Qohum evliliklər problemlər yaradır

 

  Uşaqların qüsurlu doğulması riski iki dəfə artır

 

Deyirlər, əmi qızı ilə əmi oğlunun nikahı göydə kəsilib. Yüz illərdir bu deyimə inanıb, ailələr qurulur. Əmi uşaqları evlənir, hələ bunların yanına xalauşağı, bibiuşağı da qoşulur. Heç kim gələcəkdə qarşılarına çıxacaqlarını fikirləşmədən bu yola çıxır. Qohum evliliklərdən törəyən bir çox xəstəlik olduğunu çoxumuz bilirik.

 

Evliliklərin nədənləri

 

Bu cür ailələr adətən ailəyə aid var-dövlətin dağılmaması, ailə böyükləri arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışlarının eyni olması səbəblərindən qurulur. Bəzən valideynlər belə evliliyin qurulması üçün övladlarına təzyiq göstərirlər. Mütəxəssislər bildirirlər ki, əgər yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu olması risqi 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faizdir. Yəni, bu risq 2 dəfə artır. Ona görə də qohum evliliyə qərar verən cütlüklər evlilik öncəsi və hamiləliliyin ilk aylarında genetik araşdırmalar üçün mütəxəssislərə müraciət etməlidirlər. Həmin insanlara ilk öncə "soy ağacı" qurulur. "Soy ağacında" ailədə hər hansı bir anormallıq, əqli cəhətdən qüsur və ölü doğuşların olub-olmadığı dəqiqləşdirilir. Əgər belə xəstəliklər rast gəlinibsə, deməli, risq artır.

Qohumlar arası evlilik ata soyundan gəldiyi kimi ana soyundan da gələ bilir. Hər ikisi eyni dərəcədə önəmlidir. Əmi uşaqlarının evliliyi 1-ci dərəcəli qohum evliliyi sayılır. Nəvə evliliklər isə 2-ci dərəcəli evliliklərdir.

 

Elmin üzə çıxardığı həqiqət

 

Hər insanda 23 cüt xromosom var. Hər bir cüt xromosomun biri anadan, digəri atadan gəlir. Xromosomlar DNK- formalaşdırır. DNK-nın funksiyalarını müəyyənləşdirən, kodlaşdıran bölümlərinə isə gen deyilir. Bizlər nəsillər öncəsi atalarımızın bizə hədiyyə etdiyi genetik xüsusiyyətlərlə yaşayırıq. Qısası, bu genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Bir ya bir neçə gen bizdəki özəlliyin məlumatını özündə daşıyır. Qohum evlilər eyni soydan gəldikləri üçün ana atanın eyni genin sürətini daşıyırlar. Qouhum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəlir. Ona görə onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur.

Qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Dünyada 20 faiz qohum evliliklərdir. 8,4 faiz doğulan uşaqlar da bu ailələrin payına düşür. Əgər dünyada əngəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evlilklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı yad evliliklərə nisbətən 2 dəfə çoxdur. Qohum evliliklərdə ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ - sinir, ürək - damar və şəkər xəstəlikləri, ağıldankəmlik və s-dir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb.

Türkiyədə aparılan sorğuda qohum evlilərə "indi belə bir evliliyə razı olardınızmı?" sualı verilib. Əksəriyyət çox peşiman olduğunu, "bu günkü ağlımızla heç vaxt evlənməyə razı olmazdıq" deyiblər.

 

Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir

 

DST-ün məlumatına görə, dünya əhalisinin 12 faizini qüsurlular təşkil edir. Bu əngəlli insanların əksəriyyətinin ana-ataları qohumdur. Konkretləşdirsək, dünyadakı qüsurluların 40,5 faizinin ata-anaları qohumdurlar. Qüsurluların 22 faizi fiziki, 44 faizi zehni probelmlərdən əziyyət çəkir. Türkiyədə belələrinin sayı 7 milyona qədərdir. Dünyada qohum nikahların sayına gəlincə, Qərb ölkələrində qohum evliliklərə az rast gəlinir. Məsələn, İngiltərədə əhalinin 0.56 faizi, Hollandiyada 0.36 faizi, İsveçdə 0.90 faizi, Hindistanda 20 faizi, Yamaykada 44.44 faizi, Küveytdə 54.3 faizi qohumlarla evlidir. Almaniyada yəhudilərin 35.80 faiz, ABŞ-ın bəzi bölgələrində 56.60 faiz əmi uşağı, dayı uşağı, öz dilləri ilə desək, kuzenləri ilə evlidir. Lakin ABŞ-ın 50 ştatından 24-də əmi, dayı, xala, bibi uşaqlarıyla, yəni 1-ci dərəcəli qohumlarla ailə qurmaq qadağandır. 6 ştatda evlənmək istəyən qohumların qarşısına bəzi şərtlər qoyulub. Məsələn, Arizondakı qaydalara görə, yaşın 65-i keçibsə və ikinizdən biriniz sonsuzsunuzsa, onda evlənə bilərsiniz. Ona görə də amerikalılar əvvəldən heç bir beşiyin başında bizdəki kimi "göbəkkəsdi" etmirlər.

Katoliklərdə müəyyən şərtlər var.

Katoliklər 4-cü nəslə qədər qohumların nikahlarını kəsmirlər. Onlara görə, dördüncü nəsilə qədər evlilik insest, yəni, ailə üzvlərindən sayılır. Pravoslavlarda və protestantlarda da bu qaydalar mövcuddur. Onu da deyək ki, Asiya və İslam ölkələrində qohumlar arası evliliklərə daha çox rast gəlinir. Şərq ölkələri sıralamasında Türkiyə bütün ölkələri geridə qoyub. Türkiyənin müxtəlif bölgələrində aparılan sorğuya görə, ümumilikdə hər 100 evlilikdən 15-i qohumlar arasında olur. Təkcə Türkiyənin Trakya bölgəsində qohumlar arası evliliyə müsbət rəy vermirlər. Onlar yeddinci nəsildən sonra bir-biri ilə evlənirlər. Çünki yeddinci nəsildən sonra insanlar yad sayılırlar. Pakistanlıların 55 faizi də öz qohumlarını seçir.

Danimarkada həkimlər gəlmələr arasında qüsurlarla doğulan uşaqların sayının sürələ artdığını və inanılmaz səviyyəyə çatdığını bildiriblər. Ona görə də həkimlər qohum nikahların qarşısını almaq üçün qanunların sərtləşdirilməsini istəyirlər.

 

Azərbaycanda həyacan siqnalı çoxdan çalınmalıdır...

 

Respublikamızda isə qeydə alınan nikahların 56 faizi qohumlar arasındadır. Qohumlar arasında nikahlar daha çox Şəki, Masallı və Bakıda yayılıb. BMT-inin Əhali Fondu Reproduktiv Sağlamlıq üzrə Milli Ofisinin məlumatına görə, həmin bölgələrdə irsi xəstəliklərin yayılma tempi 15 faiz təşkil edir. Bunlar arasnıda ən çox yayılanı talassemiyadır. Müəyyən olunub ki, Azərbaycanda 10-dan çox irsi xəstəlik mövcuddur. Bu xəstəliklərlə doğulan uşaqların sayı isə ilbəil artır.
Azərbaycan Hemotoloqlar və Transfizioloqlar Cəmiyyətinin məlumatına görə, Azərbaycanda hər 12 nəfərdən 1-i talassemiya xəstəsidir. Bu xəstəliyin daşıyıcıları arasında evlənmə ehimalı da çox yüksəkdir. Onların isə dünyaya xəstə uşaq gətirmə ehtimalı 25 faizdir. Uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşaqların aşağı çəki ilə dünyaya gəlməsi faktlarına ən çox qohum nikahlarda rast gəlinir. Xatırladaq ki, hər il təxminən 300-dən çox uşağı xəstə doğulan valideyn Ailə Planşadırması Mərkəzinə müraciət edir. Bunlardan 6,9 faizi qohum nikahlardan dünyaya gələnlərdir. Belə uşaqlarda ata tərəfindən ötürülən irsi xəstəliklər əsas rol oynayıb.

İslam dini əmi, dayı, xala uşaqlarının evliliyi ilə bağlı xüsusi qadağa qoymur. Ancaq bəzi hədislərdə məsləhət görülür ki, insanlar uşaqlarının sağlamlıqları üçün uzaq biri ilə evlənsinlər. Qohum evliliyi istəyən cütlüklər nəzərə almalıdırlar ki, onların uşaqlarını yaşam şansı çox aşağı olacaq, dərmanlardan asılı qalacaqlar.             

 

 

Nuranə Tofiqli

 

Xalq Cəbhəsi.- 2009.- 4 mart.- S.13