Bu gün
od çərşənbəsidir
İlaxır çərşənbələrdən
ikincisi od çərşənbəsidir. Od çərşənbəsinə
bəzən "Üzgü çərşənbə",
"Üzgü axşamı" da deyirlər. İnanclara
görə, odu günəşlə, işıqla,
gündüzlə əlaqələndirirlər. Bu çərşənbədə
Oda sitayiş edilir, onun şərəfinə şənliklər
təşkil olunur. Günəş istisini arzulayan ulu
babalarımız od çərşənbəsində
sübh tezdən Günəşə qurban aparırdılar. Böyük
bir tonqal qalayıb günəşin çıxmasını
gözləyər, odun şərəfinə nəğmələr
söyləyərdilər. Səhər gün doğanda
qurbanı - kəhər atın başını kəsərdilər
ki, adamlara, el-obaya xoşbəxtlik, səadət gəlsin.
Od çərşənbəsi
Mirəli Seyidovun tədqiqatlarında da öz əksini
tapıb. Qam-Şaman mərasimindən söz açan alimin
araşdırmalarına görə, Novruz mərasimlərində
ocağın çevrəsində oturanlar gündoğandan
günbatana dığırladırdılar. Dəfin
gündoğandan günbatana doğru hərəkəti
sözsüz ki, günəşə inamla bağlıdır.
Qamlar dəfə yaranışın simvolu kimi
baxırdılar. Miflərə görə, Günəş-Od-Atəş
tapılmasının ilk nümunəsi, daha doğrusu mənbəyi
Ağacın gövdəsində yatan istiklə bağlı
idi. Əski türk inamına görə, odu insanlar ilk olaraq
ağac gövdəsinin dibindən əldə ediblər. Hələ
qədimdən xalqımızın Günəşə, oda
böyük inamı olub. Bu səbəbdən də odu qoruyub
saxlamaq adətə çevrilib. Hələ ibtidai icma
dövründə belə ocağın əldə edilməsi
ilə ailənin təməli qoyulur, insanlar ev tikməyi
öyrənir.
Atəşpərəst
etiqadlarına görə, "Müqəddəs od"u
insana ağac vermişdi. Ulu babalarımız bunun şərəfinə
"Şəhrivər" adlı şənliklər
keçirərdilər. İnsan bədənində və təbiəti
özündə qorunub saxlanan istilik də müqəddəs
hesab olunurdu. Elə bu istiliyi qoruyub saxlamaq şərəfinə
"Səddə" şənlikləri
yaranmışdı. Od ilə istinin əsas mənbəsi isə Günəş hesab olunurdu. Onu çağıran Qodu (Hodu) nəğmələri
xalq arasında geniş yayılar, günəşin istiliyi şərəfinə Azərkan
şənlikləri düzənlənirdi.
Şər qarışanda
hər həyətdə,
yaxud məhəllədə
tonqallar yandırılır
və tonqal başına toplananların
hamısı növbə
ilə 3 dəfə alovun üstündən tullanarlar.
Bəzi bölgələrimizdə
bayram tonqallarının
sayı 1, bəzilərində
33, bir çoxlarında
isə 7-yə çatır. Oda keçmiş zamanlardan böyük inam olub. Yüzlər atalar sözü yaranıb: "Od imandır, "Od düşdüyü yeri yandırar" və s. Hətta inanclara
görə, ocağa yaxınlaşanda salam verərlər, od hisli olarsa, uzaqdan
qonaq gələcəyinə
işarədir. Əgər
ocaq yananda səslənirsə, deməli
kimsə səndən
danışır. Ocağın
tüstüsü üstünə
gəlsə, sevgilin gözəl olar. Od çərşənbəsi
günü, gün doğanda dünyaya gələn uşaq göyçək, pəhləvan
olar.
Oda sevgi, inam insanlarda o qədər
güclü olub ki, hələ qədim dövrlərdən
ona and içiblər. Alqış və qarğışlarda
belə, odu köməyə çağırıblar. Məsələn,
"Od haqqı", "Oda düşəsən,"
"Ocağın odlu olsun", "Ocağın qazan görməsin"
və s. Od çərşənbəsində açılan
süfrə də zəngin olmalıdır. Ən
başlıcası bayrma xonçasına yeddi müqəddəs
təamlar qoyulmalıdır. Ən əsası su, od, yel və
torpaq çərşənbələrini xatırladan
ünsürlər olmalıdır. Burada innab, kişmiş,
pustə, badam, qoz, fındıq və müxtəlif quru meyvələr,
şirniyyatlar, su və süd mütləq olmalıdır. Xonçaya
həm də ailə üzvlərinin sayı qədər
yumurta boyanıb qoyulmalıdır. Od çərşənbəsində
insanlar bir-birinə qonaq gedər.
Qayda üzrə, hər
bir ailə üzvü bayram süfrəsinə əyləşməzdən
öncə, üz-gözünü üzərlik
tüstüsünə verir, başına 3 dəfə duz çevirib
ocağa atırlar. Bayram süfrəsində bir qayda olaraq həddi-buluğa
çatmış cavanlar süfrənin künc tərəfində
oturmamağa çalışırlar. İnanırdılar
ki, bu gecə oz doğma evlərinə qayıdan "ata-baba
ruhları" süfrəyə günc tərəfdən
yaxınlaşıb, oradakı yeməklərdən bir az
dadır. Onların qarşısı kəsildikdə isə,
sən demə qəzəblənib evdəkiləri
qarğışlayırlar. Nəticədə isə guya cavan
oğlan və ya qız düz 7 il ailə qurmaq niyyətindən
məhrum olmalı idi. İnanca görə, əgər ruhlar
görsələr ki, nəsilləri yaşayan evlərdə
tonqallar qalanmır, ocaqlar sönüb, küsülülər
barışmır, qayıdıb gedərlər və bir də
o tərəfə hərlənməzdilər. Məhz bu inama
görə, Novruz bayramında bütün umu-küsülər
aradan qaldırılır.
Nuranə Tofiqli
Xalq Cəbhəsi.- 2009.- 3 mart .- S.13.