"İsrail Azərbaycan əlaqələri
üçüncü ölkələrdən asılı
olmamalıdır, bu əməkdaşlıq başqalarına
qarşı yönəlməyib"
İsrail prezidenti
Şimon Peres iyunun 28-də Azərbaycana rəsmi səfərə
gəlib. İyunun 28-də Azərbaycan prezidenti İlham Əliyev
və İsrail prezidenti Şimon Peres görüşüb.
Görüşdən sonra iki ölkə arasında bir
sıra sənədlər- "Azərbaycan Respublikası
Hökuməti və İsrail Dövləti Hökuməti arasında
mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq
haqqında saziş", "Azərbaycan Respublikası
Hökuməti və İsrail Dövləti Hökuməti
arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində
əməkdaşlıq haqqında saziş"- imzalanıb.
Mətbuat konfransında
Azərbaycan prezidenti İlham Əliyev deyib ki, İsrail
prezidentinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin
uğurlu inkişafında çox önəmli rol
oynayacağına əmindir.
Danışıqlarda
iqtisadiyyatın inkişafına dair məsələlərin də
müzakirə olunduğunu deyən dövlət
başçısı iki ölkə arasında birgə ticarət
dövriyyəsinin həcminin artmaqda olduğunu, bu rəqəmin
ötən il 3,6 milyard dollara çatdığını
söyləyib. Prezident kənd təsərrüfatı, səhiyyə,
turizm, elm və texnologiya, kosmik sənaye sahələrində əməkdaşlıq
üçün çox yaxşı perspektivlərin
olduğunu nəzərə çatdırıb. Ölkələrimiz
arasında enerji sektorundakı əlaqələrə toxunan
dövlət başçısı bu sahədə əməkdaşlığın
gələcəkdə də davam etdiriləcəyini bildirib.
O, iki ölkə arasında humanitar sahədə əməkdaşlıq
münasibətlərinin yüksək səviyyədə
olduğunu dilə gətirib.
Prezident İlham Əliyev
yəhudi icmasının əsrlər boyu Azərbaycanda
sülh və dostluq şəraitində
yaşadığını vurğulayıb: "Azərbaycanda
doğulan və hazırda İsraildə yaşayıb
çalışan İsrail vətəndaşları da ikitərəfli
əlaqələrimizin inkişafında çox önəmli
rol oynayırlar. Onlar, əslində, İsraildə Azərbaycan
diasporu kimi fəaliyyət göstərirlər". Prezident
İlham Əliyev danışıqlarda regional məsələləri,
Yaxın Şərqdəki, Qafqazdakı vəziyyəti,
münaqişələrə aid məsələləri də
müzakirə etdiklərini deyib: "Mən cənab prezidenti
Dağlıq Qarabağ münaqişənin həlliylə
bağlı vəziyyət haqda məlumatlandırdım. Əfsus
ki, atəşkəsdən 15 ildən çox vaxt keçsə
də, münaqişənin həllində heç bir əsaslı
irəliləyiş, nailiyyət olmayıb.
Torpaqlarımızın 20 faizi hələ də işğal
altındadır. Bir milyondan çox azərbaycanlı öz
torpaqlarında qaçqın və məcburi
köçkün vəziyyətində yaşayır. BMT Təhlükəsizlik
Şurasının Ermənistan qüvvələrinin Azərbaycan
torpaqlarından dərhal çıxarılmasını tələb
edən 4 qətnaməsinə baxmayaraq, işğal hələ
də davam edir. Bu, nəinki bizə, hətta bütün
regiona ən böyük təhlükədir".
İsrail prezidenti
Şimon Peres isə bəyanatında Azərbaycana vurğun
olduğunu bildirib. O, ölkələrimiz arasında
oxşarlıqların mövcudluğunu diqqətə
çatdırıb: "Ölkələrimiz ərazicə
kiçik olsa da, insanlarımızın qəlbi çox
genişdir".
İsrail dövlətinin
başçısı Dağlıq Qarabağ münaqişəsinə
və münaqişə nəticəsində yaranmış
işğal faktına da münasibətini
açıqlayıb: "İşğala baxmayaraq, siz öz
mədəniyyətinizi və nikbinliyinizi qoruyub saxlaya bildiniz.
Səkkiz milyondan çox əhalisi olan ölkədə 1
milyon qaçqın və məcburi köçkün
probleminin nə dərəcədə çətin məsələ
olduğunu anlayıram. Bu, o deməkdir ki, hər 8 nəfərdən
biri məcburi köçkündür və siz bu məsələnin
öhdəsindən lazımınca gəlirsiniz".
Şimon Peres iki ölkə
arasında əməkdaşlığın daha da genişləndirilməsinin
vacibliyini vurğulayıb, Azərbaycanda yüksək
tolerantlıq mühitinin olduğunu deyib.
İsrail prezidenti Azərbaycan
yəhudi icmasına göstərilən xoş münasibətə
görə minnətdarlığını
çatdırıb: "Bu, tarixən belə olub. Azərbaycanı
tərk edərək, İsrailə gələn yəhudilər
ölkəniz haqqında daim xoş təəssüratlarını
bölüşürlər. Biz yeniliklər yolunun
başlanğıcındayıq. Bu, böyük və vədedici
başlanğıcdır. Amma bu gün kiçik ölkələr
öz yeniliklərilə məhdudlaşmamalı, yeni
üfüqlərə, milli konsepsiya və təfəkkürə
doğru addımlamalıdırlar. Bu səfərə biz
böyük nümayəndə heyəti ilə gəlmişik.
Onun tərkibində 3 nazir var. Bundan əlavə, Azərbaycana
50-yə yaxın nüfuzlu iş adamı da gəlib. Onlar
bizim münasibətlərimizi daha da dərinləşdirmək
və zənginləşdirmək fikrindədirlər. Bu,
qarşılıqlı olmalıdır. Biz
qarşılıqlı fayda naminə birgə
çalışmalıyıq".
Şimon Peres Azərbaycanın
bölgədə sülhün əldə olunması istiqamətindəki
səylərini də yüksək qiymətləndirib.
Qeyd edək ki, Şimon
Peres kütləvi informasiya vasitələrinə
açıqlamasında Azərbaycan qazının
alınmasında İsrailin maraqlı olduğunu, bu məqsədlə
nazirlərdən birinin bu istiqamətdə
danışıqlar aparacağını da söyləyib.
Bəs İsrail
prezidentinin səfərinin yekunlarını necə qiymətləndirmək
olar? "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri
Elxan Şahinoğlu deyir ki, İsrail müstəqilliyimizi
tanıyan və səfirlik açan ilk dövlətlərdən
biridir. 1997-ci ildə İsrailin o zamankı baş naziri
Benyamin Netenyahu Cənubi Koreyadan vətəninə dönərkən
bir neçə saatlıq Bakıda hava limanına enib. O vaxt mərhum
dövlət başçısı Heydər Əliyevlə
Benyamin Netenyahu arasında danışıq olub. Diplomatik
qanaqlar belə xəbər yaymışdılar ki,
danışıqlarda əsas məsələ İsraildə
Azərbaycan səfirliyinin açılmasıyla
bağlıdır. O zaman vəd verilib, 12 il ötsə də,
səfirlik açılmayıb. Elxan Şahinoğlu inanır
ki, Şimon Pereslə bağlı qapılar arxasında
aparılan danışıqlarda Azərbaycanın İsraildə
səfirlik açması məsələsi həllini
tapıb və yaxın zamanlarda İsraildə səfirliyimiz
açılacaq. "Atlas" Araşdırmalar Mərkəzinin
rəhbərinə görə, bu səfər iqtisadi zəmində
də irəliyə doğru addımın atılmasıyla
yadda qalacaq. Çünki İsrail Azərbaycanın kənd təsərrüfatına
investisiyalar qoymaq, öz texnologiyalarını
bölüşmək istəyir. Ən əsası da
İsrail Azərbaycan neftinin əsas alıcılarından
biridir. Hətta Bakı-Tilfis-Ceyhan xəttinin Aralıq dənizinin
dibiylə İsrailə qədər uzadılması söhbəti
də var. Amma bu olmasa belə, İsrail Ceyhan limanı üzərindən
Azərbaycan neftinin ən böyük alıcılarından
sayılır. "Atlas" Araşdırmalar Mərkəzinin
rəhbərinin fikrincə, gələcəkdə bu ölkələr
arasında hərbi əməkdaşlıq da genişlənə
bilər. Doğrudur, bu gün Silahlı Qüvvələrimiz
üçün əsas silahlar Ukraynadan alınır, amma Azərbaycanın
modern silahlara da ehtiyacı var. İsrail modern silahlarla ordumuzu təchiz
edə bilər. Bir sözlə, iki tərəfli əməkdaşlığın
bütün istiqamətlərində irəliləyiş ola
bilər. Elxan Şahinoğlu bu əməkdaşlığı
qəbul etməyən qüvvələrin də olduğunu
xatırlatdı. Azərbaycanın daxilində onların səsi
elə də gür deyil. Amma kənarda bu səslər nisbətən
gurdur. Təpkilər əsasən İrandan gəlir. Bu təpkilər
də əsassızdır. Azərbaycan xarici siyasətini
müstəqil müəyyənləşdirməkdə sərbəstdir.
Xüsusilə son 12 ildə İranın mövqeyini nəzərə
alan rəsmi Bakı İsraillə münasibətləri
genişləndirməyib. Amma bu, yanlış yol olub.
Çünki İrana nə qədər güzəştə
gedirik, o qədər üzərimizə gəlir:
"İran-Ermənistan əlaqələrinin kifayət qədər
genişlənməsi Azərbaycanın hakimiyyət dairələrini
də hövsələdən çıxardı. Aprelin
ortalarında Ermənistan prezidenti Serj Sərkisyanın
İrana səfəri oldu. İki ölkə arasında 8 maddəlik
çox geniş anlaşma imzalandı. Bu, bir dönüş
nöqtəsi oldu və mayın əvvəlində prezident
İlham Əliyev Praqa səfəri zamanı İsrailin xarici
işlər naziriylə görüşdü və İsrail
prezidentini Azərbaycana dəvət etdi. İsrail Azərbaycan
əlaqələri üçüncü ölkələrdən
asılı olmamalıdır. Bu əməkdaşlıq
üçüncü ölkələrə qarşı
yönəlməyib".
Elxan Şahinoğlu yəhudi
lobbisi amilinə də toxundu. Görüş zamanı
prezident İlham Əliyev də vurğulayıb ki, İsraildə
Azərbaycandan köçək xeyli yəhudi yaşayır və
onlar faktiki İsraildə Azərbaycan lobbisi sayıla bilər.
Ən böyük və önəmli yəhudi lobbisi isə
ABŞ-da yaşayır, bu lobbiylə Azərbaycan arasında
müəyyən münasibətlər var. Məhz bu lobbinin fəaliyyəti
nəticəsində zaman-zaman erməni lobbisinin fəaliyyəti
neytrallaşdırılıb: "Yəhudi lobbisilə
sıx əlaqələr Azərbaycanın milli maraqlarına
xidmət edir. Çünki ermənilər hər istədiklərini
Konqresdən keçirə bilmirlər, qarşılarında
yəhudi lobbisinin təmsilçilərini görürlər.
İsraillə əməkdaşlığın bu baxımdan
da Azərbaycana xeyri var".
Ramiz Mikayıloğlu
Xalq Cəbhəsi.- 2009.- 30 iyun.- S.7.