QHT-lər forum keçirdi

Dünən "Park İnn" otelində Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin təşkilatçılığıyla ictimai forum keçirilib. Forumda 100-dən çox QHT təmsilçisi, siyasi partiya liderləri, deputatlar, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Milli QHT Forumunun da qatıldığı tədbir Britaniya, ABŞ və Norveç səfirliklərinin dəstəyilə baş tutub.

Forumda Respublikaçı Alternativ İctimai Birliyinin həmtəsisçisi Erkin Qədirli QHT qanununa təklif olunan əlavə və dəyişikliklərlə bağlı hüquqi rəylə çıxış edib. O təkliflərin insan haqlarının üç təməl prinsipinə - birləşmək, toplaşmaq və ifadə azadlıqlarına, QHT-lərin mütləq qeydiyyatdan keçməsi tələbinin Azərbaycan Konstitusiyasına, İnsan Hüquqları və Əsas Azadlıqlara Dair Avropa Konvensiyasına və Avropa Şurası Nazirlər Komitəsinin qərarlarına zidd olduğunu söyləyib.

Forumda çıxış edən Hüquq və İnkişaf ictimai Birliyinin sədri Hafiz Həsənov isə qeydiyyat şərtlərinin asanlaşdırılmasını vacib sayıb.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə kütləvi aksiyaların keçirilməsinin ümumi işin xeyrinə olmayacağını bəyanlayıb. O məsələ ilə bağlı prezidentə, Milli Məclisə müraciət ünvanlanmasını və müraciətlərə reaksiyaları gözləməyi məsləhət bilib.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu QHT-lərin ölkənin sosial-iqtisadi həyatındakı roluyla bağlı məruzəsində statistik rəqəmlər açıqlayıb. O bildirib ki, 2006-cı ilin rəsmi rəqəmlərinə görə, ölkədə 2500 QHT qeydiyyatdan keçib, 500-ü qeydiyyatsız fəaliyyət göstərir. 1500 təşkilat qeydə alındıqdan sonra fəaliyyətini dayandırıb. 375 təşkilat layihə həyata keçirib. Həyata keçirilən 1744 layihəyə 12 milyon 171 min 287 dollar ayrılıb. QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyədən sonra bu məbləğ 15 milyon dollara çatıb. 1.714.354 nəfər bu layihələrdən faydalanıb. QHT-lərdə çalışan könüllülərin ümumi sayı 222.820 nəfər olub.

İTM rəhbəri Nazirlər Kabinetindəki mənbələrə istinadən maraqlı bir rəqəmi də forum iştirakçılarının diqqətinə çatdırıb. O deyib ki, 2008-ci ildə Azərbaycan hökuməti xaricdən humanitar yardım və qrantlar formasında 1,9 milyard dollar vəsait alıb, amma bu barədə heç bir açıqlama verməyib. Qubad İbadoğlu onu da diqqətə çatdırıb ki, təklif olunan dəyişikliklər qəbul edilsə və xarici donorların fəaliyyəti məhdudlaşdırılsa, ayrılan bütün xarici yardımlar Ermənistan və Gürcüstana gedəcək.

 

 

Səlcuq

 

Xalq Cəbhəsi.- 2009.- 19 iyun.- S.5.