Ermənilərlə
döyüşmüş Vəkilovlar nəsli
Balo bəy Vəkilov Məhəmməd
Əmin Rəsulzadə ilə görüşüb
Xalqımız zaman-zaman
çox mürəkkəb ictimai-siyasi, tarixi şəraitlərdən
keçməli olub. Belə mürəkkəb dövrlərdən
biri də Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət
göstərdiyi dövrdür. Hələ lazımınca
işıqlandırılmayan bu dövrün əlamətdar
hadisələrindən biri də Naxçıvan-İrəvan
ərazisində baş vermiş erməni-türk
savaşı və bu dövrdə həmin ərazidə
mövcud olmuş Araz-Türk Respublikasının tarixidir.
Qaranlıq məqamlarla
yanaşı 1918-1920-ci illərdə Şərur-Dərələyəz
mahalında baş vermiş vuruşmalarda qəhrəmanlıq
göstərmiş igidlərimizin mübarizə yolunun öyrənilməsi
çox gərəklidir. 1918-ci ildə Naxçıvan və
Şərur-Dərələyəz mahalında çox
mürəkkəb ictimai-siyasi vəziyyət yaranmışdı.
Təzəcə elan
edilmiş böyük bir ərazini əhatə edən
Araz-Türk Respublikasının fəaliyyətinə
qarşı həmin ərazilərə sahiblənmək
xülyasında olan ermənilər "böyük Ermənistan"
adlı sərsəm ideyalarını gerçəkləşdirmək
istəyirdilər.
Tarixdən məlum
olduğu kimi, Birinci Dünya Müharibəsinin nəticəsindən
asılı olaraq türk qoşunları Türkiyəyə
qayıtdıqdan sonra ermənilər daha da
azğınlaşmağa başladı.
Zəngəzur, Vedibasar,
Şərur-Dərələyəz, Naxçıvan ərazisində
döyüşlər şiddətləndi. Bu dövrdə əsas
strateji mövqelərdən biri də Şərur-Dərələyəz
mahalının Çivə kəndi idi. Ermənilərin ilk
hücumlarından sonra qədim oğuz-türk yurdunun hər
yerində torpaqlarımızın müdafiəsini təşkil
etmək üçün taborlar, könüllü dəstələr
yaradılırdı. Çivə kəndinin mövqeyinin
müdafiəsini təşkil etmək üçün Balo bəy
Cəlilbəyoğlu Vəkilovun (1889-1982)
başçılığı ilə müdafiə dəstəsi
yaradıldı.
Bəs Balo bəy Vəkilov kimdir? Balo bəyin mənsub olduğu Vəkilovlar nəsli Türkiyədən Qazax mahalının Salahlı kəndinə gəlmiş Kosay Mirzəlinin, sonralar isə Qazax mahalının vəkili olmuş Vəkil Alı ağanın (Vəkilovların soyadı həmin şəxsdən götürülüb) şəcərəsinin davamıdır. 19-cu yüzilin əvvəllərində Vəkil ağa və onun oğlu Hacı Məmmədxanın başçılığı ilə Zəyəmdən Dilican dərəsilə İrəvana tərəf hücum edən İran şahzadəsi Abbas Mirzənin qoşunları ilə Qazax süvari alayı arasında toqquşma olmuş, Abbas Mirzənin qoşunları sarsıdıcı zərbələr almışlar. Döyüşlərdə bu nəslin nümayəndələri İrəvan şəhərinə gəlib çıxmış, beləliklə, bir hissəsi İrəvanda qalmışlar. Sonralar onların orada bağları, mülkləri, dəyirmanları, mağazaları olub. Hətta İrəvanın küçələrindən biri "Vəkilovlar küçəsi" adlandırılıb. Vəkilovların bir hissəsi isə Naxçıvana-Şərura köçüb. Bala Vəkilov bu nəslin Şərurda yaşamış nümayəndələrindəndir. O, Çivə kəndində doğulub, uşaq yaşlarında erməni-türk davasının (1905-1907) şahidi olub. 1918-ci il hadisələri başlayanda Balo bəy silaha sarılır. Az vaxtda könüllülərdən ibarət güclü müdafiə dəstəsi yaradır. Dəstədə Əhməd bəy, İsmayıl bəy, Əli bəy, Hüseyn bəy, Qafar bəy, Yusif bəy, Kərbəlayı Əşrəf bəy, Firidun bəy və başqa Vəkilovlar da ermənilərə qarşı vuruşublar. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq Balo bəyin dəstəsi ermənilərin bütün hücumlarını dəf edir, onlara sarsıdıcı zərbələr vururdu. Döyüşlərdə Balo bəy şücaət göstərir. Ermənilərin hücumlarından birində Balo bəy və Kərbəlayı Əşrəf böyük bir kötüyün içini oyub ora çoxlu barıt dolduraraq partladırlar. Ermənilər gurultunu eşidib vahimələnirlər. Elə zənn edirlər ki, Çivəyə Türkiyədən top gətiriblər. Qorxaraq böyük bir ərazini qoyub qaçırlar.
Sonradan ermənilər
Çivəni bir neçə dəfə mühasirəyə
alırlar.
Ancaq müdafiəçilərin
müqavimətini qıra bilmirlər. Ağır
döyüşlərdən sonra Dərələyəzin
müdafiəçiləri Çivə ətrafına
yığışırlar. Bu zaman Vedibasar istiqamətində
də ağır döyüşlər gedirdi. Ordada müdafiəçilərə
Abbasqulu bəy Şadlinski başçılıq edirdi.
Qüvvələr nisbətinin kəskin dəyişməsi səbəbindən
Dərələyəzin, Naxçıvanın (o cümlədən
Vedibasarın) əhalisi geri çəkilməli olur. Balo bəy
Vəkilov və Civə müdafiəçiləri də
Arazın o tayına - Güney Azərbaycana üz tuturlar.
Mərhum
tarixçi-alim Əli Əliyev bu hadisələrin canlı
şahid olub, "Biz əzablı bir ömür
yaşadıq" xatiratında Balo bəy və Çivə
müdafiəçilərinin Güney Azərbaycana keçməsini
təsvir edib. Çox keçmir ki, müdafiəçilər
yenidən geri qayıdır. Bu zaman Balo bəyin əmisi Məşədi
Həsən bəy hadisələrin
ağırlığına, camaatın faciəvi vəziyyətinə
dözmür, Naxçıvan şəhərində vəfat
edir. Balo bəy geri qayıdandan sonra Bakıya gedir, Məhəmməd
Əmin Rəsulzadə ilə görüşür. M.Ə.Rəsulzadə
ona öz kəndlərinə qayıtmağı məsləhət
görür.
Bu dövrdə Dərələyəzin
əhalisinin bir hissəsi Qarabağa köçür. Balo bəy
və Çivə müdafiəçiləri isə öz kəndlərinə
qayıdır. Yenidən ermənilərlə
döyüşlər şiddətlənir. Bu
döyüşlərdə Balo bəy və müdafiəçilər
düşmənə yenilmir, ardıcıl olaraq ciddi
müqavimət göstərirlər. Ermənilər Abbasqulu bəy
Şadlinskinin və Balo bəyin başına mükafat təyin
edirlər. Lakin yenə də bu igidləri məhv etmək ermənilərə
qismət olmur. Bu dövrdə Müsavat partiyasının
bölgə üzrə dayaq dəstəsinin sədri Abbas bəy
Vəkilov da ciddi fəallıq göstərib. Çivə
müsavatçılarının taleyi də o biri
müsavatçıların taleyi kimi oldu. Onların əksəriyyəti
30-cu illərin repressiya qurbanlarına çevrildilər. 23
aylıq Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinə
1920-ci il aprelin 28-də son qoyuldu, yerində isə Sovet hakimiyyəti
quruldu. Bu prosesdə Naxçıvan da sovetləşdi.
1923-cü ildə Moskvanın və yerli bolşeviklərin
köməyi ilə əhalisi yalnız Azərbaycan türklərindən
ibarət olan Çivə kəndi Ermənistanın inzibati-ərazi
bölgüsünə qatıldı. Balo bəy, onun nəsli
repressiyalara, təqib və təzyiqlərə məruz
qaldı. Bu nəslin bütün mülkiyyəti, evləri,
bağları əllərindən alınaraq kolxoza verildi. Balo
bəy və qardaşı İsmayıl bəy ermənilərin
və bolşeviklərin təqib və təzyiqləri
altında kəndi tərk etməli oldular. Vəkilovların
bir hissəsi 37-ci il faciəsinin qurbanlarına çevrilir.
Balo bəyin əmisi oğlu Əhməd bəy Vəkilov isə
kənddə qalır. Onları 1940-cı ilə kimi kolxoza
üzv olmağa qoymurlar. Nəhayət, Əhməd bəyi də
1951-ci ildə ailəsi ilə birlikdə Ermənistandan deportasiya
edirlər. Əhməd bəy hadisələrin
ağırlığına dözməyərək vəfat
edir. Övladları isə doğma yurd-yuvalarından
deportasiya olunaraq Bərdə rayonunun Əmirli kəndinə
köçməli olurlar. Balo bəy Vəkilov isə
qardaşı İsmayılla birlikdə Naxçıvan ətrafındakı
kəndlərdə gizlin yaşayırlar, sonra isə
Naxçıvanda məskunlaşırlar.
30-cu illərin
repressiyalarında Balo bəyin də adı ölüm
siyahısına salınır. Lakin ona olan xalq sevgisi hər
şeyə üstün gəlir. Camaat Balo bəyi ağır
zamanda gizlədir, ələ vermir. Ancaq Naxçıvanda olan
vəzifəli ermənilərə Balo bəyin sağ
qalması ağır gəlir, nə yolla olur-olsun, onu məhv
etməyə çalışırlar. Böyük Vətən
müharibəsi başlayanda ermənilər Balo bəyi
müharibəyə göndərməyə cəhd etsələr
də, yaşının çoxluğu imkan vermir, beləliklə
də, istəkləri gözündə qalır. 1943-cü
ildə Balo bəy Naxçıvanda dükanda satıcı
işləyir. Ancaq burada da ermənilərin hiyləsindən
xilas ola bilmir. Ermənilərin şahidliyi ilə guya ticarətdə
yol verdiyi saxtakarlığa görə onun həbsinə nail
olurlar. Məhkəmə hətta Balo bəy haqqında
ölüm hökmü çıxarır, lakin hökm icra
edilmir. Balo bəy iki il həbsdə olur, sonra isə
Naxçıvan MR Nazirlər Sovetində işləyən əmisi
oğlunun köməkliyiylə həbsdən azad olur.
Artıq Balo bəyin övladları böyüyür.
Oğlu Tofiq Vəkilov uzun müddət Naxçıvanda məsul
vəzifələrdə çalışıb. Qızı
Guşvər xanımın xatirələri maraqlıdır:
"Ömrümüz fırtınalardan, təlatümlərdən
keçib. Sovet dövründə coğrafiyasına görə,
Qazax-İrəvan, Naxçıvan-Dərbənd və digər
yerləri əhatə edən Vəkilovlar nəsli
ağır repressiyalara məruz qalıb. Anam Dostu xanım Gəngərli
nəslindəndir. Bibim Xanım məşhur maarifpərvər
Tağı bəy Şəfiyevin həyat yoldaşı olub.
Digər bibim Münəvvər xanım isə Rzaqulu bəy
Şadlinskinin həyat yoldaşı idi".
Elçin Qaliboğlu
525-ci qəzet.- 2009.- 1 iyul.- S.14.