Elçibəy günü

 

Yeganə Mehdibəyli: "Əbülfəz Elçibəyin Milli Azadlıq Hərəkatında rolu, prezidentliyi, ondan sonrakı fəaliyyəti obyektiv şəkildə araşdırılmalıdır"

 

Bu gün böyük şəxsiyyət, Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin ad günüdür. O zamanında bəlkə də layiq olduğu qiyməti ala bilmədi, ona qarşı çox böyük ədalətsizliklər və haqsızlıqlar edildi. Heç indinin özündə də Elçibəyi layiq olduğu kimi qiymətləndirə bilmirik. Ancaq prinsipcə elə belə də olmalıdır. Kütlə heç bir zaman heç bir dahiyə layiq olduğu dəyəri zamanında verə bilməyib. Dahiləri hər zaman dışlayıb, tənqid hədəfinə çeviriblər, yalnız gələcək nəsillər başa düşüb ki, sələflərinin heç cürə qəbul edə bilmədiyi insan sən demə əvəzolunmaz şəxsiyyət imiş.

Elçibəyi yaxından tanıyan insanlardan biri, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nəzarət Təftiş Komissiyasının sədri Yeganə Mehdibəyli də hesab edir ki, sağlığında bu Böyük İnsanı qiymətləndirə bilmədik.

Elçibəyi ilk dəfə meydanda görən Yeganə xanım onunla ilk tanışlığı belə xatırlayır: "Bizdə ilk dəfə Meydan Hərəkatı məğlub olanda mən çox üzülmüşdüm, çox əsəbi vəziyyətdəydim. Mən o vaxt Pribaltikaya həsəd aparır, az qala paxıllıq edirdim. Məhz bu üzüntünün nəticəsi olaraq evdə belə bir fikir səsləndirmişdim ki, artıq bizim müstəqil olmağımız mümkün deyil və heç kim, o cümlədən də Əbülfəz Elçibəy Azərbaycanın müstəqilliyinə nail ola bilməyəcək. Çünki o vaxt bizim üzərimzdə çox böyük basqı vardı. Azərbaycanın müstəqilliyi bəlkə də mümkünsüz kimi görsənirdi. Amma Elçibəyin sayəsində biz bunu əldə edə bildik mən sonralar öz fikirlərimdə xeyli yanıldığımı başa düşdüm. Onu da deyim ki, Elçibəyi ilk dəfə may ayında yaxından görmüşəm. Buna qədər onu dəfələrlə meydanda görmüşdüm. Ümumiyyətlə onu hər zaman meydanda, axşamlar çadırların yanında görürdüm. Amma bir gün səhv etmirəmsə, 1989-cu il mayın 26- ilk dəfə Elçibəyi yaxından görmüş onunla tanış olmuşdum. Tanışlıq isə təxminən bu formada oldu. Gördüm ki, uzaqdan bir hünürboy kişi dənizkənarı bulvara sarı gəlir, yanında da bir nəfər. Fikirləşdim ki, mən bunu hardasa görmüşəm. Bir az fikirləşəndən sonra yadıma düşdü ki, onu meydanda görmüşəm, bu Əbülfəz Elçibəydir. Onu da deyim ki, hər tərəfdən insanlar üç-üç, dörd-dörd ona yaxınlaşırdı. Mən yaxınlaşdım ilk tanışlıq bax bu vaxta təsadüf edir. Sonradan hərəkatın çox fəal iştirakçılarından oldum, Azərbaycan Xalq Cəbhəsi Partiyası yaranandan sonra orada təmsil olundum Əbülfəz bəyi daha yaxından tanımağa başladım. Bir məqamı da qeyd edim ki, biz tələbə olanda gizli görüşlər keçirirdik, həmin görüşlərdə ciddi müzakirələr aparılırdı. Təbii ki, prosesi Elçibəy idarə edirdi". Partiya funksioneri deyir ki, Elçibəyə münasibət birmənalı olmasa da, onu çoxları sevib, rəğbət göstərib: "Onun sevilməyinin əsas səbəbi o idi ki, Elçibəy Vətənini, dövlətini, millətini sevirdi. Onun düşüncələri, fikirləri, ideyaları həmişə insanlara, xüsusilə gənclərə stimul verib. Meydan Hərəkatı zamanı çox şeylər baş verirdi, parçalanma, nifaq salmaq istəyənlərin sayı çox idi. Süni şəkildə yaradılmış narazılıqlar vardı. Bu məsələlərə dərhal reaksiya vermək doğru olmazdı, elə Bəyin özü demişkən "hər şeyin zamana ehtiyacı vardı" mən həmin çətin günlərdə Elçibəydə böyük səbir gördüm. Eyni zamanda mən prinsipial xarakterli insanları çox xoşlayıram. Əbülfəz bəy isə həddindən artıq prinsipal adam idi. Həm onda çox böyük səmimiyyət vardı. Elçibəyin bütün bu müsbət cəhətləri onu millətə sevdirirdi. Bəyin bütün çıxışlarında Azərbaycanın müstəqilliyi bütövlüyü, türk dövlətlərinin müstəqilliyi məsələsi öz əksini tapırdı. O fikirlərini söyləyir sadəcə söyləməklə kifayətlənmir, prinsipial olaraq bu fikirlərin həyata keçməsi üçün çalışırdı. Məni bax bu prinsipiallıq çox cəlb eləmişdi. O hər kəsə qulaq asır, hamını həvəslə dinləyir, amma sonda yenə öz fikirini söyləyirdi".

Yeganə Mehdibəyli ünvanına səslənən iradlara baxmayaraq Elçibəyin həm əla idarəçi olduğunu söyləyir:

"Əbülfəz Elçibəy idealist adam idi, həm də çox böyük idarəçi idi. Onun Azərbaycana rəhbərlik etdiyi dövrdə regionda, ümumiyyətlə bütün dünyada həddindən artıq çətin ictimai-siyasi şərait mövcud idi. Təsəvvür edin ki, böyük bir imperiya çökmüşdü. İllərlə rusun tabeçiliyində olan insanlar özlərini müstəqil idarə edə bilmirdilər. Elçibəy Kələkidə olanda biz oraya getmiş mən hakimiyyətin hansı səbəbdən verilməsilə bağlı Bəyə sual ünvanlamışdım. O həmin dövrü çox gözəl analiz elədi bildirdi ki, onun hakimiyyətdən getməsində çox böyük qüvvələrin, Azərbaycanın güclü olmasını istəməyən qonşu dövlətlərin maraqları vardı. Həmin dövlətlər parçalanma üçün əllərindən gələni edirdilər. İndi Rusiyaya, İrana xidmət göstərən adamların adını da çəkmək olar, amma belə bir gündə onların adının Elçibəylə yanaşı çəkilməsini istəməzdim. Bütün bunlara baxmayaraq Elçibəy həm hakimiyyəti, sonralar isə AXC-ni çox gözəl idarə edirdi. Onun hakimiyyətdə olduğu bir il ərzində gördüyü işlər Bəyin necə idarəçi olduğunun ən parlaq misalıdır. Bir il ərzində bəlkə bu işləri görmək praktik olaraq mümkün deyildi, ancaq Əbülfəz bəy bütün bunları etmişdi. Elçibəy hər zaman xalqın passionar olmasını, millətin öz haqqını tələb etməsini arzulayırdı, normal vətəndaş cəmiyyətinin qurulması üçün çalışırdı. Əbülfəz bəy bu milləti sındırmaq istəmirdi. Bütün bu işlərin görülməsi isə bizə düşmən olan dövlətlərin marağında deyildi. Onlar bilirdilər ki, əgər hər şey Elçibəyin düşündüyü kimi olsa bu millət çox işlər görər, çox şeyə nail ola bilər. Düşmən dövlətlər bilirdilər ki, belə olan halda bu millətin axırı hara gedəcək. Məhz ona görə , bu milləti başqa səmtə yönəltməyə çalışdılar məqsədlərinə bəlkə nail oldular. Artıq heç ilə, öz taleyilə maraqlanmayan bir cəmiyyət var. Ümumiyyətlə, müstəqillikdən sonra Azərbaycanda elə bir siyasi lider olmayıb ki, Elçibəy qədər təzyiqlərə məruz qalsın. Təzyiqlər o həddə idi ki, bundan artıq idarəçilik mümkün deyildi. Sadəcə təəssüf ki, biz bir millət olaraq çox vaxt "deyirlər" yaşayırıq. Soruşursan kim deyib, deyir, deyirlər ... Təəssüf ki, bizimkilər çox vaxt bax bununla görür. Eşitməyə üstünlük verirlər, görməyə yox. Bu baxımdan düşünürəm ki, bəlkə insanlar həm o dövrdə Elçibəyə lazım olan qiyməti verə bilmədilər, indi verə bilmirlər. Azərbaycan insanı Elçibəy haqqında eşitdi, amma Elçibəyi eşitmədi görmədi. Şəxsən mən Elçibəyi tanıdığıma, onunla bir təşkilatda təmsil olunduğuma görə böyük qürur hissi keçirir fəxr edirəm".

Yeganə xanım Elçibəy irsinin araşdırılmalı olduğunu bildirir: "Elçibəy fəaliyyəti, Milli Azadlıq Hərəkatındakı rolu, prezidentlik dövrü, həmin dövrdə baş verən hadisələr ciddi şəkildə, obyektiv olaraq araşdırılmalıdır. Həsə qurmaq, yaratmaq üçün əvvəlkindən faydalanmalı, yararlanmalısan. Onun Azərbaycana verdiyi töhfələr öyrənilməlidir".

Sonda Yeganə xanım Bəylə bağlı unuda bilmədiyi bir xatirəni də bizimlə bölüşdü: "Bir dəfə çox yaxın bir rəfiqəmin toyunda idik. Elçibəy də orada idi, toya bir çox siyasilər də gəlmişdi. Rəfiqəmin bacısı isə təbrizliyə ərə getmişdi, onlar da toyda idilər. Onların bir oğlu da vardı. Məndən xahiş etmişdilər ki, Elçibəylə şəkil çəkdirmək istəyirik. Mən Əbülfəz bəyə yaxınlaşdım dedim: "Övladlarının simasında Azərbaycanı birləşdirənlər sizinlə şəkil çəkdirmək istəyir". İnanmazsınız ki, həmin vaxt Bəyin üzü necə işıqlandı sözün ardını gözləməyərək dərhal ayağa qalxdı. Həmin şəkilləri yadigar saxlayıram".

 

 

Ağa Cəfərli

 

Xalq Cəbhəsi.- 2009.- 24 iyun.- S.5.