Özlərini "ekstrasens" adlandıranlar

 

    Professor Nadir İsmayılov: "Hipnozun imkanları yeniləşir, maraqlananları yeni qüvvə ilə özünə cəzb edir"

 

Çağdaş dönəmdə insan həyatındakı gərginliklər daim artır.

Bu gərginliklərə tab gətirmək, habelə sarsılmamaq insandan güclü iradə, idrak, ən başlıcası isə inam tələb edir. Eyniliklərin çeşidlərinin artdığı bir zamanda insanın dayanıqlı olmasına kömək edən başlıca amillərdən biri ailədir. İnsan öz idrakı, ruhu vasitəsilə ailəni mənalandırır. Burada artıq ata, ana sadəcə, uşaq dünyaya gətirən varlıq rolunu oynamırlar. Ailə hər şeydən əvvəl millətin özünütəsdiq formasının başlanğıcı hesab edilir. Azərbaycanda ailəçiliyin qədim ənənələri mövcuddur. Tarixən ölkəmizdə ailə ənənələri hədsiz möhkəm, davamlı olub. Təxminən son 10-20 il ərzində azərbaycanlıların ailə həyatında ciddi problemlər müşahidə edilməkdədir. Problemlərin yaranmasının isə çoxşaxəli səbəbləri mövcuddur. Hazırda bütün dünyada qloballaşma problemi, reallığı mövcuddur. Dünyanın bir tərəfində baş verən hadisə az sonra o biri tərəfində insanda reaksiya doğurur. Bunun zərbəsi isə ilk növbədə ailələrə, ailələrdə böyüyən uşaqlara dəyir. Sözügedən məsələ gənc ailələrin ömründə daha ağrılı izlər buraxır. Zamanın bütün dəyişkənliyinə, ziqzaqlarına davam gətirmək, ailəni qorumaq, milli mentalitetin tələblərinə daim əməl etmək son dərəcə çətin məsələdir. Lakin bu, həm də olduqca vacibdir.

Professor Nadir İsmayılovun çağdaş dönəmdə fərdin rastlaşdığı çoxçeşidli problemlərlə bağlı düşüncələri maraqlıdır: "Məsələni psixoloji baxımdan xarakterizə etsək, dünyanın, insanların inkişafı, iqtisadiyyat və s. bizə bəlli olan və olmayan qanunauyğunluqlar əsasında bərqərar olur. Bu qanunayğunluqları inkar etmək olmaz. Hər fərd, hər xalq öz bacarığının, intellektinin çörəyini yeyir. Yaponiya hazırda məhz intellekt, ondan səmərəli istifadə və demokratik prinsiplərin bərqərar olması hesabına dünyanın ən imkanlı ölkələrindəndir. Bütün bu məsələlərdə fərdin rolu danılmazdır. Çox zaman keçmişə vararaq Nizamidən, Füzulidən, Nəsimidən danışırıq. Bu, pis şey deyil, amma bunların hamısının yekunu bügünkü insanın yaşayışıdır. Bu gün çox varlı, çox kasıb və orta səviyyədə yaşayan adamlar təbəqəsi əmələ gəlib".

Məlumdur ki, təbiət insanları ağıl nöqteyi-nəzərdən bərabər səviyyədə yaratmır: birinə az, birinə çox ağıl, fitri qabiliyyət verir. Nəsil geniylə yanaşı millət geni də var. Lakin hər bir fərdin cəmiyyətdən bərabər şəkildə maddi qidalanmasını tələb etmək haqqı da var. Hər halda insaniliyin məntiqi belə deyir. Digər tərəfdən isə güclü dövlətlərlə yanaşı zəifləri də var. Nadir müəllimin arzusu odur ki, insanlar cəmiyyətdən maddi cəhətcə bərabər miqdarda pay alsınlar: "Bir neçə il qabaq Yaponiyada olarkən oradakı yüksək mədəniyyət, təmizkarlıq, elmlərin inkişaf səviyyəsi məni valeh etdi. Bu gün üçün Yaponiyanın səviyyəsini məqbul saymaq olar. Biz bilirik ki, elm, mədəniyyət və s. hər şey Şərqdə yaranıb. Bu gün isə Şərq geridə qalıb. Qərb vaxtilə bizdən öyrənib, indi öyrəndiklərini bizə qaytarır. Biz də həsrətlə ona baxırıq. Bunun kökünü axtarmalıyıq: bu ya dinin, ya da Şərq psixologiyasının təsiridir".

Nadir müəllim hələ neçə illər qabaq autogen məşqlə bağlı vəsaitlər hazırlayıb, bu sahədə ardıcıl, ciddi araşdırmalar aparıb. Autogen məşq və onun tətbiqi qaydaları haqqında danışan professor deyir: "Autogen məşq sağlamlığın, əhval-ruhiyyənin psixoloji özünütənzimləmə üsuludur. Onu psixoloji gimnastika və özünühipnoz da adlandırırlar. Autogen məşqi bacaran iradəsinin gücünə arxalanaraq istənilən vaxt öz orqanizminə təsir edə bilər. Autogen məşqin banisi alman psixoterapevti İ.Q.Şultsun (1884-1970) fikrincə, bu üsul qədim və etibarlı tibbi hipnozun əsasında yaranıb. Müasir mülahizələrə görə, hipnoz təlqin vasitəsilə başqasına təsir etməkdir. Bu zaman yuxuya bənzər hal - beyin qabığının tormazlanması baş verir. Hipnoz sakitləşdirici amil kimi bir sıra ruhi-əsəb pozuntularının müalicəsində tətbiq edilir. Hipnozdan fərqli olaraq autogen məşq zamanı orqanizmə göstərilən təsir şəxsin özü tərəfindən deyilən sözlər - özünütəlqin vasitəsilə yaradılır. Autogen məşqin ümdə cəhətlərindən biri onunla məşğul olanların həkimdən (bəzi müalicəyə mane olan "kənar adamların" təsiri altına düşmək qorxusu) asılı olmamalarıdır. Autogen məşqin müalicə və profilaktika imkanları bu üsulu mənimsəyənlərin və ondan vaxtaşırı istifadə edənlərin sayı ilə ölçülür. Çağdaş dövrdə autogen məşqdən yalnız əsəb pozuntuları, qan təzyiqinin artması, baş ağrıları, ürək ağrıları (stenokardiya) və bu kimi digər xəstəliklərdən əziyyət çəkənlər deyil, həmçinin tam sağlam, lakin öz iradi xüsusiyyətlərini, idman və yaradıcılıq imkanlarını gücləndirmək istəyən şəxslər də geniş istifadə edirlər. Autogen məşqlə məşğul olanlar müvafiq ədəbiyyatdan istifadə etməli, biliyini dərinləşdirməli, vaxtaşırı olaraq həkim psixoterapevtlə məsləhətləşməlidirlər".

N.İsmayılov vaxtilə bir müddət Bakıda və Naxçıvanda kütləvi hipnoz-müalicə seansları təşkil edib. Bunun hansı zərurətdən doğması ilə bağlı deyir: "Hipnoza müalicə məqsədilə mütəxəssislərin tez-tez müraciət etməsi bu hadisənin köhnədən bəlli olan, lakin həmişə yeni görünən fenomenləri ilə əlaqədardır. Hipnozun imkanlarından bacarıqla istifadə edən şəxslərin hesabına o, yeniləşir, maraqlananları yeni qüvvə ilə özünə cəzb edir. Belə təşəbbüskarlar demək olar ki, bütün ölkələrdə var. Rusiyada bu sahədə uğur qazanan A.Kaşpirovski oldu. Onun televiziya vasitəsilə kütləvi müalicə seansları bir çox mütəxəssislər tərəfindən tənqid edilsə də, hipnoza olan marağı nəinki canlandırdı, hətta onun çox böyük gizli imkanlarını aşkara çıxardı.

1980-90-cı illərdə hipnoz vasitəsilə kütləvi psixoterapiya seansları SSRİ ərazisində geniş yayılmağa başladı. Hətta televiziya, radio və digər kütləvi informasiya vasitələri ilə hipnoz-təlqin müalicə seansları nümayiş etdirilir, geniş təbliğat kampaniyası aparılırdı. Bu hadisələri xüsusi təbliğat və ya kimin tərəfindənsə idarə olunan proses kimi qəbul etmək düzgün olmazdı. Belə hadisələrin daha çox uzun illər qadağalar altında yaşamış SSRİ xalqlarında demokratiya, sərbəstlik bayrağı altında meydana çıxan bir hadisə olmasını qəbul etmək daha düzgün olardı. Bir tərəfdən təbabətin qüsurları, digər tərəfdən isə keçid dövrünün hərc-mərclikləri fonunda ruhi-əsəb pozuntularının geniş yayılması və kütləvi müalicə vasitəsi olan hipnoz və təlqinin hər kəs üçün əlverişli olması belə bir meylin güclənməsinə səbəb oldu. Həmişə olduğu kimi onda da kütləvi psixoterapiya vasitəsilə müalicə olunanların sayı artır, onların tələbatını ödəmək üçün isə təbabətdən xəbəri olmayan, özlərini "ekstrasens", "vergi verilmiş adam" və s. adlandıran adamlar peyda olurdu. Belə şəraitdə rəsmi təbabətin təbliğatı ilə yanaşı səhiyyə qanunları çərçivəsində elmi təbabətə söykənən üsullardan istifadə edərək müalicə seansları təşkil etmək tələb olunurdu. Bu məqsədlə 1989-91-ci illərdə Bakıda və Naxçıvanda kütləvi hipnoz müalicə seansları təşkil etdim. Seanslarda 2 il ərzində 23600 nəfər iştirak etdi".

Professor insanın imkanlarının hədsizliyinə inanır: "Şübhəsiz, imkanlarımı, nəyə qadir olduğumu bilirəm. Amma bilmədiklərim də çoxdur. İnsan beynində gedən hadisələrin 1 faizini bilirsə, bu, böyük rəqəmdir. İnsan beynində 5 milyard hüceyrə var, o hüceyrənin hər biri dəqiqədə 400 maddə ifraz edir. Hər bir hüceyrə öz qonşusu ilə 60 cür əlaqədədir. Belə bir "hörümçək toru"nu nə kompüter, nə də insan beyni öyrənə bilər. İnsan öz beynini öyrənməkdə acizdir".            

 

 

Elçin Qaliboğlu

 

 Xalq Cəbhəsi.- 2009.- 4 mart.- S.14.