Adlar tarixin güzgüsüdür

 

      Filoloq-alim Minaxanım Təkləli: "Əgər qədim nəsil adlarımızı saxlasaydıq, bugünkü uşaq ulu babasını axtarıb tapacaqdı"

 

"Ad millətin birliyinə dəlalət edən faktordur"

 

Elmlər daim təkmilləşir, insanların həyata, dünyaya münasibəti daim yetkinləşir. Ancaq elə məsələlər var ki, bunlara münasibət fitridir. Vətənə, dövlətçiliyə, yurdun qədimliyinə, milli dəyərlərə ciddi münasibət bu qəbildəndir.

Azərbaycanın müstəqillik dönəmini yaşadığı bir vaxtda hər bir vətəndaşı daim yurddaşlıq sevgisi üstə köklənməlidir. Filologiya elmləri doktoru, tanınmış tədqiqatçı-alim Minəxanım Təkləli ilə xalqın ruhunun təsdiqi yönündə balalarımıza qoyulan adlar barədə söhbət etdik. Hər bir zaman cəmiyyətdə adqoyma məsələsi mühüm əhəmiyyət kəsb edib. Ad yığcam, mümkün qədər milliliyi ifadə etməli, digər tərəfdən də mənalı olmalıdır. Ancaq bu gün təəssüf ki, soydaşlarımız arasında adqoyma məsələsində problemlər kifayət qədərdir. Alim deyir ki, "adlarımız özündə həmişə şərqiliyi, türk ruhunu, keyfiyyətini saxlamalıdır. Ruslarda adlar slavyan və provaslav mənşəlidir. Burada həmin o ənənəvi adlar rusların keçmişini, tarixini əks etdirir. Bu qədər lüğətlər yazılır, lüğətin böyüklüyü ilə öyünülür, ancaq bununla deyil; əslində millətin şəxs adlarının çox olması düz deyil. O zaman sistem dağınıq olur. Yəni ki, şəxs adlarında uydurmalara ehtiyac yoxdur. Şəxs adları nə qədər az dəyişilməyə məruz qalarsa, o qədər yaxşıdır. Rus xalqının şəxs adları elə də çox deyil: Nikolay, Pavel, Pyotr və başqaları çox təkrar olunur. Bu adlar da hər yerdə bildirir ki, bu, rusdur. Amma bizdə mücərrəd, uydurma, saxta adlar çoxdur. Adların çoxluğuna qaçmayaq. Eyni adların çoxluğu belə onların Azərbaycan adı olmasından soraq verir. Ad həm də bir növ millətin birliyinə dəlalət edən faktordur. Amma adlarda bu qədər sərbəstlik olmaz. Dədə-babalarımızın adlarına hörmət etməliyik. Hər halda adlarımızın çoxu yaxşı deyil. Məsələn, birinin adı Gülnarədir. Ata-ana adın estetik gözəlliyinə vurulub, adını Gülnarə qoyub. Yəni "narın gülü" Ancaq buradakı "ə" nə deməkdir? Ya da ki, Elnarə nə deməkdir? Vüsalə adını götürək. "Vüsal" "vüsal"dır, bunun cinsi yoxdur. Mənası "görüşdür", özü də "həsrətdən sonra görüş". Eləcə də Xəyalə nə deməkdir? Xoşun gəlirsə, Xəyal qoy, daha bunun qadın, kişi adı yoxdur. Övladın adını eksperimentə çevirmək olmaz. Tutalım ki, qızın adını Aqşinə qoyur. Ad insanı ömrü boyu müşaiyət edən elə bir yadigardır ki, onu gərək düzgün seçəsən."

 

"Mədəni ölkələrdə adətən yer adlarını dəyişmirlər"

 

Filoloqun sözlərinə görə, hər bir xalq qədimliyindən gələn yer adlarını qoruyub saxlamağa çalışır. Çünki ad onun bu yerlərdə qədimdən yaşamasının sübutu olur. Amma biz təəssüf ki, müəyyən məqamlarda bu sahədə də məsuliyyətimizi unutmuşuq: "Dünyanın mədəni ölkələrində adətən yer adlarını dəyişmirlər. Min ildən gələn yer adlarını götürüb dəyişdirmək xalqımızın düşüncəsinə ziddir. Vaxtilə Azərbaycandakı qədim yer adları ləğv olundu, Leninin, Kirovun adlarını qoydular. Ruslar zaman-zaman tutduqları yerlərin adlarını dəyişdiriblər. Sibirdən, Baykal gölündən Qara dənizə qədər olan, dəyişən adların lüğətini vermişəm. 4 minə qədər adı ruslar dəyişiblər. Bu gün də həmin adlar dəyişdirilmiş şəkildə qalmaqdadır. Bu torpaqlar başdan-başa türk oylağıdır. Rusiya o yerlərdəki tarixi adları dəyişdirməklə demək istəyirdi ki, buralar artıq mənim imperiyama aiddir. Sibirdə Balıq şəhəri vardı. "Balıq" qədim türk dilində "qala" deməkdir. İsmayıllıda da Balıq kəndi var. Bu, ruscadakı "rıba" anlamını vermir. İndiki Ermənistanın ərazisində Bayandur adlı kənd vardı. Bu, olduqca qədim türk sözüdür, adıdır. Ermənilər o kəndin adını "Baqatır" elədilər. Dəhşət burasındadır ki, Azərbaycanda qədim yer adlarının dəyişdirilməsilə bağlı bir kampaniya həyata keçirilirdi. Artıq əhali özü müraciətlər edirdi ki, filan ad mənim xoşuma gəlmir, dəyişmək istəyirəm. Halbuki bu adların onun qədimliyindən soy, milli müəyyənliyindən soraq verdiyini düşünmürdü. Görəsən, bugünkü soyadlarımız nəslimizin adıdırmı? Təəssüf ki, yox. Bu gün qədim adlarımızı ermənilər saxlayırlar: Yengibaryan, Basdırmacıyan, Aşçıyan, İgityan, Babayan, Atayan... Biz Bayatlılar, Şahsevənlər, Qızılbaşlar, Ustaclılar, Şəmsəddinlilər bu gün Ağayev, Babayev, Hüseynov və başqaları olmuşuq. Ruslar bura gələndə rus qulluğuna kim girmişdisə, əvvəlcə onların familiyaları dəyişdi. Sovet dövründə artıq bu, kütləviləşdi. Əgər babamın adını soyad olaraq qəbul edirəmsə, bəs sonda babamın babası, ondan da neçə arxa dönərim harada qaldı? Bu, o deməkdirmi ki, nəslim buradan başlayır? Rusiyada Puşkin, Tolstoy familiyasından olduğunu deyən bir kəs o saat hansı nəsildəndir deyə bilinir. Tutalım mən də, siz də Əhmədovsunuz. Amma qohum deyilik. Deməli, bu, familiya deyil. Əslində soyad nəsli, aid olduğumuz qədim ailəni göstərməlidir. Əgər qədim nəsil adlarımızı saxlasaydıq, bugünkü uşaq qədim dönəmlərdəki babasını axtarıb tapacaqdı. Avropalının nəsli 15-ci yüzildən gəlir, bugünkü uşağı bilir ki, onun babası kim olub. Amma biz halalca soyadlarımızdan uzaq düşdük. Özümüzü qədimliyimizdən nə ilə desən ayırırıq. Görəsən, qədim dəyərlərimizdən hansı cəhətləri saxlayırıq? Bakıya qədim deyirik. Amma təəssüf ki, hazırda Bakının qədimliyindən çox az soraqlar var. Əgər ona qədim deyiriksə, bu, o deməkdir ki, Bakının qədim adlarını da saxlamalıyıq. Bakının sinəsində qutu evlərin sayı artdıqca təbii olaraq onun qədimliyindən soraq qalmır. Bütün bunlar pərakəndə şüurumuzu və düşüncəmizi göstərir".

 

"Ermənilər yalançı alimlərindən də beşəlli yapışırlar"

 

Türk öz yaratdıqlarını yollara səpib, erməni də süfrəmizin qırıntılarından məharətlə bəhrələnib: "Millətin sayının çoxluğu, azlığı o qədər də həlledici deyil. Mən daim yetkinlik amilindən danışıram. Ermənilər öz yalançı tarixlərindən, alimlərindən həmişə beşəlli yapışırlar. Erməni alimləri erməniləri cızmaqaralarıyla dişinə qədər silahlandırdılar. Necə olur ki, erməni kor tutduğunu buraxmayan kimi nadan istəyindən əl çəkmir? Çünki alimindən yaxşı dərs alıb. Vətən azarı artıq erməninin azarına çevrilib. Cəfəngiyat olsa belə, ermənilərin canına Qarabağ məsələsi möhkəm keçib. Düşmənlərimizi yaxşı tanımalıyıq". Tarixən çox arxayınlaşmışıq. Erməni ilan balası kimi böyüyüb, indi nəinki türkü, bütün dünyanı çalmaqdadır. Azadlığın mayası məsuliyyətdir. Bu səbəbdən də buraxdığımız səhvlərdən dərs almalı, bir daha səhv etməməliyik. Tarixi gedişat, faktlar onu sübut edir ki, türk getdiyi yerlərə möhtəşəm türk ruhunu, mədəniyyətini aparıb. Ancaq türkə qarşı zaman-zaman alışan qisasçılıq hissi bu gün daha da artmaqdadır. Şübhəsiz, daim türk ruhunun, mədəniyyətinin geniş miqyasda araşdırılaraq bu gün dünyaya təqdim edilməsinə daha çox ehtiyac var. M.Təkləli bu qənaətdədir: "Biz - sovet dövründə təhsil almış nəsillər uzun müddət səhv ideologiyanın təsirində olmuşuq. İndi bizdə onillər boyunca yazılan kitabların səhv məntiqinə qarşı dura biləcək güclü kitablar yazılmalıdır ki, əvvəlki təsəvvürləri tamamilə alt-üst eləsin. Hərdən o əvvəlki kitabların nəsillərin yaddaşına vurduğu ziyanın təsiri barədə fikirləşərkən dəhşətə gəlirəm. Görün nə qədər zaman lazım gələcək ki, sözün böyük mənasında əsl milli yaddaşımız formalaşsın. Sovet dövründə yazılan o kitabların əksəriyyəti türkə qarşı olub: türkə qarşı bu dərəcədə nifrət, qisasçılıq, ən başlıcası isə onun böyük tarixini mümkün qədər kiçiltmək, alçaltmaq; bunlar bütünlüklə mədəniyyətdən, insanlıqdan uzaq məsələlərdir. Görəsən zaman-zaman bizi sevməyənlərin fitnə-fəsadları, eləcə də öz səhvlərimiz ucbatından başımıza gələn bu acı təəssürata qarşı nə dərəcədə durmaq iqtidarındayıq? Görəsən bu gün biz gec də olsa sabaha nələrisə yazıb qoymaq üçün hazırıqmı? Yəni qaş qayıran yerdə göz çıxarılmayıb ki? Onu da deyim ki, hazırda bu mövzuya müraciət edənlərin sayı elə də çox deyil. Amma sözügedən mövzular çox sensasiyalı olduğu üçün nəzərə tez çarpır, diqqəti cəlb edir. Bəziləri mövzunun adını qabardır, sadəcə, başqalarını təəccübləndirmək, bəlkə də şöhrət naminə belə mövzulara əl atırlar. Şovinist olsalar da, bizi sevməyənlər tarixlərini yaradıblar, pis-yaxşı xeyli sayda kitablar yazıblar. Deməli, bu mənada tarixi gedişatı çox düzgün təhlil etmək və doğru-dürüst qənaətlərə gəlmək lazımdır...

 

"Savadsızlıq millətin bəlasıdır"

 

...Tədqiqatçı bu sahədəki bütün biliklərə əsaslı şəkildə yiyələnməlidir. Sözün həqiqi mənasında əksər hallarda idraki vüsətdən bəhrələnməyən, sadəcə, quru pafosa əsaslanan qənaətlər haqqımızı sübut etmək yönündə bizə dəstək ola bilməz. Çox gurultulu şəkildə demək ki, filankəs də türkdür, filan yer türk torpağıdır; bunu demək azdır, gərək iddianın arxasında real faktlar və güclü əsaslandırmalar olsun. Nəzərə almaq lazımdır ki, fəhmimizin gücü ilə duyduğumuz həqiqətləri əsaslandırmağımızdan ötrü qarşı tərəfdən də bizə dəstək ola biləcək az da olsa tədqiqatçılar var. Ruslarda belə namuslu alimlər olub. Məsələn, Qumilyov bu qəbildəndir. Bəzən bizimkilərdə problem məsələlərə üzdən yanaşma faktlarını görüb çox narahat oluram. "Ura" dalınca qaçmaq olmaz. Dəfələrlə bunun şahidi olmuşam. Bu, şəksizdir ki, gərək tədqiqatçının güclü savadı olsun. Əgər tədqiqatçının vətəninin keçmişinə, qədimliyinə, sabahına sevgisi varsa, heç olmasa, bu sevginin xatirinə savadlı olmalıdır. İnqilabın bacara bilmədiyini, eləcə də qanla etdiyini maarifləndirmə çox gözəl həyata keçirir. Bu mənada maariflənməyə inqilabdan çox inanıram. Əgər maarifləndirmə yoxa çıxırsa bu, dəhşətdir. Savadsızlıq millətin bəlasıdır".

Bu gün sözün böyük mənasında xəlqi dəyərlərə yiyə durmağın zamanıdır. Əslində xalq yaradıcılığı böyük fərdlərin təmənnasız əməlindən doğur. Alimin fikrincə, "gözəl istəklərin həyata keçməsi üçün xalqa yananların çox olması lazımdır. 19-cu yüzilin axırlarında, 20-ci yüzilin əvvəllərində Azərbaycan ziyalılarının milli ruhumuzun təməlinin möhkəmləndirməsi yönündə görülən işləri diqqətəlayiqdir, əhəmiyyətlidir. Bu şəxslər baxmayaraq ki, vətəndan qıraqda təhsil almışdılar, yüksək erudisiyaya, özlərinə maddi şərait qurmaq üçün hər cür imkanlara malik idilər, amma ömürlərini xalqın savadlanması, qurulması yolunda şam kimi əritdilər. Bu ənənəni daim inkişaf etdirmək gərəkdir".

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 24 iyun.- S.14.