"Heç olmaz ki, doğru söz yerdə qalsın"

 

       162 yaşlı Həsən bəy Zərdabinin xidmətləri unudulmazdır

 

"Əkinçi" qəzeti ilə milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin anadan olmasından 162 il ötür. "Əkinçi" qəzetinin nəşrə başlaması, 2 il ayaqda qalması doğrudan da hünər idi. Nə yaxşı ki, o dövrün əhvalı, Zərdabinin bu qəzetin nəşri zamanı çəkdiyi əzab-əziyyətlər özünün, həyat yoldaşı Hənifə xanımın və məsləkdaşlarının xatirələrində bu günümüzə kimi gəlib çatıb. Bu mənada Həsən bəyin düz 134 il qabaq "Əkinçi"nin ilk sayında yazdıqları düşündürücüdür. Aydın görünən budur ki, Zərdabi onu qarşıda hansı çətinliklərin gözlədiyini tam təsəvvür edirdi, bütün təhlükələri gözünün altına almışdı: "Bu məzmunda qəzeti müsəlmanlar (türklər-red.) üçün vacib bilib, zəhmətini və zərərini qəbul edib başlayırıq və müsəlmanların anlayan və pişrov kəslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar, bəlkə səy etsinlər ki, onu oxuyan çox olsun... Ol kəslər ki, həmişə bizə etibar edib sözlərimizə əməl ediblər, zəmanə dəyişdiyinə görə günü-gündən tərəqqi edib irəli gedirlər. Onların belə irəli getməyinə mane olmaq, yəni onları keçən zəmanənin qaydası üzrə saxlamaq məsləhət deyil, ona görə ki, yolu onlar bizsiz də gedəcəklər".

Zərdabi millətin maariflənməsini zəruri saydığı dərəcədə bunu gerçəkləşdirməyin əsas yolunu qəzet nəşr etməkdə görürdü. Onun "Həyat" qəzetinin 1905-ci il 28 dekabr tarixli sayında yazdığı "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsində keçib gəldiyi əzablı yolun qısa, mənalı xronikası təqdim olunur: "Hər kəs öz qara sandığının üstə oturub onun içində olana səcdə edir və sandığı doldurmaq fikrindədir. Amma ətrafda müsəlman qardaşlar bir-bir düşmənimiz əjdahanın ağzına düşüb yox olduğunu görməyir və görmək də istəməyir. Belədə qəzet çıxarmaqdan savayı bir əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın".

Xatiratından görünür ki, Həsən bəy yaşadığı dövrün gedişatını diqqətlə öyrənib, təhlil edib. Rusiyada türk dilində hələ o vaxta kimi qəzet çıxmamışdı. Zərdabi istəyinin böyük maneələrə tuş gələcəyini əvvvəlcədən götür-qoy etdiyindən ayıq tərpənir, qubernatorla əlaqələr yaradır: "Mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını "Əkinçi" qoyum ki, guya məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ilə ərizə verib izn aldım".

Əvvəllər Həsən bəyin qəzeti gündə çıxarmaq fikri varmış. Lakin o dövr üçün soydaşları arasında ilk qəzet çıxarmağın çətinliyini başlanğıcdaca görən Həsən bəy məcburiyyət qarşısında qalaraq fikrini dəyişməli olur. Bakıdakı iki basmaxanadan "müsəlman hürufatını alayarımçıq düzən" erməni Minasovla anlaşmalı olur: "İyul ayına qəzetin açılmasını salmaqdan muradım o idi ki, Minasovdan başqa türk hürufatı düzən tapılmadı. O da bircə bacısı oğlunu yanında gətirib şagird saxladı". Sonradan bu erməni əlindən gələni edir ki, qəzetin fəaliyyəti dayansın və istəyinə nail olur da. Təzə qubernatora Minasov qəzetdə getmiş Nəcəf bəy Vəzirovun yazısında guya "başqa mənaların" olduğunu bildirir. Məhz bu, əsas kimi əldə dəstəvuz olur. Maraqlı budur ki, Həsən bəy yarım ildə 500, bir ildə ərzində isə min manat ziyana düşür. Bu, o dövr üçün böyük pul idi. Lakin Zərdabi ruhdan düşmür, qəzetin çıxması üçün yeni-yeni yollar arayır. Əvvəlki qubernatorun yerinə yenisinin gəlməsi, həmçinin Rusiya ilə Türkiyə arasında müharibənin başlanması "Əkinçi"nin bağlanması üçün yaxşı bir bəhanə olur. Qəzet bağlanır, müharibə qurtarı, lakin Zərdabiyə münasibət əvvəlkindən də pis olur. O, məcburiyyət qarşısında qalıb kəndə gedir.

Hiss etmək olur ki, qadını Hənifə xanımın əri haqında yazdıqlarında şişirtmə yoxdur. Çünki "Əkinçi" kimi qəzeti çıxarıb ömürlük rahatlığından keçən bir şəxs doğrudan da təmənnasız olmalı idi: "Həsən bəy ölənə kimi fanatik bir sevgi və fədakarlıqla öz xalqına təmənnasız xidmət edib. O, həyatda bir addımını da şəxsi mənfəəti üçün atmayıb. Bütün ömrünü yoxsul və avam xalqın yolunda əridib. O, söz deməyi sevmirdi, harada ehtiyac yaranırdısa, orada çalışırdı.

Məqsədli şəkildə, yorulmadan, ağılla hərəkət edirdi. Təkbaşına fəaliyyət göstərirdi, bir nəfər də silahdaşı yox idi. Bir nəfər də ona əl tutan, kömək edən ziyalı yox idi".

Firidun bəy Köçərli Zərdabinin Azərbaycan mətbuatı tarixində özünəməxsus yerini qiymətləndirərək yazırdı: "Qayğısız və heç şeyin fikrini çəkməyən, "xoş keçmişin" ənənələri əsasında tərbiyə alan, hər cür yeniliyə qarşı fanatik münasibət bəsləyən Zaqafqaziyada yaşayan azərbaycanlıların o zamankı geri vəziyyətini nəzərə alaraq "Əkinçi"nin böyük müvəffəqiyyət qazanacağını gözləmək olmazdı. Həqiqətən qəzet ilk nömrələrindən soyuq və qeyri-səmimi qarşılandı.

Cəmiyyətin bəzi təbəqələri isə qəzetə güclü düşmən münasibəti göstərdi".

F.Köçərli Zərdabini "böyük həyati təcrübəyə və fitri zəkaya malik" şəxs hesab edirdi. Əlimərban bəy Topçubaşov (1925) isə Zərdabinin özünəməxsus hünəri barədə bunları yazırdı: "O vaxtkı həyat şəraitinə şüurlu münasibəti olanların hamısı onun tərəfində və onunla idi. Lakin həddindən artıq cəhalət vardı, özbaşına və satqın hakimiyyətin yol yoldaşı olan yarısavadlı mollaların, qolçomaqların və bütün qara qüvvələrin kütləyə təsiri də kifayət qədər böyük idi... "Əkinçi" müstəqil Azərbaycanın, onun dilinin, xalq mahnılarının, poeziyasının, ədəbiyyatının, tarixinin möcüzəli emblemidir... "Əkinçi"nin yaradılması Həsən bəyin öz xalqına pioner xidmətin ən uca zirvəsi oldu. Belə faydalı və ruhlandırıcı işıq mənbəyini yad etmək bütün Azərbaycanın, hər bir azərbaycanlının əxlaqı, vətənpərvərlik borcudur".

Əhməd bəy Ağayevin Həsənbəy Zərdabinin dəfni zamanı dediyi sözlər ibrətamizdir: "Həsən bəy bizə haqq söz dedikdə acığımız belə tutub, ağzına belə döyürdük. Ağzını açıb danışdıqda biz ona deyirdik: kəs səsüvü! Danışma! Sən kasıbsan! Sən fəqirsən! O, vaxtını pul qazanmağa sərf etmək əvəzinə bizə - bu millətə qulluq etməyə sərf edirdi".

Amma gedişat göstərdi ki, Zərdabi doğrudan da sabaha baxmağı bacarırmış. Çünki yalnız zamanı aşan əməllər yaşayır.            

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 30 iyun.- S.14.