Elnur Cəfərovun rəssam dünyası

 

   "Əsl sənət əsəri az da olsa, insanın qayğılarını unutdurur"

 

Sovet dövründən fərqli olaraq bu gün Azərbaycan rəssamlarının xarici ölkələrdə fərdi sərgilərdə iştirak etməsi asanlaşıb. Yəni artıq müstəqillik dönəmindən bəri ideoloji qadağalar, "SSRİ" adı altında çıxış etmək yoxdur.

Di gəl ki, gerçəkdən bu gün hər rəssam Azərbaycandan qıraqda fərdi sərgi aça bilmir. Səbəbi təbii olaraq maliyyə problemidir. Digər tərəfdən də çağdaş dönəmdə Qərb dünyasını qərbsayağı maraqlandırmaq daha çox dəbdə olduğundan sərgiyə qatılanlar bu amili də nəzərə almağa çalışırlar. Amma bu hal Şərq bədiyyatının, konkret olaraq sənətə baxışın dünyaya təqdiminin, fikir müxtəlifliyinin, zövq əlvanlığının qarşısına sipər çəkir. Dünya yeknəsəqliyin yox, müxtəlifliyin, əlvanlığın vəhdəti kimi birdir. Bu vəhdətin qorunması isə olduqca gərəklidir. Vəhdəti indi kim və necə yaratmalıdır: sivilizasiyalararası dialoq milli zənginliyin etirafı üstə qurulmayıb da, necə bərqərar olacaq?

Rəssam Elnur Cəfərovun yaradıcılığında milli cəhətlər üstünlük təşkil edir. Onun rəssamlıq manerasında cərəyanların təsirində itmək hiss olunmur. Rəssam hansı mövzuya müraciət edir-etsin, mütləq oradan xəlqi məzmun çıxarır və bu xəlqilik əslində elə bəşərilik ifadəçisi demək olur.

Bu yaxınlarda Moskvada keçiriləcək sərgiyə hazırlaşan rəssamın dünyanın müxtəlif ölkələrində şəxsi kolleksiyalarda əsərləri saxlanılır. İmpressionizm, sürrealizm kimi cərəyanlardan bəhrələnən rəssam realizm janrında da əsərlər yaradır. E.Rəsulov cərəyan müxtəlifliyinin səbəbinin mövzudan gəldiyi qənaətindədir: "Elə mövzu var ki, onu məhz sürrealizm, eləsi də var, məhz realizmdə çəkməlisən. Elə ki, obrazlı desək, əsər çəkəcəyin məkan, ab-hava bəlli olur, o zaman nostalji hisslərini ixtiyarsız ipə-sapa düzürsən. İnsan xəyallanır, xəyal onu çəkib aparır, bir də görürsən, təəssüratların müəyyən bir əsər biçimində qarşındadır. Səttar Bəhlulzadədən çox təsirlənmişəm. Onu konkret hansısa cərəyana aid etmək olmur. Təbii ki, Səttar kimi adamlar həmişə doğulmur".

Rəssamın fikrincə, Azərbaycan rəssamlarının güzəran problemləri onların bütünlüklə bu sənətə bağlanmalarında problemlər yaradır: "Bir də görürsən, sifariş olmur, rəssam bilmir nə etsin". Rəssamın 2 il qabaq rəngkarlıq və qrafika əsərlərindən ibarət sərgisi açılmışdı. Bu, artıq yaşı 50-yə çatmaqda olan rəssamın ilk fərdi sərgisi idi. Elnur Cəfərov ardıcıl olaraq ömrünü rəssamlığa həsr edib. Bu sərgi ilə o, insanlara sözünü demək istəyirdi və dediyinə görə, dedi də: "İnsanlara demək istəyirdim ki, həyatın bütün çətinliklərinə baxmayaraq daim onda yaxşı cəhətləri görmək lazımdır. Rəccamlıq insanların görmədiklərini görür və göstərir. Hamımızın həyatı əzab-əziyyətlə doludur, amma sarsılmaq olmaz. Hər halda hesab edirəm ki, belə əsərlər insanların əsəblərini sakitləşdirir, az müddət olsa da, onlara qayğılarını unutdurur". Rəssamın yaradıcılığında doğulub boya-başa çatdığı doğma Balakəninin təbiəti xüsusi yer tutur: "Xüsusən payız vaxtı yarpaqların qızılı rəngə çalması həmişə məni özünə cəlb edib, duyğulandırır". Onun əsərlərinin çoxu təbiət gözəliklərinə həsr olunub. Təbiət rəsmlərində Abşeron, Kür sahili boyunca gözəlliklər tamaşaçı yadaşında unudulmaz bir təəssürat yaradır. E.Rəsulov Azərbaycanın tanınmış şəxsiyyətlərinin portretlərini çəkmək ideyası ilə bağlı da düşünür.

Onun "Haylaçı Sənəm" (kətan, yağlı boya) əsəri diqqəti xüsusi cəlb edir. Bu əsər daha canlı və təbii alınıb. Elnur Rəsulov deyir ki, əsərdə təsvir edilən qadın Balakən rayonunun Gülüzar kəndində yaşayıb: "Mərhum yazıçı Əzizə Cəfərzadə vaxtilə bu aşıq qadın haqqında xüsusi veriliş hazırlamışdı. Aşığın sifətini fotodan götürmüşəm, amma bunu da özüməməxsus işləmişəm".

Sənətşünas Ziyadxan Əliyev Elnur Rəsulovun özü demişkən, "ovqatının səmimilik qatı"nı belə açır: "Elnur Rəsulov hər hansı janra davamlı aludəçilik yaradır. Onun süjetli kompozisiyasında portret və mənzərənin, hətta natürmortun da ovqat daşıyıcısı olması rəssamın həm də istəyinin obrazlı görkəm almış bədii görünüşüdür. Onun əsərlərində heç də dünyamız öz ənənəvi görkəmini itirməyib, əksinə, reallığını bir qədər də qabardıb. Bu mənada "Şəhidlər bulağı" və "İntizar", psixoloji "Qayıdış", "Yuxu", "Kür sahili" lirik ovqatlıdırsa, "Haylaçı Sənəm" və "Köhnə Məhəllə" nostalji hisslərin "qaysağını qoparan" əsərlərdir. "Xalçayuyan", "Tut", "Bar" əsərlərində isə gözümüzdə adiləşən həyat motivlərində "gizlənən" mənəvi dəyərlərin estetik təqdimatı duyulan və duyğulandırıcıdır. Rəssamın bir-birini al-qana qərq etməyə hazır olan xoruzları görüntüyə gətirən "Savaş" əsərindəki milli folklor və adət-ənənəyə bağlılıq da qabarıqdır".

Rəssamın "Lənkəranlı qız", "Nigar", "Nazilə", "Nərminə", "Kəbirə" , "Dünya", "Loğman", "Tailandlı turist" və başqa portret əsərləri diqqəti xüsusi çəkir. Rəssam rəng çalarlarından da məharətlə istifadə edir. Rəssamın xaricdə sərgilər açmaq istəyinin əsas səbəblərindən biri maddi vəziyyətini normallaşdırmaq, ömrünü bütünlüklə, yeni yaradıcı səviyyədə sənətə həsr etməkdir.                                                                                         

 

                                                                                            

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 3 mart.- S.14.