Faşist Almaniyasının SSRİ üzərinə hücumundan 68 il ötdü

 

        Soydaşlarımız son tikələrinə qədər cəbhəyə göndərirdilər

 

Faşist Almaniyasının SSRİ üzərinə qəfil hücumundan 68 il ötdü. Əslində xüsusi olaraq keçmiş Sovet İttifaqında "Böyük Vətən müharibəsi" adıyla SSRİ tarixindən keçən bu dəhşətli olay İkinci Cahan Savaşının ən ağır, həlledici dövrüdür. Bu qanlı savaşlar birbaşa Azərbaycanın o taylı-bu taylı taleyində izlər buraxdı. Düzdür, müharibə Azərbaycanın tarixi ərazilərində getməsə belə, müharibənin ağır, diktəedici şərtləri birbaşa taleyimizi şərtləndirirdi.

İkinci Cahan savaşı Hitler Almaniyası ilə SSRİ arasında gedirdi və Azərbaycan iki nəhəng imperiyanın arasında qalmışdı. Müharibə vaxtı almanların tərəfində vuruşaraq legionerlik edən soydaşlarımızla SSRİ-nin tərəfində vuruşan soydaşlarımızın üz-üzə gələrək biri-birlərinə silah qaldırmalarını təsəvvür etmək belə ağırdır. Təbii, müharibə müharibədir və şərtləri güzəştsizdir.

İkinci Cahan savaşında Azərbaycanı Moskvanın əlindən almaq istəyən Hitler bütün imkanlarını səfərbər etmişdi. Məhz SSRİ-nin qələbə çalmasında Bakı neftinin misilsiz rolu danılmazdır. Amansız tale siyasi oyunlar biçimində Azərbaycanla oynadı: 37-ci ildə minlərlə say-seçmə oğul-qızlarımız dövlət terrorunun qurbanı oldu, ardınca müharibə başlandı; Azərbaycan ürəyinin yağını bu müharibədə əritdi. Bütün bu fədakarlıqlar azmış kimi xalqımızın Sibirə köçürülməsi təhlükəsi meydana çıxdı. Məhz bu dövrdə baş verən hadisələrə nəzər salmaq bir xalq olaraq daha çox itirdiklərimizin acı mənzərəsini təsəvvür etməyə aydın imkan verir. Tarixçi-alim Əzizağa Ələkbərov bu qənaətdədir ki, müharibə Azərbaycandan kənarda getsə , onun üçün acı-ağrılı oldu. 700 mindən çox azərbaycanlı müharibəyə səfərbər olunmuşdu. Bunun 400 mindən çoxu müharibədən qayıtmamışdı. O zaman xaricə müharicət edənlərin əsas qənaəti bu idi ki, faşizm bu müharibədə qalib gələrsə, Azərbaycan təzədən müstəqilliyini qazana bilər. Ancaq Hitlerin qəsbkarlıq planında Azərbaycan, xüsusən Bakı nefti xüsusi yer tuturdu. Ümumən ötən yüzilin əvvəllərindən Bakı neftinə dünyanın iri dövlətləri böyük maraqla yanaşmışdılar.

Müharibə dövründə SSRİ-nin neft sənayesi naziri Baybakov deyirdi ki, faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdi. Neft başlıca amil idi, bu səbəbdən Hitler Bakıya can atırdı: "Aydın məsələdir ki, Hitler Azərbaycana müstəqillik vermək fikrində deyildi. SSRİ-də yaşayan türkdilli xalqları - "Müsəlman monqoloidləri" dağıdıcı qüvvə hesab edən Hitler "Mənim mübarizəm" kitabında yazırdı: "Onlar ali irqin qullarına çevrilməlidirlər". Almaniya Bakı neftini ələ keçirməyi Şərqdə istilaçılıq siyasətini reallaşdırmağın mühüm amili hesab edirdi. Rozenberqin "Qafqazın idarə olunması" planına görə, Azərbaycanda idarəedici orqan - komissarlıq yaradılmalı idi, mərkəz Tiflisdə yerləşməli idi. Almaniya SSRİ üzərində qələbədən sonra İran körfəzinə, Hind okeanına qədərki əraziləri zəbt etmək niyyətində idi. Türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı oyuncaq "Böyük Türküstan" dövlətinin yaradılması planlaşdırılırdı. Bu dövlətin ərazisinə Quzey və Güney Azərbaycanla bərabər Orta Asiya, Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çin və Əfqanıstanın daxil olması nəzərdə tutulurdu. Amma müstəqil idarəçilik məsələsi almanların planında yox idi".

1941-ci il martın 27-də almanlar artıq kağız üzərində Azərbaycanın hətta müəssisələrini də bölmüşdülər: "Almanların "Kontinental" cəmiyyətinə Bakıda neftin çıxarılması, emalı və satılması ilə məşğul olacağı göstərişi verilmişdi. Azərbaycandakı iri sənaye müəssisələrinə "ali irq"dən rəhbərlər də təyin edilmişdi. Almanlara ucuz işçi qüvvəsi hesabına maya dəyəri aşağı məhsullardan alınacaq yüksək gəliri son qəpiyinə kimi Almaniyaya çatdırmaq tapşırılmışdı. Almaniya Azərbaycanı müstəqil görmək istəmirdi. Bu mənada mühacirətdəki soydaşlarımızın SSRİ dağılacağı təqdirdə Azərbaycanı azad görmək istəklərinə mənfi nöqteyi-nəzərdən yanaşmamalıyıq. Təbii ki, Azərbaycanı müstəqil görmək, onun uğrunda mübarizə aparmaq onların amalı idi".

Müharibə vaxtı Azərbaycan 402-ci, 223-cü, 416-cı, 271-ci və 77-ci diviziyalarla sözün həqiqi mənasında böyük hünər, rəşadət göstərmişdilər. Tarixçi deyir ki, bunlar milli diviziyalar kimi müharibənin sonuna kimi xalqımızın döyüşkənliyinin ifadəsinə çevrildi: "Bakıda 101, 102 və 103-cü xalq qoşunu diviziyaları yaradılmışdı. Bu diviziyalarda 21259 nəfər döyüşçü vardı. Bunlar tam hazır vəziyyətdə idilər, Hitlerin Qafqaza, Bakıya hücum planı gerçəkləşərsə, tamamilə səfərbər vəziyyətdə idilər. O zaman Bakının 18 rayonunda 61780 nəfəri birləşdirən 20 rota təşkil olunmuşdu. Bunlar Qafqaz cəbhəsindəki təhlükə ilə birbaşa bağlı idi. 1941-45-ci illərdə Azərbaycanda ümumi icbari hərbi təlim xəttilə 51254 döyüşçü hazırlanmışdı. 291421 çağırışçı 9 növ hərbi peşəyə (avtomatçı, pulemyotçu, minomyotçu, snayper, tank əlyehinə döyüşçü) yiyələnmişdi. Bakı möhkəmləndirilmiş şəhərə çevrilmişdi. Şəhərə tanklarını girə bilməməsi üçün 16841 maneə yaradılmışdı. 97 kilometr uzunluğunda dərin xəndəklər qazılmışdı. Bu başqa çətin işləri birbaşa əhali özü görürdü. On minlərlə kişi qadın bu kimi işlərdə iştirak etmişdi".

Bakı həm də xəstəxana rolunu oynayırdı. Bu gün xeyli köhnə binanın qarşısına vurulmuş "Burada təxliyyə qospitalı yerləşdirilib" sözlərinə rast gəlmək olar. 76 qospitalda 470 mindən çox əsgər və zabit müalicə olunmuş, 80 faizi sağalaraq birbaşa cəbhəyə getmişdi. 1941-1943-cü illərdə 10 min donor 28 min litrdən çox qan vermişdi. Həmçinin şəhərdə bu dövrdə 130 növ müxtəlif silah, hərbi sursat istehsal ("Katyuşa" raketi, pulemyot, qırıcı təyyarə hissələrinin yığılması və s.) olunurdu. Əgər müharibə dövründə SSRİ üzrə 110 milyon ton neft istehsal olunmuşdusa, bunun 75 milyon tonu Azərbaycanın payına düşürdü. Akademik Yusif Məmmədəliyevin rəhbərliyiylə 100 növ neft-kimya məhsulları, o cümlədən, 38 növ sürtkü yağı, 9 növ aviasiya benzini, 8 növ dizel yanacağı və s. istehsalı təşkil edilmişdi. Təkcə 1941-ci ildə Azərbaycan neftçiləri 23,5 milyon ton neft hasil etmişdilər. Azərbaycanda o vaxta kimi belə bir göstərici olmamışdı. Müharibə dövründə Azərbaycanda 22 mln. ton benzin (85 faiz) neft məhsulları istehsal olunmuşdu. Müharibədə Azərbaycandan 11 mindən çox qadın (şəfqət bacısı, döyüşçü b.) iştirak etmişdi. Müharibənin ilk iki ilində azərbaycanlılar müdafiə fonduna 15,5 kq qızıl, 952,5 kq gümüş, 311 milyon manatlıq istiqraz vermişdilər. Tank təyyarə dəstələri yaradılması fonduna isə Azərbaycandan 230 milyon manatlıq pul köçürülmüşdü. Cəbhəyə 1,6 milyon hədiyyə bağlaması, 125 vaqon isti paltar göndərilmişdi. Azərbaycanın kənd təsərrüfatı cəbhəyə əlindən gələn köməyi etmişdi. "Cəbhəyə ölkəyə daha çox çörək, ət sənaye üçün xammal verək!" şüarı o zaman məşhur idi. 1941-ci il dekabrın 1-dək Azərbaycan kolxozçuları müdafiə fonduna 2850 baş iribuynuzlu 23 mindən çox xırdabuynuzlu heyvan, 36140 litr süd, 20439 kq yağ, on minlərlə yumurta, tonlarla taxıl, göyərti, kartof, başqa məhsullar vermişdilər. Soydaşlarımız son tikələrinə qədər boğazlarından kəsib cəbhəyə göndərirdilər. Azad olunmuş rayonlara tonlarla taxıl, yüzlərlə kotan s. göndərilmişdi, özləri quruculuq işlərində iştirak etmişdilər. Döyüş rəşadətinə görə 121 nəfər Azərbaycandan Sovet İttifaqı Qəhrəmanı kimi fəxri ada layiq görülmüşdü. Bunların 45 nəfəri Azərbaycan türkü idi. 176 min nəfər SSRİ-nin orden medalları ilə təltif olunmuşdu.      

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 23 iyun.- S.14.