"Ordu xalqın
istinadgahıdır"
Əliağa Şıxlinski:
"Orduya xalqın ləyaqətli oğulları gəlməlidir"
Sabah, 26 iyun- Azərbaycan
Silahlı Qüvvəlləri günüdür. Düz 92 il əvvəl
Azərbaycan ordusunun ilk birləşməsi yaranıb. Bu
ordunun yaranmasında xidmətləri olan generallarımızdan
biri də Əliağa Şıxlinskidir. Əliağa
Şıxlinski 1865-ci il aprel ayının 23-də Qazax qəzasının
Qazaxlı kəndində anadan olub. Anası Şah Yəmən
xanım Qayıbova Azərbaycan ədəbiyyatının
korifeylərindən biri olan unudulmaz şairimiz Molla Vəli
Vidadinin nəvəsi idi. 1883-cü ildə orduda hərbi xidmətə
başlayan Şıxlinski hərb sənətinin sirlərinə
yiyələnməyə çalışır. Bütün
bu uğurlu addımlar onu Peterburq artilleriya məktəbinə
gətirir. 1886-cı ildə həmin məktəbi əla qiymətlərlə
bitirən Şıxlinski 1904-1905-ci illər rus-yapon müharibəsində
batareya komandiri kimi ön cəbhədə qəhrəmanlıqla
vuruşmağa başlayır. Port-Artur qalasının
müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə
görə "Qızıl qılınc"la
mükafatlandırılır.
Müharibədən
sonra topçu zabitlər hazırlayan məktəbdə
yüksək ixtisaslı hərbçi kimi dərs deməyə
başlayan Əliağa Şıxlinski 1908-ci ildə polkovnik
rütbəsi alır. Hərb elminin daha da dərindən mənimsənilməsi
üçün yazdığı, dərs vəsaiti kimi
istifadə edilən "Səhra toplarının cəbhədə
işlədilməsi" əsəri 1910-cu ildə çap
olunur. Bundan əlavə, onun "Şıxlinski
üçbucağı", "Şıxlinski formulu"
adlı hərbi yenilikləri topçu zabitlər
üçün hazırlanmış dərsliklərə
daxil edilir. Bütün bu xidmətlərinə görə gənc
hərbçiyə 1912-ci ildə general-mayor rütbəsi
verilir. Beləcə o, Azərbaycanın ilk hərbi
generallarından olur, çar ordusunun aparıcı mütəxəssislərindən
birinə çevrilir.
1914-cü ildə
baş verən I dünya müharibəsi zamanı Petroqrad
şəhərinin artilleriya müdafiəsi general Əliağa
Şıxlinskiyə tapşırılır. Sonralar Qərb cəbhəsi
artilleriya qoşunlarının rəisi, 1917-ci ilin
sentyabrından isə 10-cu ordunun komandanı təyin olunur.
1918-ci il mayın 28-də
Azərbaycan Demokratik Respublikasının yaranması Əliağa
Şıxlinskini vətəninə qayıtmağa məcbur
edir. 1918-ci ilin dekabrında dövlətin hərbi işi Azərbaycanın
iki görkəmli oğluna tapşırılır. Artilleriya
general-leytenantı Səməd bəy Mehmandarov Azərbaycanın
hərbi naziri, daha bir artilleriya general-leytenantı Əliağa
Şıxlinski isə hərbi nazirin müavini təyin edilir.
Qısa zaman ərzində bu iki şəxsiyyətin gərgin
səylərilə Azərbaycan ordusu yaradılır. Ordunun
xeyli cəbbəxanası formalaşır.
Əlli ildən
çox nizami orduda qüsursuz xidmət edən Əliağa
Şıxlinski həmişə birincilər sırasında
olub. O dörd müharibənin şahidi,
üçünün iştirakçısı olub:
1904-1905-ci illərdə Port-Artur, 1914-cü il Cahan Müharibəsində,
1918-ci ildə isə torpaqlarımızın
bütövlüyü uğrunda daşnak Ermənistanına
qarşı döyüşüb. Böyük Vətən
müharibəsinin şahidi olan qoca general yenə də fəaliyyətini
dayandırmır. O, "Xatirələrim" kimi qiymətli
hərbi memuarını diktə edib yazdırır. Bu, Azərbaycan
hərb tarixində ilk və yeganə hərbi memuardır.
İnqilabdan əvvəl və inqilabdan sonrakı dövrlərlə
məşğul olan hərb elminin elə bir alimi yoxdur ki, həmin
kitabdan faydalanmasın, bir qiymətli mənbə kimi ondan
istifadə etməsin.
Görkəmli sərkərdə
Əliağa Şıxlinskinin xalqımız
üçün ən böyük xidmətlərindən
biri də 1917-ci ilin noyabrında olur. Həmin ayın 15-də
Qafqaza qayıdan Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan
ibarət milli korpus yaradır. Bununla da o, Azərbaycan
Silahlı Qüvvəllərinin təməl daşını
qoyur. Bu barədə general "Xatirələrim" hərbi
memuarında daha dəqiq məlumat verir: "Tiflisə
qayıtdıqda, müvəqqəti olaraq mənə korpus
komandanlığı həvalə olunduğu barədə əmri
oxudum. Öz xalqımın baş verə biləcək xarici
təzyiqlərdən və daxili qarışıqlıqlardan
özünü qorumasına xidmət etmək arzusu ilə
korpus təşkil etməyi qət edib Tiflisdə öz qərargahımı
düzəltməyə başladım. Dekabrın 31-də
öz qərargahımın ilk heyətilə Gəncəyə
getdim ki, orada hissələrin təşkil edilməsilə məşğul
olum. Korpus hissələrinin təşkilində böyük əngəllərə
rast gəlirdik".
"Açıq
söz" qəzeti 1918-ci il 7 yanvar tarixli nömrəsində
nizami müsəlman əsgəri qüvvələrinin
yaranması haqqında belə bir xəbər
yaymışdı: "Yanvarın 3-də Zaqafqaziya Mərkəzi
Müsəlman Komitəsinin üzvü, Mərkəzi Komitə
sədri Fətəli xan Xoyski müsəlman əsgəri dəstələri
təşkilatı haqqında məruzədə
bulunmuşdur. Məruzədən
anlaşıldığına görə, 1917-ci il dekabrın
11-də Zaqafqaziya Komissarlığı Zaqafqaziya müsəlmanlarından
nizami ordu təşkil etməsi qətnaməsini
çıxarmışdır. Nizami ordu üçün
lazımi qədər könüllü cəm edilməsi
işi Zaqafqaziya Mərkəzi Müsalman Komitəsinə həvalə
edilmişdir. Nizami ordu təşkil edildikdən sonra
müsalmanlardan alınan əsgəri verginin ləğv edilməsi
haqqında Zaqafqaziya Komissarlığı tərəfindən
dekret veriləcəkdir. Zaqafqaziya Komissarlığının
qətnaməsinə əsasən, dekabrın 19-da beşinci və
yeddinci Qafqaziya nişançı firqələrindən ibarət
olan altıncı ordu korpusunun Müsəlman nizami ordusu ilə
əvəz edilməsi haqqında Qafqaziya cəbhəsi
qoşunlarının baş komandanı tərəfindən
"Əmrnamə" verilmişdir. Həmin əsgər dəstələrini
milliləşdirmək işlərinə nəzarət general
Əliağa Şıxlinskiyə həvalə edilmişdir.
General Əliağa Şıxlinski öz vəzifəsinin
ifasına başlamışdır".
General Əliağa
Şıxlinski 1918-ci ilin oktyabrında Gəncədə yeni
yaratdığı Milli Azərbaycan korpusunun əsgərləri
qarşısında çıxış edir: "Azərbaycanlılar
birdəfəlik bilməlidirlər ki, doğma ordu əsla tənbəlxana
deyil və onun mövcudluğu hər hansı bir azərbaycanlının
maddi rifahını daha da yaxşılaşdırmaq
üçün yaranmayıb. Ordu xalqın
istinadgahıdır - bura xalqın ləyaqətli
oğulları gəlməlidir".
General Əliağa
Şıxlinski bu vətənpərvər
çıxışını Gəncədə praporşiklər
məktəbinin birinci buraxılışı münasibətilə
söyləyir. Bu şənlikdə Qafqaz İslam Ordusunun
baş komandanı Nuru Paşa, atası Hacı Əhməd
paşa, xalq təhsil naziri Nəsib bəy Usubbəyov, daxili
işlər nazirinin vəkili Mehdi bəy Hacınski, sosial təminat
naziri Musa bəy Rəfibəyov, Gəncə qubernatoru, general
İbrahim aba Vəkilov və başqa dövlət xadimləri
iştirak edirlər.
Azərbaycan Silahlı
Qüvvələrinin 1918-20-ci illərdə təşkilində
Əliağa Şıxlinskinin müstəsna rolu olur.
Doğma xalqın nizami ordusunu yaratmaq istəyən general uzun
illər hərbi təcrübəsindən gecə-gündüz
istifadə edir. Yetmiş ildən çox Respublika Yeni Tarix Mərkəzi
Dövlət arxivində "tam məxfidir" qrifi ilə
saxlanan qiymətli bir sənəd bunu bir daha təsdiq edir.
Milli Azərbaycan korpusunun komandiri general Əliağa
Şıxlinski 1918-ci il dekabrın 13-də Gəncədən
göndərdiyi "Məlumat"ında yeni Azərbaycan
Ordusunun struktur layihəsini hazırlayır. General yazır ki,
Azərbaycanın müstəqil respublika elan edilməsi ona may
ayının 27-də qəzetlərdən aydın olur: "Mən
mayın 28-də yeni dövlətin hərb nazirliyinin layihəsini
artıq hazırlamışdım". Layihənin
arxasında izahedici qeyd olan müfəssəl sxem əlavə
edilir. Vəziyyətlə əlaqədar Əliağa
Şıxlinski layihəsində təklif edir ki, vaxtilə
türk zabitlərinin köməyilə yaradılmış hərbi
korpus ləğv edilsin. Müharibə şəraitində bu
azlıq təşkil edir. Əvəzində diviziyalar təşkil
olunsun. Onlar da hərb nazirinə və onun köməkçisinə
tabe olunsun.
Əliağa
Şıxlinski layihədə incə bir mətləbə də
toxunur. May ayında ilk müstəqil Azərbaycan hökuməti
yarananda hərb naziri doktor Xosrov bəy Sultanov təyin edilir. O
da mülki şəxs idi. Xosrov bəy türk zabitlərinin
köməyilə ordunun təşkilində bəzi təxirəsalınmaz
işlər görsə də, bu, ölkədəki
ağır vəziyyəti yüngülləşdirmir. Azərbaycanın
həm daxilindəki, həm də qonşuluğundakı
amansız düşmənə qarşı güclü ordu
yaratmaq vacib idi. Təhlükə o qədər
artmışdı ki, ölkənin qərb rayonlarında hərbi
vəziyyət elan olunur. Belə bir şəraitdə
mülki şəxsin hərb naziri olmasını peşəkar
hərbçi olan Əliağa Şıxlinski məsləhət
bilmir. Ona görə də haqlı olaraq yazır ki, hərb
naziri, əgər o mülki şəxsdirsə, onda
özünün yanında səlahiyyətli şəxslərin
çox kiçik sayından hərbi şura yaratmalı və
qoşunların təlim-tərbiyəsinə bilavasitə nəzarət
etmək üçün köməkçi təyin etməlidir.
Mətndən o da məlum
olur ki, Əliağa Şıxlinski layihəni artıq ikinci,
bəlkə də üçüncü dəfə hökumətin
ünvanına göndərir: "Hökumət Gəncə
şəhərinə köçən kimi (iyun ayının
əvvəlində), mənim layihəm hərb nazirliyi müəssisələrinin
müfəssəl sxemi şəklində Nazirlər Sovetinin sədrinə
təqdim edilir. Ehtimal edilirdi ki, hökumətə tam məlumatı,
yəqin ki, Nazirlər Sovetinin müvafiq iclasına dəvət
olunacaq korpus komandiri şəxsən özü təqdim edəcək.
Lakin mən heç bir yerə dəvət edilməmişəm
və layihə haqqında heç bir xəbərdarlıq
almamışam. Güman edirəm ki, layihə heç
müzakirə edilməmişdir. Çünki Bakı
quberniyasının bolşeviklərdən təmizlənməsi
və bunun üçün lazım olan xarici kömək ilə
əlaqədar olaraq yaranmış xüsusi şəraitə
görə hökumət hərb naziri təyin etməkdən
imtina etmişdir".
Nəhayət, hökumətin
əmrilə 1918-ci il dekabrın 25-də tam artilleriya generalı
Səməd bəy Mehmandarov hərb naziri oldu və həmin
gün alovlu bir bəyanatla xalqa müraciət edir. Dekabrın
29-da isə general-leytenant Əliağa Şıxlinski hərb
nazirinin müavini təyin olunur.
1920-ci il aprelin 27-də
imperiya ordusu Azərbaycanı işğal edəndə Səməd
bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini
Əliağa Şıxlinski icra edir. Düşmən öz
hiyləgərliyindən istifadə edərək müqavimətsiz
təslim olmaq üçün gənc Azərbaycan Demokratik
Respublikasına altı şərt irəli sürür. Bu
şərtlərdən biri də Azərbaycan ordusunun ləğv
olunmaması idi. Əliağa Şıxlinski qan tökülməsinin
qarşısını almaq, həm də 72 minlik qoşunla
vuruşmağın mümkünsüz olduğunu nəzərə
alaraq minalanmış körpülərin partladılmasına
icazə vermir. İşğaldan sonra isə imperiya yetkililəri
verdikləri sözlərə əməl etmirlər. Azərbaycan
ordusu hissə-hissə dağıdılır. Sovet
imperiyası iki dahi şəxsiyyətə - Səməd bəy
Mehmandarova və Əliağa Şıxlinskiyə isə
toxunmur. Ən azı ona görə ki, hərbi
ixtisasçı kimi onlar əvəzolunmaz idi.
Şıxlinski Moskvada Hərbi
İnqilab Sovetinin səhra Qərargahında
çalışır. 1921-ci ilin yayında isə o, Azərbaycan
Sovet Qoşunları Qərargahına göndərilir. Bir
müddət Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr
müavini işləyən general, sonradan Qafqaz İslam Ordusu
Hərbi İnqilab Şurası yanında Azərbaycan Hərbi
Nəşriyyat Kollegiyasının sədri kimi
çalışmağa başlayır. 1924-cü ildə isə
Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə
rəis müavini təyin edilib.
1928-ci ildə
"Rusca-Azərbaycanca qısa hərbi lüğət"
çap etdirən Şıxlinski məhz buna görə
SSRİ Hərbi İnqilab Şurasının Fəxri Fərmanı
ilə təltif olunub. 1929-cu ildən istefaya çıxan
general-leytenant Əliağa Şıxlinski bir çox orden və
medallarla, o cümlədən Fransanın yüksək hərbi
ordenlərilə mükafatlandırılıb. Əliağa
Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat
edib.
Arzu Şirinova
Xalq Cəbhəsi.- 2009.- 25 iyun.- S.8.