Hərbi güc diplomatiyası

 

 Rusiya Azərbaycana təsir imkanlarını itirdiyini anlayır, tezliklə İrəvanı başa salmaq qalır

 

İunun 24-də Silahlı Qüvvələr Günü ilə bağlı Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin iştirakı ilə irimiqyaslı, birgə əməliyyat taktiki təlimi keçirilib. Bölmələrin və silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini prezident, Ali Baş Komandan İlham Əliyev izləyib. Hərbçiləri təbrik edən prezident Azərbaycan ordusunun güclü olduğunu, ordu quruculuğunun uğurla və sürətlə davam etdirildiyini bildirib. Ötən müddətdə orduda peşəkarlıq, döyüş qabiliyyətinin artdığını deyən ölkə başçısı hərbi hissələrə tez-tez getdiyini, ölkənin hərbi qüdrətinin günü-gündən artmasının şahidi olduğunu da vurğulayıb.

Prezident İlham Əliyev son 5 ildə Azərbaycanın hərbi xərclərinin artdığını deyib. Prezident Azərbaycan Silahlı Qüvvələrinin istənilən vəzifəni icra etməyə qadir olduğunu deyib: "Bizim ərazi bütövlüyümüz pozulub və torpaqlarımız işğal altındadır. Biz çalışırıq və çalışacağıq ki, məsələni danışıqlar yolu ilə həll edək. Amma 15 il ərzində aparılan danışıqlar heç bir nəticə vermir. Belə olan halda təbii ki, biz hərbi gücümüzə güvənməliyik. Məhz bu məqsədlə son illər ərzində mütəmadi qaydada ordu potensialının gücləndirilməsi üçün əməli tədbirlər görülür. Bu gün bizim ordumuz bölgənin ən qüdrətli ordusudur. Lazım olan halda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün biz hərbi gücdən də istifadə edə bilərik. Bu, bizim suveren hüququmuzdur, beynəlxalq hüquq normaları da bu imkanı bizə verir. Mən şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, bu ədalətsizliyə son qoyulacaq. Çünki bütün beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Hər an öz doğma torpaqlarımızı düşməndən silah yolu ilə almağa hazır olmalıyıq".

Qeyd edək ki, bu gün bizim müdafiə büdcəmiz Ermənistanın dövlət büdcəsi qədərdir. Bütün iri fabrik və zavodlarını Rusiyaya satan, bu ölkənin vassalına çevrilən Ermənistan sosial-iqtisadi durumunu yaxşılaşdırmaq üçün Türkiyəylə sərhədlərin açılmasına nail olmaq üçün müxtəlif istiqamətlərdə səylər göstərir. Ancaq "yol xəritəsi"nin razılaşdırıldığının açıqlanması, bu fonda Türkiyə ictimaiyyətinin etirazlarının miqyası, hökumətin davranışı göstərdi ki, Qarabağ məsələsi çözülmədən bölgədə digər problemlərin həlli mümkünsüzdür. Digər tərəfdən, keçən ilin avqustunda baş verənlərdən sonra Ermənistanın Gürcüstan üzərindən Rusiyayla əlaqə saxlamaq imkanları məhdudlaşıb. Zəngin neft və qaz resurslarına malik, əlverişli geosiyasi mövqedə yerləşən Azərbaycanın isə regioal və qlobal miqyasda siyasi çəkisi, nüfuzu artır. Həyata keçirilən enerji layihələri bu baxımdan xüsusi yer tutur. O da göz önündə idi ki, ötən ilin avqustunda Gürcüstanda baş verən hadisələrdən sonra Azərbaycanda Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktiv mövqe sərgiləyəcəyinə müəyyən inam yaranmışdı.

Ancaq Azərbaycan prezidenti və xarici işlər nazirinin son bəyanatlarından da aydın görünür ki, Ermənistanın konstruktiv mövqe sərgiləyəcəyinə bəslənən ümidlər özünü doğrultmayıb. Bu baxımdan Azərbaycanın hərbi ritorikaya üstünlük verməsi, o cümlədən qısa müddətdən sonra hərəkətə keçməsi ən məntiqli seçim olardı. Həm də Azərbaycanın hərbi gücünü hərəkətə gətirə biləcəyini Ermənistan dərk etməsə, danışıqlarda mövqeyini az da olsa yumşaltmayacağı bəllidir.

Əgər Azərbaycan 1994-1996-cı illərdə ağır iqtisadi şəraitdə, ordusunun zəif olduğu zaman torpaqlarının işğalıyla barışmayıb, təslimçi ruhlu saziş imzalamaqla razılaşmayıbsa, indi Cənubi Qafqazda ən güclü orduya malik olduğu halda belə şərtləri qəbul edəcəyi barədə düşünmək də absurd olardı. Rusiyanın, yaxud başqa bir dövlətin Ermənistana bir neçə yüz milyon dollar silah-sursat peşkəş etməsi belə qüvvələr balansını ciddi dəyişə bilməz.

Yeri gəlmişkən, Rusiyanın ATƏT-in Minsk qrupundakı keçmiş həmsədri Vladimir Kazimirovun az əvvəl İrəvanda səsləndirdiyi bəyanat da bu baxımdan diqqət çəkir. Vladimir Kazimirov Ermənistan rəhbərliyini erməni cəmiyyətini güzəştlərə hazırlamağa çağırıb. Vladimir Kazimirov sıradan bir şəxs deyil, Rusiyanın Cənubi Qafqaz siyasətinin incəliklərinə kifayət qədər bəllidir. Başqa sözlə, o da anlayır ki, Rusiyanın Azərbaycana faktiki təsir imkanları minimuma enib və belədə işğalçı Ermənistan üçün risklər də artır. Deməli, Azərbaycan sərt bəyanatlara bundan sonra da üstünlük verməlidir.

Azərbaycan prezidentinin son bəyanatına xarici mediada da geniş yer ayrılıb. Türkiyə mətbuatı Azərbaycan prezideninin dilindən səslənən "Savaş hələ bitməyib" sözlərini başlığa çıxarıblar. Rusiyada Kremlə yaxın mətbuat ehtiyatlı mövqe sərgiləyib və prezidentin bəyanatına hər hansı şərh verməyib. Ermənistanda hökumətyönlü mətbuat, o cümlədən "Arminfo" agentliyi erməni cəmiyyətində ciddi ajiotaj yaratmaması üçün hərbi təlimlərin və prezidentin bəyanatının əhəmiyyətini azaltmağa, bunu adi və sıradan bir məsələ kimi qələmə verməyə çalışıb. Ancaq ermənilərin qorxularından özlərinə təskinlik vermələri birmənalıdır...           

 

 

Ramiz Mikayıloğlu

 

Xalq Cəbhəsi.- 2009.- 26 iyun.- S.5.