"Şilyan: özü, sözü - çeşmənin gözü"

Şifahi yaradıcılıq yüzilllər boyu nəsildən-nəsilə ötürülərək onun müdrikliyini, yaşam fəlsəfəsini, etik-mənəvi dəyərlərini, insanların xarakterik xüsusiyyətlərini ifadə edib. Folklor həyatımızın bütün tərəflərini çevrələyir, xalqın ictimai, sosial, əxlaqi baxışlarını özündə yaşadır. Folklorda elin mənəvi tələbləri, idealları, psixologiyası nəzərə çarpır, göz önündə canlanır. Folklor el-oba sevgisilə daha çox nəfəs alan, onunla yaşayan, onun həyat fəlsəfəsinə yaxından nüfuz edən, el təəssübü çəkənlər tərəfindən toplanır, sistemləşdirilir, nəşr olunur. Folklorun zəngin, əvəzsiz çeşmə olduğunu müdriklər yaradıcılığın zirvəsinə çatanda hiss edir, ona müraciət edirlər: insanlar həyatda təcrübələndikcə el-oba sözünün hər çalarına, ifadəsinə nüfuz edir, vurulur, onun təsiri altında olurlar...

Filologiya elmləri doktoru, professor Nizami Tağısoy Azərbaycan filoloji elmində və folklorşünaslıq məkanında maraqlı monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri, tərcümə kitabları, türk xalqları folkloru, çoxsaylı elmi məqalələrilə tanınır. Ömrünü Bakı Slavyan Universitetində gənc nəslin təlim-tərbiyəsinə həsr edib. Postsovet məkanında ilk dəfə nəşr etdirdiyi "Qaraqalpaq ədəbiyyatı" kitabı təkcə Azərbaycanda deyil, digər respublikalarda da əks-səda doğurdu. Nizami müəllim bu gün də türk xalqları folkloru və ədəbiyyatı ilə ardıcıl məşğul olur. Doğma kəndi Şilyana həsr etdiyi sonuncu kitabında el-obasına tükənməz sevgisini, vurğunluğunu görməmək olmur. "Şilyan: özü, sözü-çeşmənin gözü" kitabını doğma kəndinin insanlarına, onların bədahətənliyinə, hazırcavablığına, qonaqpərvərliyinə, nitq davranışına, estetikasına, etik dəyərlərinə, mənəvi-əxlaqi dünyasına böyük sevgi ilə həsr edib. O, doğma kəndini "çeşmə" adlandırır: çünki çeşmə daim dumduru göz yaşı kimi təmiz olur, qaynayır, üfunət götürmür. N.Tağısoy Şilyanı, şilyanlıları özü ilə, sözü ilə belə görür, dərk edir, kitaba gətirir, xalqın yaddaşına yazır. Kitab el-oba vurğunluğu ilə yaşayan bir alimin kənd camaatına məhəbbətlə həsr etdiyi etnoqrafik-tarixi yaddaş, folklor nümunəsidir. Kitab boyunca Şilyan sevgisini gəzdirir, ona vurğunluğunu gizlətmir. Bu sevgi kitabda verilmiş uşaq oyunları, lətifələr, ayamalar, ləqəblər, pirlərə, ocaqlara həsr olunmuş fəsillərdə, təpərli kişilərlə bağlı "Şilyanın el şairləri" və digər səhifələrdə qabarıq görünür. Müəllif bir elin-obanın tarixi yaddaşını çözələyir, mənəviyyatını, əxlaqi keyfiyyətlərini göstərir. Şübhəsiz, hər eldə, obada olan folklor nümunələri özünəməxsusluğu ilə seçilir. Bu nümunələrdə məhz elin-obanın nəfəsi, duyumu olur. Kitabda şilyanlıların etnik-folklor dünyası maraqlı, diqqətçəkən və fərqli təqdim edilir. Bu fərq Şilyanlıların dil-üslub xüsusiyyətlərində, məişət vərdişlərində, psixoloji düşüncə tərzində olduqca maraqlı ifadə olunub. Folklor nümunələri söz sənətinə dərindən bələd olanlar tərəfindən yaradılır. Kitabdakı nümunələr el-oba həyatında özünə çoxdan bəri yer almış məşhur deyimlərdən, duyumlardan qaynaq alır. Əgər əvvəllər folklor nümunələrinin xalq içində şifahi yaşaması və yazıya alınmaması uzun müddət maarifçiliyin istənilən səviyyədə olmaması ilə bağlı idisə, bu gün artıq el-obaya bağlı olan toplayıcı-araşdırmaçıların təşəbbüsü ilə bu nümənələrin yazıya alınması el-obaya sevgi kimi dəyərləndirilməlidir.

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 25 iyun.- S.14.