Şıxlinski öz üzərlərinə götürdülər. Azərbaycan Cümhuriyyətinin və parlamentinin qarşısında duran ən əsas vəzifə müstəqil Azərbaycan Cümhuriyyətinin ordusunun yaradılması idi.

Artıq 1919-cu ilin axırlarında 25 minlik Azərbaycan ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Hərbi nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 min nəfərə çatdırmağı planlaşdırırdı. Ordunu müvafiq silahlarla təmin etmək hökumətin başlıca vəzifəsi idi. Azərbaycan hökuməti və hərbi nazirlik bunun üçün əlindən gələni edirdi".

A.Paşayev daha sonra bildirir ki, Azərbaycan Cümhuriyyəti mövcud olduğu 23 ay müddətində özünün sülh yaratma cəhdlərinə baxmayaraq daim Ermənistanla rəsmən elan edilməmiş müharibə vəziyyətində olmuşdu. Ermənistan 1918-ci ilin dekabrında qədim Azərbaycan torpaqları olan Lori və Borçalı uğrunda Gürcüstana qarşı rəsmi müharibə elan etdi. O, Cənubi Qafqazın çox hissəsini "tarixi erməni torpaqları" elan edərək onları ələ keçirməyə, nə olursa-olsun, ərazilərini genişləndirməyə çalışırdı. Təsadüfi deyil ki, 1920-ci ilin aprelində 11-ci Ordu Azərbaycanı işğal edərkən Azərbaycan Cümhuriyyəti ordusunun əsas qüvvələri Dağlıq Qarabağda erməni qiyamçılarına qarşı mübarizə ilə məşğul idi. A.Paşayev bunun təsadüfi olmadığını bildirir: "Bəlkə də bu haqda sovet Rusiyası ilə müəyyən sövdələşmə vardı. Ermənistanda sovet hakimiyyəti qurulan kimi Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında Sovet Rusiyasının cəhdləri bunu sübut etmirmi?"
Azərbaycan hökuməti az vaxtda milli ordu quruculuğu yönündə çox işlər gördü. Lakin soydaşlarımızın milli dövlətçiliyi nə olursa-olsun, qoruya bilmək yönündə köklənməməsi vəziyyətin daha da gərginləşməsinə səbəb oldu. Dünya bolşevik Rusiyasının qalmasını o dövrdə yaranmış yeni müstəqil dövlətlərin varlığından üstün tuturdu. Digər tərəfdən də Azərbaycanın üzərinə 100 min nəfərlik rus ordusu gəlirdi. Azərbaycan ordusu düşmən ordusuna qarşı müqavimət göstərsə də, az sonra qüvvələrin qeyri-bərabərliyi səbəbindən ölkəmiz Rusiya imperiyası tərəfindən yenidən zəbt olundu.

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur bildirir ki, rəhbərlik etdiyi arxivdə ADR dövrü hərbiyyə, milli ordu quruculuğu mövzusunda xeyli soraqlar qorunub saxlanılır. Əliağa Şıxlinskinin "Xatirələrim" əsərinin orijinalı bu qəbildəndir. Arxivdə Fətəlibəyli Düdənginski ilə bağlı da maraqlı soraqlar var.Hələ 1919-cu il mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan və Ermənistanın öz istiqlallarının birinci ildönümünü təntənə ilə bayram etdiyini bildirən R.Vəkilov daha sonra qeyd edir: "Könüllü ordunun (Denikinin-red.) bir tərəfdən Azərbaycana, digər tərəfdən Gürcüstana hücumu gözlənildiyi üçün iyunun 27-də Azərbaycanla Gürcüstan arasında üç il müddətinə hərbi-müdafiə razılığı bağlandı. Avqustun 20-də parlamentdə könüllü ordunun hücumu ilə bağlı cari an haqqında hökumətin bəyanatı dinlənildi".

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 19 iyun.- S.14.